13 mart 2014, 12:00

Nazim Əfəndiyev və başqalarından, Bərdə, Azərbaycan

Möhtərəm Prezident!

Lənbəran kəndi Azərbaycanın ən qədim tarixə malik olan kəndlərindən biridir. Tarixi mənbələrin verdiyi məlumata görə, Lənbəran kəndi 1174-cü ildə slavyanların hücumuna məruz qalmış və üç il slavyanların əsarəti altında olmuşdur. 1177-ci ildə I Şirvanşah Axsitan tərəfindən kəndimiz slavyan əsarətindən xilas edilmişdir. Hazırkı Lənbəran kəndinin 6000 nəfərə yaxın əhalisi vardır. Balacadan böyüyə kimi hamı Sizinlə fəxr edir və Siz daş qoyan yerə hamımız bir nəfər kimi baş qoymağa hazırıq.

Mətbuatda Sizin kəndimizin yetirməsi, fəxri Əliş Cəmil oğlu Ləmbəranskinin 100 illik yubileyinin təntənəli şəkildə qeyd olunması haqqında Sərəncamınızı oxuduqda Sizə olan məhəbbətimizin necə artmasını sözlə ifadə etməkdə çətinlik çəkirik.

Buna görə kəndimizin əhalisi adından Sizə “Çox sağ olun” deyirik.

Sizin bu Sərəncamınız bir daha sübut etdi ki, sevimli Prezidentimiz ölkənin dəyərli vətəndaşlarının əməyini daim qiymətləndirir, onlara böyük dəyər verir. Ulu öndərimiz Heydər Əliyev cənablarının uğurlu daxili və xarici siyasətinin mahir davamçısı kimi Sizə bütün kənd əhalisi adından uğurlar diləyirik. İnanırıq ki, Sizin başçılığınız ilə doğma Vətənimiz daha böyük qələbələrə imza atacaqdır. Ulu Tanrıdan Sizə, ailənizə cansağlığı diləyirik. Tanrı Sizə yar olsun!

Hörmətlə,

Əfəndiyev Nazim Həsən oğlu
Abdullayev Nəcəf Nuru oğlu
Məmmədov Rəcəb Əhməd oğlu
Mustafayev Zahid İsmayıl oğlu
Əlhüseynov Əhəd Qara oğlu və başqaları (cəmi: 15 imza) .
Azərbaycan Respublikası, Bərdə rayonu, Lənbəran kəndi.