05 fevral 2014, 13:40

Saqif Babayevdən, Ağstafa, Azərbaycan

Möhtərəm cənab Prezident! 

Bu gün Azərbaycan dünyanın dinamik, hərtərəfli inkişaf edən ölkələrindən biridir. Onun iqtisadi gücü, hərbi qüdrəti gündən-günə artmaqdadır. Respublikamız nəinki regionun, həm də dünyanın lider dövlətlərindən birinə çevrilmişdir. Ötən il Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına sədrlik etməsi dövlətimizə olan inamın və etimadın əyani sübutudur. Bu gün Azərbaycan böyük beynəlxalq iqtisadi layihələrdə söz sahibidir. 

Qazanılan bu böyük müvəffəqiyyətlər Azərbaycanın dahi qurucusu – ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasətinin təntənəsinin nəticəsidir. Onun müstəqil, uzaqgörən və balanslaşdırılmış xarici və daxili siyasəti nəticəsində Azərbaycan sürətli inkişafa qədəm qoymuşdur.

Hörmətli cənab Prezident, Siz böyük öndər Heydər Əliyevin layiqli davamçısısınız. Biz ziyalılar Sizə inanır və güvənirik. 

Sizin məqsədyönlü, hərtərəfli, davamlı siyasətiniz və gərgin əməyiniz sayəsində doğma Azərbaycanımız durmadan inkişaf edir və gözəlləşir.

Bu gün qədim paytaxtımız Bakı Sizin sayənizdə dünyanın gözəl, əzəmətli və müasir şəhərlərindən birinə çevrilmişdir. Ölkəmizin regionları sürətli inkişaf yoluna qədəm qoymuşdur. Bölgələrdə aparılan tikinti-quruculuq və abadlıq işlərinin miqyası və sürəti bizi çox sevindirir. 

Hörmətli cənab Prezident, Azərbaycanın dahi oğlu, böyük dövlət xadimi mərhum Heydər Əliyev həm sovetlər dönəmində, həm də müstəqillik illərində elmə, təhsilə, ədəbiyyata, incəsənətə və mədəniyyətə xüsusi diqqət və qayğı göstərmiş, elm, ədəbiyyat, incəsənət və mədəniyyət xadimlərini daim himayə etmişdir. Siz Ulu Öndərin başladığı bu böyük və nəcib işi ləyaqətlə davam etdirirsiniz. Sizin və millət vəkili Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində qədim muğamımız, aşıq sənətimiz digər milli-mədəniyyət nümunələrimiz YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilmişdir.

Bir vaxtlar - XX əsrin əvvəllərində nakam şairimiz Məhəmməd Hadi ürək ağrısı ilə deyirdi: “Yox millətimin xətti bu imzalar içində”. İndi cəsarətlə, əminliklə və fəxarətlə deyirik: “Sizin sayənizdə var millətimin xətti bu imzalar içində”.

Son illərdə doğma Ağstafamız tamamilə dəyişmişdir. Burada yaradılan istehsal müəssisələri və sosial obyektlər, yeni tikilən məktəb binaları, uşaq bağçaları və yaşayış evləri, yeni yaradılan parklar, təzə çəkilən avtomobil yolları, abadlaşan küçə və prospektlər, yeniləşən infrastruktur respublikamızın sürətli və hərtərəfli inkişafının göstəricilərindəndir. 

Sizin diqqət və qayğınız, tapşırıq və tövsiyələriniz sayəsində Ağstafa qərb bölgəsinin qabaqcıl rayonlarından birinə çevrilmişdir. Ağstafa şəhərində Səməd Vurğun adına parkda Sizin göstərişinizlə ucaldılan möhtəşəm “Kitab abidəsi” və “Yazıçılar evi” Sizin Qərb bölgəsinin yazarlarına dərin hörmət və məhəbbətinizin bariz ifadəsidir. Təsadüfi deyil ki, 2012-ci il 12 aprel tarixində Qərb bölgəsinin yazarları ilə məhz Ağstafada – möhtəşəm sənət məbədi olan “Yazıçılar evi”ndə görüşdünüz. Həmin görüşün iştirakçılarından biri kimi Sizinlə görüşmək səadəti mənə də nəsib oldu. Sizinlə şəxsən görüşdüyüm üçün özümü xoşbəxt hesab edirəm və bundan iftixar hissi keçirirəm.

Böyük vətənimiz Azərbaycanın füsunkar guşəsi olan doğma Ağstafamızın abadlaşması, gözəlləşməsi biz qələm adamlarını yeni əsərlər yazmağa ruhlandırır. Bu günlərdə Sizin tapşırığınız əsasında çəkilən Ağstafa-Poylu-Gürcüstan dövlət sərhədi avtomobil yolu biz ağstafalılara böyük hədiyyədir. 60 kilometr uzunluğu olan və dünya standartlarına cavab verən bu möhtəşəm və gözəl avtomobil yolu illərlə yolsuzluqdan əziyyət çəkən Ağstafa sakinlərinin hədsiz sevincinə səbəb olmuşdur. 

Azərbaycanı Gürcüstanla birləşdirən, böyük strateji əhəmiyyət daşıyan bu avtomobil yolu təkcə ağstafalılara deyil, həm də Gürcüstanda yaşayan qohumlarımıza, soydaşlarımıza böyük ərməğandır. Sizin tapşırığınızla kommunal şəraiti olmayan evlərdə yaşayan sakinlər üçün 129 mənzildən ibarət 4 yaşayış binasının istifadəyə verilməsi də Sizin yüksək diqqət və qayğınızın təzahürüdür. Sizin sayənizdə Ağstafa rayonunda mənim 50 illik yubileyimlə əlaqədar möhtəşəm tədbir keçirildi. Bu təkcə mənə yox, rayonumuzun bütün yazarlarına olan diqqətin bariz nümunəsidir.

Biz ağstafalılar həmişə Sizin diqqət və qayğınızı hiss etmişik.

Möhtərəm Prezident, bütün bunlara görə Sizə Ağstafa ziyalıları adından dərin təşəkkürümü, hörmət və ehtiramımı bildiririk. Sizə cansağlığı, ölkəmizin parlaq gələcəyi naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Saqif Qaratorpaq (Babayev).

Azərbaycan Yazıçılar Birliyinin üzvü,
H.Arif Ədəbi Məclisinin sədri, şair.

Azərbaycan Respublikası, Ağstafa rayonu, Köçəskər kəndi.