Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik

13 noyabr 2010, 15:00

Hörmətli həmvətənlər!

Sizi dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.

Öz demokratizmi, humanizmi və bəşəri idealları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən islam dini xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynamış, mütərəqqi islami dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulmuşdur.

Qurban bayramı islamın bir din kimi tamamlanması və mənəvi-əxlaqi qurtuluş yolu olaraq insanlara bəxş edilməsi ilə əlamətdardır. Bu mübarək gündə müsəlmanlar Uca Tanrıya yaxınlığın, ilahi dəyərlərə bağlılığın sevinc və fərəhini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər. Hər il ölkəmizdə böyük təntənə ilə keçirilən Qurban mərasimləri cəmiyyətimizdə bərabərlik və dözümlülük ovqatını daha da gücləndirir, milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının parlaq təcəssümünə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu günlər xalqımızın və dövlətimizin əmin-amanlığı və rifahı naminə etdiyiniz duaların, kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunması arzusu ilə bir daha hər birinizə, dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi yetirirəm. Qoy bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət gətirsin.

Qurban bayramınız mübarək olsun!

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 noyabr 2010-cu il.

SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10