İlham Əliyev və Prezident Fransua Olland Azərbaycan-Fransa biznes forumunda iştirak etmişlər

12 may 2014, 15:30
İlham Əliyev və Prezident Fransua Olland Azərbaycan-Fransa biznes forumunda iştirak etmişlər

Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-Fransa biznes forumu keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Fransa Respublikasının Prezidenti Fransua Olland biznes forumda iştirak etmişlər.

Dövlət başçıları forumda çıxış etdilər.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

- Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Cənab Prezident, Sizi və Sizinlə bərabər Azərbaycana gəlmiş nümayəndə heyətinin bütün üzvlərini bir daha səmimiyyətlə salamlayıram. Biznes forum iştirakçılarını xüsusilə salamlayıram. Bilirəm ki, bu gün səhər Fransa və Azərbaycan iş adamları biznes forumda bir-biri ilə görüşürlər, danışırlar, fikir mübadiləsi aparırlar. Əlbəttə ki, biznes qurumlarının birgə fəaliyyəti və ticarət əlaqələrinin inkişafı bizim ümumi inkişafımıza gözəl dəstək olacaqdır.

Sizin səfəriniz dünən Fransız Liseyindən başlamışdır, bu gün isə biznes forumda başa çatır. Bu arada Sizinlə apardığım danışıqlar, fikir mübadiləsi və səmimi söhbətlər bir daha bizi əmin edir ki, Fransa-Azərbaycan əlaqələri bundan sonra da yüksələn xətlə inkişaf edəcək və bizim siyasi, iqtisadi əlaqələrimiz daha da möhkəmlənəcəkdir.

Şübhə yoxdur ki, Fransa Prezidentinin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərdə çox əlamətdar hadisədir. Bu səfər əlaqələrimizin inkişafına çox güclü təkan verəcəkdir. Biz dünən və bu gün müxtəlif mövzular ətrafında geniş fikir mübadiləsi, məsləhətləşmələr apardıq. Bizim gələcək əlaqələrimizin inkişafı ilə bağlı konkret tapşırıqlar da verilmişdir.

Bu gün imzalanan və imzalanacaq sənədlər əməkdaşlığımızın müxtəlif aspektlərinin inkişafına xidmət göstərir.

Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Əlbəttə ki, biznes dairələri də bunu yaxşı bilir. Çünki təbii ki, biznes dairələri özlərini siyasi əlaqələr yüksək səviyyədə olan ölkələrdə rahat hiss edirlər. Siyasi əlaqələrimizin inkişafı üçün bundan sonra da müvafiq addımlar atılacaqdır.

Bir sözlə, əlaqələrimiz çoxşaxəlidir və bir çox sahələri əhatə edir. Hər bir sahə üzrə konkret proqramlar vardır, sənədlər imzalanıbdır. Bu, bizə imkan verəcəkdir ki, Fransa-Azərbaycan əlaqələri çoxşaxəli formada inkişaf etsin. Bu, həm ikitərəfli əlaqələrimiz üçün yeni imkanlar yaradır, regional əməkdaşlıq üçün yeni üfüqlər açır, eyni zamanda, Avropa-Azərbaycan əlaqələrinin inkişafı üçün də Fransa-Azərbaycan əlaqələri çox mühüm rol oynayır. Çünki Fransa Avropanın aparıcı dövlətidir və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında əlbəttə ki, Fransanın xüsusi yeri və rolu vardır.

İqtisadi sahəyə gəldikdə, mən çox şadam ki, Azərbaycan Fransanın Cənubi Qafqazdakı birinci ticarət tərəfdaşıdır. Bizim ticarət dövriyyəmiz 2 milyard dollara yaxınlaşır. Əldə edilmiş razılaşmalar və imzalanacaq müqavilələr nəticəsində bu rəqəm daha da artacaqdır. Təbii ki, biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Hesab edirəm ki, indiki ticarət dövriyyəsinin həcmi yaxşı bir başlanğıcdır. Bunu artırmaq üçün konkret imkanlar və müştərək siyasi iradə vardır.

Azərbaycanda 50-dən çox Fransa şirkəti fəaliyyət göstərir - həm investorlar, həm podratçı-kontraktorlar kimi. Hesab edirəm ki, növbəti illərdə biz bu istiqamət üzrə inkişaf edəcəyik. Biz Fransa şirkətlərini Azərbaycanda investisiya qoymaq və bizim layihələrdə podratçı-kontraktor kimi iştirak etmək üçün dəvət edirik.

Bu günə qədər ölkəmiz üçün çox vacib olan bir neçə layihədə Fransa şirkətləri çox fəal iştirak etmişlər, yüksək peşəkarlıq göstərmişlər. Onların çox gözəl reputasiyası vardır. Onlar tərəfindən icra edilmiş layihələr Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə xidmət göstərir.

Ümid edirəm ki, biznes forumun nəticəsi olaraq bizim iş adamları arasındakı əlaqələr daha da yüksək pilləyə qalxacaqdır. Azərbaycanda görüləsi işlər çoxdur, infrastruktur layihələri bizim üçün prioritet təşkil edir. Eyni zamanda, ölkəmizdə çox gözəl investisiya iqlimi vardır. Postsovet məkanında birbaşa xarici sərmayələrin həcminə görə Azərbaycan birinci yerdədir. Son on il ərzində ölkə iqtisadiyyatına 150 milyard dollar sərmayə qoyulmuşdur. Təkcə keçən il 25 milyard dollardan çox sərmayə yatırılmışdır. Onlardan 30 faizi xarici sərmayədir.

Çox sevindirici hal ondan ibarətdir ki, xarici şirkətlər təkcə neft-qaz sektoruna deyil, qeyri-neft sektoruna da öz investisiyalarını qoyurlar. Yəni, Azərbaycanın uzunmüddətli uğurlu inkişafına böyük inam vardır. Bu inam əsassız deyildir.

Çünki son illər ərzində iqtisadi sahədə, ümumiyyətlə, ölkəmizin inkişafı ilə bağlı atılan addımlar konkret nəticələrə gətirib çıxarmışdır. Azərbaycan vətəndaşları, Azərbaycan əhalisi müstəqilliyin üstünlüklərini gündəlik həyatda görürlər.

Azərbaycan iqtisadiyyatı çox sürətlə inkişaf edir. Deyə bilərəm ki, son on il ərzində dünya miqyasında ən sürətlə inkişaf edən iqtisadiyyat Azərbaycan iqtisadiyyatı olmuşdur. Ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Bununla bərabər, sosial məsələlər öz həllini tapmışdır, işsizlik aradan qaldırılıb, cəmi 5 faiz təşkil edir. Xarici dövlət borcu çox aşağı səviyyədədir, ümumi daxili məhsulun 8 faizini təşkil edir. Bu, bizə imkan verir ki, xarici maliyyə bazarlarında ölkə iqtisadiyyatına istədiyimiz qədər maliyyə resursları cəlb edək. Ancaq biz bu sahəyə çox böyük ehtiyatla yanaşırıq. Çünki öz maliyyə imkanlarımız da vardır. Biz ilk növbədə onlardan istifadə edirik.

Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyi artır. Dünya Davos İqtisadi Forumunun son hesablamalarına görə, ölkə iqtisadiyyatı dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 39-cu yerdədir. Cəmi 20 ildən bir qədər çox bazar iqtisadiyyatı prinsipləri üzərində çalışan iqtisadiyyat üçün bu, çox böyük göstəricidir. Onu da qeyd etməliyəm ki, biz müstəqilliyi qazananda ümumi daxili məhsulumuzda özəl sektorun payı sıfıra bərabər idi. Hazırda bu, 80 faizdən çoxdur. Yəni, özəl sektorun inkişafı, xarici sərmayələrin cəlb edilməsi, eyni zamanda, dövlət investisiyalarının ölkə üçün prioritet təşkil edən sahələrə yönəldilməsi bu gözəl şəraiti yaratmışdır.

Növbəti illərdə bizim əsas prioritetimiz qeyri-neft sektorunun inkişafı olacaqdır və bu istiqamətdə konkret addımlar atılır.

Fransa şirkətlərinin təcrübəsi, onların töhfəsi bizə çox lazımdır, böyük əhəmiyyət kəsb edir. Əminəm ki, növbəti illərdə biz müxtəlif sahələrdə uğurlu əməkdaşlıq edəcəyik.

Mən prioritetlər arasında nəqliyyat sektorunu qeyd etmək istərdim. Bilirəm ki, nəqliyyat sektorunda yeni kontraktların imzalanması gözlənilir. Burada Fransanın dünya səviyyəli təcrübəsi hər kəs üçün bəllidir. İnformasiya-kommunikasiya sektorunun inkişafı bizim üçün prioritetdir. Biz burada da əməkdaşlıq edirik, edəcəyik.

Azərbaycan hazırda kosmik sənayenin inkişafı ilə məşğuldur. Keçən il birinci Azərbaycan peyki – “Azərspace–1” orbitə buraxılmışdır və “Arianespace” şirkəti bu sevinci bizə bəxş etmişdir. Biz növbəti illərdə də kosmik sənayedə birgə işləyəcəyik. Hesab edirəm ki, Fransa bu sahədə Azərbaycanın bir nömrəli tərəfdaşı olmalıdır.

Fransa şirkətləri inşaat sektorunda müxtəlif layihələrdə iştirak edirlər. Kənd təsərrüfatı, turizm, xüsusilə üzümçülük sektorunun bərpası gündəlikdə duran məsələdir və burada Fransadan yaxşı tərəfdaş axtarmaq əlbəttə ki, düzgün olmazdı.

Bir sözlə, biz Fransa şirkətlərini Azərbaycanda daha da böyük həcmdə iş görməyə dəvət edirik. Yenə də deyirəm, iki istiqamət üzrə - investor və kontraktor kimi. Beləliklə, növbəti illərdə, əminəm ki, əlaqələrimiz daha da yüksək səviyyəyə qalxacaqdır.

Bir-iki kəlmə enerji sektoru ilə bağlı demək istərdim. Bu sektorun da böyük əhəmiyyəti vardır. Artıq bu sahədə görülən işlər regionumuzun çərçivələrindən çıxıb daha çox qlobal xarakter daşıyır. Azərbaycan Xəzər dənizindən Qərb istiqamətinə gedən bütün neft-qaz kəmərlərinin inşasının təşəbbüskarıdır və bu layihələrin icrasında liderlik mövqelərinə malikdir.

Keçən il XXI əsrin kontraktı imzalanmışdır. Bu, üç komponentdən ibarətdir: hasilat, nəqliyyat və satış. Burada Avropa İttifaqı-Azərbaycan əlaqələrinin əhəmiyyəti ön plandadır. Bu, layihə Avropanın ən böyük infrastruktur layihəsidir. Oraya qoyulacaq sərmayənin həcmi təqribən 45 milyard dollar olacaqdır. Əlbəttə ki, biz Fransa şirkətlərini bu layihələrdə iştirak etməyə dəvət edirik. Əminəm ki, bu sahədə əməkdaşlıq həm bizim müştərək maraqlarımızı təmin edəcək, həm gözəl biznes imkanları yaradacaq və beləliklə, Fransa-Azərbaycan dostluğu bundan sonra da uğurla inkişaf edəcəkdir.

Cənab Prezident, mən Sizi bir daha ürəkdən salamlayıram. Bir daha mənim dəvətimi qəbul edib Azərbaycana səfər etdiyiniz üçün Sizə minnətdaram. Bütün qonaqlarımıza və dost Fransa xalqına inkişaf, tərəqqi, əmin-amanlıq arzulayıram.

Sağ olun.

X X X

Fransa Prezidenti Fransua Ollandın çıxışı

- Cənab Prezident.

Hörmətli xanım.

Xanımlar və cənab nazirlər.

Hörmətli Azərbaycan və fransız müəssisələrinin rəhbərləri.

Siz forum məqsədilə buraya toplaşmısınız. Prezident Əliyevin də qeyd etdiyi kimi, tədbir müstəsna xarakter daşıyır. İlk dəfədir ki, biz olduqca möhtəşəm binada toplaşmışıq.

Müəssisə rəhbərləri arasında keçirilən görüşün məqsədi münasibətlərimizi inkişaf etdirməkdən, əməkdaşlığı genişləndirməkdən, sərmayələri artırmaqdan ibarətdir.

Cənab Prezident, mən mühüm siyasi məsələləri müzakirə etmək, təxirəsalınmaz mövzular haqqında danışmaq, o cümlədən tərəfdaşlığımızın yeni istiqamətlərini müəyyən etmək üçün bu səfərə gəlmişəm. Əslində, istər Azərbaycan, istərsə də Fransanın maraqlarına gəldikdə, biz uzun perspektivli planlara malikik. Beləliklə, həmin planları məzmunlu etmək üçün strategiya üzərində, onun təfsilatları haqqında düşünürük.

Bu işləri biz Azərbaycan üçün görürük və ölkədəki dəyişikliklərin şahidiyik. Onların miqyası böyükdür. Enerji sahəsinə sərmayələrin cəlb edilməsi istiqamətində gördüyünüz işlər təqdirəlayiqdir. Eyni zamanda, nəqliyyat, tikinti, infrastruktur, yeyinti məhsulları kimi sahələrdə gördüyünüz işlər, fikrimcə, region və bütövlükdə dünya üçün nümunəvidir. Siz ehtiyatlarınızdan lazımi şəkildə istifadə etməyi bacardınız. Neft və qazdan inkişaf layihələri üçün ən yaxşı şəkildə istifadə etdiniz.

Bizim də Fransada, həmçinin eyni planlarımız vardır. Nə etməliyik? Qarşıdan gələn on il ərzində hansı işləri görməliyik? Hansı üstünlüklərə malik olmalıyıq? Gələcək üçün hansı perspektivli sənaye sahələrini müəyyən etməliyik, o sahələrdə ki, Fransa liderə çevrilsin. Biz “Fransa-34” sənayeləşmə planını tərtib etmişik. Onları dost ölkələrlə birgə həyata keçirmək fikrindəyik. Bundan əlavə, Azərbaycan kimi böyük inkişafda olan ölkələrlə də uzunmüddətli tərəfdaşlıq qurmalıyıq. Bu işlə məhz bu gün məşğuluq, yəni, uzunmüddətli strategiyanı müəyyən edirik.

Siz Fransa ilə Azərbaycan arasında mübadilələri bu gün xatırlatdınız. Mən bunu sevinc hissi ilə qarşıladım. İxracımız dayanmadan artır. Son bir il ərzində bazardakı payımız iki dəfə artıb. Hazırda o, Azərbaycan bazarının 4 faizini təşkil edir.

Eyni zamanda, biz ölkənizin yeddinci təchizatçısıyıq. Onda, mənə belə gəlir ki, məqsədə nail olmuşuq. Məramımız daha böyük nəticələrə nail olmaqdır. Əvvəlcə biz ixracımızı artıra bilərik. Həmçinin Azərbaycandan daha çox karbohidrogen məhsulları idxal edə bilərik. Bir sözlə, forum münasibətilə birgə görəcəyimiz iş iki ölkənin müəssisə rəhbərləri, nazirliklərin məsul nümayəndələri ilə birgə hərtərəfli inkişafı təmin etmək məqsədilə biz fransızların və siz azərbaycanlıların daha yaxından əməkdaşlıq edəcəyimiz sektorları müəyyən etməkdən ibarət ola bilər.

Birinci sahə enerji sahəsidir. Azərbaycan həm iqtisadi, həm siyasi baxımdan strateji rol oynayır. Bu, Avropaya enerji təchizatı, onun enerji təhlükəsizliyi məsələsidir. Bu səbəbdən, mən illər boyu həmin sahələrdə işləyən fransız şirkətlərini sizinlə daha yaxından işləmək üçün buraya dəvət etdim. Mən xüsusən də “Total” və “GDF-Suez” şirkətlərinin iştirak etdiyi yeni “Abşeron” yatağını nəzərdə tuturam. Bilirəm ki, bu iki böyük fransız şirkəti layihələri gəlirli etmək məqsədilə sərmayə qoyuluşu baxımından daha çox işləri görmək arzusundadır.

Siz, həmçinin enerji daşıyıcılarının çatdırılması yollarını şaxələndirmək istəyirsiniz. Sizin 100, 150 il ərzində yetərli olacaq neft və qaz ehtiyatlarınız vardır. Bəli, hələ ki, bilmirik, bu, 100, yoxsa 150 il olacaqdır. Lakin bu əminlik bizdə artıq vardır, əgər digər ehtiyatları istifadə etməsək, bu, belə də olacaqdır.

Bizim ölkəmizin isə, öz ehtiyatları yoxdur. Beləliklə, enerji mənbələrini şaxələndirməliyik. Siz də istiqamətlərinizi şaxələndirməlisiniz. Çünki hər zaman işləri əvvəlcədən planlaşdırmaq lazımdır. Bu halda, biz Azərbaycana yardım etməyə və öz texnologiyalarımızla enerji inkişafınızı, hətta nüvə enerjisi, bərpa olunan enerji sahəsində tərəqqinizi təmin etməyə hazırıq.

Bundan əlavə, kosmos sahəsi vardır. “Arianespace”in adını çəkdiniz. Ötən il, peykiniz uğurla fəzaya buraxıldı. Digər bu kimi hallar da təmin edilə bilər. Kosmos sahəsində biz çox mühüm razılaşmalara nail olmuşuq. İnanmaq istərdim ki, bu, bizim böyük tərəfdaşlığımızın başlanğıcı ola bilər. Çünki bunun nəticəsində bütöv telekommunikasiya sektoru dəyişəcəkdir. Digər iri müəssisələrimiz – “Thales”, “Airbus Defense and Space” vardır. Bilirəm ki, bu müəssisələr artıq sizinlə işləyir.

Üçüncü sahə dayanıqlı şəhər inkişafıdır. Bakıda genişmiqyaslı yeniləşmə işləri aparılır, böyük dəyişikliklər gedir. Dünən biz fransız məhəlləsini ziyarət etdik. Orada öz gözlərimlə gördüm ki, binalar sıfırdan qaldırılır. Hətta orada söhbət etdiyimiz zaman belə işlər dayanmırdı, lap liseydəki kimi. Mən şəhərin elə bir hissəsini gördüm ki, orada illər boyu sənaye zonaları, gəmi təmiri zavodu yerləşirdi. Siz orada “Eurovision” müsabiqəsi üçün saray tikdiniz və hazırda həmin yerdə böyük mədəni tədbirlər keçirilir. Bu, turizm zonasına çevrilib. Beləliklə, siz sübut etdiniz ki, bir neçə il ərzində şəhər nəinki iqtisadi inkişafdan faydalana, o cümlədən şəhərsalma planları əsasında daha gözəlləşə bilər.

Bir sözlə, bütün imkanlarımızla sizin yanınızdayıq. Məsələn, nəqliyyat məsələlərində yardım edə bilərik. Tullantılar məsələsi həll olunmaq üzrədir. “CNIM” kimi iri fransız şirkətləri buradadır. Beləliklə, çirkab suların təmizlənməsinə gəldikdə, digər şirkətlərimiz də səlahiyyətinizdədir. Eyni zamanda, sizi rəqəmsal məhsullar sahəsində müşayiət etməyə hazırdırlar. Çünki reallıqda sabahın, ümumiyyətlə, gələcəyin şəhəri elə bir məfhumdur ki, biz onu ixtira etməliyik. Yəni, yeni yaşayış tərzini formalaşdırmaq üçün bütün bu texnologiyalar bir araya gətirilməli, eyni məqsədə xidmət etməlidir.

Gələn illərdə Bakı və istədiyiniz digər şəhərlər də var ki, onları inkişaf etdirmək istəyirsiniz. Bu sahədə də tələbatınıza cavab vermək üçün biz bütün imkanlarımızdan istifadə etməyə hazırıq.

Digər sahə, kənd təsərrüfatı və aqroərzaq sahəsidir. Burada kənd təsərrüfatı ənənələri vardır. Bu məhsullar yüksək keyfiyyəti ilə seçilir. Siz üzümçülük sahəsini qeyd etdiniz. Lakin maldarlıq və süd məhsulları sahəsi də vardır. Bu sahədə, həmçinin şirkətlərimiz və bölgələrimiz mövcuddur. Onlar xüsusən də maldarlıq sahəsində öz bacarıqlarını, təcrübəsini təqdim edə bilər. Sizinlə bilikləri, nou-haunu bölüşə bilərlər.

Nəhayət, turizm sahəsi. Azərbaycanı çox sayda turistləri qəbul edə biləcək böyük turizm ölkəsinə çevirmək arzunuzdan xəbərimiz vardır. İki gündür buradayam və açıqlığın mövcudluğunu görürəm. Sizin infrastruktur vardır, istəyiniz mövcuddur.

Biz isə öz nou-haumuzu ölkənizdə tətbiq edə bilərik. Bilirəm ki, buradakı bir çox şirkətlər öz sahələri üzrə əməkdaşlıqda maraqlıdırlar.

Mən digər sahələri də qeyd edə bilərdim. Lakin eyni zamanda, idman və mədəni tədbirlər də vardır. Fransa hesab edir ki, mədəniyyət və idman sadəcə dəyər, vacib hesab etdiyimiz prinsiplər, təmin etdiyimiz azadlıqlar, ictimaiyyətimizə gətirdiyi səadət deyil, onlar, o cümlədən mühüm inkişaf istiqamətləridir. Siz seçiminizi etdiniz. Luvrda İslam mədəniyyət hissəsinin açılışını da mümkün etdiniz. Bu münasibətlə sizə təşəkkürümü bildirmək istəyirəm. Bilirəm ki, xanımınız iki ölkənin incəsənət sahəsində yaxınlaşması üçün çox işlər görür. Lakin idman sahəsi də vardır. Bu yaxınlarda idman tədbirini keçirəcəksiniz. Bu sahədə də sizi müşayiət etməyə hazırlıq, çünki bu fəaliyyət çox iş yerlərini aça və burada işləmək istəyən digər şirkətləri də cəlb edə bilər. Məsələn, biz də Azərbaycan sərmayələrini istəyirik ki, bizim ölkədə də yeni iş yerləri açılsın. Şirkətləriniz idman, mədəniyyət və sənaye, tikinti sahəsində sərmayə qoya bilər. Bilirəm ki, biz bunun üçün müvafiq şərait yaratmalıyıq.

Cənab Prezident.

Xanımlar və cənablar.

Bir səfər digər səfərlə nəticələnə bilər. Mənim səfərim ölkələrimizin, hökumətlərimizin, iş adamlarımızın səylərinə davam olaraq həyata keçirilir. Bilirəm ki, Prezident Əliyev bu görüşün uğurlu keçməsinə nə qədər əhəmiyyət verir. Bu səfər ölkələrimizin müəssisələri üçün bir sıra tərəfdaşlıq nümunələri, müqavilə və razılaşmalarla nəticələnə bilər. Arzu edirəm ki, bu, yaxşı bir fürsət olsun. Mübadilələr daha çox olsun, səfərlərin sayı artsın və biz uzunmüddətli tərəfdaşlığımızı müəyyən edə bilək. Görülən işlər yalnız birinci mərhələdir və biz, ölkələrimizin qurumları Fransa ilə Azərbaycan arasında gələn on il üçün ümumi inkişaf strategiyamızı birlikdə həyata keçirə bilərik.

Cənab Prezident, Fransaya etimad göstərdiyinizə görə minnətdaram.

X X X

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Olland biznes forumda iştirak edən iş adamlarının suallarına cavab verdilər.

Fransanın “NFM Technologies” şirkətinin baş icraçı direktoru Alain DELEARD: Cənab Azərbaycan Respublikasının Prezidenti, cənab Fransa Respublikasının Prezidenti, Sizi salamlayıram. Mən “NFM Technologies” şirkətinin baş icraçı direktoruyam. Müəssisəmiz dünya miqyasında artıq iyirmi beş ildir ki, tunellərin dizaynı və qazılması ilə məşğul olur, onları istismar edir. Sualım belədir: Tunel xidmətlərindən istifadə edəcək hansı metro, dəmir yolu, quru yollarının, eləcə də su kəmərlərinin çəkilməsi layihələri vardır? Bu sahədə gündəlik necədir? Vaxt cədvəli varmı? Bu layihələr üçün maliyyə resursları ayrılıbmı?

Prezident İlham ƏLİYEV: Nəqliyyatla bağlı olan layihələr bizim üçün prioritetdir və son illərdə dövlət xərclərinin böyük hissəsi nəqliyyat sektorunun inkişafına yönəldilmişdir. Çünki biz yaxşı başa düşürük ki, müasir nəqliyyat sistemi olmadan ölkəmizi hərtərəfli inkişaf etdirmək mümkün deyildir. O cümlədən şəhər nəqliyyatı ilə bağlı tədbirlər görülür.

Metronun inkişafı ilə bağlı Dövlət Proqramı bir neçə il bundan əvvəl qəbul edilmişdir. Hazırda Bakı şəhərində 23 metro stansiyası vardır. Demək olar ki, son illərdə hər il bir stansiya istifadəyə verilir və Dövlət Proqramına uyğun olaraq, 2030-cu ilə qədər stansiyaların sayı 70-ə çatmalıdır. Yəni, Bakı şəhərində 50-yə yaxın metro stansiyası tikiləcək və beləliklə, bütün şəhər metro ilə təmin ediləcəkdir.

Əlbəttə, bu layihələri icra etmək üçün bizim öz imkanlarımız vardır. Maliyyə imkanlarımıza gəldikdə, biz burada heç bir problem görmürük. Çünki biz bu layihələri dövlət büdcəsi hesabına icra edirik. O ki qaldı işin icrası ilə bağlı olan məsələlər, burada həm Azərbaycan, həm də xarici şirkətlər uğurla fəaliyyət göstərə bilər.

Mən bilirəm ki, Fransanın bəzi şirkətləri tərəfindən bu sahəyə böyük maraq göstərilir və bizim aidiyyəti qurumlarla danışıqlar aparılır. Ümid edirəm ki, bu danışıqların yaxşı nəticələri olacaqdır və Fransa şirkətləri Bakıda həm metro tikintisi sahəsində, eyni zamanda, müasir metro vaqonlarının təchizatı işində bizə dəstək olacaqlar. Buna da böyük ehtiyac vardır. Çünki biz bu sahəni müasirləşdiririk, yeniləşdiririk. Bizə bu sahədə ən gözəl təcrübəyə malik olan strateji tərəfdaş lazımdır və siz də yaxşı bilirsiniz ki, Fransa şirkətləri burada çox böyük təcrübəyə malikdir.

Eyni zamanda, dəmir yolunun reabilitasiyası və tikintisi ilə bağlı çox böyük layihələr icra edilir. Mən Bakı-Tbilisi-Qars dəmir yolunu xüsusi qeyd etmək istəyirəm. Bu layihə gələn il artıq istifadəyə veriləcəkdir. Bu layihə Azərbaycan, Türkiyə və Gürcüstanı dəmir yolu xətti ilə birləşdirir və eyni zamanda, Asiyanı Avropa ilə birləşdirir. Biz bir növ dəmir ipək yolunu yaradırıq və qədim “İpək yolu”nu bərpa edirik. Həm Türkiyədə, həm Gürcüstanda, həm də Azərbaycanda dəmir yollarının tikintisi və reabilitasiyası, təmiri layihələri icra edilir. Bu yolların təmirindən sonra qatarların sürəti saatda ən azı 140 kilometr olacaqdır. Bu məqsədlə, əlbəttə ki, bizə həm yeni vaqonlar, həm də lokomotivlər lazım olacaqdır. Bildiyimə görə, bu sahədə də Fransa-Azərbaycan şirkətləri işləyirlər, çalışırlar. Çox güman ki, bu sahədə də müvafiq müqavilə imzalanacaqdır.

Yəni, görüləcək bütün bu işlər haqqında bu gün əlbəttə ki, geniş məlumat vermək mümkün deyildir. Əsas məsələ ondan ibarətdir ki, bu sahədə əməkdaşlığı dərinləşdirmək üçün hər iki tərəfin çox gözəl niyyəti vardır.

“Ata Holding” Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Adıgözəl AĞAYEV: Mənim sualım Fransa Prezidentinədir.

Cənab Prezident, bildiyiniz kimi, Azərbaycan son illər energetika sahəsində böyük uğurlar qazanıb. Ölkəmizdə enerji ixracı potensialı böyükdür. Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyinin təmin olunması işinə öz töhfəsini verməkdədir. Cənab Prezident, Fransa Hökuməti gələcəkdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində fəaliyyətinə necə dəstək verəcəkdir? Təşəkkür edirəm.

Prezident Fransua OLLAND: Bu sualı bu gün səhər biz Prezident Əliyev ilə müzakirə etdik. Çünki Azərbaycan böyük sərmayələr qoymağa hazırlaşır. Öz ehtiyatlarının işlənilməsi, xüsusən də qazın hasilatı və nəhayət, öz enerji daşıyıcılarının istehlakçı ölkələrə çatdırılması üçün çalışır. Bu sahədə də planlarımız vardır. Genişmiqyaslı işləri görmək üçün bu planlar on, iyirmi, otuz illəri əhatə etməlidir. Böyük xərclər tələb olunur. Əgər biz müəssisələri cəlb etmək istəyiriksə, şirkətin ölkəsindən asılı olmayaraq və əgər maliyyə imkanlarını səfərbər etmək istəyiriksə, onda biz bu imkanları yaratmalıyıq. Beləliklə, bu, ikitərəfli prosesdir, burada iqtisadi maraqlar vardır. Çünki ola bilsin digər yataqlarda hasilatın aparılması üçün bu gün bəlkə də böyük sərmayələr tələb oluna bilər. Çünki perspektivdə onların istehlakçı ölkələrə çatdırılmasında bu layihələr iqtisadi səmərə verə bilər. Bu, həmçinin strateji maraqlardır ki, gələn illərdə mən bütün Avropanı bu məsələyə səfərbər etməyə çalışacağam. Avropa elə bir qitədir ki, dünyanın aparıcı iqtisadi qüvvəsinə çevrilməkdə iddialıdır. Bunu demək azdır. Avropa dünyanın birinci iqtisadi gücüdür. Baxmayaraq ki, son illərdə biz böhran yaşamışıq, yenə də inkişafımızı artıq bərpa edirik. Bu artım texnologiya baxımından daha intensiv olmalı, yeni istehlak növlərini yaratmalıdır. Bu keçidi biz təmin etməliyik. Avropa öz enerji təhlükəsizliyini də təmin etməlidir, öz təchizat mənbələrini şaxələndirməlidir, öz şəbəkələri arasında qarşılıqlı əlaqəni yaratmalıdır. Beləliklə, iqlim istiləşməsinə qarşı mübarizə kimi vahid məqsəd uğrunda çalışmalıdır. Bir sözlə, Avropanın gələcəyi enerji təhlükəsizliyidir, rəqabətədavamlı qiymətlərdir. Çünki hazırda enerji qiymətləri üzrə böyük rəqabət gedir. Avropa, həmçinin iqlim istiləşməsinə qarşı mübarizə aparmalıdır. Bu baxımdan, Avropa mütəşəkkil olmalıdır.

Mən mayın 25-də keçiriləcək seçkiləri qeyd etdim. Söhbət Avropanı gələcəkdə idarə edəcək şəxslərin seçilməsindən gedir. Lakin, həmçinin məzmunlu addımlar atmaq, eyni zamanda, lazımi siyasəti yürütməkdən söhbət gedir. Ən azı gələn beş il ərzində həmin Avropa layihələrinə gəldikdə, fikrimcə, biz enerji təhlükəsizliyi ilə bağlı qərarları qəbul etməliyik. Beləliklə, infrastruktur şəbəkəsini yaratmalı və qaz ehtiyatlarınızı Avropa istehlakçılarına çatdırmalı və bununla, təchizat mənbələrini şaxələndirməli və daha güclü enerji təhlükəsizliyini təmin etməliyik.

Daha böyük müstəqilliyimizi, yəni, digər ölkələrə münasibətdə deyil, öz Avropamız üçün müstəqilliyimizi təmin etməliyik.

Böhran xatirinə sadəcə oturub sual verməli deyilik: təchizatımız üçün nə edək? Xeyr. Hərəkətə keçmək üçün oturub böhranı gözləmək lazım deyildir. Bunu əvvəlcədən görməliyik. Onun qarşısını almalıyıq. Məqsədimiz bu cür olmalıdır.

Müstəqil olmaq üçün daha da mütəşəkkil olmalıyıq. Hesab edirəm ki, müstəqil olan Azərbaycan da bu məqsəddə iştirak edəcəkdir.

Fransanın “Iveco” şirkətinin baş icraçı direktoru Pyer LAHUTTE: Salam. Hörmətli Fransa Respublikasının Prezidenti, hörmətli Azərbaycan Respublikasının Prezidenti, əvvəlcə, olduqca məhsuldar biznes forumu təşkil etdiyinizə görə minnətdaram. Mən “Iveco” şirkətini təmsil edirəm. Biz bu gün 150 avtobusun təchizat prosesini başa çatdırmışıq. Bu nəqliyyat vasitələri şəhərdə sərnişinlərin rahat daşınması üçün Fransanın bacarıq və təcrübəsini özündə əks etdirir.

Onların davamlı inkişafa cavab verdiyini nəzərə alsaq, bu vasitələr çox faydalıdır. Bakı, həmçinin həmin 150 avtobusla artıq Parisdəki imkanlardan istifadə edəcəkdir. Bunu xüsusilə qeyd edirəm. Bilmək istərdim, Bakı və Azərbaycanın digər şəhərləri üçün davamlı inkişafa gəldikdə, həmin nəqliyyat vasitələri hansı rol oynayıblar?

Prezident Fransua OLLAND: Paris şəhərinə gəldikdə, lütfən nəzərə alın ki, mən bu suala cavab verməyəcəyəm. Çünki səlahiyyətlərin bölgüsü məsələsi vardır. Lakin mesajı çatdıracağam.

Prezident İlham ƏLİYEV: Mən deyə bilərəm ki, hər bir şəhər çalışmalıdır ki, Parisin səviyyəsinə çata bilsin. Çünki Paris şəhərlər arasında ən gözəl şəhərdir, dünyanın ən gözəl şəhəridir. Əminəm ki, həm Fransa, həm Azərbaycan nümayəndələri mənim sözümü dəstəkləyərlər.

Onu qeyd etməliyəm ki, Bakının qədim memarlıq əsərləri də Fransa memarlıq sənətindən nümunə götürüb və ondan ruhlanıb. Çünki əgər Bakının XIX əsrdə, XX əsrin əvvəllərində tikilmiş binalarına nəzər salsanız, görərsiniz ki, Avropa memarlıq üsulları özünü büruzə verir. Əlbəttə ki, Avropa memarlığı deyəndə, ilk növbədə biz Fransanı nəzərdə tuturuq.

Bakının sürətli inkişafı, əlbəttə ki, bizi sevindirir. Eyni zamanda, deyə bilərəm ki, biz bu inkişafda inkişaf etmiş ölkələrin təcrübəsini öyrənmişik, baxmışıq, nümunə götürmüşük. Fürsətdən istifadə edərək onu da qeyd etməliyəm ki, Fransanı və fransalıları yüksək zövq fərqləndirir. Dizayn, zövq – bu, tarixdən gələn bir istedaddır. Əlbəttə ki, bu gün Parisdə və Fransanın digər şəhərlərində yaşayan insanlar bu gözəlliyi görərək yeni əsərlər yaradırlar. Bu da təbiidir.

Fürsətdən istifadə edərək bir daha qeyd etməliyəm ki, Fransa dünya mədəniyyətinə, incəsənətinə, elminə və memarlıq sənətinə əvəzolunmaz töhfələr vermişdir. Bu gün müasir texnikanın istehsalı sahəsində yenə də biz Fransa məhsullarında yüksək zövq, keyfiyyət və xarici gözəllik görürük.

Avtobuslara gəldikdə, siz yaxşı bilirsiniz ki, dünyanın müxtəlif yerlərində avtobuslar istehsal olunur və Bakıda yeni avtobusların gətirilməsi layihəsi gündəlikdədir. Əlbəttə ki, bizim mütəxəssislər və ictimaiyyət bu məsələ ilə tanış olarkən Fransa avtobuslarına üstünlük verdilər. Çünki onlar ən gözəl, yaraşıqlı, ekoloji cəhətdən təmiz və keyfiyyətlidir.

Bildiyimə görə, 150 müasir avtobusun Azərbaycana gətirilməsi ilə bağlı kontrakt imzalanmağa hazırdır. 150 avtobusun alınması üçün opsion vardır və mən hesab edirəm ki, gələcəkdə Fransadan yüzlərlə avtobus Bakıya gətiriləcəkdir. Çünki bizim ehtiyacımız artır, əhali artır, tələbat artır və bəlkə gələcək illərdə bir neçə min avtobusdan söhbət gedə bilər. Bu da həm ticarət dövriyyəmizi artıracaq, eyni zamanda, Bakı sakinlərinə Fransa səviyyəli nəqliyyat xidmətini göstərəcəkdir.

“Synergy Group” ASC-nin Müşahidə Şurasının sədri Riyad HÜSEYNOV: Sualım Fransa Prezidentinədir. Fransa Avropanın aparıcı iqtisadiyyatlarından biridir. O cümlədən Azərbaycanın sürətli iqtisadi inkişafı son illər ölkəmizin investisiya potensialını daha da möhkəmləndirmişdir. Ölkələrimiz arasında qarşılıqlı investisiya qoyuluşu sahəsində əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi imkanlarını necə dəyərləndirirsiniz?

Prezident Fransua OLLAND: Mən getdiyim hər bir yerdə Fransaya gəlmək istəyən sərmayədarları gördüyüm zaman eyni müraciətlə çıxış edirəm. Bəli, ölkəmizə gəlmək, iş görmək, iş yerlərini fransız müəssisələri ilə birgə açmaq olar.

Müştərək addımlarla, tərəfdaşlıqla etmək olar. Bəzən hətta müştərək fəaliyyətə ehtiyac olmasa, həmin şirkətlər Fransanın iqtisadiyyatında öz yerlərini tuta bilər. Biz bunu arzu edirik. Lakin şərtlərimiz də var, çünki bəzi sənaye sahələrində aparıcı mövqeni qoruyub saxlayırıq. Elə etməliyik ki, sərmayələr bir neçə ili yox, uzun perspektivi nəzərdə tutsun. Lakin burada mən hazır olduğumuzu Sizə bəyan edirəm ki, biz Fransanın inkişafında iştirak etmək və müxtəlif sahələrdə işləmək istəyən Azərbaycan sərmayədarlarını müşayiət etməyə hazırıq.

Biz, həmçinin ümumi iradə ilə birgə olaraq üçüncü ölkələrə sərmayə qoya bilərik. Azərbaycan və Fransa kapitalı ilə texnologiyalarımız əsasında nou-haunu üçüncü ölkələrdə tətbiq edə bilərik. Bu barədə biz, həmçinin Prezident Əliyev ilə söhbət apardıq. Beləliklə, arzu edirəm ki, bu forum çərçivəsində burada, Azərbaycanda sərmayə qoymaqda, eləcə də Fransada işləməkdə tərəfdaşlıq quraq və sonradan birlikdə yeni bazarlara daxil olaq.

Sözümü Fransa haqqında söylədiyi xoş sözlərə görə Prezident Əliyevə minnətdarlığımı bildirməklə bitirmək istərdim.

Bilmirəm, indiki bəyanatımı Fransanın ictimai rəyi üçün lentə yazaq, yoxsa yox?! Çünki biz özümüzlə çox öyünən xalqıq. 

Biz öz haqqımızda danışmağı sevirik. Hər zaman öz haqqımızda danışanda o qədər ürəkaçan sözləri söyləmirik. Lakin digər şəxslər bizim haqqımızda qeyri-məqbul danışanda, biz dərhal reaksiya veririk. Lakin bu, çox nadir hallarda baş verir. Demək olar ki, mümkünsüzdür. Əgər mən Prezident Əliyevin söylədiyini düzgün başa düşdümsə, onun Paris, Fransa, ölkənin imkanları, texnologiyaları, nou-hausu haqqında danışdıqlarını ən azı təkrarlamaq istərdim.

Əlbəttə ki, Fransada yaşam tərzi, mədəniyyət və Fransanın nüfuzunu formalaşdıran digər meyarlar vardır. Lakin Fransanı sevəndə, onun hər guşəsini sevirik. Çünki o, dəyələri, prinsipləri və tarixi və həyat tərzini əks etdirir. Lakin burada innovasiyalar, bacarıqlar, texnologiyalar da vardır. Burada ən yaxşı texnologiyalara gəldikdə, hər şey vardır. Biz nəqliyyat, enerji, kosmos, şəhərsalma haqqında danışdıq. Hələ yeni texnologiyaları demirəm. Fransa bir tərəfdən mədəniyyət və ənənələrdir, dəyər, prinsip və tarixdir, digər tərəfdən isə gələcəkdir. Fransa öz qüvvələrini, üstünlüklərini nəzərə alıb gələcəyi digərləri ilə bölüşməlidir və xüsusən də Fransanı sevənlərlə bölüşməlidir. Azərbaycan Fransanı sevir və onun özü də seviləcəkdir.

X X X

Daha sonra forumda iqtisadi sahədə əməkdaşlığa dair ikitərəfli sənədlərin imzalanması mərasimi keçirildi.

Mərasimdə “Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası” İctimai Birliyinin təsis yığıncağının qərarı, sərnişin avtobuslarının təchizatına dair müqavilə, yük lokomotivlərinin alınmasına dair müqavilə, Azərbaycanın Gəncə şəhəri, Şəmkir, Göygöl və Balakən rayonlarının icra hakimiyyətləri ilə Fransanın Burqundiya regionunun Yon vilayətinin Ali Şurası arasında dostluq və əməkdaşlıq sazişi, Azərbaycanın Tovuz şəhəri və Fransanın Konyak şəhəri arasında qardaşlaşma sazişi, “Airbus Dies” şirkəti ilə “Azərkosmos” ASC arasında Yerin müşahidə xidmətləri sahəsində əməkdaşlığa dair anlaşma memorandumu, praktiki təlim, nou-hau ötürülməsi və texniki yardıma dair müqavilə, “Air Liquide” şirkəti ilə Sumqayıt Kimya Sənaye Parkı arasında əməkdaşlığa dair anlaşma memorandumu, “Bouygues Travaux Publics” şirkəti ilə “Bakı Metropoliteni” QSC arasında “28 May” stansiyasının yenidən qurulması və metropolitenin yaşıl xəttinin “Xətai”-“Həzi Aslanov-2” hissəsinin tikintisinə dair anlaşma memorandumları, “Thales” şirkəti ilə “Bakı Metropoliteni” QSC arasında ilkin araşdırmaların aparılması və təlim-tədris əməkdaşlığına dair anlaşma memorandumları, “Alstom Transport” şirkəti ilə “Bakı Metropoliteni” QSC arasında təchizat müqavilələrinə dair anlaşma memorandumu imzalandı.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:58
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

19 aprel 2024, 16:58
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:56
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...

19 aprel 2024, 16:56
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...

19 aprel 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:52
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...

19 aprel 2024, 16:52
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55