Azərbaycan və Türkiyə prezidentlərinin geniş tərkibdə görüşü olub

03 sentyabr 2014, 14:00
Azərbaycan və Türkiyə prezidentlərinin geniş tərkibdə görüşü olub

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

- Hörmətli cənab Prezident, əziz qardaşım!

Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Fürsətdən istifadə edərək, prezident seçkilərində qazandığınız böyük qələbə münasibətilə Sizi bir daha ürəkdən təbrik edirəm. Bu qələbə bir daha onu göstərdi ki, son illər ərzində gördüyünüz işlər türk xalqı tərəfindən yüksək qiymətləndirilir.

Biz çox şadıq ki, andiçmə mərasimindən bir neçə gün sonra Siz Azərbaycana rəsmi səfər edirsiniz. Bu, bir daha onu göstərir ki, Türkiyə-Azərbaycan əlaqələri dostluq, qardaşlıq əlaqələridir və bu əlaqələr ən yüksək pillədədir.

Bu gün təkbətək görüşümüzdə əlaqələrimizin müxtəlif istiqamətlərini müzakirə etdik. Həm ikitərəfli, həm beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi apardıq. Bir daha görürük ki, bizim birliyimiz gündən-günə güclənir. Bütün məsələlərlə bağlı bizim fikrimiz eynidir və bir amalımız var ki, biz Türkiyə-Azərbaycan dostluq-qardaşlıq əlaqələrini uğurla inkişaf etdirək. Əminəm ki, bu səfər bu istiqamətdə atılan önəmli addım olacaqdır.

Bir daha xoş gəlmisiniz!

X X X

Türkiyə Prezidenti Rəcəb Tayyib ƏRDOĞAN dedi:

- Çox dəyərli qardaşım, hörmətli heyət üzvləri!

Sizləri avqustun 10-da keçirilmiş seçkilərdən sonra etdiyim ilk rəsmi səfərimdə səmimi qəlbdən öz adımdan və heyətim adından salamlayıram.

Artıq Sizin də dediyiniz kimi, bu səfərlər qarşılıqlı olaraq ənənə halı alıb. Bunlar da bir-birimizə məhəbbətimizin nə qədər güclü olduğunu göstərir.

Bu gün təkbətək görüşümüzdə xüsusilə Türkiyə-Azərbaycan əlaqələrini geniş şəkildə dəyərləndirmək imkanımız oldu. Burada bütün sahələrlə bağlı müzakirələr apardıq, dəyərləndirdik və heyətlərimizdəki yoldaşlarımızla da bunları inkişaf etdirməyə hazırıq. Təbii ki, Türkiyə-Azərbaycan münasibətləri bundan sonra daha fərqli bir şəkildə inkişaf etməlidir. Hazırda xüsusilə regionumuzdakı sıxıntılar birgə həmrəylik yolu ilə həll edəcəyimiz problemlərdir. Bu problemlərin - Türkiyə-Ermənistan probleminin, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin həlli bir-biri ilə bağlı məsələdir. Əgər Ermənistan-Azərbaycan münaqişəsi həll olunarsa, Türkiyə ilə Ermənistan arasındakı problem də həllini tapacaq. Amma bu münaqişə həll edilmədiyi təqdirdə, Türkiyə ilə Ermənistan arasındakı vəziyyət indiki kimi davam edəcək. Bunu əvvəllər də həmişə ifadə etmişik. Bu, bir daha bilinsin deyə, yenə də söyləyirəm. Bu məsələlərdəki həmrəylimizi bundan sonrakı müddətdə də eyni qətiyyətlə davam etdirəcəyik. Bunun da xüsusilə bilinməsini istəyirəm. Mən də çox təşəkkür edirəm.

gallery-photogallery-photo