Bakı şəhərində keçirilən I Avropa Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

09 iyun 2015, 09:00

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının idmançılarını və onların məşqçilərini Bakı şəhərində keçirilən I Avropa Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədi ilə qərara alıram:

1. Bakı şəhərində keçirilən I Avropa Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:

1.1. birinci yeri tutan hər bir idmançıya 100 min manat, onun şəxsi məşqçisinə 50 min manat;
1.2. ikinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat;
1.3. üçüncü yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat;
1.4. milli yığma komandaların baş məşqçilərinə ən yüksək nəticə göstərmiş bir idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə);
1.5. komanda idman növlərində komanda üzvlərinə (əsas heyət) və məşqçilərə (baş məşqçi və köməkçi):
1.5.1. birinci yeri tutan hər bir komanda üzvünə 30 min manat, komandanın məşqçilərinin hər birinə 15 min manat;
1.5.2. ikinci yeri tutan hər bir komanda üzvünə 20 min manat, komandanın məşqçilərinin hər birinə 10 min manat;
1.5.3. üçüncü yeri tutan hər bir komanda üzvünə 10 min manat, komandanın məşqçilərinin hər birinə 5 min manat.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 iyun 2015-ci il.