İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur

04 aprel 2014, 18:25
İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur

Prezident İlham Əliyev ilə Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

- Hörmətli cənab Baş nazir, əziz qardaşım, hörmətli qonaqlar. Bir daha Sizi ürəkdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Fürsətdən istifadə edərək bir daha rəhbərlik etdiyiniz partiyanın bələdiyyə seçkilərində qazandığı qələbə münasibətilə ürəkdən təbrik edirəm. Bu böyük qələbədir. Gördüyünüz işlərə verilən böyük qiymətdir.

Çox şadam ki, bu gün biz görüşürük. Biz artıq geniş fikir mübadiləsi apardıq. Bir çox məsələləri müzakirə etdik. Bir daha əmin oluruq ki, Türkiyə-Azərbaycan əlaqələri çox möhkəm zəmin, dostluq, qardaşlıq üzərində qurulmuş, strateji partnyorluq, tərəfdaşlıq səviyyəsinə qalxmışdır. Bizi birləşdirən bir çox layihələr vardır. Onların hamısı uğurla icra edilir. Əminəm ki, səfəriniz gələcək əlaqələrimizin inkişafı üçün də çox faydalı olacaqdır.

Bir daha Sizi ürəkdən salamlayıram və “Xoş gəlmisiniz!” deyirəm.

X X X

Türkiyənin Baş naziri Rəcəb Tayyib ƏRDOĞAN dedi:

- Mən də hörmətli Prezidentimizə xüsusilə bu qəbullara görə çox təşəkkür edirəm. Məlumdur, bizim ənənəvi keçmişimizə baxdıqda hər seçkilərdən sonra ilk ziyarət etdiyimiz yer Azərbaycan olur. Əlbəttə, bu seçkilərdən sonra da. Əlbəttə, bu seçimin bizim üçün bir mənası da etimad göstərilməsi idi. Bu seçkilərdən də çox yüksək bir uğurla çıxdıq. Bu ənənəmizi yerinə yetirmək üçün qardaş Azərbaycana belə bir səfər etmək istədik.

Aramızda çox məhsuldar bir toplantı keçirdik. İstər ikitərəfli, istərsə də regional münasibətlərimizi, prosesləri dəyərləndirməyə fürsətimiz oldu. İnanıram ki, bundan sonrakı müddətdə də aramızdakı bu münasibətlərimizi davam etdirmək sürəti ilə Türkiyə-Azərbaycan həmrəyliyini gələcəyə daha güclü şəkildə, güclənərək çatdıracağıq.

Mən də bu qəbula görə şəxsən öz adımdan və nümayəndə heyətim adından çox təşəkkür edirəm.

Sağ olun, var olun!

X X X

Prezident İlham ƏLİYEV: Çox sağ olun!

gallery-photogallery-photo