29 may 2014, 12:15

Fuad Əliyevdən, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sürətli iqtisadi inkişaf dövrünü yaşayan qədim Gəncədə həm də abadlıq və quruculuq işləri də geniş vüsət almışdır. Məmnunluq hissi ilə qeyd edirik ki, bu gün zəngin və ulu keçmişə malik olan, eyni zamanda möhtəşəm maddi-mədəniyyət abidələri ilə yaşı minilliklərlə ölçülən şəhərimizdə aparılan quruculuq işləri Gəncəni tariximizin canlı salnaməsinə çevirməkdədir.

Möhtərəm cənab Prezident, Sizin milli-mənəvi dəyərlərimiz, maddi-mədəniyyət abidələrimizin mühafizə istiqamətində həyata keçirdiyiniz irimiqyaslı tədbirlər, xüsusilə Gəncə Şah Abbas məscid-mədrəsəsinin, Təzəpir Məscidinin, Şamaxı Cümə məscidinin, Katolik və Pravoslav kilsələrinin, Yəhudi Sinaqoqunun yenidən əsaslı şəkildə bərpa edilməsi ölkəmizin tolerantlıq sahəsində ümumbəşəri dəyərlərə hörmət edən dövlət kimi nüfuzunun yüksəlməsinə səbəb olmuşdur.

Sizin təşəbbüskarlığınızla tolerantlıq, mənəvi dəyərlərin qorunması ilə bağlı Azərbaycanda keçirilmiş Mədəniyyətlərarası Dialoq forumlarında müxtəlif ölkələrin sabiq prezidentləri, dövlət xadimləri və on beşdən artıq Nobel mükafatçıları iştirak etmişdir.

Möhtərəm cənab Prezident!

İslam aləminin beşinci imamı Mühəmməd Baqirin övladlarından biri olan Şahzadə İbrahimin uyuduğu, xalqımızın mənəvi aləminin kamilləşməsində müstəsna əhəmiyyət kəsb edən Gəncə “İmamzadə” Kompleksində aparılan təmir və bərpa işlərinə Sərəncamınızla yenidən 3 milyon manat vəsait ayırdığınıza görə Gəncə şəhər dindarları adından Sizə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Hörmətli cənab Prezident, İslam dünyası üçün böyük əhəmiyyət kəsb edən milli memarlıq üslubunda inşa olunan Gəncə “İmamzadə” Kompleksinin bərpasına göstərdiyiniz xüsusi diqqət və qayğını yüksək qiymətləndirən şəhər ziyalıları və elm ictimaiyyəti inanır ki, Sizin qayğınız sayəsində İmamzadə türbəsi İslam dünyasının yalnız inanc, ibadət yeri deyil, həm də böyük elm, təhsil mərkəzi kimi də fəaliyyət göstərəcəkdir.

Ziyalılar adından dərin hörmətlə,

Əliyev Fuad, AMEA-nın Gəncə Bölməsinin akademik katibi, Qurbanov Xaliq, Gəncə Ziyalılar Cəmiyyətinin
sədri, Gəncə Ağsaqqallar Şurasının sədri, professor, Məmmədova Siddiqə, Azərbaycan Milli Elmlər
Akademiyasının həqiqi üzvü, Süleymanov Akif,

Azərbaycan Texnologiya Universitetinin rektoru,

Professor, Yusifov Yusif, Gəncə Dövlət Universitetinin
Rektoru, professor və başqaları.

Azərbaycan Respublikası, Gəncə şəhəri.