06 sentyabr 2014, 14:15

Robert Mobilidən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Azərbaycan Respublikasının Alban-Udi Xristian Dini İcması adından və öz adımdan bizim ictimai fəaliyyətimizi yüksək qiymətləndirərək məni Azərbaycanın yüksək dövlət mükafatı olan “Şöhrət” ordeni ilə təltif etdiyinizə görə Sizə dərin və səmimi minnətdarlığımı bildirirəm. Bu yüksək dövlət mükafatı tarixi Vətənində və onun sərhədlərindən kənarda yaşayan bütün udilərə göstərilən böyük hörmət və qayğının ifadəsidir. 

Ümummilli liderimiz Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti, onun azərbaycançılıq fəlsəfəsi, hazırda isə bu bənzərsiz siyasi xəttin Sizin çoxşaxəli fəaliyyətinizlə uğurla davam etdirilməsi sayəsində ölkəmiz dini və etnik qruplar arasında birlik və etimadın, sülh və əmin-amanlığın, tolerantlıq və multikulturalizmin, ictimai-siyasi sabitliyin bərqərar olduğu gözəl məkana, xalqlar dostluğu qalasına çevrilmişdir. Bu gün Azərbaycanda mövcud olan demokratik-hüquqi şəraitə, insan hüquqlarının təminatına, milli azlıqlara göstərilən diqqət və qayğıya görə hökumətimizə, şəxsən cənab Prezident, Sizə minnətdarıq. Biz Azərbaycan vətəndaşı olmağımızdan qürur hissi keçirir və işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad olunmasını özümüzün ən böyük vətəndaşlıq borcumuz hesab edirik.

Azərbaycan Respublikası udilərin tarixinin, etnoqrafiyasının, etnik-mədəni dəyərlərinin qorunub saxlandığı, öyrənildiyi, dil və mədəniyyətinin, adət-ənənələrinin inkişaf etdirildiyi, məbədlərin, kilsələrin və digər tarixi abidələrin bərpa olunduğu yeganə ölkədir. Udilərin kompakt yaşadıqları Qəbələ rayonunun Nic qəsəbəsinə hər il dünyanın hər yerindən təkcə udilər deyil, həm də çoxsaylı qonaqlar, ictimai-siyasi xadimlər, alimlər, mütəxəssislər və jurnalistlər gəlir, bütün bunların canlı şahidi olurlar. Azərbaycanın ən qədim xalqlarından olan udilərin sosial-iqtisadi, mənəvi və mədəni inkişafına hərtərəfli yardım, kömək və dəstək Azərbaycanda tolerantlığın və zəngin multikulturalizm ənənələrinin parlaq nümunəsidir. Qafqaz Albaniyasının tarixi-mədəni irsinin mənəvi varislərindən biri kimi Alban-udu xristian dini icması hazırda bu irsin yenidən canlandırılması, Alban Apostol Avtokefal Kilsəsinə qarşı yüz illər boyu bədnam qonşular tərəfindən aparılmış ekspansiya siyasətinin və tarixi saxtakarlıqların ifşası istiqamətində əzmlə çalışmaqdadır. 

Bir daha Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirir, çətin və şərəfli fəaliyyətinizdə daim uğurlar arzu edirəm.

İnanıram ki, gündən-günə çiçəklənən və tərəqqi edən Azərbaycan Respublikası və Azərbaycan xalqı Sizin müdrik rəhbərliyinizlə hələ neçə-neçə tarixi uğurlara imza atacaqdır. Bu şərəfli yolda Tanrı Sizə kömək olsun!

Dərin hörmətlə,

Mobili Robert, Azərbaycan Respublikasının Alban-Udi
Xristian Dini İcmasının sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri.