10 oktyabr 2015, 15:00

Rəhman Nuğayev və başqalarından, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident!

 Avropa Parlamentinin sentyabrın 10-da Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamə bizi hədsiz dərəcədə məyus etdi. Bu qətnamənin lehinə səs vermiş parlamentarilərin məqsədi dövlətçiliyimizə, müstəqilliyimizə zərbə vurmaq, Azərbaycan xalqına 1990-cı illərin əvvəllərindəki günləri yenidən yaşatmaq, erməni vəhşiliklərini ört-basdır etməkdən ibarətdir. Qoy həmin parlamentarilər bilsinlər ki, bu gün sabit və inkişaf edən Azərbaycan var. Azərbaycançılıq ideologiyası ölkənin hər bir vətəndaşının düşüncəsinin və fəaliyyətinin əsasını təşkil edir. Ölkəmiz demokratik, hüquqi dövlət quruculuğu yolu ilə qətiyyətlə irəliləyir, xalqımızın vahid birliyi formalaşıb.

Azərbaycanın iqtisadi və siyasi baxımdan güclənməsi, regionda öz daxili imkanları hesabına inkişafını təmin edən yeganə ölkə olması, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması müəyyən dövlətləri və təşkilatları, xüsusən də ermənipərəst dairələri ciddi narahat edir. Müasir dövrdə bir sıra Qərb dövlətlərinin insan hüquqlarının müdafiəsi adı altında öz maraqlarını gerçəkləşdirmək cəhdlərinin tez-tez şahidi oluruq. Azərbaycana qarşı əsassız ittihamlar, təzyiq cəhdləri ilə zaman-zaman üzləşmişik. Azərbaycanın Cənubi Qafqazın qüdrətli dövlətinə çevrilməsindən narahat olan bəzi dövlətlər, xüsusən də Ermənistanı açıq şəkildə müdafiə edən anti-Azərbaycan şəbəkəsi ölkəmizə qarşı qarayaxma kampaniyası aparır.

Bu qətnamə Avropa Parlamentinin obyektivliyini şübhə altına aldı. Çünki Avropa Parlamenti 20 ildən artıq müddətdə bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasına biganə mövqe nümayiş etdirdiyi halda, ciddi araşdırma aparmadan, tutarlı fakt, dəlil, sübut olmadan belə bir əsassız qətnamə qəbul etmişdir. Azərbaycan xalqı həmişə belə çirkin niyyətlərə yox demişdir. Biz hazırki Azərbaycan iqtidarını dəstəkləyirik. Bugünkü hakimiyyət ilə xalqın vahid birliyi dövlətçiliyimizin, müstəqilliyimizin güc mənbəyidir. Bütün hədəflərə uğurla yetişən Azərbaycan müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilməkdədir. Bunu gözü götürməyən qüvvələrin ölkəmizə qarşı apardığı qərəzli kampaniyalar heç vaxt nəticə verməyib və bugünkü cəhdlər də uğursuzluğa düçar olur.

 

Hörmətlə,

Nuğayev Rəhman Surxay oğlu

Mahmudova Ruhiyyə Təyyar qızı

Nuğayev Vüqar Rəhman oğlu və başqaları.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Diyallı kəndi.