04 dekabr 2015, 13:30

“Lahıc misgərlik sənəti”nin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsinə həsr olunmuş yığıncağın iştirakçılarından, İsmayıllı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Biz - İsmayıllı rayon ictimaiyyətinin nümayəndələri Sizin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xalqımızın milli, mədəni, mənəvi irsini dünya miqyasına çıxarmağınızdan sevinərək, xalqımıza layiq olduğu şərəfi yaşatdığınıza görə Sizə hədsiz minnətdarlığımızı bildiririk. Fəxr edir və qürur duyuruq ki, Sizin müasirinizik, rəhbərliyinizlə sürətli inkişafda olan Azərbaycanımızın yüksəlişində iştirak edirik.

2013-cü və 2014-cü illərdə İsmayıllıya səfərləriniz zamanı rayonda görülən işlərdən razı qalmağınız məsuliyyətimizi daha da artırır, bizi daha yaxşı işləməyə, rayonun gələcək inkişafını təmin etməyə ruhlandırır.

Bu günlərdə Lahıc sənətkarlarının və bütün İsmayıllı sakinlərinin sevincinə yeni bir sevinc qatıldı. Sizin ölkəmizdə yaratdığınız şəraitin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın hərtərəfli dəstəyinin nəticəsi olaraq “Lahıc misgərlik sənəti” UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edildi.

Lahıc sənətkarlarının əsərləri təkcə İsmayıllıda deyil, bütün respublikada və onun hüdudlarından kənarda da Azərbaycanın sənətkarlıq nümunələri kimi çox yüksək səviyyədə təbliğ edilir. 

Biz bu dəyərli hadisəni, milli özünütəsdiqin yeni bir yolunu ölkəmizin və bölgəmizin tarixinə, etnoqrafiyasına, xalq sənətkarlığına və onu yaşadanlara  verilən ən böyük qiymət kimi qəbul edirik. İsmayıllıya məxsus kəlağayı və misgərlik sənətlərinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına salınmasını beynəlxalq aləmdə Sizə və Mehriban xanıma olan böyük diqqət və hörmət əlaməti kimi qəbul edirik.

Möhtərəm cənab Prezident, uğurlu siyasətinizdən, qayğınızdan bol-bol bəhrələnən bütün İsmayıllı sakinləri adından qətiyyətlə bəyan edirik ki, biz dövlətimizin mövqeyini dəstəkləyirik, siyasətinizin icraçıları sırasında ön cərgələrdəyik, Azərbaycanımız, Ali Baş Komandanımızın sıravi əsgərləriyik.

Dərin hörmət və ehtiramla,

“Lahıc misgərlik sənəti”nin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsinə həsr olunmuş yığıncağın iştirakçıları.

Azərbaycan Respublikası, İsmayıllı rayonu.