Gerb

15 fevral 2011, 13:30
W1siziisijiwmtuvmdyvmtuvnze1a25zmdn1af80mdcylmpwzyjdlfsiccisinrodw1iiiwinju0edmynymixv0?sha=fb4e7040f860cbd3

Prezident İlham Əliyev “Mir” Dövlətlərarası Teleradio Şirkətinə müsahibə vermişdir.

- Hörmətli cənab Prezident, keçən ilin axırlarında, noyabrın 29-da Milli Məclisin – yeni, dördüncü çağırış parlamentin birinci iclası olmuşdur. Dövlət başçısı kimi Siz yeni deputatların qarşısında hansı əsas vəzifələri qoymusunuz?

- Ölkəmizin qarşısında duran başlıca vəzifə iqtisadiyyatın bundan sonra da sürətlə inkişaf etdirilməsi, siyasi islahatların keçirilməsi, ölkənin modernləşdirilməsidir. Son illərdə bu istiqamətdə çox iş görülmüşdür, o cümlədən parlamentin fəaliyyəti də kömək etmişdir ki, biz məsələləri çox operativ şəkildə həll etməyə, zəruri qanunvericilik bazası yaratmağa nail olmuşuq. Beləliklə, Azərbaycanda parlamentin rolu güclənmişdir. Ən başlıcası isə, qəbul edilmiş qərarlar və qanunlar bizim nəzərdə tutduğumuz strategiya məcrasında olmuşdur: iqtisadiyyatın şaxələndirilməsi, siyasi islahatlar, modernləşmə, enerji sektorundan asılılığın azaldılması, təhsil, güclü sosial siyasət. Ona görə də parlamentin yeni tərkibinin qarşısında prinsip etibarilə ənənəvi məsələlər durur, sadəcə olaraq, inkişafın yeni mərhələsi, təbii ki, əlavə tədbirlərin də görülməsini tələb edir. Yəni mən əminəm ki, yaxın beş ildə parlament yenə uğurla işləyəcək və bu fəaliyyətin nəticəsində ölkəmiz daha da möhkəmlənəcəkdir.

- Siz parlamentin yeni tərkibi qarşısında çıxış edərkən demisiniz ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, real təhlükədir. Sizin fikrinizcə, hər halda münaqişənin dinc yolla həlli şansı nə dərəcədə böyükdür?

- Azərbaycan sülh prosesinin tərəfdarıdır və mənim sözlərimə başlıca sübut odur ki, təqribən 20 il müddətində biz danışıqlar prosesindəyik. 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradılmış, 1994-cü ildə atəşkəs haqqında qərar qəbul olunmuşdur və o vaxtdan danışıqlar aparılır, ancaq təəssüf ki, heç bir nəticəsi yoxdur. Buna görə də biz ilk növbədə sülh danışıqlarının tənzimləməyə gətirib çıxaracağına ümid bəsləyir və danışıqlar prosesində fəal iştirak edirik. Təbii ki, tənzimləmə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmalıdır, çünki bunun başqa əsası, sadəcə, ola bilməz. Qarşıdurma vəziyyətində olan tərəflərin gözləntiləri, ümidləri, arzuları müxtəlif ola bilər, lakin hər şey hüquqi formata uyğun olmalıdır. İndiki halda Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyü bütün dünya, bütün ölkələr tərəfindən tanınmışdır. Biz BMT-yə üzv qəbul ediləndə sərhədlərimiz məhz mövcud çərçivədə tanınmışdır. Dağlıq Qarabağ praktik olaraq bizim ölkənin ortasında yerləşir və təbii ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi də bu tezisi təsdiq edir. Eləcə də digər beynəlxalq təşkilatların qətnamə və qərarları. Ona görə də erməni tərəfi məsələyə konstruktiv yanaşarsa və Dağlıq Qarabağın müstəqilliyinin mümkünsüzlüyü barədə tezisi tamamilə başa düşər və qəbul edərsə, biz irəliləyişə nail olacağıq. Lakin əgər bizim qarşımıza məqbul olmayan şərtlər qoyularsa, sesessiya haqqında, separatizm haqqında, Dağlıq Qarabağın müstəqilliyinin hüquqi cəhətdən rəsmiləşdirilməsinə Azərbaycanın razılaşması haqqında məsələlər qoyularsa, onda, təbii ki, danışıqların perspektivləri olmayacaqdır.

Danışıqlar prosesinin indiki raundu və ya indiki mərhələsi Madrid prinsipləri deyilən prinsiplər, onların yeniləşmiş variantı əsasında aparılır. Bu varianta görə, hazırda Dağlıq Qarabağda yaşayan və oraya qayıdacaq insanların özünüidarə hüquqları təmin edilir, Azərbaycanın işğal altındakı bütün ərazilərinin azad olunması, azərbaycanlı məcburi köçkünlərin bu ərazilərə, o cümlədən Dağlıq Qarabağa qayıtması, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin qaydaya salınması, eləcə də təhlükəsizliyə zəmanət təmin edilir. İndi danışıqlar masası üzərindəki format bundan ibarətdir. Əlbəttə, burada müəyyən məqamlar vardır, lakin qlobal mənada söhbət bu prinsiplərdən gedir. Əgər bunlar təmin edilərsə, əlbəttə, lap yaxın vaxtlarda biz irəliləyiş barədə danışa bilərik. Əks halda, regionda vəziyyətin sonrakı inkişafı müxtəlif ssenarilər üzrə gedə bilər.

- Siz münaqişənin sülh yolu ilə həllində vasitəçilərin rolunu necə qiymətləndirirsiniz?


- Bilirsinizmi, bizim bu məsələyə münasibətimiz birmənalı deyildir. Bir tərəfdən, son yeddi ildə bu prosesdə iştirak edən bir insan kimi mən vasitəçi ölkələrin yaranmış gərgin vəziyyətdən çıxış yolu tapmaq arzusunda olduqlarını görürəm və biz bunu alqışlayırıq. Digər tərəfdən, son 19 ildə vasitəçilərin fəaliyyəti heç bir nəticə verməmişdir. Danışıqların müxtəlif formatları olmuşdur, müəyyən mərhələlərdə müəyyən irəliləyiş olmuşdur, lakin hər dəfə ya Ermənistanda baş verən müəyyən faciəli hadisələrlə, yaxud da əvvəllər artıq razılaşdırılmış məsələlər barədə Ermənistanın mövqeyinin dəyişməsi ilə əlaqədar bu danışıqlar ya düyünə düşmüş, ya da pozulmuşdur. Ona görə də nəticə olmadığı halda, vasitəçilərin rolunu müsbət qiymətləndirmək, təbii ki, düzgün olmazdı. Digər tərəfdən, mən onların mümkün olan hər şeyi etmədiklərini də deyə bilmərəm. Buna görə də biz ümid edirik ki, həmsədr ölkələr – onlar isə dünyanın aparıcı ölkələri, BMT Təhlükəsizlik Şurasının üç daimi üzvüdür – hər halda, işğalçı ölkəni zəbt olunmuş əraziləri azad etməyin zəruriliyinə inandırmaq üçün özlərinin nüfuzundan və siyasi resurslardan daha çox istifadə edəcəklər.

- Cənab Prezident, Azərbaycan artıq neçə illərdir ki, inamlı iqtisadi artım nümayiş etdirir. O, MDB ölkələri arasında şəksiz liderdir. Hətta dünya iqtisadi böhranına baxmayaraq, Azərbaycan artım nümayiş etdirməkdə davam etmişdir. Ola bilsin ki, bu artım əvvəlki illərdə olduğu qədər sanballı deyildir, lakin hər halda, 9,3 faizlik artım yəqin ki, asanlıqla başa gəlməmişdir, hətta neftin ucuzlaşmasına baxmayaraq. Mən bilirəm ki, Azərbaycanda orta əməkhaqqı təqribən 400 dollardır. Bunun özü də ən bariz nümunədir. Sizcə, bu uğurların sirri nədədir?


- Bilirsinizmi, bu barədə çox danışmaq olar. Əgər qısaca desək, zənnimcə, bu, ilk növbədə, əsrlərin qovuşuğunda Azərbaycanda yaranmış vəziyyətin düzgün qiymətləndirilməsinin nəticəsidir –sabitləşdirmə və iqtisadi inkişaf sahəsindəki ciddi nailiyyətlərlə yanaşı, çox sahələr vardı ki, səylərimizi ikiqat, üçqat artırmaq, strategiyanı düzgün seçməyimiz və konkret proqramlar lazım idi və bunlar bizə iqtisadiyyatı əhəmiyyətli dərəcədə şaxələndirməyə imkan vermişdir. Sizin dediyiniz 2009-cu ildəki 9,3 faizlik iqtisadi artım mənim üçün əvvəlki illərdəki 25-30 faizdən qat-qat əhəmiyyətlidir, çünki bu artım böhranın ən şiddətli ilində, neftin qiymətinin 4 dəfə aşağı düşdüyü vaxt olmuşdur, bizim iqtisadiyyatımız isə, hər halda, daha çox məhz enerji sektoruna istiqamətlənmişdir. Bu nəticə onu göstərirdi ki, bizim apardığımız islahatlar sayəsində iqtisadiyyatın digər sektorlarında inkişaf başlanmışdır. Son 7 ildə biz 900 mindən çox yeni iş yeri yaratmışıq, yoxsulluğun səviyyəsi demək olar, 50 faizdən 9 faizə endirilmişdir. Bütün sosial proqramlar yerinə yetirilmişdir. Azərbaycanın yarım milyondan çox vətəndaşı hər ay dövlətdən sosial yardım alır, orta əməkhaqqı 400 dollardan çoxdur və bu, əlbəttə, son hədd deyildir.

Biz regionlarda çox iş görə bilmişik. Biz 2004-cü ildən regional inkişaf proqramlarını həyata keçiririk – infrastruktur, sosial infrastruktur yaradır, yollar, elektrik stansiyaları tikirik ki, insanlar regionlarda qalıb yaşasınlar və nə Bakıya, nə də başqa ölkələrə miqrasiya etməsinlər. Deməliyəm ki, daxili miqrasiya prosesi praktik olaraq aradan qalxmaqdadır. Ölkənin modernləşdirilməsi, iqtisadiyyatın gələcəkdə bizə böyük artım verəcək sektorlarına, ilk növbədə, informasiya-kommunikasiya texnologiyaları sahəsinə sərmayələr qoyulması baxımından da çox iş görülmüşdür. Biz kosmik sənaye yaradırıq. Gələn il Azərbaycanın ilk süni peyki orbitə çıxarılacaqdır. Yəni, biz daim irəliyə baxırıq, ola bilsin ki, bir neçə addım irəliyə baxırıq. Bizim külli miqdarda neft və qaz ehtiyatlarımızın olmasına, çoxlu gəlirimizin olmasına baxmayaraq, istəyirik ki, Azərbaycanın davamlı inkişafı neftin qiymətindən və yaxud hasilatımızın həcmindən asılı olmasın. “Qara qızıl”ın insan kapitalına çevrilməsi bizim təcrübəmizdə, sadəcə, şüar deyil, real vəziyyətdir. Ona görə də mən vəziyyəti qısaca bu cür xarakterizə edərdim.

Onu da deməliyəm ki, əlbəttə, peşəkar komanda da böyük rol oynamışdır. İcraçılardan çox şey asılıdır və bizim yaratdığımız hökumətdə dövlət strukturlarının, dövlət şirkətlərinin rəhbərləri həm müasir iqtisadiyyata bələd olan, həm də regiondakı vəziyyəti dərindən başa düşən yüksək səviyyəli peşəkarlar, müasir menecerlərdir. Ona görə də hesab edirəm ki, bu amillərin hamısı birlikdə müsbət rol oynamışdır və ən başlıcası, biz yolun yarısında dayanmamışıq. Yəni neftdən əldə edilən böyük gəlirlər bizi arxayınlaşdırmamışdır. Mən dəfələrlə demişəm, biz elə işləməliyik ki, sanki bizim neftimiz və qazımız yoxdur, çünki məhz bu cür resursların olmadığı ölkələr daha böyük uğurlar qazanmışlar. Onlar başqa sahələr axtarmağa, insan resurslarını, texnoloji tərəqqinin nailiyyətlərini səfərbər etməyə məcbur olmuşlar. Yəni bu ölkələrin inkişafını xalqın istedadı təmin edir. İnkişaf etmiş sayılan ölkələr arasında praktik olaraq öz enerji daşıyıcıları ilə təmin edilmiş ölkələr yoxdur. Ona görə də bizim bu yolu fikirləşib tapmağımıza ehtiyac yox idi, işləri uğurla gedən ölkələrin təcrübəsindən ən müsbət cəhətləri götürərək onu bizim şəraitə, təbii ki, bizim spesifikamıza, reallıqlarımıza uyğun, geosiyasət nəzərə alınmaqla tətbiq etməli və ölkənin modernləşdirilməsi strategiyasını və illik fəaliyyət planını müəyyən etməli idik. Keçmiş sovet dövründəki beşilliklər baxımından indi nə qədər qəribə görünsə də, bizim beşillik planımız vardır və ümumiyyətlə, belə bir müddət əsaslıdır. Bundan əlavə, bizim hər il üçün fəaliyyət planımız da vardır, orada kimin nə iş görəcəyi, kimin nəyə cavabdeh olması, maliyyə resursları və digər məqamlar göstərilir. Yəni hesab edirəm ki, bu, bizim bu gün malik olduğumuz əsas nəticədir.

Siz xatırlatdınız ki, iqtisadiyyatın müxtəlif sahələrinə çoxlu sayda adam cəlb etmək mümkün olmuşdur. Bilmək istərdik ki, hansı sahələrə daha çox adam gəlmişdir, harada daha çox iş yeri açılmışdır?


- Daha çox iş yeri bölgələrdə açılmışdır. Bizdə açılmış 900 min iş yerinin 700 mindən çoxu daimi iş yeridir. Regionların inkişaf proqramı nəzərə alınmaqla, ilk növbədə, bu, regional coğrafiyadır. Biz həm də ölkəmizin iqlim şəraitinə uyğun olaraq, kənd təsərrüfatını fəal inkişaf etdiririk. Biz kənd təsərrüfatının əsas məhsulları ilə özümüzü, demək olar ki, təmin etməyə başlayırı q, halbuki sovet dövründə heç vaxt belə olmamışdır. Biz idxaldan asılı idik, meyvə, tərəvəz, üzüm, şərab satır, qalan bütün məhsulları isə alırdıq. İndi biz özümüzü, demək olar ki, tamamilə təmin edirik və artıq ixracı da nizama salmışıq. Biz diqqətimizi, ilk növbədə, öz təbii ehtiyatlarımız, ya da xammal bazamız olan sahələrdə cəmləşdirmişik.

Biz gənclərimizin xaricdə təhsil alması proqramını həyata keçiririk. Artıq bir neçə ildir ki, dövlət bu proqramı tam maliyyələşdirir, minlərlə gəncimiz təhsil almışdır və artıq Azərbaycana qayıdır, burada işləyir, öz təcrübəsini tətbiq edir. Ölkəmizdə elə şərait yaratmalıyıq ki, insanlar buraya işləməyə gəlmək istəsinlər, çünki buna məcbur etmək mümkün deyildir. Hazırda Bakıda və digər yerlərdə inkişaf etmiş Avropa ölkələrində olan hər şey, üstəgəl yaxşı iqlim və isti hava vardır. Buna görə də mən hesab edirəm ki, Azərbaycandan xaricə oxumağa gedənlərin hamısı qayıdacaq və öz ölkəsinin rifahı naminə işləyəcəkdir.

- MDB-nin hansı ölkələri ilə prioritet iqtisadi münasibətlər qurmaq istərdiniz və ya artıq qurmusunuz və nə üçün?


- Görünür, burada həm tarixi, həm də coğrafi amil özünü göstərir. MDB ölkələri arasında qonşularımızla daha sıx iqtisadi münasibətlərimiz vardır. Bu, ilk növbədə, Rusiyadır, əmtəə dövriyyəmiz artır və onun strukturu yaxşılaşır. Biz məhsullarımızın çox hissəsini Rusiyaya göndəririk, həmçinin oradan idxal edirik. Başqa sözlə, bu, bizim ixrac üzrə ən böyük tərəfdaşımızdır. İxracımızın böyük hissəsini enerji ehtiyatları təşkil etdiyindən, ixrac üzrə əsas tərəfdaşımız Avropa ölkələridir. MDB-də ənənəvi olaraq Ukrayna ilə də çox ciddi, çox geniş iqtisadi əlaqələrimiz vardır. Qonşu Gürcüstanda Azərbaycan şirkətləri, Azərbaycan sərmayələri fəal işləyir və bu ölkə ilə də əmtəə dövriyyəsi artır. Digər ölkələrlə - Mərkəzi Asiya ölkələri ilə, MDB-yə daxil olmasalar da, Baltikyanı ölkələrlə çox yaxşı əlaqələrimiz var, ora da keçmiş SSRİ-dir. Keçmiş Sovet İttifaqı respublikalarının hamısında artıq çoxdan səfirliklərimiz var və əlbəttə, bu ölkələr bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Biz MDB-nin bütün proqramlarında - ilk növbədə, humanitar əməkdaşlıq sahəsində, - fəal iştirak edirik. Ötən il birinci Rusiya-Azərbaycan humanitar əməkdaşlıq forumunu keçirdik və o artıq beynəlxalq tədbirə çevrilmişdir. Təbii ki, bu, onilliklər boyu bir yerdə yaşamış ölkələrimizi daha çox birləşdirəcəkdir. Əlbəttə, burada tarixi amil, praqmatizm və təbii ki, siyasi münasibətlərin səviyyəsi – bütün bunlar birlikdə rol oynayır.

- Siz MDB-nin rolunu prinsipcə necə qiymətləndirirsiniz? Sizin fikrinizcə, keçən əsrin 90-cı illəri ilə müqayisədə 2000-ci illərdə Birlikdə hansı irəliləyişə nail olunmuşdur?

-Hesab edirəm ki, indi MDB keyfiyyətcə yeni səviyyəyə çıxır. Əlbəttə, 90-cı illər barədə mühakimə yürütmək mənə çətindir, çünki mən həmin proseslərdə bugünkü səviyyədə iştirak etməmişəm. Son 7-8 ilə gəldikdə isə, mənim fikrim belədir ki, MDB daha dinamik olmuşdur. Hesab edirəm ki, MDB-nin üzvü olan bütün ölkələrdə insanlar bizim bu təşkilatdan nə istədiyimizi daha artıq başa düşməyə başlamışlar, illüziyalar və iddialar azalmışdır. Zənnimcə, biz MDB-ni ciddi problemlərin həlli üçün çox mühüm mexanizm kimi başa düşməyə başlamışıq. Təkcə inteqrasiya məsələlərinin deyil, – inteqrasiya məsələlərinə hər bir ölkə öz prioritetləri əsasında yanaşır, kimsə ondan çox şey, kimsə az şey gözləyir, kiməsə bu çox, kiməsə az lazımdır, - çox vacib, ümdə məsələlərin, təhlükəsizliyin təmin edilməsi, terrorizmə qarşı mübarizə məsələlərinin həlli baxımından. Öz qonşularından və ya müttəfiqlərindən, tərəfdaşlarından təcrid olunmuş halda terrorizmlə mübarizə aparmaq mümkün deyildir. Yəni, hamı tamamilə başa düşür ki, bu bəlaya yalnız birgə səylər hesabına qalib gəlmək olar və terrorçular arasında heç bir fərq qoyulmamalıdır, bütün terrorçulara vahid mövqelərdən yanaşmaq lazımdır.

MDB çərçivəsində miqrasiya məsələlərinin də öz kəskinliyi vardır. İqtisadi əlaqələr, nəqliyyatda təhlükəsizlik məsələləri, hesab edirəm ki, təşkilatımızın əsasını təşkil edən humanitar əlaqələr çox fəal şəkildə müzakirə olunur. Ona görə ki, başqa beynəlxalq təşkilatlardan fərqli olaraq, MDB birləşmək barədə hər hansı təşəbbüs sayəsində deyil, Sovet İttifaqının dağılması nəticəsində yaranmışdır. 1990-cı illərdə bu ölkələrdə gərgin, o cümlədən siyasi böhrana davam gətirməyin, dinc yolla ayrılmağın mümkün olması bu işdə iştirak edənlərin hamısının çox böyük xidmətidir. Bəlkə də bunu bir növ unudurlar və ya lazımınca qiymətləndirmirlər, lakin bu, həqiqətən çox böyük xidmətdir. Belə bir böyük ölkənin dağılması bizim qeyd etdiyimiz silahlı münaqişələr istisna olmaqla, əslində ciddi sarsıntılarsız baş vermişdir. Ona görə də hesab edirəm ki, indi - hər halda Azərbaycanda - vəziyyəti daha ağılla qiymətləndirirlər, daha çox şeyə ümid bəsləmək əvvəlkindən azdır, adamlar daha çox başa düşürlər ki, hər bir ölkə özünə cavabdehdir. Hesab edirəm, biz hamımız bu məsələyə məhz bu baxımdan yanaşmağı öyrənməliyik: heç kimin heç kəsə borcu yoxdur – bu, bizim başlıca tezisimizdir. Biz münasibətlərimizi dostluq, mehriban qonşuluq, bazar iqtisadiyyatı, bütün mallara və xidmətlərə bazar qiymətlərinin qoyulması əsasında qurmalıyıq. Onda bir-birimizi daha çox başa düşər, vəziyyət daha çox proqnozlaşdırıla bilər, illüziyalar və iddialar daha az olar. Biz bu məsələyə belə yanaşırıq. Hesab edirəm ki, bu, konstruktiv yanaşmadır, Azərbaycana gəldikdə isə, biz MDB-nin bütün təşəbbüslərində bundan sonra da fəal iştirak edəcəyik.

- Birlik ölkələrindən kənarda Azərbaycanın prioritetləri nədən ibarətdir?

- Bilirsinizmi, bu məsələləri bir-birindən ayırmaq çətindir. Ümumiyyətlə, xarici siyasətdə bizim prioritetlərimiz kifayət qədər dəqiq ifadə edilmişdir. Biz istəyirik, çalışırıq ki, bütün ölkələrlə çox səmimi, rəvan, proqnozlaşdırıla bilən münasibətlərimiz olsun və hesab edirəm ki, buna nail olmuşuq. Biz etibarlı tərəfdaşlarıq. Biz özümüzü təmin edən ölkəyik və buna görə də hansısa beynəlxalq maliyyə mərkəzlərindən, yaxud siyasi mərkəzlərdən asılı deyilik. Bizim üçün əsas vəzifələrdən biri məhz iqtisadi müstəqilliyə nail olmaq idi. Biz buna enerji müstəqilliyi vasitəsilə nail olmuşuq. Sonra nəqliyyat müstəqilliyi gəlir. Bu gün Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri artıq reallıqdır, coğrafi baxımdan Azərbaycandan, sadəcə, yan keçmək mümkün deyildir. Haqqında söhbət açdığım ərzaq müstəqilliyi də bizə imkan verir ki, qiymətlərin dəyişməsindən və ya məhsulun az yığılmasından asılı olmayaq. Ona görə də özümüzü təmin edən və sözün yaxşı mənasında özümüzə güvənən ölkə olmağımız bizim xarici siyasi fəaliyyətimizi irəlicədən müəyyənləşdirir. İstər yaxın ətrafımızdakı ölkələrlə, istərsə də uzaq xarici ölkələrlə praqmatizmə, realizmə, mənafelərin üst-üstə düşməsinə, qarşılıqlı hörmətə, bir-birinin daxili işlərinə qarışmamağa əsaslanan münasibətlər qurmuşuq. Bu münasibətlər Azərbaycana öyüd-nəsihət vermək tonundan uzaqdır, biz bunu qəbul etmirik, bunlar da artıq reallıqdır və yaxşıdır ki, tərəfdaşlarımızın hamısı bunu başa düşür.
Biz həqiqətən etibarlı tərəfdaşıq. Bizim sözlərimiz heç vaxt əməllərimizə zidd olmur və sözümüzün dəyəri də imzamızın dəyəri qədərdir. Ona görə də Azərbaycan indi artıq regionda siyasi sabitlik amili kimi qəbul edilir. Ölkəmiz möhkəmləndikcə, o cümlədən siyasi nüfuzu yüksəldikcə bu rol da artacaqdır. Zənnimcə, bu, hamımızın xeyrinə olacaqdır.

- İlham Heydər oğlu, bilirəm ki, Siz Moskvada oxumusunuz, sonra bir müddət orada işləmisiniz və indi də bəzən orada olursunuz. Əlbəttə, başa düşürəm ki, Siz maşınla gedəndə az şey görə bilirsiniz, amma hər halda, Sizin fikrinizcə, Rusiyanın paytaxtı çoxmu dəyişmişdir?

- Əlbəttə, çox böyük dəyişikliklər olmuşdur. Mən Moskvaya gələndə, onun küçələrindən maşınla keçəndə hamısını tanıyıram, hamısı mənə tanışdır. Mən Moskvanı çox yaxşı tanıyıram, adətən hökumət nümayəndə heyətlərinin getdiyi marşrutlardan qat-qat artıq marşrutları tanıyıram. Mən uzun müddət, 15 il orada yaşamışam - həm oxumuşam, həm də işləmişəm. O illər barədə mənim ən xoş təəssüratlarım vardır, özü də təkcə ona görə yox ki, o illər həyatımızın ən yaxşı dövrü olan gənclik illəri idi, həm də ona görə ki, həqiqətən yaxşı illər idi. Mən orada özümü çox rahat, öz evimdə olduğu kimi hiss edirdim. Əslində, mən elə öz evimdə idim, çünki bu, vahid ölkə idi. Əlbəttə, Moskva çox dəyişmişdir. İndi Moskvada baş verən dəyişiklikləri, aparılan islahatları biz çox alqışlayırıq. Deməliyəm ki, bir dövr vardı bizim Bakıda da əsaslı dəyişikliklər, islahatlar, bəzən ağrılı islahatlar aparılması zəruri idi, lakin bunsuz olmur. Moskva mənə çox əziz şəhərdir. Mən Moskvada olmağa həmişə sevinirəm və tez-tez orada oluram.

- Mən də deyə bilərəm ki, çoxdandır Bakıda olmamışdım, burada hər şey – meydanlar, küçələr, təzə yollar, təzə evlər, saraylar adamı heyran edir. Hər şey çox gözəldir. Sizin xanımınız Milli Məclisin deputatı seçilmişdir. Siz indi ailədə daha çox siyasət barədə danışırsınız?

- Bilirsinizmi, onun deputat olması birinci dəfə deyil. Bu, artıq ikinci dəfədir. Birinci dəfə 2005-ci ildə olmuşdur. Buna görə də o, bu statusa artıq alışmışdır. Siyasət barədə çox, yaxud az danışmaq məsələsinə gəldikdə isə, yəqin ki, elə əvvəlki qədər, konkret desək, çox az danışırıq. Ona görə ki, ev şəraitində, evdə biz siyasət barədə praktik olaraq danışmırıq, çünki buna ehtiyac yoxdur. Azərbaycan cəmiyyətində, o cümlədən siyasi müstəvidə mövcud olan bütün mövzular kifayət qədər bəllidir. Bizim hökumətin mövqeyi birmənalıdır. Deməliyəm ki, bütövlükdə cəmiyyətdə ölkəmizin necə irəliləməli olması barədə diskussiya yoxdur. Yəni mən deyərdim ki, konsensus vardır. Gələcəkdə Azərbaycanı necə görmək istədiyimizi mən kifayət qədər dəqiq ifadə etmişəm və cəmiyyətimiz bunu dəstəkləmişdir. Ona görə də biz evdə daha çox başqa mövzularda – öz həyatımız, münasibətlərimiz, öz uşaqlarımız, indi isə artıq nəvələrimiz barədə danışırıq. Hər bir ailədə olduğu kimi, bizdə də adi mövzular haqqında söhbət gedir.

- Bir halda ki, nəvələrinizi xatırladınız, onda bir şeyi soruşmaya bilmərəm: nəvələrinizlə tez-tez görüşə bilirsinizmi?

- Çalışıram ki, tez-tez görüşüm, hərçənd balaca olduqlarına baxmayaraq, onlar da tez-tez valideynləri ilə səfərlərdə olurlar. Lakin onların Bakıya hər gəlişi, əlbəttə, bizim üçün böyük sevinc, böyük xoşbəxtlikdir. Biz nəvələrimizin timsalında öz uşaqlarımızı tanıyırıq və bu, bizi onlara daha çox bağlayır.

- Bilirəm ki, Siz idmanı çox sevirsiniz, respublikada idmanın inkişafını hər vasitə ilə dəstəkləyirsiniz. Azərbaycan idmançıları son illərdə həqiqətən sanballı uğurlar qazanmışlar. Sonuncu Birlik Kuboku yarışında “İnter” komandasının qələbəsini xatırlamaya bilmərəm. Bu münasibətlə bizim təbriklərimizi qəbul edin. Bu, həqiqətən əla, gözəl oyun idi. Bizim kanal onu yayımlayırdı. Əslində, biz həmin yarışın əsas yayımçısı idik. Bundan sonra hansı istiqamətdə, hansı uğurlara doğru irəliləyəcəksiniz, şəxsən Siz idmanın hansı növünü daha çox sevirsiniz?

- Ümumiyyətlə, mən futbola baxmağı daha çox xoşlayıram. İdmanla məşğul olmağa gəldikdə isə, idmanın fərdi növlərini – gimnastikanı, atletikanı, üzgüçülüyü daha çox xoşlayıram. O ki qaldı gələcək planlara, biz qələbələrin sayını yalnız artırmağı planlaşdırırıq.

Son illərdə biz artıq beynəlxalq miqyasda öz sözü olan ölkəyə çevrilmişik. Çox şadam ki, biz çox istedadlı gənc idmançılar yetişdiririk. Gənclərin Sinqapurda keçirilmiş birinci Olimpiya oyunlarında yığma komandamız 11-ci yeri tutmuşdur. Yəni biz dünyanın aparıcı idman ölkələrinin çoxunu geridə qoymuşuq. Bu o deməkdir ki, məhz bizim siyasətimiz – uşaqlar, gənclər arasında idman siyasəti, idmanın inkişafı üçün şərait yaratmaq, baza yaratmaq siyasətimiz, habelə veteran idmançılara münasibət öz rolunu oynamışdır. Uşaqlar, yeniyetmələr ona görə idmançı olmaq istəyirlər ki, bizim idmançılar, məşhur çempionlar rəmzə çevrilirlər. Yəni cəmiyyətdə onlara çox böyük hörmət göstərilir, əhali tərəfindən, həm də dövlət tərəfindən onlara böyük dəstək var. Biz idmançılarımızın qələbələrini hər vasitə ilə təbliğ edirik. Onların hamısı şəxsi həyatda da təqlid üçün nümunə hesab edilir. Çox təvazökar, çox vətənpərvərdirlər. Bizdə olimpiya çempionları, dünya və Avropa çempionları çoxdur. Növbəti Olimpiadada da medallar qazanmaq barədə geniş planlarımız vardır. Bunun sayəsində elə şərait yaranmışdır ki, Azərbaycanda idmançı yenidən hörmətli insana çevrilmişdir. 1990-cı illərin əvvəlində bəlkə də belə deyildi, çünki o vaxt idmançıların hərəsi bir tərəfə dağılmışdı, idmana diqqət verilmirdi. Ölkədə o qədər problem var idi ki, idman sadəcə yada düşmürdü. Ona görə də mənə belə gəlir ki, bu fakt öz rolunu oynamışdır. Bundan əlavə, son on ildə biz, Bakı nəzərə alınmamaqla, Azərbaycanın bütün regionlarında 29 olimpiya mərkəzi tikmişik, onların, demək olar ki, hər birində hovuz, hər cür şərait, örtülü idman meydançaları vardır. Yəni orada istənilən beynəlxalq yarışları keçirmək olar.

Mən idmana daim diqqət yetirirəm, 1997-ci ildən həm də Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentiyəm. Bu cür gərgin iş qrafikinə baxmayaraq, mən bu vəzifəni özümdə saxlayıram, ona görə ki, hesab edirəm ki, bu, lazımdır, bəlkə də mənə yox, amma idmana lazımdır. İdman xalqın iradəsinin ifadəsidir. Yarışlar, olimpiadalar, çempionatlar elə məkandır ki, orada ölkələr bir-biri ilə bəhsləşir. Ölkələr kimin birinci, kimin ikinci yerdə olmasını daha harada göstərə bilər?! Heç yerdə. Bu, cəmiyyətin həyatında da çox mühüm amildir, gənclər arasında vətənpərvərlik ruhunu, vətənə sevgi ruhunu gücləndirir - xüsusən də idmançı qalib gələndə, ölkənin bayrağı qaldırılanda, onun himni səslənəndə. Bunlar çox təsirləndirici anlardır.

- İnsanın ruhunu yüksəldir.


- Bəli.

- Sonuncu sualım çox qısadır. Soçi–2014 Olimpiadasında medal qazanmaq barədə planlarınız varmı?

- Soçi Olimpiadasında biz kiçik heyətlə iştirak edəcəyik. Əvvəla, biz cənub ölkəsiyik. Hərçənd qış dağ xizəkçilik kompleksi yaradılması istiqamətində artıq xeyli iş görmüşük, bu ilin sonuna onun açılışını planlaşdırırıq. Lakin əsas planlarımız, əlbəttə, Londonda keçiriləcək yay Olimpiadası ilə bağlıdır. İrəlicədən nəsə demək istəmirəm, lakin Azərbaycanın idman proseslərinə təsirini gücləndirməyi və əvvəlkindən daha çox medal qazanmağı planlaşdırırıq.

- İlham Heydər oğlu, müsahibəyə görə sağ olun. Sizi dinləmək, Sizinlə ünsiyyətdə olmaq çox xoş idi. Çox sağ olun.

- Siz sağ olun. Mən sizin kanalın verilişlərinə maraqla baxıram, onu nadir, əvəzedilməz, maraqlı və bununla bərabər, öyrədici kanal hesab edirəm. MDB ölkələrinə aid olmayan verilişlər də çox maraqlıdır. Siz həqiqətən çox cəlbedici kanal və bizim üçün qonşu ölkələrdə nələr baş verdiyini bilmək imkanı yaratmısınız. Bu, Birlik ölkələrini daha çox yaxınlaşdıracaq, onların arasında anlaşma daha çox olacaqdır. Hesab edirəm ki, sizin kanalın siyasəti də çox düzgün, çox müsbətdir.

- Sağ olun, çalışırıq.

- Sizə uğurlar diləyirəm.

- Sağ olun. 



Böyük ölçüdə