19 sentyabr 2015, 11:30

"Gənc təsərrüfatçılar" məktəbinin təsis konfransının iştirakçılarından, İsmayıllı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Biz - İsmayıllıda yaradılan "Gənc təsərrüfatçılar" məktəbinin təsis konfransının iştirakçıları Sizin qeyri-neft sektorunu, xüsusilə aqrar sahənin inkişaf etdirmək barədə tapşırıqlarınızın icrası üçün məsuliyyətimizi dərindən dərk edərək, inkişafın, yüksəlişin ön cərgəsində inamla gedəcəyimizi bəyan edirik.

"Gənc Təsərrüfatçılar" məktəbini yaratmaqla qeyri-neft sektorunun, rayonumuz üçün xarakterik olan kənd təsərrüfatı sahələrinin, kiçik və orta sahibkarlığın inkişafında fəal iştirak etməkdə, orta ixtisas və peşə təhsilindən kənarda qalan gənclərin məşğulluğunun artırılmasında özümüzü ölkəmiz və bölgəmiz qarşısında borclu hesab edirik.

Yaxşı başa düşürük ki, ikili standartlarla idarə olunan, nəticədə humanitar fəlakətə, maliyyə böhranına, müharibələrə, qırğınlara düçar olan dünyada Azərbaycanı qüdrətli siyasətinizlə, qlobal miqyaslı təfəkkürünüzlə, idarəetmə məharətinizlə dönmədən irəli aparırsınız. Bu yolda, bu gedişdə ən məsul vəzifələrin biz gənclərin üzərinə düşdüyünü dərindən dərk edirik. Bu düşüncə ilə də 2015-ci il 9 sentyabr tarixində respublikanın iqtisadiyyat, vergi və kənd təsərrüfatı qurumları ilə birgə "Sahibkarlığın inkişafının prioritet istiqamətləri, ona iqtisadi və mənəvi dəstək göstərilməsi yolları" mövzusunda konfrans keçirdik. Bu gün də İsmayıllı Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə "Gənc təsərrüfatçılar" məktəbini yaratdıq.

Möhtərəm cənab Prezident, Azərbaycan gənclərinə qayğınızın, dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsinin nəticəsi olaraq "Gənclər paytaxtı" layihəsi çərçivəsində təsis edilən bu məktəb rayonumuzun inkişafına yeni-yeni töhfələr verəcək. Hamı bir daha əmin olacaq ki, İsmayıllı rayonu haqlı olaraq 2015-ci il üçün Azərbaycanın "Gənclər paytaxtı" seçilib.

Möhtərəm Prezident, respublikamızın sürətli inkişafında fəal iştirak edən Azərbaycan gəncləri ilə birgə addımlayan İsmayıllı gəncləri daim Sizinlədir, dövlətimizin mövqeyini dəstəkləyir, hər bir əmrinizin icrasına bütün varlıqları ilə tam hazırdırlar.

Dərin hörmət və ehtiramla,

İsmayıllıda yaradılan "Gənc təsərrüfatçılar" məktəbinin təsis konfransının iştirakçıları.

Azərbaycan Respublikası, İsmayıllı rayonu.