“Azərbaycan və Şərqi Anadolunun türk-müsəlman əhalisinin soyqırımı” mövzusunda keçirilən II beynəlxalq elmi konfransın iştirakçılarına

09 aprel 2015, 18:30

Hörmətli konfrans iştirakçıları!

Sizi səmimi qəlbdən salamlayır və mötəbər elmi toplantınızın işə başlaması münasibətilə təbrik edirəm.

İnsanlığa qarşı törədilən cinayətlərin ən ağırı sayılan soyqırımı probleminin dərindən və hərtərəfli öyrənilməsi mühüm əhəmiyyətə malikdir. Hər bir humanitar faciənin elmi cəhətdən araşdırılması və tarixi faktların dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılması həmin hadisəyə obyektiv siyasi-hüquqi qiymətin verilməsinə, günahkarların layiqli cəzasına çatmasına və gələcəkdə belə halların qarşısının alınmasına həlledici təsir göstərə bilər.

Azərbaycan xalqı da son yüz ildə dəfələrlə amansız təcavüzün qurbanı olmuş, qırğınlara, deportasiya və etnik təmizləmələrə məruz qalmışdır. Konfransın keçirildiyi Quba şəhərində 8 il əvvəl aşkar edilmiş kütləvi insan məzarlığı erməni millətçilərinin XX əsrin əvvəllərində Azərbaycan və Şərqi Anadolunun türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi sistemli və məqsədyönlü qətllərin yalnız bir fraqmentidir. Sovet hakimiyyəti dövründə bu cinayətlərin ört-basdır olunması, tarixçilərin öz elmi-tədqiqat işlərini məhdud ideoloji çərçivələr və yanlış metodologiya əsasında aparmağa məcbur edilməsi erməni ekspansionist şovinizminin daha da güclənməsinə rəvac vermiş, 23 il əvvəl dünya ictimaiyyətinin gözü qarşısında Xocalı soyqırımı kimi ağır faciənin baş verməsinə zəmin yaratmışdır. Etnik mənsubiyyətə görə törədilmiş bu kütləvi qırğına beynəlxalq birliyin vaxtında adekvat münasibət bildirməməsi sonralar planetin başqa yerlərində, o cümlədən Avropanın mərkəzində soyqırımı cinayətlərinin təkrarlanmasına yol açmışdır. 

Qloballaşma proseslərinin geniş vüsət aldığı müasir dövrdə xalqlar arasında əlaqələrin güclənməsi universal bəşəri dəyərlərə hörmətlə yanaşmağı tələb edir. Belə şəraitdə, Azərbaycanda olduğu kimi, humanitar əməkdaşlığın, sivilizasiyalararası dialoqun və multikulturalizm ənənələrinin təşviq edilməsi, milli və dini tolerantlıq mühitinin möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlərin görülməsi zəruridir. Ona görə də dünyanın mütərəqqi qüvvələri, ictimai, siyasi, elm və mədəniyyət xadimləri soyqırımı cinayətlərinə yol açan etnik, irqi və dini dözümsüzlüyə, düşmənçilik yaradan bütün hallara qarşı qətiyyətlə mübarizə aparmalıdırlar. Bu sahədə atılmalı olan ən mühüm addımlardan biri də tarixi yaddaşın təzələnməsi, uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlərin açılması, təhrif edilmiş tarixi hadisələrə obyektiv elmi qiymətin verilməsi ola bilər.

Şübhə yoxdur ki, dünyanın müxtəlif ölkələrindən tədqiqatçıların qatıldığı bu beynəlxalq elmi konfrans maraqlı məruzə və çıxışlarla, problemin ayrı-ayrı aspektlərinə dair qiymətli faktların təqdimatı ilə yadda qalacaqdır. Əminəm ki, gələcək araşdırmalarınız da türk-müsəlman xalqlarının şanlı keçmişinin faciəli məqamlarına işıq salmağa və tarixidən ibrət dərsi götürməyə xidmət edəcəkdir. Bu nəcib fəaliyyətinizdə Sizə uğurlar arzulayıram. 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 aprel 2015-ci il.