02 dekabr 2015, 17:35

Kamran Məmmədov və başqalarından, Şəki, Azərbaycan

Rəhimli və Mərhəmətli olan Allahın adı ilə!

Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyi pozmaq, hüquqi-demokratik dövlətin əsaslarını sarsıtmaq məqsədilə Nardaran qəsəbəsində bir qrup təxribatçı tərəfindən törədilmiş hadisəni qətiyyətlə pisləyir, baş verən hadisənin dinlə bağlamaq cəhdlərini birmənalı olaraq rədd edirik. Bu hadisəni xaricdən və daxildən siyasi məqsədlərlə cəmiyyətimizin fərdləri arasında nifaq salmaq, zorla hakimiyyəti dəyişdirmək cəhdi kimi qiymətləndiririk. Bizim tanıdığımız Nardaran əhalisi dininə və dövlətçiliyinə sadiqdir. Əminik ki, onlar da baş verənlərin əleyhinədirlər. Bölgə dindarları və ziyalıları adından hüquq-mühafizə və xüsusi xidmət orqanlarından xahiş edirik ki, kimliyindən asılı olmayaraq İslam dininin humanist dəyərlərinə zidd olaraq həyata keçirilən terror aktını törədənlərin Azərbaycanın dövlətçiliyinə təhlükə yaradan əməllərinə hüquq qiymət versin. İslam dini pərdəsi altında fəaliyyət göstərən radikal qruplar bu hadisədən lazımi nəticələr çıxarmalı, öz çirkin niyyətlərinə son qoymalıdır. 

Əfsuslar olsun ki, Nardaran qəsəbəsində baş verən bu hadisələr insan tələfatı ilə nəticələndi. Öz şərəfli xidməti vəzifələrini icra edərkən şəhid olanlara Allahdan rəhmət diləyir, ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa arzulayırıq.

Möhtərəm cənab Prezident, biz - Şəki bölgəsinin ziyalıları və dindarları Sizə və dövlətçiliyimizə daim sadiqik. Sizin siyasətinizi həmişə bəyənir, ətrafınızda sıx birləşir, bu kimi təxribatların qarşısının alınması istiqamətindəki səylərinizi dəstəkləyirik.

Allah-Təala daim Sizi qorusun, Sizin rəhbərliyinizlə doğma Azərbaycanımıza sülh, əmin-amanlıq, firavan həyat nəsib etsin.

 

Şəki bölgəsinin dindarları və ziyalıları adından dərin hörmətlə,

Məmmədov Kamran Əjdər oğlu

Nuriyev Rəhman Nadir oğlu

Şirinov Rüfət Tacı oğlu

Calalov Calal Məzahir oğlu və başqaları (cəmi 55 imza).

Azərbaycan Respublikası, Şəki rayonu.