02 iyun 2014, 12:40

Sənan Hacıyev və başqalarından, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident!

Biz Gəncə şəhərinin mədəniyyət, incəsənət işçiləri Sizə - ümummilli liderimiz, müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin siyasi kursunu ləyaqətlə davam etdirən möhtərəm cənab Prezidentimizə Nizami yurdunda yaşayan sənət adamları adından müraciət edirik.

Hörmətli cənab Prezident, Siz Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin, Mirzə Şəfi Vazehin, Cavad xanın vətəni qədim və həmişəcavan Gəncəmizə ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə göstərdiyi xüsusi diqqət və qayğını bu gün uğurla davam etdirirsiniz. Son illərdə respublikamızın ikinci böyük elm, təhsil, sənaye və mədəniyyət mərkəzi olan Gəncədə tikinti, abadlıq, yenidənqurma işləri geniş vüsət almışdır. Sizin Gəncəyə göstərdiyiniz böyük diqqət və qayğı şəhərimizin mədəniyyət və incəsənət işçilərini qəlbən sevindirir, onları daha yaxşı işləməyə, yaradıcılıqlarında daha böyük nailiyyətlər qazanmağa ruhlandırır.

Sizin Gəncəyə hər gəlişiniz, şəhərdə gedən tikinti, abadlıq, yenidənqurma işlərinin gedişi ilə maraqlanmağınız və lazımi tövsiyə və tapşırıqlarınızı verməyiniz hər bir gəncəlinin qəlbində iftixar hissi oyadır.

Möhtərəm cənab Prezident, son illər Gəncədə bir çox yeni mədəniyyət müəssisələri yaradılmışdır. 2014-cü ilin yanvarında Gəncəyə səfəriniz zamanı şəhərin Yeni Gəncə yaşayış massivində yaradılmış Heydər Əliyev Park Kompleksinin açılış mərasimində iştirak edərkən dediyiniz “Dünyanın beş ən böyük parkı arasında artıq Gəncə Parkı da vardır” sözləriniz bütün gəncəlilərin böyük sevincinə səbəb olmuşdur.

Yeni yaradılmış Heydər Əliyev Mərkəzi gəncəlilərin, o cümlədən biz mədəniyyət, incəsənət işçilərinin qürur mənbəyinə çevrilmişdir. Heydər Əliyev Park Kompleksində yaradılmış Heydər Əliyev Mərkəzi. Ulu Öndərin möhtəşəm abidəsi, Müasir İncəsənət Muzeyi, Zəfər Tağı, süni göl, amfiteatr və s. şəhər əhalisinin və turistlərin sevimli məkanlarındandır.

Nizami Gəncəvi Muzeyinin, Məhsəti Gəncəvi Mərkəzinin yaradılması, Gəncə Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzey Abidə Kompleksinin inşası şəhərimizdə mədəniyyət sahəsində müşahidə olunan sürətli inkişafın parlaq nümunəsidir.

Gəncədə qədim tarix-memarlıq abidələrinin təmir-bərpası, Gəncə Dövlət Filarmoniyasının yeni binasının inşası, yeni qəsəbələrin, park və istirahət guşələrinin yaradılması, yaxın gələcəkdə Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisinə başlanması biz mədəniyyət və incəsənət işçilərinin üzərinə düşən məsuliyyəti daha da artırır.

Cənab Prezident, bu ilin fevralında Sizin imzaladığınız Sərəncamla şəhərin digər sahələrdə olduğu kimi mədəniyyət, incəsənət sahəsində də çalışan yaradıcı insanlara fəxri adların verilməsi və Gəncə şəhərinin davamlı inkişafına göstərdiyiniz qayğıya görə Sizə təşəkkürümüzü bildiririk.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, Azərbaycanımızın inkişafı və tərəqqisi naminə fəaliyyətimizdə uğurlar arzulayır və “çox sağ olun” deyirik.

Gəncə şəhərinin mədəniyyət və incəsənət işçiləri adından dərin hörmətlə,

Hacıyev Sənan Zahid oğlu, Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi,
Haşımova Şahnaz Həsən qızı, Xalq artisti,
Verdiyev Fikrət Süleyman oğlu, Xalq artisti və başqaları (cəmi 35 imza).

Azərbaycan Respublikası, Gəncə şəhəri.