İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib

02 noyabr 2015, 17:10

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanı hakim Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisinə seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik etdi, Türkiyə Prezidentinə fəaliyyətində yeni-yeni uğurlar, qardaş Türkiyə xalqına əmin-amanlıq və tərəqqi arzuladı.

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirdi, öz növbəsində hakim Yeni Azərbaycan Partiyasının parlament seçkilərində böyük səs çoxluğu ilə qələbə qazanması münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı, Prezident İlham Əliyevə ali dövləti fəaliyyətində uğurlar, Azərbaycan xalqına firavanlıq arzuladı.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliklərini ifadə etdilər.