10 aprel 2014, 11:00

Əzizə Vahabova və başqalarından, İsmayıllı, Azərbaycan

Möhtərəm Prezident!

Biz İsmayıllı rayonunun bütün ağsaqqallarının, ağbirçəklərinin, ziyalılarının yekdil fikrini ifadə edərək bildiririk ki, Sizin hər bir fərmanınız, sərəncamınız, səfəriniz, proqramınız ölkəmizin bölgələrini, bütövlükdə Azərbaycanı ən yüksək inkişaf sürətinə qovuşdurur. İsmayıllı rayonuna göstərdiyiniz xüsusi diqqət və qayğı bizi ürəkdən sevindirir, sosial-iqtisadi inkişafda daha fəal iştiraka səfərbər edir. İsmayıllı-Göytəpə-Ruşan-Qalınçaq avtomobil yolunun tikintisinin davam etdirilməsi üçün 3 milyon 400 min manat vəsait ayrılması barədəki Sərəncamınız rayonumuzun bütün sakinləri tərəfindən dərin minnətdarlıq hissi və ünvanınıza alqışlarla qarşılandı.

Biz çox xoşbəxtik ki, Sizin rəhbəri olduğunuz ölkənin vətəndaşlarıyıq. Fəxr edirik ki, Sizin müasirinizik. Qürur duyuruq ki, ümummilli liderimiz Heydər Əliyevin böyük dəyər verdiyi, səfərlərinizlə şərəfləndirdiyiniz İsmayıllının sakinləriyik. Yollarımızı abad etdiyinizə, həyatımıza firavanlıq gətirdiyinizə, bölgəmizin yüksəlişinə ardıcıl maliyyə dəstəyi verdiyinizə görə bir daha Sizə minnətdar olduğumuzu bildiririk. Sizə möhkəm cansağlığı, yeni-yeni qələbələr arzulayırıq.

Dərin hörmət və ehtiramla,

Vahabova Əzizə
Hacıyev Cümşüd
Osmanova Gözəl
Məmmədova Səkinə
Bəşirov Fərman və başqaları.

Azərbaycan Respublikası, İsmayıllı rayonu