Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Nursultan Nazarbayevə

15 dekabr 2015, 18:15

Hörmətli Nursultan Abişeviç,

Qazaxıstan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu gün dərin tarixi kökləri olan Azərbaycan-Qazaxıstan münasibətləri hərtərəfli və dinamik inkişaf yolundadır. Daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz, çoxşaxəli əməkdaşlığımız və fəaliyyətimiz ikitərəfli münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir.

Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz ortaq mənəvi dəyərlərə və ənənələrə malik xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 14 dekabr 2015-ci il.