Gerb

04 mart 2015, 18:15
W1siziisijiwmtuvmdyvmtuvmwpnb3jkbdb3z18zodk5ns5qcgcixsxbinailcj0ahvtyiisijy1nhgzmjcjil1d?sha=9d09c127a7bfe745

Sofiyada Prezident İlham Əliyevin və Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisovun mətbuat konfransı olub.

Baş nazir Boyko BORİSOV dedi:

- Hörmətli cənab Prezident, Sizi və nümayəndə heyətinizi Bolqarıstanda səmimiyyətlə salamlayıram. Bu, Sizin üçgünlük səfərinizin əhəmiyyətinin bariz nümunəsidir, bizim strateji tərəfdaşlığa olan münasibətimizdir.

Biz cənab Prezidentlə bir sıra məsələləri müzakirə etdik. Ancaq indi sözü cənab Prezident Əliyevə vermək istərdim ki, ilk olaraq o, öz çıxışını etsin. Təşəkkür edirəm.

Prezident İlham Əliyevin bəyanatı

- Çox sağ olun hörmətli cənab Baş nazir.

İlk növbədə məni Bolqarıstana dəvət etdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Yenidən Sizin gözəl ölkənizdə olmağımdan çox məmnunam.

Bu gün biz Sizinlə Bolqarıstan-Azərbaycan əlaqələrinin müxtəlif aspektlərini çox səmimi şəkildə müzakirə etdik və bir daha gördük ki, əlaqələrimiz ən yüksək səviyyədədir. Bizim əlaqələrimiz strateji tərəfdaşlıq əlaqələridir. Bu əlaqələrin çox gözəl perspektivləri vardır. İlk növbədə, siyasi əlaqələr yüksək səviyyədədir. Biz Sizinlə mütəmadi qaydada görüşürük.

Siyasi əlaqələrin güclü olması, əlbəttə ki, bütün başqa sahələrə də müsbət təsir göstərir. Biz, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik. Bu gün, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələri də görüşümüz zamanı müzakirə edilmişdir və Bolqarıstan bu əlaqələrin inkişafında çox mühüm rol oynayır.

Təbii ki, əsas danışıqlar mövzusu ikitərəfli əlaqələr olmuşdur və bu sahədə biz çox müsbət nəticələri görürük. İqtisadi sahədə çox gözəl imkanlar var. Bilirəm ki, həm Bolqarıstan, həm Azərbaycan şirkətləri birgə fəaliyyət aparmaq üçün böyük səylər göstərirlər. İnvestisiya imkanları araşdırılır. Azərbaycan şirkətləri çox böyük həvəslə Bolqarıstana investisiya qoymağa hazırlaşırlar. Eyni zamanda, Bolqarıstan şirkətlərini də investorlar kimi Azərbaycanda görmək istəyərdik.

Bolqarıstan şirkətləri, eyni zamanda, Azərbaycanda infrastruktur layihələrinin icrasında iştirak edə bilərlər.

Nəqliyyat sahəsində gözəl imkanlar var. Bu barədə də fikir mübadiləsi aparıldı. Azərbaycan bölgədə nəqliyyat dəhlizlərinin yaradılması işində fəal rol oynayır. Həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycandan keçir. Bu il Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi nəticəsində Azərbaycan Avropanı Asiya ilə birləşdirən ölkəyə çevriləcəkdir. Təbii ki, nəqliyyat infrastrukturunun yaradılması, birgə addımlar bizim iqtisadi maraqlarımıza xidmət göstərəcək və ölkələrimizi bir-birinə daha da sıx bağlayacaqdır.

Təbii ki, bu gün danışıqların əsas mövzusu energetika məsələləri, “Cənub” qaz dəhlizinin icrası məsələsi idi. Azərbaycan bu istiqamətdə ardıcıl siyasət aparır. Uzun illər Azərbaycan tərəfindən təşəbbüs olaraq irəli sürülmüş layihələr bu gün “Cənub” qaz dəhlizinin reallaşmasına xidmət göstərmişdir. İyirmi ildir ki, Azərbaycan öz enerji resurslarının dünya bazarlarına müxtəlif yollarla çıxarılması ilə məşğuldur və geniş şaxələndirilmiş nəqliyyat infrastrukturuna malikdir.

“Cənub” qaz dəhlizi isə, sadəcə olaraq, Avropada bu gün reallaşan ən böyük infrastruktur layihəsidir. Bu layihə bir neçə komponentdən ibarətdir. İlk növbədə, “Şahdəniz” qaz yatağının işlənilməsi, Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz kəmərinin genişləndirilməsi, Trans-Anadolu – TANAP layihəsinin icra edilməsi və Trans-Adriatik - TAP layihəsinin tikintisi “Cənub” qaz dəhlizini formalaşdıran seqmentlərdir. Bütün istiqamətlər üzrə ardıcıl iş aparılır. Keçən ilin sentyabr ayında Bakıda “Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur. Bu ilin fevralında isə Bolqarıstanın energetika nazirinin iştirakı ilə Bakıda “Cənub” qaz dəhlizi ölkələrini təmsil edən nazirlərin birgə Məşvərət Şurası keçirilmişdir.

Azərbaycanın qaz ehtiyatları həm Azərbaycan xalqının rifahına, eyni zamanda, Avropa istehlakçılarının enerji təhlükəsizliyinə xidmət göstərir. Bu gün Avropa İttifaqı sənədlərində Azərbaycan çox etibarlı və strateji tərəfdaş kimi qiymətləndirilir. Azərbaycan qazı Avropaya yaxın zamanlarda nəql edilə biləcək yeganə yeni qaz mənbəyidir.

Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyonkubmetrdir. Geniş şaxələndirilmiş infrastruktur imkan verir ki, biz qaz ixracımızı istənilən istiqamət üzrə artıraq. Bizim üçün Avropa bazarı prioritet bazardır. Azərbaycanın bu istiqamətdə təşəbbüs olaraq irəli sürdüyü layihələr Avropa qurumları tərəfindən də dəstəklənir. Əslində, keçən ay Bakıda keçirilən birinci Məşvərət Şurası işlərin əlaqələndirilməsi üçün çox önəmli addım olmuşdur.

Biz ümid edirik ki, Bolqarıstan-Azərbaycan əlaqələri, eyni zamanda, “Cənub” qaz dəhlizinin digər üzvləri ilə bərabər apardığımız işlər bu layihənin vaxtında icra edilməsinə gətirib çıxaracaq və bir neçə ildən sonra böyük həcmdə Azərbaycan qazı Avropaya nəql ediləcəkdir.

Bununla bərabər, qeyd etmək istəyirəm və çox şadam ki, Bolqarıstan bu layihənin iştirakçısıdır, hazırda Azərbaycan qazını alan bir ölkədir. Amma ümid edirəm ki, gələcəkdə Azərbaycan qazını digər ölkələrə nəql edən tranzit ölkə kimi Bolqarıstan öz xidmətlərini göstərəcək və öz rolunu oynayacaq. Beləliklə, əslində, bu gün ölkələrimiz arasında uzunmüddətli strateji tərəfdaşlıq dövrü başlayır. Bu, məni çox sevindirir. Bolqarıstan bizim üçün əziz dostdur, çox yaxın ölkədir, bolqar xalqına bizim çox böyük rəğbətimiz var. Fürsətdən istifadə edərək, dünən qeyd olunan milli bayram münasibətilə Sizi, bütün Bolqarıstan xalqını ürəkdən təbrik etmək istəyirəm. Bolqarıstana yeni uğurlar arzulayıram. Sağ olun.

Baş nazir Boyko Borisovun bəyanatı

- Sizə təşəkkür edirəm, cənab Prezident.

İcazənizlə, bizim media mənsubları üçün əlavə məlumat vermək istərdim ki, bu görüşlərdə Veliko Tırnovo şəhərinin meri də iştirak edir. Bizim bu şəhərdə gələcək layihələrimiz var. Bu şəhər Azərbaycana növbəti maraqlı layihələrini təklif edir.

Bu, çox gözəl bir şəhərdir və ümid edirəm ki, turistlərin də marağına səbəb olacaq.

Ümidvaram, bu məsələyə də diqqət yetirildi ki, biz “Nabucco” layihəsinin də yenidən bərpa edilməsinə önəm veririk. Bu layihədə Bolqarıstan çox sadiq tərəfdaş olmuşdur və biz digər ölkələrdən fərqli olaraq üzərimizə düşən 3-cü enerji paketi çərçivəsində bütün öhdəliklərimizi yerinə yetirmişik.

Cənab Prezident İlham Əliyev və SOCAR-ın nümayəndəliyi ilə bərabər biz yenidən həmin təkliflər paketini Avropa İttifaqı məmurlarının diqqətinə çatdıracağıq ki, bu məsələdə Bolqarıstana hər hansı bir maneə törətməsinlər. Biz heç də yalnız Avropa Komissiyasının maraqlarını müdafiə etməklə məşğul olmamalıyıq. Uzun illərdir biz bu layihələrin inkişafına böyük sərmayələr qoymuşuq, böyük səylər göstərmişik. O da bir faktdır ki, həmin layihənin səhmləri Azərbaycan tərəfindən də əldə edilə bilər. Bu da bizim üçün, Bolqarıstan üçün əlavə mənfəət deməkdir.

Bolqarıstanın bütün siyasi partiyalarının nümayəndələri Azərbaycanda səfərdə olublar, Azərbaycanı sevirlər, bu ölkəyə böyük rəğbət bəsləyirlər. Ona görə də zənnimcə, Bolqarıstanda hansı partiyanın iqtidarda olmasından asılı olmayaraq bu layihələr üzrə bütün işlər uğurla gedəcək. Bu, bizim əlavə imkanlarımızdır, bizim qaz və nəqliyyat sisteminin inkişafı deməkdir. Bu, bizim nəqliyyat və boru kəmərləri sisteminin şaxələndirilməsi deməkdir. Bu, Avropaya da yeni mənbələrin əldə edilməsinə şərait yaradır. Əminəm ki, burada heç bir maneə olmayacaq və Avropa Komissiyası bu məsələdə bizi tam dəstəkləyəcək.

Cənab Prezident Əliyev, Sizi əmin edə bilərəm ki, bu məsələdə Siz Bolqarıstanın tam dəstəyinə arxalana bilərsiniz. Bizim hökumətimiz bu danışıqlarda birmənalı olaraq bu əməkdaşlığın tərəfdarı kimi çıxış edəcək və bu məsələnin, yəni, “Cənub” qaz dəhlizinin ən qısa zamanda inkişaf etdirilməsinə və reallaşdırılmasına çalışacaq.

Azərbaycan bu gün artıq Yunanıstanın qaz şəbəkəsinə yüz milyonlarla avro sərmayə yatırmışdır. Bu da gələcək üçün geniş imkanlar açır. Bu layihə heç bir dövlətə qarşı yönəlməyib. Bu layihə milli maraqlarımızın müdafiəsinə xidmət edir ki, bizim qaz nəqliyyat sistemimiz tam doldurulmuş olsun. Biz bilirik ki, Azərbaycan dəmir yolu nəqliyyatı şəbəkəsinin inkişaf etdirilməsinə böyük sərmayələr yatırır. Bu layihə Mərmərə tuneli vasitəsilə birləşəndən sonra Asiyadan Avropaya uzanan ən qısa bir marşrut olacaq. Bu, çox böyük yük həcmlərinin daşınması deməkdir. Bu da iqtisadiyyatın və ticarət əlaqələrinin genişləndirilməsinə növbəti bir stimul olacaq və bu məsələyə də bizim tam dəstəyimiz var.

Digər sahələrdə – idman, mədəniyyət və kənd təsərrüfatı sahələrində sərmayə üçün böyük imkanlar və potensial var.

Bundan əlavə, biz əczaçılıq məhsullarının təchizatı məsələsini də müzakirə etdik. Bizim səhiyyə nazirimiz artıq bu gün böyük əczaçılıq şirkətlərinin nümayəndələri ilə görüşərək Azərbaycanda istehsal sahələrinin yaradılması məsələlərini nəzərdən keçirəcək. Bizim tikinti şirkətlərimiz də Azərbaycanda bir sıra layihələrdə iştirak edə bilərlər. Beləliklə, çox geniş imkanlar vardır ki, biz dost Azərbaycan ilə bir sıra sahələri inkişaf etdirək.

                                                                                          X X X

Sonra Prezident İlham Əliyev və Baş nazir Boyko Borisov jurnalistlərin suallarını cavablandırdılar.

Sual (“24 saat” qəzetinin müxbiri): Strateji tərəfdaşlıq və “Nabucco” layihəsinin inkişafı ilə bağlı sual vermək istərdim. Necə düşünürsünüz, bu layihə nə zaman reallaşdırıla bilər? Bu layihə “Cənub” qaz dəhlizinə alternativ layihədirmi?

Baş nazir Boyko BORİSOV: “Nabucco WEST” “Cənub” qaz dəhlizinin bir tərkib hissəsidir. Bu, Avropa Komissiyasının ilk prioriteti olmuşdur. Trans–Adriatik boru kəməri barədə isə demək istərdim: bu, Bolqarıstan üçün çox nadir bir şans olardı ki, bizim böyük şirkətimiz bu böyük layihənin tərkib hissəsi olsun. Bu məsələ Brüsseldə müzakirə mövzusu kimi qaldırılmalıdır.

Sual: Cənab Prezident Əliyev, Siz belə qənaətdəsinizmi ki, bu gün Bolqarıstan ilə Azərbaycan arasında əməkdaşlığın yeni səhifəsi açılır və tərəflər hansı mənfəət əldə edəcəklər, burada hansısa bir mənfi məqam varmı? Azərbaycan qazının Bolqarıstan istiqamətində nəql edilməsi Avropa İttifaqına üzvlüyün bir hissəsi hesab oluna bilərmi, yoxsa bu, digər bir sahəyə aid məsələdir?

Prezident İlham ƏLİYEV: Bu gün əslində əlaqələrimizin yeni dövrü başlayır. Bu barədə mən öz fikirlərimi bildirdim. Əslində bizim əlaqələrimizin strateji mahiyyəti artıq bir neçə ildir ki, özünü göstərir. Sadəcə olaraq, bu gün biz bu əlaqələri formalaşdırdıq. Əlbəttə ki, bu, görülən işlərin təzahürüdür, eyni zamanda, hər iki tərəfə yeni imkanlar verir və hər iki tərəfin məsuliyyətini artırır. Strateji tərəfdaşlıq, hesab edirəm ki, ölkələr arasındakı əlaqələrdə ən yüksək bir formatdır. Bu gün bu format onu göstərir ki, bizim əlaqələrimiz doğrudan da strateji əhəmiyyət daşıyır. Burada siyasi əlaqələr mühüm yer tutur. Eyni zamanda, bu gün Prezident Plevneliyev ilə imzaladığım strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkələrin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı çərçivəsində həll edilməsi də öz əksini tapıbdır.

Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafında Bolqarıstanın çox böyük rolu vardır. Eyni zamanda, NATO-Azərbaycan əlaqələrinin inkişafında da Bolqarıstan mühüm yer tutur.

Enerji sahəsindəki əməkdaşlıq bu gün Avropa İttifaqı-Azərbaycan əlaqələrinin tərkib hissəsidir və mən çox şadam ki, Azərbaycanın bütün layihələri Avropa İttifaqı tərəfindən dəstəklənir. 2011-ci ildə Avropa Komissiyasının prezidenti ilə Bakıda imzaladığım enerji sahəsində strateji tərəfdaşlıq haqqında Bəyanat artıq özünü göstərməkdədir. Bundan sonra enerji sahəsindəki əməkdaşlıq, əlbəttə ki, bizim əlaqələrimizin əsas hissəsi olacaq. Amma mən çox istərdim ki, digər sahələrdə də biz buna oxşar nailiyyətləri görək – investisiyalar, ticarətin artması və digər layihələr ki, bu barədə artıq cənab Baş nazir də öz fikirlərini bildirdi.

Mən hesab edirəm ki, bu gün Avropa İttifaqı-Azərbaycan əlaqələrinin perspektivləri müəyyən edilir. Biz istərdik ki, bu əlaqələr strateji tərəfdaşlıq əlaqələri səviyyəsinə yüksəlsin. Qeyd etməliyəm ki, Azərbaycanın Avropa İttifaqına üzv ölkələrin yeddisi ilə artıq strateji tərəfdaşlıq haqqında birgə bəyannaməsi vardır. Buna görə belə hesab edirəm ki, gələcəkdə Avropa İttifaqı-Azərbaycan arasında imzalanacaq istənilən sənədin gözəl əsası ola bilər.

Baş nazir Boyko BORİSOV: Cənab Prezident, Sizin fikirləriniz cənab Yunkerin bəyanatı ilə üst-üstə düşür. Biz Avropa İttifaqının müxtəlif səviyyələrdə əməkdaşlığı genişləndirməsini alqışlayırıq. Azərbaycanın Avropa İttifaqı ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksələn əməkdaşlığını biz birmənalı şəkildə dəstəkləyirik.

Sual: İkitərəfli məsələlərin müzakirəsinə gəldikdə, Siz qeyd etdiniz ki, biz “Nabucco”nu bərpa etmək istərdik, amma “Şahdəniz-2” layihəsi çərçivəsində, TAP dəhlizi boyu. Bu, artıq TAP layihəsindən kənara çıxmaq demək deyilmi?

Baş nazir Boyko BORİSOV: Cənab Prezident dediyi kimi, hər iki qaz kəmərinin doldurulması, təmin edilməsi məsələsi ortaya çıxır. Yəni, burada artıq söhbət iki kəmərin doldurulmasından gedir.Bir neçə il bundan öncə “Cənub axını” layihəsi Avropa İttifaqı üçün prioritet layihə idi. Burada heç Ukraynanı təcrid etməkdən söhbət getmirdi. “Nabucco” da eyni dərəcədə prioritet bir layihə hesab edilirdi. Amma artıq görünür ki, vəziyyət dəyişir. Bolqarıstan üçüncü enerji paketinin tələblərinə birmənalı olaraq sadiq qalır. Mən heç də başa düşə bilmirəm ki, nədən bu layihə reallaşa bilməz. Çünki Azərbaycan kifayət qədər qaz ehtiyatlarına malikdir. Bizim də qaz qəbul etmək imkanlarımız genişdir. Zaman olduqca dinamik şəkildə inkişaf edir və gördüyünüz kimi, artıq bir çox sahədə də ikitərəfli layihələr yaradır. Bir həftə bundan öncə cənab Prezident Əliyevlə də müzakirə apardıq. Bu sahədə ilk görüşümüz də dünən olubdur.

Prezident İlham ƏLİYEV: Azərbaycanın çox zəngin qaz ehtiyatları vardır və əlbəttə ki, “Cənub” qaz dəhlizinin əsas resurs bazası “Şahdəniz” qaz yatağıdır. “Şahdəniz” qaz yatağının resursları 1 trilyon kubmetrdən çoxdur. Ancaq Azərbaycanın ümumi qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. “Cənub” qaz dəhlizi əslində bir neçə layihəni özündə ehtiva edir. Bu barədə mən öz fikirlərimi bildirdim. TAP layihəsi “Cənub” qaz dəhlizinin ayrılmaz hissəsidir. TAP marşrutu əsas ixrac marşrutu kimi seçiləndə bəzilərinə elə gəldi ki, “Nabucco” layihəsi artıq tarixdə qaldı. Ancaq reallıqda biz nəyi gördük? Biz gördük ki, “Nabucco”nun üzvü olan Bolqarıstan artıq “Cənub” qaz dəhlizinin üzvüdür. Yəni, TAP layihəsinə biz “Cənub” qaz dəhlizinin tərkib hissəsi kimi baxmalıyıq. Əgər biz “Cənub” qaz dəhlizinin marşrutunu götürsək, yəni, bu bir xətdir.

Bakıdan başlayıb İtaliyada başa çatan xətt. Amma bu xəttin bir neçə qolları ola bilər və artıq bir qol yaradılmaqdadır.

Bolqarıstan-Yunanıstan qaz birləşməsi bu qolun bir hissəsidir. Eyni zamanda, artıq Azərbaycan ilə Balkan ölkələri arasında bu sahədə aparılacaq əməkdaşlığa dair memorandumlar imzalanmışdır. Xorvatiya, Monteneqro, Bosniya və Herseqovina ilə artıq memorandumlar imzalanmışdır. İonik-Adriatik qaz kəmərinin tikintisi indi danışıqlar mövzusudur.

Eyni zamanda, Bolqarıstan ərazisindən qonşu ölkələrə - Rumıniyaya, Macarıstana xəttin çəkilişi də artıq reallaşır. Biz bu gün bu barədə fikir mübadiləsi apardıq. Ona görə, siz haqlısınız, “Şahdəniz” qazının istehlakçıları bəllidir. Ancaq yaxın zamanlarda Xəzərin Azərbaycan sektorunda “Abşeron” yatağı istifadəyə veriləcək. “Ümid” yatağında çox böyük qaz ehtiyatları vardır. Ümid edirəm ki, bu iki yataqdan yaxın 5-6 ildə ən azı əlavə 5-6 milyard kubmetr qaz hasil ediləcəkdir.

Eyni zamanda, “Şahdəniz” yatağının ikinci mərhələsi 16 milyard kubmetrdən daha çox qaz hasil edə bilər. Yəni, bütün bunları nəzərə alaraq, bu gün biz TAP layihəsini “Nabucco” layihəsi ilə bir növ birləşdirmək əzmindəyik. Söhbət ondan getmir ki, bu layihələrə hansı ad verəsən. Əsas məsələ və bizim istəyimiz ondan ibarətdir ki, Azərbaycan öz qazını maksimum həcmdə Avropa məkanına nəql etsin və nə qədər mümkündürsə, o qədər də çox Avropa ölkələri bu qaza çata bilsinlər.

Sual (Yunis Orucov, Azərbaycan Televiziyası): Mənim sualım cənab Baş nazirədir. Siz regional baxımdan, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan-Bolqarıstan əməkdaşlığını necə qiymətləndirirsiniz? Sağ olun.

Baş nazir Boyko BORİSOV: Bolqarıstan hazırda olduqca mürəkkəb bir regionda yerləşir. Bildiyiniz kimi, 10 və ya 20 il bundan öncə bizim qonşumuz olan Yuqoslaviya qanlı vətəndaş müharibəsi nəticəsində müxtəlif yerlərə parçalandı. Bizim digər bir sərhədimizdə - Qara dənizin o biri sahilində - Ukraynada müharibə tüğyan edir. Çox mürəkkəb bir vəziyyət yaranıb. Bundan əlavə, Bolqarıstanın da Rusiyaya qarşı yönəlmiş sanksiyalara qoşulmasının bizim iqtisadiyyatımıza çox böyük mənfi təsiri var, xüsusilə də turizm sahəsi baxımından. Bildiyiniz kimi, bizim qonşu Yunanıstan da böyük problemlərlə üzləşir. Yunan qonşularımıza bu problemlərin öhdəsindən gəlməkdə böyük uğurlar arzulayırıq. Lakin istənilən halda bu problemlər mövcuddur. Bununla yanaşı, biz siyasi-iqtisadi, maliyyə şaxələndirilməsi baxımından da bu sahələrə böyük önəm veririk. Çünki bu sahələr bütün dövlətlər üçün böyük önəm daşıyır. Bolqarıstan həm NATO, həm Avropa təsisatları çərçivəsində etibarlı tərəfdaşdır.

Azərbaycan nəyə görə bizim strateji tərəfdaşımızdır? Bu ölkə neft və qaz sərvətlərinə malikdir. İnvestisiya qoymaq iqtidarında olan bir dövlətdir. Eyni zamanda, bizim coğrafi baxımdan da bənzər ölçülərimiz var. Qədim ənənələrimiz var.

Xalqlarımız arasında sıx dostluq münasibətləri var. Xalqlarımız biri-birini çox yaxşı tanıyır. Siz bizim vasitəmizlə Avropa İttifaqı ilə təmaslar baxımından əlavə imkan əldə edirsiniz. Biz isə sizin sərvətlərdən bəhrələnmək imkanını əldə edirik.

Biz bu məsələlərin bir sıra elementlərini - infrastruktur layihələrini, kənd təsərrüfatı sahəsinin inkişafını müzakirə etdik.

Qaz nəqliyyatı sahəsində infrastrukturu inkişaf etdirmək əzmindəyik. Əlavə qaz həcmi olduğu təqdirdə, qaz təminatı şəbəkəsinin inkişaf etdirilməsi, kompressor stansiyalarının inşası və digər sahələrdə də layihələri genişləndirə bilərik. Bu gün elə bir vəziyyətdir ki, biz bir-birimizə yaxından yardım göstərə bilərik.

Sual: Cənab Prezident, cənab Baş nazir, “Nabucco”nun bərpa edilməsinə dəstək baxımından sizin Avropa Komissiyası çərçivəsində arqumentləriniz hansılardır? Cənab Baş nazir Boyko Borisova sualım bundan ibarətdir ki, Bolqarıstan “Cənub axını” layihəsindən birmənalı olaraq imtina edirmi?

Baş nazir Boyko BORİSOV: Xeyr, bu, o demək deyil ki, biz “Cənub axını” layihəsi üzərindən xətt çəkirik. Artıq bu uğurlar anbarlara yığılmış vəziyyətdədir. Müvafiq icazələr alınıbdır. Burada heç bir rəsmi məlumat verilməyib ki, işlər dayandırılıb.

Burada işləri davam etdirmək əzmi nümayiş etdirilsə, biz bu layihəni davam etdirə bilərik. “Nabucco west” heç vaxt “Cənub axını”nın alternativi olmayıb və ya “Cənub axını” layihəsi hər hansı bir digər layihənin alternativi deyil. Bolqarıstan tranzit imkanlarını genişləndirə bilər. Bizim arqumentlərimiz bundan ibarətdir ki, indiki vəziyyətdə Azərbaycan qazını qəbul etməyə bizim real imkanlarımız var. Maye-qaz terminalları vasitəsilə Yunanıstandan da əlavə həcmlər ala bilərik.

Bununla da həm daxili bazarımızı, həm də digər qonşu ölkələrin bazarını qazla təmin edə bilərik.

Zənnimcə, bu, çox güclü arqumentdir. Bizim naziri Azərbaycanda cənab Prezident qəbul etdi. Ona görə də bizim marağımız ortadadır və biz “Cənub” qaz dəhlizinin inkişaf etdirilməsi və burada bağlayıcı kəmərlərin inkişafı baxımından da marağımızı bildirmişik. Biz çox layiqli tərəfdaş ola bilərik. Azərbaycanın birinci xanımının təşəbbüsü ilə müvafiq vəsait ayrılmışdır ki, Müqəddəs Sofiya kilsəsində müəyyən bərpa işləri aparılsın. Ona görə də istərdim cənab Prezident görülən işlərin nəticəsi ilə tanış olsun. Sağ olun.

Sonra Bolqarıstanın Baş naziri Boyko Borisovun adından nahar verildi.


Böyük ölçüdə