Gerb

12 sentyabr 2014, 12:55
W1siziisijiwmtuvmdyvmtuvmnjjmdnhcmjozl8zndq5os5qcgcixsxbinailcj0ahvtyiisijy1nhgzmjcjil1d?sha=d51dd725dc451e67

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razak mətbuata birgə bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyevin bəyanatı

- Hörmətli cənab Baş nazir.

Xanımlar və cənablar.

Əvvəlcə, cənab Baş nazir, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Mənim dəvətimi qəbul edib ölkəmizə səfərə gəldiyinizə görə Sizə təşəkkür edirəm. Bu, Malayziya Baş nazirinin Azərbaycana ilk səfəridir. Bu, tarixi bir səfərdir və əməkdaşlığımızın tarixinə həkk olunacaq. Bu səfərə böyük əhəmiyyət veririk. Əminəm ki, səfərin nəticəsi ikitərəfli əməkdaşlığımızı gücləndirəcək.

Əməkdaşlığımızın yaxşı tarixçəsi var. Əminəm ki, gələcək üçün çox böyük perspektiv var. Çünki bizim çox fəal siyasi dialoqumuz mövcuddur. Əminəm ki, bugünkü səfər də siyasi təmaslarımızı gücləndirəcək. Biz müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində fəal siyasi dialoq aparırıq.

Biz bu gün Birgə Bəyannamə imzaladıq. Əminəm ki, bu, gələcək əməkdaşlığımızın inkişafı baxımından çox mühüm sənəd olacaq. Çünki həmin sənəd əməkdaşlığımızın bütün aspektlərini - siyasi, iqtisadi, enerji sahələrini əhatə edir.

Eyni zamanda, biz bu gün cənab Baş nazirlə geniş müzakirə apardıq. Bizim beynəlxalq təsisatlar çərçivəsində də çox müsbət əməkdaşlığımız var, xüsusilə də BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlarda. Mən Malayziyaya minnətdarlığımı bildirirəm ki, bu ölkə Dağlıq Qarabağ məsələsində çox qətiyyətli mövqe tutur və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim müdafiə edir.

Bu, beynəlxalq hüquqa uyğun olan bir mövqedir və bizim əməkdaşlığımızı, qardaşlığımızı əks etdirir.

Təəssüflər olsun ki, uzun illərdir Dağlıq Qarabağ və ətraf yeddi rayon erməni işğalı altındadır. Ermənistan beynəlxalq hüququn normalarını açıq-aşkar pozur. Dünyanın ən mühüm beynəlxalq təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib ki, o qətnamələrdə Ermənistan dərhal və qeyd-şərtsiz torpaqlarımızı azad etməyə çağırılır. Amma Ermənistan buna məhəl qoymur. Bizim ölkənin ərazisinin 20 faizi işğal altındadır. Ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıblar. Burada Xocalı soyqırımını qeyd etmək istərdim. Yüzlərlə günahsız insanın qətlə yetirilməsi faktı mövcuddur. Bizim məscidlər, məzarlıqlar dağıdılıb. Buna heç bir bəraət qazandırmaq olmaz, bu, vandalizmdir.

Həmin o zorakılığı və soyqırımını bu gün Ermənistan rəhbərliyində olan kriminal ünsürlər törədiblər. Biz bu məsələni daim diqqətdə saxlayırıq. Bu münaqişə tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Bu, regional sülh və sabitliyə töhfəsini vermiş olacaq. Cənab Baş nazir, bu məsələ ilə bağlı ölkənizin qətiyyətli mövqeyinə görə Sizə bir daha təşəkkür edirəm.

Biz bu gün iqtisadi əməkdaşlığımızı müzakirə etdik. Razılıq əldə edildi ki, hər iki ölkənin şirkətləri qarşılıqlı şəkildə sərmayə yatırsınlar. Bu gün biznes forum keçiriləcək və hər iki ölkə öz biznes imkanlarını təqdim edəcək. Zənnimcə, praktiki addımlar müəyyən ediləcək ki, gələcəkdə əməkdaşlığımız güclənə bilsin.

Biz birgə sərmayə imkanlarını nəzərdən keçirdik - söhbət üçüncü ölkələrdə reallaşdırılacaq layihələrdən gedir. Zənnimcə, böyük potensial var. Təəssüflər olsun ki, bu gün ticarət dövriyyəmiz olduqca aşağı səviyyədədir. Amma əminəm ki, bu səfərdən sonra müsbət irəliləyiş əldə ediləcək.

Bu gün biz enerji sahəsində çox ətraflı, geniş müzakirə apardıq. Bu sahədə əməkdaşlığımız üçün çox böyük perspektivlər var. Zənnimcə, biz bu sahədə strateji tərəfdaşlığa nail ola bilərik - enerji resurslarının ixracı, nəqli, emalı və digər məsələlərdə. Bu səbəbdən də bu gün SOCAR və “Petroliam Nasional Berhad” şirkətləri arasında imzalanmış Anlaşma Memorandumu gözəl bir əməkdaşlıq çərçivəsi yaradır. Əminəm ki, hər iki şirkətin rəsmiləri dərhal fəal dialoqa və əməkdaşlığa başlayacaqlar. Çünki artıq tərəflər konkret layihələr müəyyən ediblər. Ümid edirəm ki, biz olduqca qısa zamanda real nəticələr görəcəyik.

Onu da qeyd etmək istərdim ki, Malayziya dünyada bizim üçün mühüm tərəfdaş və dost ölkələrdəndir. Biz İslam həmrəyliyinin gücləndirilməsi üçün birgə tədbirlər həyata keçiririk, səylər göstəririk. Biz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox fəal əməkdaşlıq edirik. Malayziya istər iqtisadi və siyasi, istər də sosial inkişaf baxımından böyük nailiyyətlər əldə edib. Bu, bir çox ölkələr üçün örnək ola bilər. Malayziyanın möhkəm, sabit siyasi sistemin və güclü iqtisadi zəminin yaradılması baxımından böyük nailiyyətləri var. Zənnimcə, İslam dövlətlərinin inkişafı, həmrəyliyi əməkdaşlığın gücləndirilməsinə də töhfəsini verir. Hesab edirəm ki, biz səylərimizi birləşdirərək daha çox işlərə nail ola bilərik. Biz əməkdaşlığımızdan çox razıyıq. Düşünürəm ki, bugünkü səfər əməkdaşlığımızın yeni səhifəsini açır.

Cənab Baş nazir, bir daha Sizi Azərbaycanda salamlayıram.

Baş nazir Mohammad Najib Tun Abdul Razakın bəyanatı

- Cənab Prezident, məni ölkənizə səfərə dəvət etdiyinizə görə Sizə səmimi təşəkkürümü bildirirəm. Mənə və nümayəndə heyətimə göstərilən çox səmimi və mehriban qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istəyirəm. Həqiqətən də mənim səfərimi tarixi səfər adlandırmaq olar. Çünki Malayziya Baş nazirinin Azərbaycana ilk səfəridir. Mən təyyarədən endiyim ilk andan çox təsirləndim. Təkcə inkişafın özü deyil, keyfiyyəti də məni valeh etdi. Sizin gələcəyə olan baxışlarınız məndə böyük təəssürat yaratdı. Təbii ki, ölkəmə qayıdandan sonra həmvətənlərimə Azərbaycana səfər etməyi tövsiyə edəcəyəm.

Azərbaycan həqiqətən çox gözəl ölkədir, Xəzər sahilində yerləşən bir dövlətiniz var. Bu gün qaldığım otağın pəncərəsindən baxanda məndə elə təəssürat yarandı ki, sanki böyük, gözəl bir istirahət məkanındayam. Həqiqətən də Azərbaycan mənim bu günə qədər səfər etdiyim ən gözəl ölkələrdən biri hesab oluna bilər.

Cənab Prezident, Sizə müdrik siyasətinizə və uzaqgörənliyinizə görə təşəkkür edirəm, eyni zamanda, nailiyyətlərinə görə Azərbaycan xalqını təbrik edirəm. Əminik ki, bizim birgə irsimiz, hətta oxşar dəyərlərimiz var. Biz haqq-ədalətin tərəfdarı olan ölkəyik. Bu səbəbdən də biz hər yerdə Azərbaycanın mövqeyini müdafiə edirik, xüsusilə də ərazi bütövlüyü məsələsində. Biz bundan sonra da qətiyyətli mövqe nümayiş etdirəcəyik. Haqq-ədalət Sizin tərəfinizdədir və biz hər zaman Sizinlə olacağıq. Eyni zamanda, mən Azərbaycana təşəkkür edirəm ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyü məsələsində bizim ölkəmizi dəstəkləyib.

Bu gün təkbətək və geniş tərkibdə çox gözəl görüşümüz oldu və hər iki görüşün nəticəsi çox müsbətdir. Qeyd edə bilərəm ki, enerji, neft və qaz sahələri diqqət mərkəzində olacaq. Bildiyiniz kimi, Malayziyanın, xüsusilə “Petronas” şirkətinin bu sahədə böyük təcrübəsi var. Zənnimcə, bu şirkət Azərbaycan ilə neft və qaz sahəsində yaxından əməkdaşlıq edə bilər. Eyni zamanda, təkcə neft-qaz sektorunda deyil, artıq istifadədən çıxarılmış neft və qaz sahələrinin reabilitasiyası məsələsində bizim böyük təcrübəmiz var.

Digər tərəfdən, qeyd etmək istərdim ki, Azərbaycan qazının Avropaya nəqli xüsusi strateji əhəmiyyətə malik olan məsələdir. Bu baxımdan Azərbaycan çox strateji mövqeyə malikdir. Sizi əmin edə bilərəm ki, Malayziya Azərbaycan üçün etibarlı tərəfdaş olacaq. Mən bütün sahələri nəzərdə tuturam və əminəm, biz əlimizdən gələni edəcəyik ki, gələcək nəsillərə də bir növ çox dəyərli bir irs qoya bilək.

Bundan başqa, Azərbaycan rəsmilərinin müvafiq peşəkarlıq səviyyəsinin artırılması üçün müxtəlif təlimlər təşkil edə bilərik. Əminəm ki, bu səfərin çox gözəl nəticələri olacaq. Cənab Prezident qeyd etdi, bu gün biznes forum keçiriləcək, iş adamları və sahibkarlar öz aralarında fikir mübadiləsi aparacaqlar. Malayziya şirkətlərinin xüsusilə infrastruktur layihələrinin həyata keçirilməsində böyük təcrübəsi var. Tikinti, emal sənayesi, elektronika avadanlığı istehsalı sahələrində böyük təcrübəyə malik olan şirkətlərimiz var.

Zati-aliləri, mən qəti əminəm ki, gələcəyimiz çox uğurlu olacaq. Müzakirə etdiyimiz məsələlər bu səfərdən sonra qısa müddətdə praktiki nəticələrini verəcək və ümid edirəm ki, bunun çox gözəl nəticələri olacaq. Mən Zati-aliləri İlham Əliyevi öz ölkəmə dəvət etdim. Biz çalışacağıq ki, həmin səfər zamanı cənab Prezidentə öz nailiyyətlərimizi nümayiş etdirək.

Mənim bu səfərdən böyük gözləntilərim var. Cənab Prezident, ümid edirəm ki, Siz bizim ölkəyə səfər edəndə biz də Sizə eyni dərəcədə qonaqpərvərlik nümayiş etdirəcəyik. Bu gözəl imkana görə bir daha təşəkkür edirəm. Gözəl ölkənizdə olmaqdan çox məmnunam. Əminəm ki, görüşlərimiz çox səmərəli olub.



Böyük ölçüdə