05 aprel 2014, 13:20

Nəriman Süleymanovdan, Laçın, Azərbaycan

Hörmətli cənab Prezident!

Müharibə əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən qayğı, onların mənzil və avtomobillərlə, bayram və digər əlamətdar günlərdə müxtəlif hədiyyələrlə təmin olunmaları, yerli və xarici sanatoriyalara müalicəyə göndərilmələri, cəmiyyətimizin dəyərli vətəndaşları kimi ictimai tədbirlərə dəvət edilmələri bizi hədsiz qürurlandırır.

“Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün və “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 2014-cü il 17 mart tarixli fərmanlarınız, həmçinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” 2014-cü il 18 mart tarixli Sərəncamınız bu qayğının növbəti bariz nümunəsidir.

Möhtərəm Prezident! Azərbaycan kimi sabit və dinamik inkişaf edən bir ölkədə yaşadığımıza və Sizin kimi qayğıkeş Prezidentimiz olduğuna görə Tanrıya şükür edirik. Bizim Sizə məhəbbətimiz sonsuzdur və lazım gələrsə ölkəmiz üçün taleyüklü Qarabağ münaqişəsinin həllində də bunu sübut etməyə hazırıq.

Biz qələbəni Sizinlə birlikdə qeyd etmək arzusu ilə yaşayır və buna inanırıq.

Hörmətlə,

Süleymanov Nəriman Salman oğlu,
II qrup Qarabağ müharibəsi əlili.

Azərbaycan Respublikası, Laçın rayonu.