İlham Əliyevin və İsveçrə Prezidenti Didye Burkhalterin geniş tərkibdə görüşü olmuşdur

02 iyun 2014, 11:00
İlham Əliyevin və İsveçrə Prezidenti Didye Burkhalterin geniş tərkibdə görüşü olmuşdur

Təkbətək görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalterin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Prezident İlham ƏLİYEV dedi:

-Cənab Prezident, hörmətli qonaqlar, Azərbaycana xoş gəlmişsiniz. Sizi görməkdən məmnunam. Bu səfər çox mühüm əhəmiyyət kəsb edir. Bu, çox uğurla inkişaf edən və bir çox sahələri əhatə edən ikitərəfli əlaqələrimizi bir daha nəzərdən keçirmək üçün yaxşı imkandır. Əminəm ki, qarşıdakı illərdə ikitərəfli əlaqələrimiz daha da güclənəcəkdir. Çünki əlaqələrimizi inkişaf etdirmək üçün güclü siyasi iradə vardır. Bizim tərəfdaşlığımızın mahiyyəti həqiqətən artır, bir çox sahələri - siyasi, iqtisadi, investisiya və mədəniyyət sahələrini əhatə edir. Buna görə mən əminəm ki, qarşıdakı illərdə biz son bir neçə ildə sürətlə inkişaf edən yaxın tərəfdaşlıq əlaqələrini davam etdirəcəyik.

Bu gün biz əlaqələrimizi genişləndirmək üçün yaxşı perspektivləri, xüsusilə qarşılıqlı investisiya və birgə müəssisələr sahəsində, o cümlədən artıq başlayan və çox səmərəli olacaq enerji sahəsində əməkdaşlığı da müzakirə etdik. Siz həm də ölkəmizə ATƏT-in sədri kimi səfər edirsiniz. Ümid edirik ki, Sizin regiona səfəriniz çox səmərəli olacaq, regionumuzda müsbət meyillərin inkişafına, xüsusilə də münaqişələrin həlli baxımından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin inkişafına öz töhfəsini verəcəkdir.

Bir daha xoş gəlmişsiniz. Ümidvarıq ki, səfəriniz xoş keçəcəkdir.

X X X

İsveçrə Prezidenti Didye BURKHALTER dedi:

-Cənab Prezident və nümayəndə heyəti, təşəkkür edirəm. İlk növbədə çox xoş və səmimi qəbula görə Sizə minnətdarlığımı bildirirəm. Bu qəbul, sözün hər mənasında, səmimidir, həm ölkə, həm də cazibədar landşaft baxımından. Çox təşəkkür edirəm. Bu, mənim ölkənizə ilk səfərimdir. Ölkənizlə hərtərəfli tanış olmaq üçün çox vaxtım olmayıb. Bu, ətraflı tanışlıq səfəri olmayacaqdır. Əminəm ki, biz bir daha səfər edəcəyik və regionunuzu, ölkənizi, dünən axşam gələndə və bu gün səhər də gördüyüm kimi, bizdə dərin təəssürat yaradan Bakı şəhərini daha yaxından öyrənmək üçün daha çox vaxtımız olacaqdır.

Qəbulunuza görə təşəkkür edirəm. Bu, bizim iki ölkə üçün xüsusi bir vaxtdır. İlk növbədə, bizim çox yaxşı dostluq əlaqələrimiz vardır və biz onları intensivləşdirə bilərik. Əminəm ki, özəl investisiya sahəsində geniş potensialımız vardır. İsveçrə şirkətləri Sizin ölkənizə investisiya yatırmaqda maraqlıdır.