“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

16 noyabr 2013, 16:13

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 24-cü bəndini rəhbər tutaraq, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 1 fevral tarixli 549-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 8; 2001, № 12, maddə 736; 2003, № 1, maddə 7; 2004, № 1, maddə 6; 2007, № 6, maddə 560; 2009, № 2, maddələr 49, 55; 2011, № 4, maddə 257) aşağıdakı dəyişikliklər edilsin:

1. 7-ci maddənin beşinci hissəsinə “maddələr” sözündən sonra “və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materialları” sözləri əlavə edilsin;

2. 9-cu maddənin beşinci hissəsinə “preparatların” sözündən sonra “, habelə genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının” sözləri əlavə edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2013-cü il