İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub

28 noyabr 2015, 15:25
İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Dövlət başçıları görüşdə çıxış ediblər.

Prezident Aleksandr LUKAŞENKO dedi:

-Hörmətli İlham Heydər oğlu.

Əziz dostlar.

Sizi Belarus torpağında ürəkdən salamlayıram. Budəfəki səfər Belarus ilə Azərbaycan arasında yaxın, dost münasibətlərin fəal inkişaf etməsinin təsdiqidir. Biz bu münasibətləri həqiqətən yüksək qiymətləndiririk. Zənnimcə, dünya iqtisadiyyatında böhran hallarını nəzərə alaraq bu gün biz əsas diqqəti qarşılıqlı faydalı əməkdaşlığın yeni ideyaları və istiqamətləri üzərində cəmləşdirməliyik. Biz bu barədə İlham Heydər oğlu ilə çoxdan danışırdıq. İndiki çətin şəraitdə bizim dövlətlərimiz, xoşbəxtlikdən, qarşılıqlı əmtəə dövriyyəsinin ciddi azalmasına yol verməyiblər. Bununla belə, zaman bizdən qarşılıqlı iqtisadi fəaliyyəti, o cümlədən üçüncü ölkələrin bazarlarında fəaliyyəti genişləndirmək üçün çevik və səmərəli qərarlar qəbul etməyimizi tələb edir. Fəxrlə qeyd etmək istəyirəm ki, Gəncə avtomobil zavodunda MTZ Belarus traktorlarının, Minskdəki MSKT avtozavodunun texnikasının istehsalı üzrə müştərək layihə yüksək nəticələr verir. 2007-ci ildən bəri bu zavodun istehsal sahələrində 6 min “Belarus” traktoru, 3 minə yaxın avtomobil və qoşqu istehsal edilib. Başqa sahələrdə də ikitərəfli qarşılıqlı fəaliyyəti genişləndirmək üçün imkanlar az deyil. Məsələn, nəqliyyat əlaqələrini təkmilləşdirmək üçün biz kiçik və orta həcmli ucuz, lakin etibarlı avtobuslar, İsveçrə ilə birgə istehsal edilən dəmir yolu sərnişin qatarları, şəhərdaxili daşımalar üçün ekoloji təmiz qaz-generator mühərrikləri ilə işləyən rahat avtobuslar təklif edə bilərik. Onların yığılmasını Sizin ölkənizdə təşkil etmək olar.

Güman edirəm ki, Azərbaycanın nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsində bizim iştirakımız faydalı olacaq. Məsələn, Bakının mərkəzi ilə onun şəhərətrafı zonası arasında sürətli relsli nəqliyyatın hərəkətinin təşkil edilməsi, o cümlədən Heydər Əliyev Beynəlxalq Aeroportu ilə şəhər arasında əlaqənin daha rahat şəraitinin təmin olunması üçün avadanlıq satışı xəttinin layihələşdirilməsində biz iştirak edə bilərik. Həmçinin tütün və siqaretin qarşılıqlı satışının inkişafı sahəsində sanballı imkanlar var və bu cür münasibətlər uzunmüddətli əsasda yaradılmalıdır.

Azərbaycanın işgüzar dairələrinin iştirakı ilə neft kimyası, energetika, kənd təsərrüfatı sahələrində kooperasiya imkanlarını da nəzərdən keçirmək istərdik. Müasir dünyada informasiya texnologiyaları, informasiyanın qorunması sahələri xüsusilə aktualdır. Bu sahələrdə müştərək layihələr axtarışı üzərində işi davam etdirmək lazımdır. Ümidvaram ki, bugünkü görüş bizim əməkdaşlığın inkişaf etdirilməsi prosesinə əlavə təkan verəcək, onu konkret məzmunla zənginləşdirəcək.

Hörmətli İlham Heydər oğlu, bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan Belarusun etibarlı dostu və tərəfdaşı olub, indi də belədir. Biz dostluğumuzu yüksək qiymətləndiririk. Əgər bu, Sizin xeyrinizə olarsa, biz Avrasiya İqtisadi İttifaqında Sizin maraqlarınızın təmin olunmasına eyni dərəcədə səmimi və açıq kömək etməyə hazırıq.

Hörmətli İlham Heydər oğlu, Sizə təşəkkür edirəm ki, bu çətin vaxtda sözünüzə əməl etdiniz, bizim ölkəyə gəldiniz. Gördüyünüz kimi, danışmalı məsələlər var. Buna görə də Sizi Belarus torpağında bir daha salamlayıram.

                                                                                          X X X

Prezident İlham ƏLİYEV dedi:

-Çox sağ olun, hörmətli Aleksandr Qriqoryeviç. Mən ilk növbədə Sizə qonaqpərvərliyinizə, məni Belarusa yenidən rəsmi səfərə dəvət etdiyinizə görə təşəkkür etmək istərdim. Sizin ölkənizdə olmağa həmişə şadam, burada özümü evimdəki kimi hiss edirəm.

Sizin qeyd etdiyiniz kimi, son illərdə ölkələrimiz arasında çox etimadlı münasibətlər səviyyəsi yaranıb, bu münasibətlər çox uğurla inkişaf edir. Bu gün biz Sizinlə nə işlər görüldüyünü və nə etməyi planlaşdırdığımızı müzakirə etdik. Lakin hər şeydən əvvəl, Sizi prezident seçkilərində inamlı qələbəniz münasibəti ilə ürəkdən təbrik etmək istərdim. Belarus xalqı Sizə bir daha yüksək etimad göstərdi və seçkilərin nəticələri, əslində Sizin ölkə rəhbəri vəzifəsində fəaliyyətinizin nəticəsidir.

Düşünürəm ki, bu gün mənim nümayəndə heyətimin üzvləri də Belarusun nə dərəcədə uğurla, dinamik, səmərəli inkişaf etməsini bir daha öz gözləri ilə gördülər. Minsk çox yaraşıqlı – qəşəng, rahat, təmiz şəhərə çevrilib. Əminəm ki, burada yaşamaq, işləmək xoşdur, buraya gəlmək xoşdur.

Ölkələrimiz arasında münasibətlər həqiqətən ən yüksək səviyyədədir. Siz tamamilə haqlısınız, biz buna nail olmaq üçün uzun yol keçmişik. Lakin 10 ildən bir qədər çox əvvəl başlanmış bu cür fəal əməkdaşlıq illərində, mənim fikrimcə, bir-birimizi müxtəlif vəziyyətlərdə artıq yetərincə sınamışıq. Münasibətlərimizin möhkəmliyini, etibarlılığını sınamışıq və heç vaxt bir-birimizi naümid qoymamışıq. Buna görə, biz bu gün bir-birimizə inanırıq və sənədlərin altındakı imzalarımız kimi, sözlərimiz də böyük sanbala malikdir.

Bu gün gələcək əməkdaşlıq istiqamətlərini müəyyən edən sənədlər də imzalanacaq. Lakin əsas odur ki, biz bir sıra məsələlər barəsində razılığa gəlmişik. Biz sevinirik ki, Belarus uğurla inkişaf edir. Sizin qeyd etdiyiniz kimi, indi çətin zamandır. İqtisadi böhrana siyasi böhran, bir sıra ölkələrdə isə hərbi-siyasi böhran da əlavə olunur.

Biz qarşıdurma dövründə yaşayırıq. Təbii ki, bu vəziyyət beynəlxalq məsələlərin həllinə yeni yanaşmalar tələb edir. Bax, bu cür şəraitdə Belarusda mövcud olan ictimai-siyasi sabitlik uğurun əsas göstəricisidir, habelə bu uğurun davam edəcəyinin rəhnidir. Biz, Sizin dostlarınız kimi, buna çox şadıq.

Belarus bizim üçün dost, qardaş dövlətdir. Əminəm ki, bu səfərdən sonra münasibətlərimiz daha sürətlə inkişaf edəcək.

                                                                                            X X X

Görüşdə elm, yüksək texnologiyalar, maşınqayırma sənayesi, beynəlxalq təşkilatlarda və digər sahələrdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olundu.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04