Azərbaycan Respublikası Prezidentinin dünya azərbaycanlılarına müraciəti

24 dekabr 2010, 20:43
Azərbaycan Respublikası Prezidentinin dünya azərbaycanlılarına müraciəti

Əziz həmvətənlər!

Hörmətli soydaşlar!


Hər birimizdə böyük sevinc və səmimi duyğular oyadan 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində sizi ürəkdən salamlayır və ən xoş arzularımı yetirirəm.

Müstəqil Azərbaycan dövlətinin mövcudluğu dünya azərbaycanlıları arasında milli birliyin daha da güclənməsi və həmvətənlərimizin təşkilatlanması üçün geniş imkanlar yaradır. Eyni zamanda, xaricdə yaşayan soydaşlarımız da ölkəmizin inkişafına, qarşıya çıxan problemlərin həllinə yaxından kömək göstərməyə çalışırlar. Bu köməyin səmərəli olması məhz həmvətənlərimizin möhkəm birliyi, mütəşəkkilliyi və yaxşı təşkilatlanması sayəsində mümkündür. Ona görə də Azərbaycan dövləti diaspor quruculuğu işinə böyük əhəmiyyət verir və bu prosesə hərtərəfli yardım göstərir. Sevindirici haldır ki, xaricdəki həmvətənlərimiz arasında azərbaycançılıq ideyaları, milli mənəvi dəyərlərimiz getdikcə daha dərin kök salır. Onlar məskunlaşdıqları ölkələrin ictimai-siyasi, mədəni və işgüzar həyatında mühüm mövqelərə sahib olmaqla yanaşı, həm də Azərbaycanın dünyaya təqdim olunmasına, maddi və mənəvi irsimizin təbliğinə, ölkəmiz əleyhinə yönəlmiş ideoloji təxribatların qarşısının alınmasına öz töhfələrini verirlər. Düşünürəm ki, diaspor qurumlarımız bu sahədəki səylərini bundan sonra da artırmalı, intellektual potensialı ilə maddi resurslarını birləşdirməli, xarici ölkələrdəki diplomatik korpuslarımızla əlaqələrini genişləndirməlidirlər. Gələn il Bakı şəhərində Dünya Azərbaycanlılarının III Qurultayı keçiriləcəkdir. Əminəm ki, qurultayda diaspor təşkilatlarının fəaliyyəti dərindən təhlil olunacaq, qəbul edilən qərarlar soydaşlarımızın mütəşəkkilliyinin və təşkilati çevikliyinin gücləndirilməsinə təkan verəcəkdir.

Azərbaycan dövlətinin iqtisadi-siyasi, sosial-mədəni qüdrətinin artması və dinamik inkişafı bütün dünya azərbaycanlılarının arzusudur. Yola salmağa hazırlaşdığımız 2010-cu ildə bütün sahələrdə nəzərdə tutulmuş proqramlar uğurla icra edilmişdir. Ölkəmizdə yaradılmış güclü inkişaf potensialı, səmərəli idarəetmə sistemi dövlətimizin çətin sınaqlardan alnıaçıq çıxmasına imkan verir.

Hazırda respublikamızda sabit və sağlam ictimai-siyasi mühit hökm sürür. Cari ilin noyabrında keçirilmiş parlament seçkiləri ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun təntənəsini və xalqımızın bu kursa inamını, cəmiyyətimizin siyasi yetkinliyini və mütəşəkkilliyini bir daha nümayiş etdirdi.

Qazandığımız uğurlara baxmayaraq, hələ də müharibə şəraitində yaşadığımızı unutmamalıyıq. Hazırda qarşımızda ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdən vacib vəzifə yoxdur. Bu, bizim ümummilli işimizdir. Məhz bu amil bizi dövlətimizin müdafiə qabiliyyətinin artırılmasına, silahlı qüvvələrin gücləndirilməsinə xüsusi diqqət yetirməyə sövq edir. Biz yenidən qan tökülməsinin, dağıntıların və humanitar faciələrin qarşısının alınması üçün hələ də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışırıq. Lakin Azərbaycanın bu məsələ ilə bağlı prinsipial mövqeyi dəyişməz qalır: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

Fəxrlə deyə bilərəm ki, bu gün Azərbaycan həmişəkindən daha güclüdür. Bizim gücümüz tək iqtisadi və hərbi qüdrətimizlə deyil, həm də sıx birliyimizlə ölçülür. Ona görə də harada yaşamağımızdan asılı olmayaraq milli birlik və həmrəylik ideyaları, bizi birləşdirən əsas dəyərlər kimi, hər birimizin düşüncəsinə hakim kəsilməlidir.

Əziz bacı və qardaşlar!

Dünya Azərbaycanlılarının Həmrəylik Günü soydaşlarımızın Vətən sevgisini, xalqımızın tarix və mədəniyyətinə hörmətini, dövlətimizə və azərbaycançılıq ideyalarına sədaqətini əks etdirir. Bu bayram münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, hər birinizə xoşbəxtlik, firavanlıq və bütün işlərinizdə uğurlar arzulayıram!

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 24 dekabr 2010-cu il.
 

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10