Gerb

12 noyabr 2014, 20:17
W1siziisijiwmtuvmdyvmtuvd2xxz3bodxu2xzm2njyzlmpwzyjdlfsiccisinrodw1iiiwinju0edmynymixv0?sha=2097d86226edbce7

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani mətbuata birgə bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyevin  bəyanatı

- Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Hörmətli cənab Prezident, Sizi Azərbaycanda bir daha salamlayıram. Azərbaycana xoş gəlmisiniz.

Sizin səfərinizin çox böyük əhəmiyyəti var. Çox şadam ki, səfər çox uğurlu keçir. Bu il biz Sizinlə dördüncü dəfədir ki, görüşürük. Bu, özlüyündə bir göstəricidir. Çünki onu göstərir ki, İran–Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir. Bu görüşlərin gözəl nəticələri vardır. Mən İran İslam Respublikasına rəsmi səfərimi məmnuniyyətlə xatırlayıram. Bu ilin aprel ayında qonşu ölkəyə səfər etmişəm. Sizinlə apardığım danışıqlar, keçirdiyimiz fikir mübadiləsi bir daha göstərir ki, bizim aramızda nə qədər səmimiyyət var, İran və Azərbaycan bir-birinə nə qədər yaxın və bağlıdırlar. 

Sizin bugünkü səfəriniz bizim əlaqələrimizə yeni təkan verəcəkdir. Bu gün imzalanan sənədlər, aparılan fikir mübadiləsi, sabah keçiriləcək biznes forum əlbəttə ki, əlaqələrimizin inkişafına xidmət göstərəcəkdir.

Bizim əlaqələrimizin təməlində xalqlarımızın dostluğu, qardaşlığı dayanır. Əsrlər boyu bizim xalqlarımız bir-biri ilə sıx əlaqədə olmuşlar, bir yerdə yaşamış, yaratmışlar. Bu, möhkəm təməldir. Bu təməl üzərində ikitərəfli dövlətlərarası əlaqələr qurulur. Son aylar ərzində bu əlaqələr yeni pilləyə qalxmışdır.

Bizim çox gözəl siyasi əlaqələrimiz vardır. Mütəmadi təmaslarımız, yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərləri, beynəlxalq təşkilatlarda bir-birimizə göstərilən dəstək siyasi əlaqələrimizin yüksək səviyyədə olmasını əyani şəkildə sübut edir. Biz üzv olduğumuz beynəlxalq təşkilatlarda bir-birimizi daim dəstəkləyirik və bütün məsələlərdə bir-birimizin yanındayıq. Ölkələrimiz üçün ən vacib və həssas məsələlərdə də biz qarşılıqlı dəstək göstəririk. BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər təşkilatlarda biz həmişə bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. 

Azərbaycan üçün ən vacib problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də biz İranın dəstəyini həmişə hiss edirik. İranın mövqeyi beynəlxalq hüquqa və ədalətə söykənir. Bildiyiniz kimi, bu münaqişə uzun illərdir ki, öz həllini tapmır. Azərbaycanın tarixi, əzəli torpağı Dağlıq Qarabağ və yeddi ətraf rayonu erməni silahlı qüvvələrinin işğalı altındadır. Beynəlxalq hüquq normaları kobudcasına pozulur. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası - dünyanın ən ali orqanı dörd qətnamə qəbul etmişdir ki, o qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması tələb olunur. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymur. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb, tarixi abidələrimiz dağıdılıb. Əcdadlarımızın qəbirləri, məscidlərimiz erməni quldur dəstələri tərəfindən dağıdılıbdır. ATƏT-in faktaraşdırıcı missiyaları işğal edilmiş torpaqlara iki dəfə səfər etmiş və öz məruzələrində bunu təsdiqləmişlər. Münaqişə nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün həyatı yaşayır. Torpaqlarımızın 20 faizi işğal altındadır. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənilər azərbaycanlılara qarşı Xocalı soyqırımını törətmişlər.

Münaqişənin ərazi bölüvlüyü çərçivəsində həll edilməsi əlbəttə ki, bölgəyə sülh gətirəcək. Bu münaqişənin başqa həll yolu yoxdur. Ədalət, beynəlxalq hüquq bərpa edilməlidir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir.

Biz digər beynəlxalq məsələlərlə bağlı daim təmasdayıq, bir-birimizi dəstəkləyirik. Əminəm ki, beynəlxalq təşkilatlardakı fəaliyyətimiz bundan sonra da bu əsaslarda qurulacaqdır. 

İqtisadi sahədə gözəl imkanlar var. Hökumətlərarası birgə komissiya fəal işləyir və gözəl nəticələr vardır. Biz bu gün energetika sahəsində əməkdaşlığı müzakirə etdik. Neft-qaz, elektrik enerjisi, qaz mübadiləsi sahələrində çox böyük imkanlar var. Artıq bir neçə layihə icra edilib. Yeni layihələrin icra edilməsi də gözlənilir. Eyni zamanda, biz bu gün nəqliyyatla bağlı məsələləri geniş müzakirə etdik. Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması hər iki tərəfin marağındadır. Biz bu önəmli layihənin həyata keçirilməsində fəal iştirak edirik, öz səylərimizi qoyuruq.

Şimal-Cənub nəqliyyat dəhlizi nəinki İran və Azərbaycan, bütün bölgə üçün önəmlidir. Ümumiyyətlə, demək istəyirəm ki, bizim siyasi, iqtisadi əlaqələrimiz, konkret layihələrin icrası, eyni zamanda, bölgədə sabitliyin möhkəmlənməsinə xidmət göstərəcək və göstərir. Əfsuslar olsun ki, bizim regionda vəziyyət kifayət qədər gərgindir. Qanlı toqquşmalar, müharibələr baş verir, sabitlik pozulur. İran-Azərbaycan dostluğu, tərəfdaşlığı burada bir sabitləşdirici amildir. Biz sabitləşdirici addımlarla bölgədə sülhü qoruyuruq, müdafiə edirik. Əminəm ki, bizim birgə səylərimiz nəticəsində gələcəkdə bölgədə sabitlik bərpa ediləcək. Çünki sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz, o ölkəyə xarici sərmayə yatırılmaz, ümumiyyətlə, iqtisadi inkişafdan söhbət gedə bilməz. 

Biz öz səylərimizlə regional əməkdaşlığa da töhfəmizi veririk. Həştərxan şəhərində keçirilmiş Xəzər zirvəsi də çox uğurlu zirvə idi, gözəl nəticələr olmuşdur, vacib qərarlar qəbul edilmişdir. Bu da bizim beynəlxalq məsələlərə olan münasibətimizdir.

Biz bütün başqa sahələrdə inamla irəliləyirik. Əlbəttə ki, humanitar sahədə çox gözəl əməkdaşlıq var, bu da təbiidir. Çünki əsrlər boyu bizim xalqlarımız bir yerdə olmuşlar, yaşamışlar, yaratmışlar. Bizim ortaq tariximiz, mədəniyyətimiz dünya üçün çox böyük əhəmiyyət kəsb edir. 

Ona görə, hörmətli cənab Prezident, Sizin səfəriniz çərçivəsində bütün bu məsələlərin müzakirə edilməsi, konkret tapşırıqların verilməsi, əlbəttə ki, gələcəkdə bizim tərəfdaşlığımızı daha da möhkəmlədəcəkdir.

Biz konkret layihələr üzərində işləyirik. İnfrastruktur layihələrinin icrası, bank sektorundakı əməkdaşlıq və digər layihələr nəzərdən keçirilir.

Sabah keçiriləcək biznes forum isə iş adamlarını bir yerə yığacaq. Buna da çox böyük ehtiyac var. Çünki iş adamları görürlər ki, harada siyasi əlaqələr yüksək səviyyədədir, onlar o ölkələrlə daha da sıx əməkdaşlıq edirlər. 

Beləliklə, bizim əlaqələrimiz möhkəmdir. İran-Azərbaycan dostluğu sarsılmazdır, heç bir kənar qüvvə bizim aramıza girə bilməz. Bizim birliyimiz ölkələrimizin və bölgənin gələcəyi üçün lazımdır. Hörmətli, cənab Prezident Sizin səfərinizə çox böyük əhəmiyyət verərək, Azərbaycanda Sizi bir daha səmimiyyətlə salamlayıram.

X X X 

Prezident Həsən Ruhaninin bəyanatı

- Mən bu gün çox xoşhalam ki, Xəzər dənizinin sahilində yerləşən gözəl Bakı şəhərində öz qardaş xalqımın, azərbaycanlı qardaşlarımın yanındayam.

Cənab Prezident İlham Əliyevin Tehrana səfəri ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi baxımından çox mühüm əhəmiyyət kəsb etdi. Bizim bu gün dostlarımızla keçdiyimiz yol ölkələrimiz arasındakı inkişaf yoludur. Bu səfər də həmin inkişaf yolunun təkmilləşdirilməsinə öz töhfəsini verəcək və bunu daha da sürətləndirəcəkdir.

Əgər desək ki, Azərbaycan və İran xalqları bir bədəndə bir ruhdur, səhv etmərik. Bu insanların yaşayışının əsas mühüm hissələrindən biri mədəniyyətdirsə, deyə bilərik ki, bu iki ölkə, bu iki xalq birdir, həm məzhəbi, həm dini birdir, müştərək tarixə, keçmiş tarixə malikdirlər və bir-birinin mədəniyyətinə bələddirlər, bir-birini çox yaxşı başa düşürlər. Həm yaşayış tərzimizdə, həm davranışımızda olan bu müştərəklik əlaqələrimizin, iki millətin əlaqələrinin inkişaf etdirilməsinə imkan yaradır və bundan istifadə etməliyik. Heç şübhəsiz ki, ölkələrimizin və xalqlarımızın əlaqələrinin yaxınlaşması, bizim əlaqələrimizin yaxınlaşması heç bir üçüncü ölkənin əleyhinə deyil. Biz əlaqələrimizi inkişaf etdirməklə öz mənafeyimizə, öz sabitliyimizə, öz təhlükəsizliyimizə, daha sürətli inkişafımıza çalışırıq. Ölkələrin inkişafı bir-birinin iqtisadi inkişafına öz töhfəsini vermiş olar. 

Bu gün biz müfəssəl danışıqlar, müzakirələr apardıq. Həm geniş tərkibdə, həm də təkbətək görüşlərdə belə bir razılığa gəldik ki, əlaqələrimizi daha da inkişaf etdirək, bunu daha açıq, daha şəffaf şəkildə həyata keçirək.

Araz çayı gərək bizim birliyimizi daha da möhkəmləndirsin. Biz o Arazı qəbul edirik ki, iki dövləti, iki xalqı bir-birinə birləşdirir. Biz o Arazı qəbul edirik ki, bu, hər iki ölkənin inkişafının çiçəklənməsinə töhfə vermiş olur. Biz çalışmalıyıq ki, biznesmenlərimiz, iş adamlarımız bir-birinə daha yaxın olsunlar və bir-birinin imkanlarından, hər iki ölkənin imkanlarından istifadə edib faydalansınlar. Biz enerji, ticarət, sənaye sahələrində, həm bəndlərin, həm elektrik stansiyalarının tikilməsində və buraya yeni texnologiyaların gətirilməsində, elm və tədqiqat mərkəzlərində bir-birimizlə əlaqə yaratmalı və bir-birimizin inkişafına töhfəmizi verməliyik. Biz istəyirik ki, din, məzhəb və adət-ənənələrimizdən, - hansı ki, biz bu məsələlərdə birlik təşkil edirik, - daha da səmərəli istifadə edək. 

Azərbaycan Respublikası, o cümlədən İran elə bir coğrafi mövqedə yerləşir ki, onlar bir-biri üçün keçid-körpü ola bilər və biz Oman dənizindən, Hind okeanından tutmuş Asiyadan Avropaya qədər körpülərimizi birləşdirə bilərik. Biz Azərbaycan və Qafqaz vasitəsilə Avropa ilə birləşə bilərik. Azərbaycan da İran vasitəsilə cənub dənizləri ilə, okeanlarla birləşmiş olar. Biz gərək bu dəhlizdən çox yaxşı istifadə edək, bundan faydalanaq və bunu daha da genişləndirək və çalışaq ki, bir-birimizə kömək etməklə Qəzvin-Rəşt və Rəşt-Astara dəmir yolunun tikintisinə və birləşməsinə nail olaq. Biz bu dəhliz vasitəsilə Qara dənizə və Avropaya, Rusiyaya çıxaq, onların dəmir yolu sisteminə birləşək. Biz bu sahədə əməkdaşlıq etməliyik. 

Bizim ölkələrimiz gözəl Xəzər dənizinin sahilində yerləşir. Bu dənizdən istifadədə hər iki ölkə yaxşı addımlar atmışdır. Bu dəniz dostluq, inkişaf dənizidir. Bu dəniz hər iki millətin inkişafına öz töhfəsini verən dənizdir. O millətlər ki, uzun illər, əsrlər boyu bu dənizin sahilində yaşamışlar və bu dənizin Allahın verdiyi nemətlərindən istifadə etmişlər. Həm balıqçılıqda, həm ekologiya sahəsində, həm də dənizin mənbələrindən istifadədə əməkdaşlıq edə bilərik.

Turizm sahəsində də geniş əməkdaşlıq imkanlarımız var. Biz istəyirik ki, İran vətəndaşları Azərbaycana, Azərbaycan vətəndaşları isə İrana çox asanlıqla, rahatlıqla səfər etsinlər. Biz buna hər iki millətin, hər iki ölkənin mənafeyinə və təhlükəsizliyinə xidmət göstərən bir amil kimi yanaşırıq. Hər iki ölkənin potensialından istifadə etməliyik və bununla əlaqədar razılaşmalar əldə olunmalıdır. Sərhəd məsələlərində də əməkdaşlığı daha da genişləndirməliyik. Narkotiklərə, qaçaqmalçılığa qarşı mübarizədə əlaqələri möhkəmləndirməliyik.

Biz Qarabağın bugünkü vəziyyətini bəyənmirik. Biz istəyirik ki, bu bölgədə ədalət olsun. Biz istəyirik ki, bu bölgədə sülh, sabitlik, dostluq olsun. Biz bütün ölkələr arasında dostluğun, təhlükəsizliyin, sabitliyin, ədalətin bərqərar olması üçün əlimizdən gələni etməyə, öz tərəfimizdən lazımi addımı atmağa hazırıq. Biz bunu beynəlxalq təşkilatlar çərçivəsində, hər yerdə öz vəzifəmiz hesab edirik və buna hazırıq. Biz bilirik ki, Qarabağ məsələsi siyasi yolla həll olunmalıdır. Bu, müharibə yolu ilə həll olunası məsələ deyil. Ona görə də bu istiqamətdə bütün köməyimizi göstərməyi öz vəzifəmiz hesab edirik və bunu etməyə hazırıq.

Biz Yaxın Şərqdə, Afrikanın şimalında baş verən böhranla, hadisələrlə əlaqədar müzakirələr, fikir mübadiləsi apardıq. İndi çox böyük bir böhran ətəyimizdən yapışıb. Bu, separatizm, terrorizm, radikalizmdir. Biz istəyirik ki, bunlar bizim bölgədən kənarda olsun və bizim ölkələrdə sabitliyə, sülhə maneə yaratmasın. 

Biz iki prezident təkbətək görüşdə bir-birimizə bildirdik ki, heç bir kənar qüvvələrin bizim əlaqələrimizə ixtilaf salmasına və heç bir qruplaşmanın, heç bir partiyanın, heç bir ittifaqın əlaqələrimizin inkişafına xələl gətirməsinə imkan verməyək. Bizim yolumuz dostluq, qardaşlıq, birlikdir. Biz Azərbaycanı bütün beynəlxalq təşkilatlarda, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və digər təşkilatlarda həmişə müdafiə etmişik, dəstəkləmişik. Azərbaycan da uranın sülh məqsədləri üçün zənginləşdirilməsində, nüvə məsələsində İrana dəstək verib. Biz bununla əlaqədar təşəkkürümüzü bildiririk. İnkişaf etmiş və inkişaf etməkdə olan bütün ölkələrin haqqı çatır ki, bu sülhməramlı proqramdan istifadə etsinlər. Onların yeni texnologiyanın əldə edilməsində, yeni texnologiyaya nail olmaqda haqları var və bundan istifadə etməlidirlər. Biz inanırıq ki, bugünkü paslanmış silahlar, yəni, bu sanksiyalar öz rolunu oynamayacaq, öz təsirini göstərməyəcək. Bu, keçmişdə qalmış formalardır. 

İran ilə Azərbaycan dost ölkələrdir və dost ölkələr olaraq qalacaqlar. Bu ölkələrin, bu xalqların inkişafı üçün çalışmışıq və çalışacağıq. 


Böyük ölçüdə



Böyük ölçüdə