İlham Əliyev Qvineyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

22 noyabr 2013, 14:10
İlham Əliyev Qvineyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

Prezident İlham Əliyev Qvineya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohamed Keytanın etimadnaməsini qəbul etmişdir.

Səfir Mohamed Keyta fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Mohamed Keyta etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycan Respublikası ilə Qvineya Respublikası arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün qarşılıqlı marağın və böyük potensialın olduğunu deyən dövlətimizin başçısı bu əməkdaşlığın hazırda lazımi səviyyədə olmadığını vurğuladı. Prezident İlham Əliyev səfir Mohamed Keytanın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycanın müvafiq dövlət qurumları ilə işgüzar əlaqələrin qurulacağına, imkanların araşdırılaraq yeni əməkdaşlıq formatının müəyyənləşdiriləcəyinə əminliyini ifadə etdi.

Səfir Mohamed Keyta dövlətimizin başçısını yenidən Prezident seçilməsi münasibətilə təbrik etdi. O, ölkəsinin Azərbaycan ilə iqtisadi əlaqələrin gücləndirilməsində maraqlı olduğunu bildirdi. Əməkdaşlığımızın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğulayan səfir Mohamed Keyta bu istiqamətdə səylərini əsirgəməyəcəyini dedi.

gallery-photogallery-photo