28 dekabr 2010, 12:05

Firuz Məmmədovdan, Taxtakörpü qəsəbəsi, Ağcabədi, Azərbaycan

Hörmətli Prezident!

Bu məktubu Sizə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində müvəqqəti məskunlaşan Laçın rayon sakinlərinin adından yazır, burada görülən işlərdən danışmaq istəyirəm. Taxtakörpüdə Laçın Rayon İcra Hakimiyyəti, rayon təşkilatları, o cümlədən polis şöbəsi, bank, mədəniyyət evi, məşğulluq idarəsi, sosial təminat şöbəsi üçün yeni binalar, məktəb və xəstəxanalar tikilmiş, yollar çəkilmiş, kanallar salınmışdır. Əvvəllər pərakəndə şəkildə yerləşən rayon idarələrinin bir yerə cəmlənməsi əhalinin işini xeyli asanlaşdırmışdır. İndi qəsəbədə Heydər Əliyev parkı göz oxşayır. Taxtakörpü abad və gözəl bir qəsəbəyə çevrilmişdir.

Görülən işlər üçün bütün laçınlılar adından Sizə təşəkkür edirik. Bu işlərin hamısının, həmçinin laçınlılar üçün belə güzəranın Sizin diqqət və qayğınız sayəsində başa gəldiyini yaxşı başa düşürük. Torpaqlarımızı sülh yolu ilə qaytarmağa çalışdığınızı bilirik. Ordumuzun da indiki gücünə bələdik. 

Hörmətli Prezident, bir daha Sizə Laçın ağsaqqalları adından minnətdarlığımızı çatdırıram. İnanırıq ki, tezliklə doğma torpaqlarımıza qayıdacaq və laçınlıların güzəranı bundan sonra daha da yaxşı olacaqdır.

Dərin hörmət və ehtiramla,

Məmmədov Firuz Cəbi oğlu

Taxtakörpü qəsəbəsində məskunlaşmış
Laçın rayonu Seylanlı kənd sakini, əmək veteranı.