Prezident Konstitusiya səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin etmək məqsədilə Prezidentin Administrasiyasını təşkil edir və onun rəhbərini təyin edir.

Prezidentin Administrasiyası Milli Məclisə təqdim olunan qanun layihələrini, Prezidentin fərman, sərəncam, tapşırıq və müraciətlərinin, habelə digər sənədlərin layihələrini hazırlayır.

Administrasiya qəbul olunmuş qanunların, Prezidentin fərman, sərəncam və tapşırıqlarının yerinə yetirilməsinə nəzarət edir, yoxlayır və dövlət başçısına müvafiq məruzələr təqdim edir.

Administrasiya Prezidentin respublikadakı siyasi partiya, ictimai birlik, həmkarlar və yaradıcı ittifaqları ilə, habelə xarici ölkələrin dövlət orqanları və vəzifəli şəxsləri, yerli və xarici siyasi, ictimai xadimlər, beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrini təmin edir.

Administrasiyada ölkədə və dünyada baş verən sosial-iqtisadi, siyasi və hüquqi proseslər haqqında məlumatlar, yerli özünüidarə orqanlarının, ictimai təşkilatların və vətəndaşların müraciətləri, təklifləri təhlil olunur və Prezidentə müvafiq məruzələr hazırlanır.

Administrasiyaya ümumi rəhbərliyi Prezident həyata keçirir.

Administrasiyanın işinə bilavasitə rəhbərlik funksiyalarını isə Administrasiyanın rəhbəri yerinə yetirir.

Administrasiyada fəaliyyət göstərən Vətəndaşların müraciətləri ilə iş şöbəsi daxil olmuş bütün məktub və müraciətləri təhlil edərək Administrasiyanın müvafiq şöbələrinə və ya digər dövlət orqanlarına göndərir.

Ən mühüm məlumatlar müxtəlif məruzə və hesabatlara daxil edilərək Prezidentin nəzərinə çatdırılır.

Prezidentin Administrasiyası Bakı şəhərinin mərkəzində, İstiqlaliyyət küçəsində yerləşir. Administrasiyanın yerləşdiyi bina Prezident Sarayı adlanır.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

Prezidentin və Administrasiyanın fəaliyyətinin maddi-texniki və maliyyə təminatı ilə Prezidentin İşlər İdarəsi məşğul olur. İşlər İdarəsi Prezidentin Administrasiyasının tərkibinə daxil deyil.