İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda iştirak edib

26 yanvar 2016, 12:30
İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda iştirak edib

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib.

Prezident İlham Əliyev konfransda iştirak edib.

Dövlət başçısı konfransda giriş nitqi söyləyib.

Prezident İlham Əliyevin giriş nitqi

-Bu gün biz “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasını müzakirə edəcəyik. Üçüncü Proqram 2014-cü ildə qəbul edilmişdir, uğurla icra olunur. Hər il biz bu Proqramın icrasını müzakirə edirik. Gələcək fəaliyyət üçün istiqamətlər müəyyən edilir. Bir sözlə, bu Proqramın icrası çox uğurlu addımımızdır və 2004-cü ildə birinci Proqram qəbul olunanda məsələ elə qoyulmuşdur ki, Azərbaycanın regionları sürətlə inkişaf etməlidir. Regionlarda infrastruktur layihələri, iş yerləri, sosial müəssisələr yaradılmalıdır ki, ölkəmizin inkişafı hərtərəfli və dayanıqlı olsun. 

2015-ci ildə dünyada iqtisadi böhran daha dərinləşmişdir. Dünya iqtisadiyyatı hələ ki böhrandan çıxa bilmir. Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumunda iştirak edərkən bir daha bunun şahidi oldum ki, hələlik dünya iqtisadiyyatı ağır vəziyyətdə qalacaq. Buna baxmayaraq, 2015-ci ildə Azərbaycanda bir çox məsələlər öz həllini tapmışdır. İlin əvvəlində nəzərdə tutduğumuz bütün vəzifələr icra edilmişdir. O qədər də asan olmayan geosiyasi vəziyyəti və dünya iqtisadi böhranını nəzərə alsaq, əlbəttə ki, bu, bizim böyük uğurumuzdur. Çünki bizim bölgəmizdə qanlı toqquşmalar, müharibələr davam edir, yeni qarşıdurma ocaqları yaranır. Avropada həm iqtisadi böhran yaşanır, eyni zamanda, miqrantlarla bağlı vəziyyət gərginləşir.

Öz evlərini, yaxınlarını, əmlakını itirmiş insanlar Avropaya pənah gətirirlər və onları orada nələrin gözlədiyi hamımızın gözü qarşısında baş verir. Əfsuslar olsun ki, bu miqrant böhranı Avropada radikal qüvvələrin güclənməsinə gətirib çıxarır. Bu da həm Avropa üçün, həm bizim üçün, həm də dünya üçün çox böyük təhlükədir.

Azərbaycan uzun illərdir ki, dinlərarası, sivilizasiyalararası dialoqun güclənməsində öz rolunu oynayır. Ancaq əfsuslar olsun ki, biz dünya miqyasında dialoq əvəzinə qarşıdurma, anlaşılmazlıq, ədavət görürük.

Yəni, budur iqtisadi və geosiyasi vəziyyət. Bölgədə və dünyada yaşanan bu vəziyyət əlbəttə ki, bizi narahat edir. Lakin, eyni zamanda, biz bu vəziyyətdə daha da fəal işləməliyik, öz siyasətimizi uğurla aparmalıyıq və ölkə qarşısında duran bütün vəzifələri icra etməliyik.

Hesab edirəm ki, Azərbaycan 2015-ci ildə də bütün istiqamətlər üzrə uğurlu inkişaf dinamikasını saxlaya bilmişdir. Bizim beynəlxalq nüfuzumuz böyük dərəcədə artmışdır. Keçən il mən 20 xarici səfər etmişəm - rəsmi və işgüzar səfər. Azərbaycana 15-dən çox xarici dövlət və hökumət başçısı səfər etmişdir. Bu, özlüyündə bir göstəricidir. Bu onu göstərir ki, Azərbaycan beynəlxalq aləmdə çox fəal rol oynayır və Azərbaycana dünyada çox böyük rəğbət var. Bunu mən hər dəfə xarici səfərlərdə olarkən görürəm. Bu dəfə Davos Forumunda iştirak edərkən bir daha gördüm ki, ölkəmizin siyasətinə, mövqeyinə, prinsipiallığına, əldə edilmiş uğurlarımıza çox böyük rəğbət, hörmət var. Azərbaycan bu gün dünya miqyasında böyük hörmətə malik olan ölkədir.

Beynəlxalq təşkilatlarla əməkdaşlığımız uğurla davam edir. Üzv olduğumuz təşkilatlar çərçivəsində fəaliyyətimizi gücləndiririk. Bütün başqa təşkilatlarla da münasibətlərimizi qarşılıqlı hörmət əsasında qurmuşuq və bu münasibətləri dərinləşdirmək istəyirik. Hesab edirəm ki, 2016-cı ildə beynəlxalq təşkilatlarda fəaliyyətimiz daha da sürətlə aparılacaqdır.

Azərbaycanda ictimai-siyasi sabitlik qorunur, təmin edilir. Bunun başlıca səbəbi xalq-iqtidar birliyidir. Çünki bizim siyasətimiz Azərbaycan xalqının maraqlarını müdafiə edir. Mənim üçün Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqları hər şeydən üstündür. Gördüyümüz bütün işlərin mahiyyəti və məqsədi ondan ibarətdir ki, daha da güclü dövlət, xalqımız üçün daha da yaxşı şərait yaradaq ki, Azərbaycan xalqı rifah içində, təhlükəsizlik şəraitində yaşasın və inkişaf etsin.

Ona görə Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunması təbii haldır. Bir daha demək istəyirəm ki, xalqımızın milli həmrəylik, vahid amal ətrafında birləşməsi, düşünülmüş siyasət, əldə edilmiş uğurlar bu reallığı təmin edir. Baxmayaraq ki, ətraf bölgələrdə və dünyanın bir çox ölkələrində vəziyyət gərginləşir, daxili çəkişmələr, qarşıdurmalar baş verir. Belə olan vəziyyətdə əlbəttə ki, Azərbaycan nümunəsi dünya üçün də çox əhəmiyyətlidir və deyə bilərəm ki, bir çox yerlərdə Azərbaycan təcrübəsi öyrənilir.

Keçən il demokratik inkişaf istiqamətində önəmli addımlar atılmışdır. Azərbaycan demokratiya yolu ilə inamla irəliləyir. Bu, bizim şüurlu seçimimizdir. Mən tam əminəm ki, köklü iqtisadi islahatlar və iqtisadi inkişaf demokratik prosesdən ayrı təmin oluna bilməz. Ona görə Azərbaycanda siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılır və aparılacaq. Keçən ilin sonunda parlament seçkiləri də bizim demokratiyaya nə qədər sadiq olduğumuzu bir daha sübut etdi. İştirak etmiş bütün müşahidəçilərin rəyinə görə parlament seçkiləri şəffaf, ədalətli keçirilmişdir, Azərbaycan xalqının iradəsi və arzuları tam təmin edilmişdir. Seçkilərin nəticələri bizim son illər ərzində apardığımız siyasətimizə çox böyük dəstəkdir. Çünki mən bu seçkilərin nəticələrini belə qəbul edirəm: Azərbaycan xalqı bir daha bizim siyasətimizə öz böyük dəstəyini göstərmişdir. Buna görə mən Azərbaycan vətəndaşlarına minnətdaram və Azərbaycan xalqını bir daha əmin etmək istəyirəm ki, dünyada baş verən bütün hadisələrə, böhranlara baxmayaraq, Azərbaycan bundan sonra da inamla inkişaf edəcəkdir.

Keçən il bizim iqtisadi inkişafımız təmin edilmişdir. Baxmayaraq ki, əvvəlki illərlə müqayisədə ümumi daxili məhsulun artması o qədər də böyük rəqəmlərlə ölçülmür, cəmi 1,1 faiz artmışdır. Ancaq indiki vəziyyətdə neftin qiymətinin dörd dəfə düşməsini nəzərə alaraq, hesab edirəm ki, bu, müsbət nəticədir. Ən müsbət nəticə isə ondan ibarətdir ki, qeyri-neft sənayemiz 8,4 faiz artmışdır. Bax, budur, əsas göstərici. Çünki bu, onu göstərir ki, ölkəmizdə aparılan sənayeləşmə siyasəti öz bəhrəsini verir.

Kənd təsərrüfatı, - bu sahəyə də son vaxtlar xüsusi diqqət göstərilir, - 6,6 faiz artmışdır. Yəni, budur əsas göstəricilərimiz. Bu, onu göstərir ki, hətta böhranlı illərdə də biz inkişaf edirik, edəcəyik. Bu il icra ediləcək layihələr, - bu barədə hələ biz danışacağıq, - imkan verəcək ki, 2016-cı ildə də ölkə iqtisadiyyatı inkişaf etsin, yeni iş yerləri, sənaye müəssisələri yaradılsın və biz bu dinamikanı nəinki saxlaya, hətta sürətləndirə bilək.

2015-ci il enerji sektorunda yaddaqalan il olmuşdur. “Cənub” qaz dəhlizinin icrası istiqamətində çox önəmli addımlar atılmışdır. Bildiyiniz kimi, ilin əvvəlində “Cənub” qaz dəhlizinin Məşvərət Şurasının Bakıda birinci iclası keçirilmişdir. Tədbirdə bu dəhlizin icrasında iştirakçı olan ölkələrin yüksək vəzifəli şəxsləri iştirak edirdilər. Konkret proqram təsdiq olunmuşdur. Birgə Bəyannamə qəbul edilmişdir ki, orada da Azərbaycanın bu dəhlizin reallaşmasında xüsusi və aparıcı rolu qeyd edilmişdir. “Cənub” qaz dəhlizi Avropa üçün enerji təhlükəsizliyi layihəsidir. Bizim üçün isə bu dəhlizin reallaşması əlavə siyasi, maliyyə, iqtisadi imkanları yaradacaqdır. İmkan verəcək ki, bizim zəngin qaz resurslarımız dünya bazarlarına bundan sonra onilliklər ərzində ixrac edilsin. Bu da həm bizə iqtisadi mənfəət gətirəcək, valyuta axını təmin ediləcək və bizim dayanıqlı inkişafımız daha da möhkəm olacaqdır.

Bu il “Cənub” qaz dəhlizinin icrası ilə bağlı əlavə tədbirlər görüləcək. Bildiyiniz kimi, “Cənub” qaz dəhlizi dörd layihədən ibarətdir -“Şahdəniz”, Cənubi Qafqaz kəməri, TANAP, TAP. Hər bir layihə üzrə işlər uğurla icra edilir.

Keçən il Azərbaycan özünü dünyaya çox güclü tranzit ölkəsi kimi təqdim edə bilmişdir. Bildiyiniz kimi, nəqliyyat infrastrukturuna qoyulan sərmayə bu imkanları yaradır. Bu gün Şərqdən Qərbə, Şimaldan Cənuba gedən yollar Azərbaycandan keçir. Bu da dünya üçün yenilikdir. Bunu biz yaratmışıq. Sərmayələri qoymaqla, gözəl biznes mühitini yaratmaqla biz Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzinə çeviririk. Keçən il və bu il bu istiqamətdə çox önəmli addımlar atılmışdır. Artıq nəinki Orta Asiyadan, hətta Çindən, Cənubi Koreyadan Avropaya Azərbaycan ərazisindən yüklər getməyə başlamışdır.

Eyni zamanda, biz tarixdə ilk dəfə bu tarixi “İpək Yolu”nu bərpa edirik. Bununla bərabər, ilk dəfə olaraq Avropadan Asiyaya, yəni, Ukraynadan Çinə yüklər Azərbaycan ərazisindən getməyə başlamışdır. Əvvəlki illərdə Türkiyədən Orta Asiyaya Gürcüstan və Rusiya ərazilərindən gedən yüklər indi Asiyaya Azərbaycan ərazisindən, Xəzər dənizi üzərindən gedir.

Yəni, bütün bu imkanları biz yaratmışıq. Əgər biz bu işlərlə məşğul olmasaydıq, bu gün Azərbaycan tranzit ölkəsi ola bilərdimi? Əgər biz təşəbbüs göstərib 2012-ci ildə Türkiyə ilə birlikdə TANAP layihəsinə imza atmasaydıq, bu gün “Cənub” qaz dəhlizi haqqında kimsə danışa bilərdimi? Bu gün Avropanın enerji təhlükəsizliyini kimsə bizsiz təmin edə bilərdimi? Bunları biz edirik. Nəyə görə? Çünki bu, bizim xalqımıza lazımdır. Bu, bizim dövlətimizi, ölkəmizi gücləndirir və bizim maraqlarımıza xidmət edir.

2015-ci ildə bütün sosial proqramlar icra edilmişdir. Mən bir daha demək istəyirəm, baxmayaraq ki, bu il də bizim maliyyə vəziyyətimiz əvvəlki illərdəki kimi deyil, bir dənə də olsun sosial proqram ixtisar edilməyəcək. Əksinə, bildiyiniz kimi, bu il maaşlar, pensiyalar, sosial müavinətlər qaldırılmışdır. Bu da bizim sosial siyasətimizin əsasını təşkil edir.

Bir sözlə, hesab edirəm ki, keçən il ölkəmiz üçün uğurlu olmuşdur. Dünya iqtisadiyyatı stress vəziyyətindədir. Neftin qiyməti dörd dəfə düşmüşdür. Biz axıra qədər çalışırdıq ki, manatın məzənnəsini sabit saxlayaq və buna müəyyən dərəcədə nail ola bilmişik. Ancaq neftin qiymətinin dörd dəfə aşağı düşməsi və qonşu ölkələrdə milli valyutaların 100 faizdən çox aşağı düşməsi imkan vermədi ki, biz manatın məzənnəsini istədiyimiz səviyyədə saxlaya bilək. Ancaq o da həqiqətdir ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və milli valyutamızı süni şəkildə istədiyimiz səviyyədə saxlaya bilmərik.

Ancaq görülmüş tədbirlər nəticəsində sosial müdafiə paketinin təqdim edilməsi, qiymətlərə nəzarət, eyni zamanda, çox dərin iqtisadi islahatların aparılması bizə imkan verəcək ki, bu vəziyyətdən də uğurla çıxa bilək. 2016-cı il çox ciddi iqtisadi islahatlar ili olmalıdır və olacaqdır. Artıq müvafiq qərarlar qəbul edilmiş, qanunvericiliyə dəyişikliklər olunmuşdur. Mən bir neçə fərman, sərəncam imzalamışam. Əlavə sərəncamlar imzalanacaq ki, biz bu il iqtisadiyyatımızı daha da gücləndirək. Bu islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı şəffaflığına görə dünyanın aparıcı ölkələrinin iqtisadiyyatlarından fərqlənməsin. Əminəm ki, biz bunu birgə səylərlə təmin edəcəyik.

Demək istəyirəm ki, 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı bütövlükdə tarixi hadisədir və tarixi nailiyyətdir. Bu illər ərzində ölkəmiz sürətlə inkişaf edib. Biz infrastruktur layihələrini icra etmişik. Bu illər ərzində - 2004-cü ildən bu günə qədər ölkəmizdə 25 elektrik stansiyası tikilmişdir. Ümumi elektrik stansiyalarının sayı 34-dür, 25-i son 12 il ərzində tikilmişdir.

2004-cü ildə rayonlarda demək olar ki, qaz yox idi. Mənim rayonlara səfərlərim zamanı insanların ən böyük arzuları ondan ibarət idi ki, xahiş edirik bizi qazla təmin edin. Amma biz özümüz-özümüzü təmin edə bilmirdik. Biz 2007-ci ilə qədər qazı xaricdən alırdıq. Bu gün Azərbaycanda qazlaşdırma 90 faizə yaxınlaşır, bölgələrdə isə bütün şəhərlər 100 faiz qazlaşdırılıb. Hətta sovet dövründə heç vaxt qaz görməyən yerlərə də biz qaz xətləri çəkdik. Bu gün bölgələrdə qazlaşdırma 80 faizə yaxındır.

Son 12 il ərzində on min kilometrdən çox yol çəkilmişdir. Bizim bir dənə də olsun magistral yolumuz yox idi. Yəqin ki, çoxları bunu xatırlamır, hansı vəziyyətdə idi bizim yollarımız. İndi magistral yollar - şəhərləri, başqa ölkələri birləşdirən yollar çəkilib və çəkilir, kənd yolları on min kilometrdir. Hesab edirəm bu il kənd yollarının çəkilişi üçün əlavə vəsait ayrılmalıdır ki, biz bu proqramı təxirə salmayaq.

İçməli su layihələri bir çox şəhərlərdə artıq icra edilib, 24 saat fasiləsiz təmiz, beynəlxalq standartlara, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir. Bu layihələr davam edir, davam edəcəkdir. Bütün şəhərlərdə əhaliyə 24 saat fasiləsiz, təmiz içməli su verilməlidir. Bununla bərabər, çaylar boyu yerləşən kəndlərdə təmizləyici qurğular yaradılmışdır. Yarım milyon insan bax o imkanlardan istifadə edir. Əvvəllər onlar çaylardan, kanallardan su içirdilər.

Budur gördüyümüz işlər. Sosial sahədə nə qədər böyük işlər görülüb. Sosial infrastruktur yaradılıb. 12 il ərzində üç minə yaxın məktəb, 600-ə yaxın xəstəxana tikilib, təmir edilib. Cəmi məktəblərimizin sayı təqribən 5 minə yaxındır, üç mini 12 ildə tikilib. Bölgələrdə 41 Olimpiya Mərkəzi tikilib. Hələ mən Bakını demirəm. Bakı artıq Avropa Oyunlarına ən yüksək səviyyədə ev sahibliyi edibdir.

Maaşlar təxminən beş dəfə, pensiyalar yeddi dəfə artıb. 89 köçkün qəsəbəsi tikilmişdir, 225 min insan yeni evlərə, mənzillərə köçürülmüşdür. Hesab edin ki, böyük bir şəhər tikmişik, yaratmışıq.

Digər istiqamətlər üzrə də nəticələr çox müsbətdir. Biz sahibkarlığın inkişafına böyük dəstək vermişik. Güzəştli şərtlərlə 1,7 milyard manat kreditlər verilmişdir. Əgər biz bu ili də nəzərə alsaq 2 milyard manat təşkil edəcəkdir. Azərbaycana 200 milyard manat sərmayə qoyulmuşdur. Onun yarısı xarici sərmayədir. Əgər biz sabitliyi, inkişafı, gözəl biznes və investisiya mühitini yaratmasaydıq, hansı xarici şirkət buraya sərmayə qoya bilərdi? İndi sabitliyi pozulmuş ölkələrə baxın, heç kimsə sərmayə qoyur?! Qoymur və təbiidir, kim risk edəcək! Biz indi özümüz, - indi bizim vəsaitimiz var, - gedib haradasa sabitliyi olmayan ölkəyə sərmayə qoya bilərikmi? Əlbəttə ki, yox.

Ona görə bütün bunları biz yaratmalı idik. Azərbaycan xalqının xoşbəxtliyi ondan ibarətdir ki, 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəldi, bütün xoşagəlməz proseslərə, vətəndaş müharibəsinə son qoydu, siyasi, iqtisadi islahatlara start verdi və ölkə 1996-cı ildən sonra yavaş-yavaş inkişaf etməyə başladı. 1996-cı ilə qədər sabitləşmə dövrü gedirdi. Baxın, əvvəlki rəhbərlik Azərbaycanı hansı vəziyyətə qoymuşdu. Hətta ulu öndər Heydər Əliyev üçün təxminən üç il vaxt lazım idi ki, vəziyyət sabitləşsin və biz inkişafa qədəm qoyaq.

Bu gün Azərbaycan dünya miqyasında seçilmiş ölkələrdəndir, ləyaqətli ölkədir, müstəqil siyasət aparan ölkədir. Bizim gücümüzün mənbəyi Azərbaycan xalqıdır və güclü iqtisadiyyatdır. Çünki əgər biz iqtisadi müstəqilliyi təmin etməsəydik, başqa ölkələrdən asılı vəziyyətə düşə bilərdik və düşəcəkdik. Necə ki, indi biz bəzi ölkələri görürük. Əgər özü-özünü təmin edə bilmirsə, bunun başqa yolu yoxdur, gərək başqasının iradəsi ilə hərəkət etsin.

Biz özümüz-özümüzü təmin edirik. Düzdür, keçən il çətin il olmuşdur. Amma nə olar, biz çətinliklə də üzləşməliyik. 1990-cı illərdən çətin dövr olmamışdır. Olur, indi dünya iqtisadiyyatı dövri xarakter daşıyır. Biz uzun illər ərzində yüksələn xətlə getmişik. İndi dünya iqtisadiyyatında bizdən asılı olmayan səbəblərə görə tənəzzül yaşanır. Biz də dünya iqtisadiyyatının bir parçasıyıq. Biz axı özümüzü dünya birliyindən, iqtisadiyyatından təcrid etməmişik. Biz inteqrasiya etmişik, açıq bazar siyasəti, liberal iqtisadi siyasət aparırıq. Ona görə bizə də təsir edir. Eybi yoxdur, biz inamla inkişaf edəcəyik. Biz qarşıda duran bütün vəzifələri icra etməliyik.

Yenə də demək istəyirəm ki, son 12 il ərzində biz böyük, şərəfli yol keçmişik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrini icra etmişik. Bakı-Tbilisi-Qars layihəsi bu il başa çatır.

Azərbaycan bu illər ərzində kosmik dövlətə çevrilib. Təsəvvür edin, Azərbaycan kosmik dövlətə çevrilir. Kosmik sənayenin, informasiya-kommunikasiya texnologiyalarının inkişafı bizim üçün prioritet məsələlərdən biridir.

Azərbaycan bu illər ərzində dünyada multikulturalizmin inkişafına çox böyük töhfələr vermişdir. Təsadüfi deyil ki, bu il Bakıda Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçiriləcəkdir. Bu, qlobal forumdur, BMT-nin himayəsi altında keçiriləcəkdir. Budur bizim uğurlarımız, töhfəmiz, reallıqlarımız. Əminəm ki, bu il biz uğurlu inkişafı təmin edəcəyik. Baxmayaraq ki, son 12 il ərzində bir milyon 500 min yeni iş yeri açılmışdır, yenə də iş yerlərinin açılmasına ehtiyac var, bu barədə də danışacağıq. Əminəm ki, 2016-cı ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra ediləcəkdir.

                                                                                                      X X X

İqtisadiyyat naziri Şahin MUSTAFAYEV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli konfrans iştirakçıları.

2015-ci ildə Azərbaycanın sosial-iqtisadi inkişafı olduqca mürəkkəb xarici iqtisadi mühit, o cümlədən dünya enerji bazarında qeyri-sabitlik, əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının devalvasiyası, bunun nəticəsi kimi ölkənin gəlirlərinin azalması, manata təzyiqlərin artması ilə müşayiət olunub. Cənab Prezident, neftin qiymətinin yüksək olduğu dövrlərdə də, iqtisadi sahədə apardığınız siyasətin başlıca istiqaməti neft amilindən asılılığın azaldılmasından və qeyri-neft sektorunun inkişafından ibarət olub.

Buna görə də vaxtında qəbul etdiyiniz müdrik qərarlar sayəsində Azərbaycan analoji problemlərlə üzləşən ölkələr arasında böhran vəziyyətindən ən az itkilərlə çıxan ölkədir. İlin yekunları ilə bağlı Nazirlər Kabinetinin iclasında və sosial-iqtisadi məsələlərin həllinə həsr olunmuş müşavirədə qarşıya qoyduğunuz vəzifələr bu mürəkkəb şəraitdə ölkəmizin strateji inkişaf proqramıdır.

Azərbaycanın davamlı inkişafının və iqtisadi dayanıqlılığının təmin olunmasında sözsüz ki, ölkədə yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin, bu siyasətin prioritet istiqamətlərindən olan regionların sosial-iqtisadi inkişafı proqramlarının müstəsna əhəmiyyəti vardır.

2004-cü ildən uğurla icra olunan bu proqramlar bölgələrdə iqtisadi potensialın artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə şərait yaradıb.

Keçən il ərzində proqrama uyğun olaraq və ötənilki konfransda verdiyiniz tapşırıqların yerinə yetirilməsi üçün zəruri tədbirlər həyata keçirilib, regionların inkişafına bütün mənbələr hesabına 3,6 milyard manat vəsait yönəldilib. O cümlədən, Sizin bölgələrə çoxsaylı səfərləriniz nəticəsində şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi və bir sıra mühüm layihələrin icrası ilə bağlı imzaladığınız sərəncamlarla 169 milyon manat vəsait ayrılıb.

Hesabat ilində regionlarda infrastruktur layihələrinin icrası, o cümlədən yol-nəqliyyat, elektrik, qaz və su təchizatı infrastrukturunun yenilənməsi işləri davam etdirilib.

İl ərzində 400 kilometrdən artıq ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 12 yeni körpü və yolötürücüləri tikilib və ya təmir olunub. Tapşırığınıza əsasən kənd yollarının tikintisi davam etdirilib, əhalisi 351 min nəfər olan 245 yaşayış məntəqəsini birləşdirən 590 kilometrdən artıq kənd yolu çəkilib.

Ötən il regionlarda 2 elektrik stansiyası istifadəyə verilib, 1289 transformator və 20 yarımstansiya quraşdırılıb və ya təmir olunub, 8200 kilometrdən artıq elektrik və 12500 kilometrə yaxın qaz xətləri çəkilib, 43 rayon üzrə 430 yaşayış məntəqəsi təbii qazla təmin edilib, qazlaşdırma səviyyəsi 90 faizə, o cümlədən regionlar üzrə 80 faizə çatıb.

Su təchizatının yaxşılaşdırılması işləri davam etdirilib, əhalisi 175 min nəfər olan 4 şəhərdə su təchizatı layihəsi başa çatıb, regionlarda 750 kilometr su, 391 kilometr kanalizasiya xətti çəkilib, 125 minə yaxın əhalisi olan 58 yaşayış məntəqəsində modul tipli təmizləyici qurğular quraşdırılıb, əhalisi 630 min nəfərə yaxın olan 34 şəhər və rayonun 241 yaşayış məntəqəsində 300 subartezian quyusu qazılıb.

Hesabat ilində Bərdədə “ASAN xidmət”in fəaliyyətə başlaması ilə regionlarda onların sayı 4-ə çatıb və bu il Masallı və Qəbələdə də “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması nəzərdə tutulur.

Cənab Prezident, gəlirlərin azalmasına baxmayaraq, ötən ildə də bütün sosial proqramlar siyasətinizə uyğun olaraq, tam həcmdə icra olunub. Regionlarda 39 məktəb, 37 bağça, 55 səhiyyə, 13 gənclər və idman, 33 mədəniyyət obyekti tikilib və ya əsaslı təmir olunub. Məcburi köçkünlər üçün 5 yeni yaşayış kompleksi salınıb, 3 min ailənin və ya 15 min məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi önəm verilib, Tərtər rayonunda 54 mənzilli yaşayış binası, 11 rayonda 82 fərdi ev tikilib.

Əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə dərmanların qiymətlərinin tənzimlənməsi barədə tapşırığınızın icrası nəticəsində 5050 dərman vasitəsinin qiyməti artıq təsdiq edilib və manatın məzənnəsində baş verən dəyişikliklərə baxmayaraq, bu dərman vasitələrinin qiymətləri əhəmiyyətli dərəcədə endirilib.

Eləcə də, tapşırığınıza əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı əlavə dəyər vergisindən azad olunub, bunun nəticəsində unun topdansatış qiyməti azaldılıb, unun və çörəyin pərakəndə satış qiyməti əvvəlki səviyyədə saxlanılıb.

Həmçinin qlobal böhran şəraitində digər ölkələrdən fərqli olaraq, müvafiq sərəncamlarınızla əməkhaqqı, pensiya və müavinətlərin artırılması və digər sosial tədbirlər insanlara dövlət səviyyəsində göstərilən qayğının ən bariz göstəriciləridir.

Sosial layihələrin reallaşdırılmasında mühüm rolu olan Heydər Əliyev Fondu tərəfindən görülən işlər əhalinin rifahının artmasına əhəmiyyətli töhfəsini verir.

Cənab Prezident, qeyri-neft sektorunun inkişafında mühüm rol oynayan qeyri-neft sənayesində müasir müəssisələrin yaradılmasının dəstəklənməsi, sənaye parklarının və məhəllələrinin təşkili işləri davam etdirilib, 270-dək sənaye müəssisəsi, o cümlədən texniki avadanlıqlar, iri qabaritli transformatorlar, metal konstruksiyalar, beton məmulatları zavodları, tekstil fabriki və digər müəssisələr açılıb, bir sıra mühüm sənaye obyektlərinin tikintisinə başlanılıb, ötən il sənaye məhsulu 2,4 faiz, o cümlədən qeyri-neft sənayesi 8,4 faiz artıb.

Tapşırığınıza uyğun olaraq, Mingəçevir Sənaye Parkının yaradılmasına başlanılıb, Neftçala Sənaye Məhəlləsində isə yaxın üç ay ərzində sahibkarlar tərəfindən ümumi investisiya məbləği 20 milyon manatdan çox olan 7 layihə üzrə müəssisələrin qurulmasına başlanacaq və bunun nəticəsində 380 yeni iş yeri açılacaq.

Son illərdə sənayenin inkişaf etdirilməsi tədbirləri və müasir sənaye müəssisələrinin yaradılması nəticəsində xüsusilə bir sıra tikinti materiallarına olan tələbat yerli istehsal hesabına ödənilməklə bərabər, həmin məhsulların istehsalı prosesində xarici xammaldan istifadə səviyyəsi azalmağa başlayıb.

Tərəfinizdən 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi, bu çərçivədə fermerlərə satılan gübrəyə, yanacaq və motor yağlarına görə subsidiyaların artırılması, “Aqrolizinq” xətti ilə gətirilən texnikaya yeni güzəştlərin tətbiqi və digər tədbirlər aqrar sahənin inkişafına mühüm töhfəsini verir. Ötən il, həmçinin aqrar sahədə 5100 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 213 milyon manata yaxın güzəştli kredit verilib.

Son illərdə dövlətin güzəştli kreditləri hesabına 43 müasir quşçuluq və 25 heyvandarlıq kompleksinin, 39 intensiv bağçılıq təsərrüfatının, 53 logistik mərkəzin və 22 taxıl anbarının, 16 meyvə-tərəvəz emalı, 9 süd emalı, 8 ət emalı müəssisəsinin, 28 çörək zavodunun, 46 istixana kompleksinin, 6 yem zavodunun və digər müasir müəssisələrin yaradılması aqrar sektorda dönüşün əldə olunmasına, ixrac potensialının artmasına, idxaldan asılılığın azalmasına, ümumilikdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə səbəb olub, ötən il əsas ərzaq məhsulları üzrə özünütəminat səviyyəsi artmaqda davam edib.

Tapşırığınıza uyğun olaraq hazırda 19 rayonda 40 min hektardan artıq sahədə 29 iri fermer taxılçılıq təsərrüfatının yaradılması başa çatıb və məhsuldarlıq hər hektardan 58-60 sentner təşkil edir. Şəmkir və Xaçmaz rayonlarında yaradılan aqroparklarda birinci mərhələ üzrə işlər yekunlaşmaq üzrədir.

Möhtərəm cənab Prezident, Sizin “ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinizə uyğun olaraq biznes və investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən sistemli tədbirlər bu gün xüsusilə böyük əhəmiyyət kəsb edir. Ötən ilin sonlarında sahibkarlığın inkişafı ilə bağlı verdiyiniz mühüm qərarlar biznes mühitinin yaxşılaşdırılması istiqamətində yeni mərhələnin başlanğıcı olub.

Belə ki, sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə və “Elektron lisenziya” portalının yaradılmasına başlanılıb.

2015-ci ildə sahibkarların maarifləndirilməsi, onlara metodiki köməyin, məsləhət və informasiya xidmətlərinin göstərilməsi məqsədilə ölkədə 3 mindən artıq sahibkarın iştirakı ilə 132 tədbir keçirilib, son illərdə 256 sahibkarın Almaniyada iqtisadi kooperasiya üzrə ixtisas artırması təşkil olunub.

Özəl sektora maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən hesabat ilində 5243 sahibkara 248,5 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 12600-dək yeni iş yerinin açılması üçün şərait yaradılmışdır. Kreditlərin 40 faizi büdcə, 60 faizi isə qaytarılmış vəsaitlər hesabına verilib. Həmin kreditlərin 64 faizi regionların payına düşür.

Regionlarda sahibkarların uzun illərdir banklarda üzləşdikləri girov probleminin həlli üçün kiçik həcmli güzəştli kreditlərin girovsuz verilməsi məqsədilə 32 bank olmayan kredit təşkilatı əməkdaşlığa cəlb edilib və onların vasitəsilə 7 minədək fermerə 53 milyon manat kredit verilib.

İnvestisiya imkanlarının təşviqi və yeni bazarlara çıxış məqsədilə 84-ü xaricdə olmaqla, 261 biznes forum, sərgi, “dəyirmi masa” və s. tədbirlər keçirilib, ölkənin investisiya mühiti təqdim olunub. Tapşırığınıza uyğun olaraq, Qazaxıstanın Aktau şəhərində logistik mərkəz tikilib və fəaliyyətə başlayıb.

Ümumilikdə, ötən il 84 mini daimi olmaqla 110 min yeni iş yeri açılıb, eyni zamanda, müxtəlif səbəblərdən 40 min iş yeri bağlanıb. Qarşıdakı illərdə məşğulluğun artırılması məqsədilə regionlarda ənənəvi istehsal sahələrinin, o cümlədən pambıqçılığın, tütünçülüyün, eləcə də xalçaçılığın və digər sənətkarlıq növlərinin inkişaf etdirilməsi üçün müvafiq tədbirlər görüləcək.

Cənab Prezident, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı qəbul etdiyiniz qərarlar sözsüz ki, sahibkarlığın daha da inkişafına və xarici investisiyaların cəlb edilməsinə, qeyri-neft ixracının artırılmasına səbəb olacaq və bununla da həm regionların, həm də ümumilikdə qeyri-neft sektorunun inkişafına güclü təkan verəcək.

Məruzə edirəm ki, İqtisadiyyat Nazirliyi tərəfindən Dövlət Proqramının məqsədlərinə uyğun olaraq, qarşıdakı illər üçün hər bir regionun iqtisadi potensialı və əhalinin məşğulluq səviyyəsi nəzərə alınmaqla ilkin dəyəri 1,5 milyard manat olan 150-dən çox investisiya layihəsi hazırlanıb. Bu layihələrin icrasına Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri, yerli və xarici investisiyalar cəlb olunacaq.

Yuxarıda qeyd olunduğu kimi, ölkə iqtisadiyyatının şaxələndirilməsinin təmin olunması məqsədilə Sizin rəhbərliyinizlə geniş infrastruktur quruculuğu aparılıb və yerli istehsalın inkişafı üçün münbit şərait yaradılıb. Hazırkı dövrdə əlavə valyuta tələbi yaradan, idxalı əvəzedən və ölkəyə valyuta gətirən ixracyönümlü yerli istehsalın genişlənməsinin sürətləndirilməsi məqsədilə dövlət tərəfindən konkret layihələrə yönəldilən infrastruktur dəstəyi yerli istehsalın daha sürətli artımına, dövlət investisiyalarının məqsədyönlü və səmərəli istifadəsinə, əhalinin məşğulluğuna öz töhfəsini verəcəkdir.

İnvestisiyaların təşviqi ilə bağlı imzaladığınız sənədlərə əsasən vergi, gömrük və digər güzəştlərin bu layihələrə də şamil edilməsi onların uğurlu icrasına stimul yaradacaq, nəticədə istehsal və emal sənayesinin xammal təminatı möhkəmlənəcək və xarici amillərdən asılılıq əhəmiyyətli dərəcədə azalacaq, 15 mindən çox yeni iş yeri yaradılacaq.

Təşəbbüsünüzlə satınalmalar qanunvericiliyinə edilmiş dəyişikliklər, o cümlədən tenderlərdə yerli sahibkarlara güzəştin 20 faizədək müəyyən edilməsi onların layihəni qazanmaq imkanını artırmaqla, yerli istehsalın inkişafına əlavə stimul verəcək.

Möhtərəm cənab Prezident, çıxışımın sonunda əminliklə bildirmək istərdim ki, dünya ölkələrinin üzləşdiyi mürəkkəb problemlər fonunda Azərbaycanın dayanıqlı inkişafı, bütün sosial proqramların davam etdirilməsi bir daha sübut edir ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyaya əsaslanan alternativsiz siyasətiniz qarşıdakı illərdə də milli iqtisadiyyatı dünyada gedən mənfi proseslərdən qoruyacaq, ölkəmizin, o cümlədən regionların davamlı inkişafını təmin edəcək.

Diqqətinizə görə təşəkkür edirəm.

                                                                                                         X X X

“Mətanət-A” şirkətinin baş direktoru Elxan BƏŞİROV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli konfrans iştirakçıları.

Heç kimə sirr deyil ki, respublikamızın regionda iqtisadi güc və söz sahibinə çevrilməsi, dünyanın qabaqcıl texnologiyalarının Azərbaycanda tətbiqinə şərait yaradılması, müasir istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması və əhalinin həyat və fəaliyyət şəraitinin yaxşılaşdırılması istiqamətində əldə olunan bütün nailiyyətlər, cənab Prezident, Sizin fədakar əməyinizin, apardığınız uğurlu siyasətin nəticəsidir. Bütün bunlara görə Sizə çox minnətdarıq.

Möhtərəm cənab Prezident, Sizin sənayeləşmə siyasətinizə uyğun olaraq, son illər həyata keçirilən sənayeləşmə tədbirləri çərçivəsində qeyri-neft sahələrində əldə edilmiş uğurlarla yanaşı, sənayenin şaxələndirilməsi genişləndirilib və bu sahədə yeni obyektlər istifadəyə verilib. Sənaye sahəsində, o cümlədən tikinti materiallarının istehsalı sahəsində həyata keçirilən ardıcıl və sistemli tədbirlər, qabaqcıl təcrübəyə əsaslanan müəssisələrin yaradılması rəqabətqabiliyyətli məhsul istehsalını genişləndirməklə yanaşı, idxalın əvəzlənməsinə və ölkəmizin özünütəminetmə səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərib.

Cənab Prezident, şirkətimiz 2000-ci ildə yaradılıb və ölkəmizin tikinti materialları sənayesi sahəsində öz layiqli yerini tutub. Hazırda şirkətimizin tərkibinə Abşeron rayonunda quru inşaat qarışıqları, boya və beton qatqıları zavodları, Qazax rayonunda tikilməkdə olan əhəng zavodu, Qaradağda gips hörgü bloku, ağdağ gips və yeni ağdağ gips zavodları olmaqla 7 zavod daxildir. Bu zavodlarda istehsal olunan məhsullar rəqabətədavamlı, idxalı əvəz edən, həm də ixracyönümlüdür. Uğurlu innovasiya siyasəti aparmaqla istehsal prosesinə nanotexnologiya, nou-hau və smart texnologiyalar tətbiq edilir və artıq bir neçə patentləşdirilmiş ixtiranın müəllifiyik. Bunlardan biri dünyanın əksər ölkələrində patentləşdirilmiş FASNATURAL məhsuludur. 1000-dən çox məhsul çeşidinə və 200-dən çox ticarət markasına malik olan şirkətimizdə 800 nəfərə yaxın işçi çalışır.

İstehsal fəaliyyətimizin genişləndirilməsinə ümumilikdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2,5 milyon manat güzəştli kredit verilib. Zavodlarımızda müasir texnologiyanın tətbiqi enerji məsrəflərinin azalmasına və məhsulun maya dəyərinin aşağı düşməsinə səbəb olub. Bunun nəticəsində istehlakçılara daha münasib qiymətlərlə onların tələbatına uyğun yüksək keyfiyyətli tikinti məhsullarının təqdim edilməsini həyata keçiririk.

Möhtərəm cənab Prezident, Sizin qeyri-neft ixracının artırılması və coğrafiyasının genişləndirilməsi siyasətinizə uyğun olaraq artıq öz hədəflərimizi müəyyənləşdirmişik. Belə ki, şirkətimiz tərəfindən dörd yeni zavodun inşası ilə bağlı ilkin araşdırma və layihələndirmə işlərinə başlamışıq. Bunlar Qaradağ rayonunda illik istehsal gücü 8 milyon kvadratmetr olan gips karton və 35 min ton olan mineral yun, Qazax rayonunda 50 min ton olan əhəng və Balaxanıda 300 min ton kvars qumunun zənginləşdirilməsi zavodlarıdır. Bu zavodların yaradılmasına ümumilikdə 105 milyon manat investisiya qoyulacaq və dövlətin güzəştli kreditlərindən də istifadə olunacaq. İstehsal ediləcək məhsullar hesabına daxili tələbatın ödənilməsi tam təmin olunmaqla yanaşı, əsasən ixraca yönəldiləcək. Zavodların yaradılması nəticəsində 1500 yeni iş yeri açılacaq.

Cənab Prezident, bizi bu işlərin həyata keçirilməsinə ruhlandıran Sizin sahibkarlara olan ən yüksək qayğınız və inamınızdır. Bu da qarşımızda duran vəzifələrin həyata keçirilməsində məsuliyyətimizi daha da artırır. Səmərəli fəaliyyət göstərməyimiz üçün yaratdığınız bütün imkanlara görə Sizə böyük kollektivimiz adından bir daha dərin minnətdarlığımı bildirirəm.

Diqqətinizə görə təşəkkür edirəm.

                                                                                                      X X X

Qusar Logistika Mərkəzinin və Bağçılıq Təsərrüfatının baş direktoru Elnur MƏNSİMOV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli konfrans iştirakçıları.

Ölkəmizin regionda iqtisadi güc və söz sahibinə çevrilməsi, iqtisadiyyatımızın sürətli inkişafı, dünyanın qabaqcıl texnologiyalarının Azərbaycanda tətbiqinə şərait yaradılması, müasir istehsal və emal müəssisələrinin inşası, əhalinin həyat və fəaliyyət şəraitinin yaxşılaşdırılması istiqamətində əldə olunan bütün nailiyyətlər, cənab Prezident, Sizin fədakar əməyinizin, apardığınız uğurlu siyasətin nəticəsidir. Bütün bunlara görə Sizə çox minnətdarıq.

Möhtərəm cənab Prezident, sahibkarlıq fəaliyyətimizə Rusiya Federasiyasında meyvə və tərəvəz məhsullarının topdansatışı ilə başlamışıq. Ölkəmizdə investisiya və sahibkarlıq mühitinin daha da cəlbedici olması və Sizin sahibkarlara göstərdiyiniz siyasi, iqtisadi və mənəvi dəstəyə arxalanaraq fəaliyyətimizi doğma vətənimizdə də davam etdirməyə başladıq.

İlk olaraq sərmayə qoyuluşuna Qusar rayonunda 50 hektar intensiv alma bağlarının salınması ilə başladıq və əsas hədəfimiz dünyanın ən son texnologiyalarını tətbiq etməklə beynəlxalq tələblərə cavab verən kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanılması və satışı üzrə logistik mərkəz yaratmaq və intensiv üsullarla meyvə bağları salmaqdır. Ümumi dəyəri 12 milyon manat, tutumu 12 min ton olan logistik mərkəzin inşası layihəsinin reallaşdırılmasında dövlətin 5 milyon manat güzəştli kredit vəsaitindən istifadə etdik. Tikinti-quraşdırma işlərinə 2014-cü ilin əvvəlindən başlasaq da, dövlətimizin hərtərəfli dəstəyi və qayğısı nəticəsində qısa vaxt ərzində layihəni uğurla başa çatdırdıq. Logistik mərkəzin tikintisində Almaniya, Niderland və inkişaf etmiş digər Avropa ölkələrinin ən son texnika və texnologiyalarından, meyvə bağlarının salınmasında isə məhsuldar meyvə tinglərindən istifadə etmişik.

Bununla yanaşı, mövcud intensiv meyvə bağlarımızın sahəsini altı dəfə artıraraq 300 hektara çatdırmışıq. Uğurlu layihələrimizin icrası nəticəsində daimi işçilərimizin sayı 200 nəfər olsa da, meyvə yığımı vaxtı bu göstərici 500 nəfərə çatır.

Mövcud meyvə bağlarımızda istehsal etdiyimiz məhsulları “Qusar” markası adı altında həm ölkə daxilində satırıq, həm də Rusiya və MDB ölkələrinə ixrac edirik. Gələcək planlarımız ixrac coğrafiyamızı daha da genişləndirərək Avropa və Asiya bazarlarına çıxmaq və məhsullarımızın öz milli brendlərimiz altında satışını həyata keçirməkdir. Eyni zamanda, maliyyə resurslarımızı cəlb etməklə mövcud meyvə bağlarımızın sahəsini 500 hektara qədər artırmağı, məhsuldarlığı və xəstəliklərə qarşı dözümlülüyü ilə seçilən tinglərin yerli sortlar ilə calaqaltı edilərək yetişdirilməsini və logistik mərkəzin tutumunu 30 min tona çatdırmağı nəzərdə tuturuq. Bu intensiv bağların salınmasında İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə etməyi planlaşdırırıq.

Lakin yay mövsümündə meyvə bağlarının suvarılmasında müəyyən çətinliklərimiz olur. Bununla əlaqədar olaraq, suvarma suyuna olan tələbatımızın təmin edilməsi ilə bağlı aidiyyəti dövlət strukturlarına müvafiq göstəriş verməyinizi Sizdən xahiş edirik. Bu məsələ həllini tapdığı təqdirdə, bizimlə yanaşı, regionda fəaliyyət göstərən fermerlərin də yeni intensiv meyvə bağları salmasına şərait yaranacaq və nəticədə istehsal və ən əsası ixrac potensialımız kifayət qədər artacaq.

Sizin müxtəlif konfranslarda, tədbirlərdə, respublikamızın demək olar ki, bütün şəhər və rayonlarında keçirdiyiniz görüşlərdə çıxışlarınız zamanı sahibkarların qayğılarına, istəklərinə, təkliflərinə həssas münasibətiniz bizi işimizə daha da böyük həvəslə və peşəkarlıqla yanaşmağa ruhlandırır. Bütün bunlara görə, cənab Prezident, Sizə öz minnətdarlığımızı bildiririk. Biz Sizə inanır və güvənirik.

Diqqətinizə görə təşəkkür edirəm.

                                                                                                        X X X

“Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının direktoru Vüqar ABBASOV çıxış edərək dedi:

-Cənab Prezident.

Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi strategiyaya əsaslanan və Sizin tərəfinizdən uğurla davam etdirilən sosial-iqtisadi siyasətin nəticəsi olaraq aparılan genişmiqyaslı islahatlar sayəsində ölkəmizdə iqtisadiyyat dinamik inkişafdadır.

Blokada şəraitinin çətinliklərinə baxmayaraq, Sizin xüsusi diqqət və qayğınız, hərtərəfli dəstəyiniz nəticəsində bu gün Naxçıvan Muxtar Respublikası da tərəqqi edir. Ötən ilin dekabrında muxtar respublikamıza səfəriniz zamanı müxtəlif təyinatlı sosial obyektlərin, eləcə də sənaye kompleksinin açılışında iştirakınız və aparılan quruculuq işlərinə verdiyiniz qiymət qurub-yaratmaq əzmimizi daha da yüksəldib.

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul etdiyiniz Dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkəmizdə, o cümlədən muxtar respublikamızda sahibkarlıq fəaliyyəti genişlənib, yeni müəssisələr və iş yerləri yaradılıb, daha əlverişli biznes və investisiya mühiti formalaşıb.

Naxçıvanda özəl sektor çoxşaxəlidir və onun iqtisadiyyatdakı çəkisi davamlı olaraq artır. Özəl sektorun ümumi daxili məhsuldakı payının artıq 87 faizə çatması sahibkarların fəaliyyətinə verilən dəyərlə yanaşı, bu sektorun inkişafının göstəricisidir. Məhz bunun nəticəsində bu gün muxtar respublikada yaradılmış yeni istehsal müəssisələri əhalinin istehlak tələbatının ödənilməsi ilə yanaşı, ixrac potensialının genişləndirilməsinə də imkan verir.

Ölkəmizdə biznesin inkişafına yaradılan şərait, bu imkanlardan faydalanmaq və mövcud perspektivlər hər bir sahibkarlıq subyekti kimi, “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının fəaliyyətinə və inkişafına da imkanlar açıb. Bu illər ərzində biz kiçik bir şirkətdən istehsal, ticarət, xidmət, inşaat sektorlarını əhatə edən böyük bir quruma çevrilə bilmişik. Hazırda bizim məhsullarımız təkcə ölkəmizdə istehlak olunmur, həmçinin xaricə də ixrac edilir.

Bu gün 1455 nəfərin işlə təmin olunduğu holdinq son illər muxtar respublikada bir neçə irihəcmli layihələrin icrasında yaxından iştirak edib. 2014-cü ildən icrasına başlanılan “Gənclər şəhəri” layihəsi gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılmasına geniş imkanlar yaradır. Müasir həyatın bütün imkanlarını özündə birləşdirən layihənin bu il başa çatdırılması nəzərdə tutulub.

“Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqı tərəfindən istehsal olunan bir sıra ərzaq məhsulları və tikinti materiallarının ölkəmizin digər bölgələri ilə yanaşı, MDB ölkələrinə ixracı həyata keçirilir. Gələcəkdə istehsal olunan məhsulların ixrac həcminin artırılması qarşımızda duran əsas hədəflərdəndir.

Möhtərəm cənаb Prеzidеnt, qeyd olunanlar bir daha təsdiqləyir ki, Sizin yürütdüyünüz iqtisadi siyasət sahibkarlığın təşəkkül tapmasına və cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsinə xidmət edir. Biz iş adamları öz növbəmizdə respublikamızda sahibkarlığa göstərilən diqqət və qayğını tam dərk edir, dövlət və cəmiyyət qarşısındakı mənəvi məsuliyyətimizi heç vaxt unutmuruq.

Biz sahibkarlar doğma Azərbaycanımızın tərəqqisi, xalqımızın xoşbəxt və firavan gələcəyi naminə müəyyənləşdirdiyiniz vəzifələrin icrasında bundan sonra da fəal iştirak edəcək, böyük diqqət və qayğınıza əməli işimizlə töhfə verəcəyik.

Sizə minnətdarlığımızı bildiririk.

Sağ olun.

                                                                                                           X X X

“Zirə İstixana Kompleksi”nin rəhbəri Bəşir QULİYEV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Hörmətli konfrans iştirakçıları.

Azərbaycanın inkişafı, tərəqqisi və ölkə vətəndaşlarının xoşbəxt gələcəyinin təmin olunması naminə gördüyünüz bütün işlərə görə ilk öncə bütün sahibkarlar adından Sizə dərin təşəkkürümüzü bildiririk. Sizin həyata keçirdiyiniz sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin dinamik inkişafı davam edir, makroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyatın şaxələnməsi uğurla təmin edilir, özəl bölmənin inkişafı üçün daha əlverişli biznes və investisiya mühiti formalaşdırılır.

Möhtərəm cənab Prezident, biz sahibkarlar daim Sizin dəstəyinizi hiss edirik və Sizə arxalanırıq. Ölkəmizin əlverişli biznes və investisiya mühitinin nümunəsi kimi, mən öz biznes fəaliyyətim haqqında məlumat vermək istərdim. Sizin prioritet istiqamətlərdən biri kimi müəyyən etdiyiniz bitkiçiliyin inkişaf etdirilməsi və tərəvəz yetişdirən müasir istixana komplekslərinin yaradılması sahəsində fəaliyyətə 2011-ci ildən başladıq. Xəzər rayonunun Zirə qəsəbəsində müasir istixana kompleksinin inşası üçün ilkin mərhələdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kredit vəsaitindən istifadə olundu. “Aqrolizinq” ASC-dən isə texnoloji avadanlıqlar 10 il müddətinə lizinqə götürüldü.

Bildiyiniz kimi, müasir bitkiçilik elmin və son texnologiyaların tətbiqi olmadan mümkün deyil. Bu sahədə Hollandiya texnologiyalarının öyrənilməsi üçün "Wageningen" Universiteti ilə sıx əməkdaşlıq qurduq və orada müxtəlif kurslar keçdik. Müasir aqrar kompleksin idarə edilməsi, ekonomikası, texnoloji proseslər, satış və marketinq sahələrində dünya standartlarına uyğun iş qurduq və son metodikaları tətbiq etdik.

Ölkəmizin əlverişli investisiya mühitindən bəhrələnərək kompleksin yaradılmasına ümumilikdə 6,5 milyon manat investisiya qoymuşuq. Beş hektar şüşə ilə bağlı əraziyə malik kompleksin tikintisində Niderland istehsalı olan ən son texnologiyalardan istifadə olunub. Hazırda müəssisəmizdə 65 nəfər çalışır.

Üstün cəhətlərdən biri istehsal prosesinin tam avtomatlaşdırılması, bütün işlərin kompyuterləşdirilmiş avadanlıqlarla, müasir alətlərlə görülməsi, iş şəraitinin ən yüksək standartlara uyğun olmasıdır. Mühəndislərin bilik səviyyəsinin artması bu sahədə yüksək ixtisaslı kadrların formalaşmasına gətirib çıxarıb. Bununla yanaşı, biz Ağdaş, Oğuz və Şəki rayonlarında intensiv üsullarla açıq sahədə müxtəlif kənd təsərrüfatı bitkilərinin əkinini həyata keçiririk və gələcəkdə bu əraziləri daha da genişləndirəcəyik.

İstehsal etdiyimiz məhsullar ixracyönümlüdür və əsasən Rusiya Federasiyasının bazarlarına çıxarılır. Bizim məhsullar Avropa, Türkiyə və İran məhsullarından daha keyfiyyətli olduğundan, hazırda Rusiyada onlara böyük tələbat var. “Zirinskiy tipliçniy made in Azərbaycan” brendi ilə kifayət qədər tanınmışıq. Təkcə 2015-ci ildə Rusiyaya 1300 ton tərəvəz ixrac etmişik.

Bu il maliyyə vəsaitlərimizi və güzəştli kreditlərimizi cəlb etməklə əlavə beş hektar sahədə istixana kompleksini yaratmağı nəzərdə tuturuq. Bu da əlavə 65 daimi iş yerinin açılması deməkdir.

Qarşıya qoyduğumuz hədəflər istehsalımızın və ən əsası ixrac potensialımızın kifayət qədər artmasına və ölkəmizə valyuta gətirilməsinə öz müsbət təsirini göstərəcək.

Cənab Prezident, Sizin ixracın şaxələndirilməsi və artırılması ilə bağlı verdiyiniz tapşırıqların icra olunmasında biz sahibkarların üzərinə düşən məsuliyyəti də dərk edirik. Bütün sahibkarların himayədarı və dayağı olduğunuz üçün Sizi əmin edirik ki, biz də öz fəaliyyətimizlə daim Sizinləyik və sahibkarlara verdiyiniz hərtərəfli dəstəyə görə Sizə öz minnətdarlığımızı bildiririk.

Diqqətinizə görə təşəkkür edirəm.

                                                                                                        X X X

“Yalama Aqropark” MMC-nin direktoru Azər NƏSİBOV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli konfrans iştirakçıları.

Qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması dünyanın qabaqcıl texnologiyalarının ölkəmizə gətirilməsi və tətbiqinə şərait yaradılması, sahibkarlığın inkişafı ilə bağlı görülən işlər və Sizin sahibkarlara göstərdiyiniz yüksək diqqət və qayğı biz sahibkarları daha həvəslə işləməyə ruhlandırır. Bütün bunlara görə Sizə çox minnətdarıq.

Möhtərəm cənab Prezident, respublikada aqroparkların yaradılması ilə bağlı verdiyiniz tapşırığa uyğun olaraq, Xaçmaz rayonunun Yalama qəsəbəsində “Südlük-maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi”nin bazasında 523 hektar ərazidə “Yalama Aqropark” yaradılıb. Layihənin ilkin mərhələsinə uyğun olaraq, dövlətin dəstəyi ilə infrastruktur qurulub, ərazidə ABŞ-ın “VALMONT” şirkətinin istehsalı olan süni yağış yağdırma üsulu ilə 385 hektar ərazidə iri taxılçılıq təsərrüfatı, gücü saatda 5 ton olan müasir yem zavodu və xammala tələbatın fasiləsiz ödənilməsi məqsədilə tutumu 4,5 min ton olan müasir taxıl anbarı kompleksi inşa edilib və taxıl anbarlarında məhsulun keyfiyyətli saxlanması üçün tədarük gücü saatda 30 ton olan müasir qurutma avadanlıqları quraşdırılıb. Eyni zamanda, aqroparkda çalışan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün 40 çarpayılıq yataqxana inşa edilib. “Aqrolizinq” ASC vasitəsilə təsərrüfata “Simmental” cinsindən olan 469 baş heyvan gətirilib, yaxın günlərdə daha 500 baş cins heyvan gətiriləcək. 1000 baş sağmal olmaqla 2500 başlıq müasir heyvandarlıq kompleksində tikinti-quraşdırma işləri mart ayında yekunlaşacaq.

2015-ci ildə təsərrüfatda silosluq və dənlik qarğıdalı üzrə hər hektardan respublika üzrə orta göstəricidən iki dəfə çox məhsul əldə edilib. Təsərrüfatda növbəli əkin sistemi tətbiq olunmaqla, müxtəlif kənd təsərrüfatı bitkiləri – 128 hektar yonca və 228 hektar arpa əkilib ki, bu da heyvandarlıq kompleksinin yemə olan ehtiyacını tamamilə ödəyəcək. Bununla yanaşı, aqroparkda özəl aqroservis yaradılıb və bu texnikaların xidmətindən ətraf kəndlərin fermerləri də yararlanır.

Aqroparkda ikinci mərhələdə gündəlik emal gücü 50 ton olan süd emalı zavodunun, 10 hektar ərazidə müasir istixana kompleksinin və 60 hektar ərazidə intensiv bağçılıq təsərrüfatının yaradılması nəzərdə tutulur. Süd emalı zavodunda təsərrüfatda istehsal olunmuş südün emalı ilə yanaşı, ətraf kəndlərin fermerlərindən də süd tədarük olunacaq, emal edildikdən sonra hazır məhsullar bazara çıxarılacaq. Həmçinin yem zavodunda istehsal olunan qüvvəli yem regionda fəaliyyət göstərən təsərrüfatlara satılacaq. Hazırda aqroparkda 100 nəfər çalışır və layihələrin icrası nəticəsində 200-dən artıq yeni iş yeri yaradılacaq.

Sahibkarlığın inkişafına göstərdiyiniz hərtərəfli qayğı və fəaliyyətimiz üçün yaratdığınız münbit şəraitə görə Sizə dərin minnətdarlığımızı bildirir və əmin edirik ki, ölkəmizin inkişafına göstərdiyiniz bu fədakar fəaliyyətinizdə daim Sizin yanınızdayıq. Bundan sonra da əzmlə çalışacaq, üzərimizə düşən bütün vəzifələri layiqincə yerinə yetirəcək və sahibkarlara göstərdiyiniz etimadı hər zaman doğruldacağıq.

Diqqətinizə görə təşəkkür edirəm.

                                                                                                        X X X

“NEON” firmasının baş direktoru Arif HƏSƏNOV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Hörmətli konfrans iştirakçıları.

Son illər Azərbaycanın müstəqil dövlət kimi qazandığı uğurlar, hərtərəfli tərəqqi və inkişaf biz sahibkarları da ürəkdən sevindirir. Azərbaycan Respublikası çox sürətlə tərəqqi edərək iqtisadi inkişaf tempinə görə təkcə regionda deyil, dünya ölkələri sırasında da lider dövlətə çevrilib. Bu inkişafla bağlı görülən işlər və dövlətimizin bütün sahələrə, o cümlədən sahibkarlığa göstərdiyi yüksək diqqət və qayğı biz sahibkarları öz işlərini daha həvəslə yerinə yetirməyə sövq edir.

Möhtərəm cənab Prezident, müəssisəmiz 2000-ci ildə yaradılıb və ölkəmizin qida sənayesi sahəsində kifayət qədər tanınıb. Regionun un və un məmulatları istehsalı üzrə demək olar ki, iri müəssisələrindən biridir. Hazırda müəssisəmizin tərkibinə gündəlik istehsal gücü 15 ton olan çörək və 15 ton olan makaron istehsalı zavodları, tutumu 15 min ton olan 2 taxıl saxlama və gündəlik emal gücü 150 ton olan un dəyirmanı kompleksləri və qablaşdırma sahəsi daxildir. Bu zavodlarda hazırlanan məhsullar yerli istehsalın ödənilməsi ilə yanaşı, ixrac da olunur. Hazırda məhsullarımızın əsas ixrac olunduğu ölkələr İran və Gürcüstan olsa da, bu ildən artıq Türkmənistan və digər MDB ölkələrinə də məhsullarımızı ixrac edəcəyik. Hazırda müəssisəmizdə 150 nəfərdən çox işçi çalışır. İstehsal fəaliyyətimizin genişləndirilməsinə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müxtəlif dövrlərdə 8 milyon manat güzəştli kredit verilib. Keçən dövr ərzində bu vəsaitin 4 milyon manatı tərəfimizdən geri qaytarılıb. Ümumilikdə isə bu müəssisələrin yaradılmasına 15 milyon manatdan çox investisiya qoyulub.

Manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi üçün buğdanın idxalı və satışını, buğda ununun və çörəyin istehsalı və satışını əlavə dəyər vergisindən azad etməyiniz, bizim kimi un və un məmulatları istehsal edən sahibkarların da fəaliyyətini stimullaşdırıb. Bütün bunlar isə, istehsal etdiyimiz məhsulların həm keyfiyyətinin, həm də qiymətinin əhalinin istəklərinə uyğun olmasına şərait yaradıb.

Bununla yanaşı, gələcəkdə regionda müasir düyü emalı fabrikinin yaradılmasını nəzərdə tuturuq. Belə bir müəssisənin yaradılması idxalı əvəz etməklə yanaşı, respublikada çəltikçiliyin inkişafına öz müsbət təsirini göstərəcək. Bizi bu işlərin həyata keçirilməsinə ruhlandıran cənab Prezident, Sizin sahibkarlara olan ən yüksək inamınızdır. Bu etimadı doğrultmaq bizim üçün böyük şərəfdir və qarşımızda duran vəzifələrin həyata keçirilməsində məsuliyyətimizi daha da artırır. Bir daha biz sahibkarlar üçün yaratdığınız bütün imkanlara görə Sizə region sahibkarları adından dərin minnətdarlığımı bildirirəm.

Diqqətinizə görə təşəkkür edirəm.

                                                                                                           X X X

Qarabağ Aqrar Sənaye Kompleksinin baş direktoru Vahid RZAYEV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli konfrans iştirakçıları.

Son illər Azərbaycanın müstəqil dövlət kimi qazandığı uğurlar, hərtərəfli tərəqqi və inkişaf biz sahibkarları da ürəkdən sevindirir. Azərbaycan Respublikası çox sürətlə tərəqqi edərək iqtisadi inkişaf tempinə görə təkcə regionda deyil, dünya ölkələri arasında da lider dövlətə çevrilib.

Möhtərəm cənab Prezident, Sizin iqtisadi siyasətinizə arxalanıb, Qarabağın ən böyük iqtisadi rayonu olan Bərdə rayonunun Mehdili kəndində 5 sahibkarlıq subyekti birləşərək Aqrar Sənaye Kompleksi yaratmışıq. Kompleksin tərkibində Almaniya, İngiltərə və Türkiyə şirkətlərinin müasir texnologiyaları əsasında 5 min tonluq logistik mərkəz, 4200 başlıq ətlik və südlük istiqamətli heyvandarlıq kompleksləri, illik 5,4 min ton istehsal gücü olan ət kəsimi və emalı fabriki, illik istehsal gücü 46 min ton olan qüvvəli yem zavodu inşa etmişik. Bu layihənin maliyyələşdirilməsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditindən istifadə etmişik, həmçinin “Aqrolizinq” ASC vasitəsilə cins heyvanlar və kənd təsərrüfatı texnikaları almışıq. Layihənin icrası nəticəsində 300 yeni iş yeri yaradılıb.

Möhtərəm cənab Prezident, kompleksin məhsullarının maya dəyəri aşağı olur. Buraxılan məhsulların xammal mənbəyi yerli istehsal hesabına formalaşdığından dünyada baş verən iqtisadi böhran məhsulların qiymətlərinə heç bir təsir göstərmir. Bölgənin kiçik fermerləri də kompleksdən yararlanırlar. Onların məhsulları tədarük olunur, eləcə də logistik mərkəzdə saxlanılması təmin edilir. Eyni zamanda, fermerlər cins damazlıq heyvanlarla və qüvvəli yemlə təmin edilir, istehsal olunan süd və ət kompleks tərəfindən tədarük olunur. Hazırda kompleksdə ildə 1000 tona yaxın ət, 17 min tona yaxın süd istehsal edilir.

Möhtərəm cənab Prezident, sahibkarlığa göstərilən dövlət qayğısı, rayonda sahibkarlıq üçün yaradılmış münbit şərait və ötən dövrdə topladığımız təcrübə deməyə əsas verir ki, istehsal fəaliyyətimizi artırmaq və yerli ərzaq məhsullarına olan tələbatımızı daha da dolğun ödəmək üçün geniş imkanlarımız var. Bu məqsədlə bizə Dövlət Ehtiyat Fondu torpaqlarından əlavə torpaq sahəsinin ayrılmasına ehtiyac vardır. Bu torpaq sahələrində müxtəlif meyvə, tərəvəz və yem bitkilərinin əkilməsini hədəfləyirik. Bu da istehsal imkanlarımızı artırmaqla yanaşı, heyvandarlıq kompleksinin yemə olan ehtiyacının ödənilməsində, istehsal olunan məhsulların maya dəyərinin aşağı düşməsində, qiymətlərinin sabitləşməsində və ixrac imkanlarımızın yaranmasında xüsusi rol oynayacaq.

Cənab Prezident, Sizin sahibkarlığın inkişafı ilə bağlı son fərman və sərəncamlarınız biz sahibkarları öz işlərimizi layiqincə yerinə yetirməyə ruhlandırır. Sizi əmin edirik ki, iqtisadiyyatımızın inkişafı və xalqımızın rifah halının daha da yaxşılaşdırılması istiqamətində göstərdiyiniz bu fədakar fəaliyyətinizdə həmişə Sizin yanınızda olacağıq.

Diqqətinizə görə sağ olun.

                                                                                                         X X X

“Aqrokompleks Qəbələ” MMC-nin direktoru Oktay NAĞIYEV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli konfrans iştirakçıları.

Dünya iqtisadiyyatında baş verən böhran meyillərinə baxmayaraq, iqtisadiyyatımızın mənfi təsirlərə qarşı yüksək dayanıqlıq göstərərək davamlı inkişaf etməsi məhz Sizin düşünülmüş və uzaqgörən siyasətiniz nəticəsində yaradılmış siyasi və makroiqtisadi sabitlik, güclü iqtisadi potensial, vaxtında aparılan islahatlar, o cümlədən iqtisadiyyatın diversifikasiyası, biznes mühitinin təkmilləşdirilməsi, sahibkarlığın inkişafı sayəsində mümkün olub.

Möhtərəm cənab Prezident, Sizin 2013-cü ildə Qəbələ rayonuna səfəriniz çərçivəsində “Gilan Holdinq” Aqrar-Sənaye Kompleksinin açılışında verdiyiniz dəyərli tövsiyələriniz əsasında müəssisəmiz uğurlu fəaliyyətini davam etdirir. Sizin kompleksdə yaradılmış şəraiti yüksək qiymətləndirməyiniz, tapşırıq və tövsiyələriniz bizi səmərəli fəaliyyətə ruhlandırıb.

Rayonun Vəndam kəndində yaradılan aqrar-sənaye kompleksinin ümumi sahəsi 26 hektardır. Buraya “Simmental” cinsindən olan 1750 baş heyvanın saxlanılması üçün südlük və ətlik istiqamətli heyvandarlıq kompleksləri, müasir suvarma sisteminin tətbiqinə əsaslanan əkinçilik təsərrüfatı və aqroservis daxildir. Ümumi dəyəri 25 milyon manat olan bu layihənin icrasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit verilib. Heyvandarlıq komplekslərində dünyada kənd təsərrüfatı texnikası istehsalında aparıcı müəssisələrdən olan Almaniyanın “GEA” şirkətinin tam avtomatlaşdırılmış havalandırma, suvarma, qidalandırma, istilik sistemləri və digər ferma avadanlığı quraşdırılıb. İnəklərdən gündə orta hesabla 25 litrədək süd alınır. Gətirilən heyvanlar artıq yerli iqlimə tam uyğunlaşıb.

Kompleksin fasiləsiz xammal bazasının təmin edilməsi məqsədilə Qəbələ rayonunda 1650 hektar ərazidə yem təsərrüfatı yaradılıb. Təsərrüfatda növbəli əkin sisteminin tətbiq edilməsi nəticəsində kompleksin yem təchizatı tamamilə ödənilir. Əkin, biçin və bütün aqrotexniki işlərin aparılması üçün Almaniyanın və Hollandiyanın qabaqcıl şirkətlərinin istehsalı olan 17 adda 55-ə yaxın müasir kənd təsərrüfatı texnikası və aqreqatdan ibarət aqroservis təşkil olunub. Aqroservis traktor, kombayn, pnevmatik və sadə toxumsəpən aqreqatlar, piper, kultivator, vərdənə, diskli mala, dərmançiləmə, gübrəsəpən və digər ən müasir aqreqatlarla təchiz edilib. Görülən bütün işlər hesabına məhsuldarlıq göstəriciləri təxminən iki dəfəyədək artırılıb. Bu layihələrin həyata keçirilməsi respublika əhalisinin keyfiyyətli süd və ət məhsullarına olan tələbatının ödənilməsi ilə yanaşı, məhsul ixracını da genişləndirəcək. Aqrar-sənaye kompleksində 130-dan çox insan daimi işlə təmin olunub.

Respublikada ilk dəfə olaraq cins düyələrin ixracına başlamışıq. İlk mərhələdə 32 baş cins düyə Türkmənistana ixrac edilib və müqavilə şərtlərinə əsasən ayda bir dəfə ixrac əməliyyatı aparılacaq. İxrac imkanlarımızın genişlənməsi ölkəmizə valyuta axınını sürətləndirəcək.

Cənab Prezident, Sizi əmin edirik ki, xalqımızın rifah halının daha da yaxşılaşdırılması üçün göstərdiyiniz bu fədakar fəaliyyətinizdə həmişə Sizinləyik və bu istiqamətdə bütün səylərimizi səfərbər edəcəyik.

Diqqətinizə görə sağ olun.

                                                                                                        X X X

"Embawood" Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru Elşad ABBASOV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli konfrans iştirakçıları.

Sizin ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz uğurlu siyasət və verdiyiniz uzaqgörən qərarlar hər zaman biz sahibkarlara kömək olub və bizə fəaliyyətimizi daha da genişləndirməyə şərait yaradıb. Bizə göstərdiyiniz hərtərəfli diqqət və qayğıya görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Möhtərəm cənab Prezident, Sizin sənayeləşmə siyasətinizin nəticəsidir ki, son illər ölkə iqtisadiyyatının müxtəlif sahələrində yeni istehsal müəssisələri istifadəyə verilib. 1996-cı ildə Masallı rayonunda yaradılan şirkətimiz də Sizin dəstəyinizlə ildən-ilə inkişaf edib, öz istehsal gücünü artırıb. Şirkətimiz tərəfindən müxtəlif ofis və məişət mebelləri, həmçinin mebel sənayesi üçün yarımfabrikat məhsullar istehsal olunur. Ümumilikdə müəssisəmizin yaradılmasına və inkişaf etdirilməsinə 80 milyon manat investisiya qoyulub. Hazırda Azərbaycanda 135 brend mağazamız fəaliyyət göstərir və istehsal olunan məhsulların “EMBAWOOD”, “Modeyra” və “İdeal Dizayn” markaları altında satışı həyata keçirilir.

Sizin ölkədə qeyri-neft məhsullarının ixracının stimullaşdırılması istiqamətində verdiyiniz tapşırıqlar bütün sahibkarlar kimi, bizi də ixracla bağlı yeni hədəflərə çatmağa sövq edir. İcazənizlə qeyd edim ki, şirkətimiz məhsul istehsalı üçün lazım olan xammalı müxtəlif MDB ölkələrindən alır. Bu baxımdan, məhsullarımızın maya dəyərini aşağı salmaqla rəqabətqabiliyyətliliyinin gücləndirilmək, istehsalımızın artırılmaq, həmçinin Rusiya, Qazaxıstan və Orta Asiya ölkələrinə ixrac imkanlarımızı genişləndirmək üçün həmin xammal materiallarının gömrük rüsumlarından azad olunması məqsədəuyğun olardı.

Dövlətimizin sahibkarlara göstərdiyi maddi və mənəvi dəstək bizə fəaliyyətimizdə hər zaman böyük kömək olub. Bu dəstək mexanizmlərindən biri kimi şirkətimizə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 3,2 milyon manat güzəştli kredit verilib. Bu maliyyə dəstəyi müəssisəmizdə yeni avadanlıqların və müasir texnologiyanın tətbiqinə imkan yaradıb, istehsal gücünü və rəqabətqabiliyyətliliyi artırıb, daha keyfiyyətli məhsul istehsal etməyimizə səbəb olub. Bu gün şirkətimizdə 2000-dək işçi çalışır. Təkcə son 3 ildə müəssisəmiz tərəfindən dövlət büdcəsinə 25 milyon manat məbləğində vergilər və sosial ödənişlər həyata keçirilib.

Cənab Prezident, Sizin sahibkarlara göstərdiyiniz hərtərəfli diqqət və qayğı bizi işimizə daha da böyük həvəslə və peşəkarlıqla yanaşmağa ruhlandırır. Hələ 2004-cü ildə yenidən qurulmuş müəssisəmizdə olduğunuz zaman verdiyiniz tapşırıq və tövsiyələr bu gün də öz aktuallığını qoruyub saxlayır və hədəflərimizin əsasını təşkil edir.

Göstərdiyiniz hərtərəfli dəstəyə görə Sizə bütün sahibkarlar adından bir daha dərin minnətdarlığımı bildirirəm.

                                                                                                      X X X

“Norm” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş kommersiya direktoru Fuad MUSAYEV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli konfrans iştirakçıları.

Bildiyiniz kimi, Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün mühüm addımlar atılıb. Ötən illərdə yüzlərlə sənaye müəssisəsi inşa edilib, bu sahədə güclü potensial yaradılıb. Bu müəssisələr arasında “Norm” Sement Zavodu önəmli yer tutur. 326 milyon ABŞ dollarına başa gələn müəssisənin istehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edir. Cənubi Qafqazın ən iri sement zavodu olan müəssisənin əsas texnoloji avadanlıqları Avropa ölkələrinin aparıcı istehsalçıları tərəfindən təchiz edilib. Zavodda sement müasir “quru üsul” texnologiyası ilə istehsal olunur. Bu mütərəqqi avadanlıqlar və texnologiya istehsal prosesində minimum enerji sərfiyyatı ilə yanaşı, ətraf mühitə təsirin minimuma endirilməsini təmin edir.

“Norm” Sement Zavodu istismara verildiyi qısa müddət ərzində Azərbaycanın sement bazarında aparıcı mövqe qazanıb və hazırda 30 faiz pay ilə bazarın lideridir. Şirkətimizin, habelə digər yerli sement istehsalçılarının fəaliyyəti nəticəsində 2015-ci ildə ölkəmizə sement idxalı əvvəlki illə müqayisədə 80 faiz azalıb.

Hazırda müəssisədə beş çeşiddə sement istehsal olunur. Zavodda müasir standartlara cavab verən sement və beton laboratoriyaları fəaliyyət göstərir. Bundan əlavə, şirkətimiz Almaniyanın tanınmış VDZ Elmi-Tədqiqat İnstitutu ilə sıx əməkdaşlıq edir və zavodda istehsal olunan bütün məhsullara bu institut tərəfindən keyfiyyət sertifikatı verilir. Eyni zamanda, müəssisə Avropa Sement Tədqiqatları Akademiyasının və Asiya Sement və Beton Tədqiqatları Assosiasiyasının üzvüdür.

Layihə yeni iş yerlərinin açılması baxımından da böyük əhəmiyyət kəsb edir. Zavodda 330 nəfər, köməkçi sahələrdə isə daha 150 nəfər işlə təmin olunub. İşçi heyətinin bacarıqlarının artırılması üçün xaricdən yüksək ixtisaslı mütəxəssislər dəvət olunur, əməkdaşlarımız xaricdə keçirilən təlimlərdə iştirak edirlər. Nəticədə yerli mütəxəssislərin bilik və bacarığı Avropanın aparıcı mütəxəssislərinin səviyyəsinə çatır ki, bu da ölkəmizin sənayesinin kadr potensialının genişləndirilməsində böyük rol oynayır. Bununla birgə, “Norm Sement” ölkənin ictimai-sosial həyatında fəal iştirak edir, elmin, təhsilin və gəncliyin inkişafına dəstək verir.

Hazırda müəssisəmiz tikintinin səmərəliliyinin artırılması istiqamətində tikinti şirkətləri ilə sıx əməkdaşlıq edir. Bununla yanaşı, müəssisənin mütəxəssisləri nadir və tükənən qiymətli yerli materiallar (aqlay daşı və s.), habelə idxal olunan bahalı materiallar (qranit, mərmər və s.) əvəzinə istifadədə asan və sərfəli beton məmulatlarının istehsalı və tətbiqi istiqamətində araşdırma və tədqiqatlar aparırlar.

“Norm” Sement Zavodu ölkənin iqtisadi inkişafına bundan sonra da dəstək olmaqla yanaşı, əhalinin daimi iş yerləri ilə təmin olunmasına, ölkəmizin inşaat materiallarına tələbatının ödənilməsinə, ixrac potensialının artmasına və iqtisadiyyatın qeyri-neft sektorunun güclənməsinə xidmət edəcək. Bütün bu nailiyyətlərin əldə olunmasında bizə göstərdiyiniz hərtərəfli, misilsiz dəstəyə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Diqqətinizə görə təşəkkür edirəm.

                                                                                                  X X X

Dövlət başçısı konfransda yekun nitqi söylədi.

Prezident İlham Əliyevin yekun nitqi

-Bu gün daha çox sahibkarlara şərait yaradıldı ki, onlar öz sözlərini desinlər. Dövlət məmurlarının öz sözlərini deməyə daha da geniş imkanları var. Ona görə, mən istədim ki, bu gün bütün bölgələri təmsil edən sahibkarlar çıxış etsinlər. Həm görülmüş işlərlə bağlı məlumat versinlər, eyni zamanda, onları narahat edən problemlər də müzakirə mövzusuna çevrilsin. 

Bu gün fasilədən sonra nazirlər, dövlət məmurları, icra hakimiyyəti başçıları və sahibkarlar bölmələrdə öz işlərini davam etdirəcəklər. Əminəm ki, orada müzakirə ediləcək məsələlər əhəmiyyətli olacaq və müzakirə nəticəsində konkret təkliflər də irəli sürülməlidir.

Sahibkarlığın inkişafı üçün çox işlər görülübdür. Bu gün Azərbaycan iqtisadiyyatının böyük hissəsi - 80 faizdən çoxu özəl sektorda formalaşır. Bu, son illər ərzində görülmüş işlərin nəticəsidir. Ancaq yeni dövr, yeni vəziyyət yeni yanaşmalar tələb edir. Ona görə indiki şəraitdə sahibkarlığı daha da genişləndirmək, sahibkarlara daha da yaxşı şərait yaratmaq, yerli istehsalı sürətləndirmək üçün əlavə tədbirlər görülməlidir. Mən artıq müvafiq dövlət qurumlarına göstəriş vermişəm. Ancaq çox istəyirəm ki, yerlərdən sahibkarlar özləri də o problemləri dilə gətirsinlər, ortaya qoysunlar ki, onlar tezliklə öz həllini tapsın.

Bu ilin planları ilə bağlı ilk növbədə demək istəyirəm ki, bütün sosial proqramlar tam icra ediləcək. Bildiyiniz kimi, maaşlar, pensiyalar və sosial müavinətlər qaldırıldı. Sosial müdafiə bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Azərbaycan bazar iqtisadiyyatına sadiqdir. Bazar iqtisadiyyatı Azərbaycanda uğurla inkişaf edir. Ancaq islahatları apararkən biz hər zaman sosial məsələləri yadda saxlamalıyıq. Unutmamalıyıq ki, biz xalq üçün çalışırıq. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Onun problemlərini biz həll etməliyik. Ona görə, bizim bütün səylərimiz, o cümlədən iqtisadi inkişaf bu məqsədə qulluq etməlidir. Ona görə, Azərbaycanda güclü sosial siyasət aparılır, aparılacaq və imkan daxilində bütün sosial proqramlar daha da geniş şəkildə icra ediləcək.

Bu il regionlarda nəzərdə tutulan bütün infrastruktur layihələri icra edilməlidir. Bir çox layihələr artıq icra edilmişdir. Mən giriş sözümdə bu barədə öz fikirlərimi dedim, amma hələ ki, elektrik enerjisi, qazlaşdırma, xüsusilə kənd yollarının tikintisi ilə bağlı görüləsi işlər də çoxdur. Mən hesab edirəm ki, bu il kənd yollarının tikintisinə əlavə böyük vəsait ayrılmalıdır. Çünki ilk növbədə buna ehtiyac var. Yerlərdən təkliflər irəli sürülür. Eyni zamanda, bu, bölgələrdə insanları bu işlərə cəlb edəcək və olan işsizliyi də aradan götürəcək. Biz son illər ərzində işsizliyə qarşı çox fəal işləmişik. Bunun nəticəsidir ki, Azərbaycanda işsizlik son illər ərzində beş faizə düşmüşdür. Bu, doğrudan da bizim tarixi nailiyyətimizdir. İşsizlik ilə bərabər, həmçinin yoxsulluq da beş faizə düşmüşdür. Ancaq indiki şəraitdə işsizlik arta bilər və artır. Düzdür, yeni iş yerləri açılır və iş yerləri bağlanır. Misal üçün keçən il 80 mindən çox daimi iş yeri açılmışdır, 40 min iş yeri bağlanmışdır. Biz bu il də bu statistikanı düzgün aparmalıyıq. O yerlərdə, o bölgələrdə ki, iş yerləri bağlanır, orada daha da böyük həcmdə işlər getməlidir. Həm dövlət qurumları, eyni zamanda, özəl sektor da bu məsələni diqqətdə saxlamalıdır.

Kənd yollarının tikintisi isə bu istiqamətdə çox önəmli addımdır, iki məqsədi güdür - həm infrastruktur yaxşılaşır, həm insanlar işə cəlb olunur. Kənd yollarının tikintisində bizim xarici komponentə heç bir ehtiyacımız yoxdur. Lazım olan bütün mal-materiallar Azərbaycanda istehsal edilir. Kənd yollarının tikintisində valyuta komponenti yoxdur. Bu da indiki şəraitdə çox önəmli amildir.

İçməli su layihələri də icra edilməlidir. Bu layihələr insanları içməli su ilə təmin edəcək və edir, yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq. Biz içməli su layihələrinin icrasında da bu işləri daxili istehsalla təmin edirik. Son illər ərzində daxili istehsala verdiyimiz diqqət, qoyduğumuz sərmayə, bax, indi bu reallığı təmin edir. Əgər biz bunu etməsəydik indi idxaldan daha da çox asılı vəziyyətdə olacaqdıq. Mən bu barədə hələ danışacağam. Ona görə, infrastruktur layihələri icra edilməlidir. Bəziləri hesab edir ki, neftin qiymətinin 4 dəfə düşməsi ilə bağlı biz xərcləri daha da ixtisar etməliyik. Təbiidir ki, bu, belədir. Ancaq hesab edirəm ki, biz 2016-cı ildə infrastruktur və biznes layihələrini icra etməklə ölkəmizə daha da böyük dinamizm verə bilərik və biz bunu edəcəyik.

Son illər ərzində 1500-ə yaxın subartezian quyusu qazılmışdır. Keçən ilin sonunda bu məqsədlər üçün Prezidentin ehtiyat fondundan əlavə 10 milyon manat ayrılmışdır. Ola bilər ki, il ərzində əlavə vəsait ayrılacaq. Subartezian quyularının qazılması prosesi davam etdirilməlidir.

Sosial infrastruktur layihələri icra ediləcək. Həm Bakıda, həm böyük və həm də kiçik şəhərlərdə məktəblərin, tibb mərkəzlərinin, xüsusilə uşaq bağçalarının tikintisinə böyük ehtiyac var.

Yeni iş yerlərinin yaradılması bu il xüsusi əhəmiyyət kəsb edir. Çünki qeyd etdiyim kimi, bəzi iş yerləri bağlanır. Son 12 il ərzində 1 milyon 500 min iş yeri yaradılmışdır. Onlardan 1 milyonu daimi iş yeridir. Ancaq bu illər ərzində Azərbaycanın əhalisi artmışdır. Əlbəttə ki, bu da inkişafın əlamətidir. 2003-cü ildə Azərbaycan əhalisi 8,4 milyon idisə, bu il 9,7 milyondur. Yəni, əhali 1 milyon 300 min nəfər artmışdır. Bu, bizim böyük üstünlüyümüzdür və inkişafın əlamətidir. Əgər o artım dinamikasına nəzər salsanız görərsiniz ki, sürətli inkişaf dövründə əhali daha da çox artır. Bu, üstünlükdür, amma, eyni zamanda, - mən bunu artıq neçə dəfə demişəm, - bu, bizi daha da fəal işləməyə çağırır. Çünki artan əhali artan iş yerləri deməkdir. Bir milyon daimi iş yeri yaradılıb, bir milyon 300 min əhali artıb. Bu, yeni məktəblər, yeni uşaq bağçaları, yeni yolların çəkilməsi deməkdir.

Şəhərsalma işi daha da düşünülmüş şəkildə aparılmalıdır. Bizim şəhərlərimiz böyüyür. Şəhər infrastrukturu buna uyğun şəkildə qurulmalıdır. Misal üçün, bizim bütün içməli su layihələrinin icrasında əhalinin 2030-cu ilədək mümkün olan artımı nəzərdə tutulur. Yəni, biz iş yerlərinin yaradılması ilə daim məşğul olmalıyıq. Əlbəttə, biz fəxr edirik ki, qısa müddət ərzində 1 milyon daimi iş yeri açılmışdır. Ancaq əhali də artır. Ona görə, hansı sahələrdə iş yerləri yaradılmalıdır? Bizim əmək resurslarımız kifayət qədər böyükdür. Həmişə belə olub. Sovet dövründə də belə olub, bu gündə belədir.

Ona görə bu, çox ciddi məsələdir. Mən çox şadam ki, əhali artır. Bəlkə də bunun ən böyük tərəfdarı mənəm. Ancaq iqtisadiyyat, infrastruktur, iş yerləri buna uyğun şəkildə artmalıdır. Ona görə, hökumət bu məsələlərlə bağlı ciddi işləməlidir. Uzunmüddətli konkret plan tərtib edilməlidir ki, əmək resurslarının işlə təmin edilməsi üçün hansı addımlar atılmalıdır.

İndiki şəraiti nəzərə alaraq hesab edirəm ki, sahibkarlar da yeni iş yerlərinin yaradılması istiqamətində əlavə tədbirlər görə bilərlər. Mənə verilən məlumata görə, son 12 il ərzində Azərbaycanda 70 mindən çox müəssisə yaradılmışdır və ümumiyyətlə, müəssisələrin sayı 100 minə yaxındır. Onların içində əlbəttə ki, böyük və kiçik müəssisələr var. Ancaq hesab edirəm ki, əgər iş adamları bu məsələyə sosial məsuliyyət nöqteyi-nəzərdən yanaşsalar və işsiz qalan insanları işə götürsələr, yaxud da ki, ixtisar etmək istədikləri insanları ixtisar etməsələr onlar ümumi işimizə töhfə verərlər. Çünki bu, sosial məsuliyyətdir. Bu, bizim ümumi işimizdir. Bununla bərabər, artıq mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan dövlət şirkətlərinə tapşırıq vermişəm ki, birgə işləsinlər. Məşğulluq idarələrinə müraciət edən insanları işlə təmin etmək üçün dövlət şirkətlərində yeni vakansiyalar açılmalıdır. Əlbəttə, bir daha demək istəyirəm ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və bu prinsipdən dönməyəcəyik. Hamımız yaxşı başa düşürük ki, bazar özü hər şeyi tənzimləməlidir, bu və digər şirkətdə nə qədər insan işləməlidir, nə qədər məhsul istehsal edilməlidir. Ancaq hesab edirəm ki, müvəqqəti, yaxud da ki, daimi iş yerlərinin açılması prosesi mütləq başlamalıdır. Bakıda və bütün bölgələrdə dövlət şirkətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə nümunə göstərməlidirlər. İşi itirən insanlar o idarələrə müraciət etsinlər və əminəm ki, onları işlə təmin etmək üçün bizdə imkanlar olacaqdır. Ona görə, ilk növbədə dövlət şirkətləri bunu etməlidirlər. Özəl sektor bu amili nəzərə alsın. Xüsusilə, nəzərə alsaq ki, dövlət sahibkarlığın inkişafına bu qədər kömək göstərir, həm siyasi, həm metodoloji dəstək verir. İqtisadiyyat Nazirliyi bütün layihələr üzrə biznes planlar hazırlayır, maliyyə dəstəyi verir. Son 12 il ərzində sahibkarlara güzəştli şərtlərlə 1 milyard 700 milyon manat kredit verilmişdir. Bu ili nəzərə alsaq 2 milyard manat edir. Yəni, bu, dövlət dəstəyidir. Ona görə, sahibkarlar da həm iş yerləri yaratmalıdırlar, öz istehsal sahələrini genişləndirməlidirlər, həm də fəaliyyət göstərdikləri bölgələrdə sosial məsuliyyəti hiss etməlidirlər.

Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində işlər aparılır, müvafiq göstərişlər, tapşırıqlar, sərəncamlar verilmişdir. Bu sahə mütləq daim diqqət mərkəzində olmalıdır. Beynəlxalq maliyyə qurumları bu istiqamətdə apardığımız fəaliyyəti yüksək qiymətləndirir, Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı yüksək yerlərə layiq görür. Davos Dünya İqtisadi Forumu ölkə iqtisadiyyatlarının rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 40-cı yerə layiq görmüşdür. Biz dünya miqyasında 40-cı yerdə, MDB məkanında birinci yerdəyik.

Ona görə, biznes, investisiya mühitinin yaxşılaşdırılması, iqtisadi, maliyyə sektorlarının, vergi, gömrük orqanlarının tam şəffaflaşması, vergi bazasının genişləndirilməsi, uçotun, statistikanın düzgün aparılması – bax, bütün bunlar çox vacib olan məsələlərdir. Deyə bilmərəm ki, bu məsələlərin həllində biz istədiyimizə nail ola bilmişik. Yox, hələ ki, görüləsi işlər çoxdur. Qüsurlar var, onlar aradan götürülür, götürülməlidir. 2016-cı il bu istiqamətdə həlledici rol oynayacaqdır. 2016-cı ildə biz bütün maliyyə-iqtisadi sistemimizi inkişaf etmiş ölkələrin təcrübəsinə əsasən təşkil etməliyik. Burada əlbəttə ki, uçot və statistika xüsusi yer tutur. Bizim statistikamız da aparıcı ölkələrin statistikasına xas olan bütün əlamətləri özündə ehtiva etməlidir. Çünki əsas budur, məlumatdır. Biz dəqiq bilməliyik harada nə işlər görülür, hansı məhsullar istehsal olunur. Əgər belə olmasa, gələcək fəaliyyətimizi planlaşdırmaq çətin olacaqdır.

Biz mütləq daxili bazarımızı, yerli istehsalı qorumalıyıq, bununla bərabər, inhisarçılığa yol verməməliyik. Bu da çox ciddi məsələdir. Çünki, əlbəttə, mən çox istəyirəm ki, Azərbaycan məhsulları daha da çox istehsal olunsun, biz idxaldan asılılığı daha da azaldaq, iş yerləri yaradılsın, ixrac qabiliyyətli məhsullar istehsal edək. Ancaq bununla bərabər, əgər biz idxal mallarına süni əngəllər qoysaq, bu zaman rəqabət olmayacaq. Amma rəqabət əsasdır. Hər bir ölkənin inkişafı üçün azad, ədalətli, sərbəst rəqabət əsas şərtdir. Ona görə, burada iki amil nəzərə alınmalıdır. Həm qiymətlərin tənzimlənməsi, bütün süni maneələr, idxal qarşısında duran maneələr aradan götürülməlidir, eyni zamanda, daxili istehsal qorunmalıdır. Ona görə, müvafiq qurumlar çox fəal işləməlidirlər ki, bu iki amili təmin etsinlər. Yerli istehsal, idxaldan asılılığın azaldılması bizim gələcək dayanıqlı inkişafımızın əsas məsələsidir. Ancaq, eyni zamanda, inhisarçılığa da yol vermək olmaz. Bəzi hallarda bizdə təbii inhisarçılıq yaradılır. Çünki bazar o qədər də böyük deyil. Hər hansı bir, ya iki böyük müəssisə görürsən ki, bütün bazarı öz əlinə götürür. Burada əlbəttə ki, Antiinhisar Xidmətinin rolu xüsusilə əhəmiyyətlidir. Biz elə etməliyik ki, sərbəst rəqabətə mane olan bütün amillər aradan götürülsün.

İnvestisiyaların təşviqi sistemi artıq yaradılıb, tətbiq edilir. Müvafiq qərarlar qəbul edilmişdir. Biz xarici investisiyaları daha da çox cəlb etməliyik. İnvestisiyaların təşviqi məsələsi burada mühüm rol oynayır. Bütövlükdə deyə bilərəm ki, Azərbaycanda investisiya iqlimi müsbətdir. Əgər belə olmasaydı xarici firmalar Azərbaycana 100 milyard dollar investisiya qoymazdılar. Biz isə çalışmalıyıq ki, indi xarici sərmayəni qeyri-neft sektoruna, ixracyönümlü məhsulların istehsalına yönəldək. Eyni zamanda, artıq ixracın stimullaşdırılması üçün konkret addımlar atılıb. Mənim tərəfimdən müvafiq qərarlar verilib və artıq Azərbaycanda ixracın təşviqi sistemi yaradılır. Biz keçmişdə bu barədə çox danışmışıq. Ancaq bu gün artıq biz bunu etməliyik, edirik. Burada da biz bu yolu keçən ölkələrin təcrübəsinə mütləq nəzər yetirməliyik və ən müsbət təcrübəni tətbiq etməliyik.

Azərbaycanda rəqabətqabiliyyətli məhsulu istehsal edən, bunu dünya bazarına çıxaran sahibkarlara dövlət tərəfindən güzəştlər edilməlidir. İndi İqtisadiyyat Nazirliyi bu məsələlərlə bağlı işləyir və hesab edirəm ki, sahibkarlar da bugünkü konfransda bu məsələ ilə bağlı öz təkliflərini verməlidirlər.

Mən artıq bəyan etmişəm, bir daha demək istəyirəm ki, Azərbaycanda genişmiqyaslı özəlləşdirmə proqramı icra ediləcəkdir. Buna böyük ehtiyac var. İlk növbədə, bu, ölkəmizə əlavə sərmayə, valyuta gətirəcək. Digər tərəfdən, biz işləməyən müəssisələri canlandıracağıq. Elə müəssisələr var ki, artıq 20 ildir dayanıb, qapısı qıfıllanıb, yarıdağılmış, yaxud dağılmış vəziyyətdədir və onlar nədənsə özəlləşdirməyə çıxarılmır.

İlk növbədə, ciddi təhlil aparılmalıdır. Hansı müəssisələr ilk növbədə özəlləşməyə açılmalıdır və özəlləşdirmə nəticəsində ölkə iqtisadiyyatı hansı dividendlər götürəcək. Əlbəttə, hər bir özəlləşdirilən müəssisənin gələcək fəaliyyəti ilə bağlı biznes plan təqdim edilməlidir. Belə çıxmasın ki, kimsə gəldi özəlləşdirdi, yenə də o müəssisə belə bağlı vəziyyətdə qalacaq. Biznes plan, öhdəlik, məsuliyyət - bütün bunlar nəzərə alınmalıdır. Genişmiqyaslı özəlləşdirməni aparmaq üçün bizə mütləq yüksək nüfuza malik olan beynəlxalq məsləhətçi şirkətlər lazımdır. Onlara da müraciət etmək lazımdır. Mən Davos Forumu çərçivəsində artıq bu barədə də danışıqlar aparmışam. Müəyyən təkliflər var. Mütləq onlar gəlib bizə həm məsləhət versinlər, kömək göstərsinlər, həm də yaxşı mənada nəzarət etsinlər. Aparılacaq özəlləşdirmə şəffaf olmalıdır, Azərbaycan dövlətinin maraqları maksimum təmin edilməlidir.

Bank sektorunun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində əlavə tədbirlər görüləcək. Əmanətlərin sığortalanması məsələsinə baxılıb. Hesab edirəm ki, bu, dövlət tərəfindən atılan çox ciddi addımdır. Ancaq bank sektorunun sağlamlaşdırılması prosesi daha sürətlə getməlidir. Burada inkişaf üçün çox böyük imkanlar var. Tələblərə, meyarlara cavab verməyən, öz fəaliyyətini qura bilməyən, böyük nöqsanlar buraxan banklar bizim bank sektorumuzda fəaliyyət göstərə bilməz. Bu məsələ ilə bağlı bir neçə dəfə hökumət yığışıbdır, məsələ qoyulubdur. Ancaq əfsuslar olsun ki, məsələ çox ləng gedir.

Biz bank sektorunu sağlamlaşdırmalıyıq. Bu, hər bir ölkə üçün çox vacib məsələdir. Elə etməliyik ki, bank sektoru Azərbaycan iqtisadiyyatına daha da çox fayda versin, iqtisadiyyatın real sektoruna daha da çox kredit resursları təşkil etsin ki, biz işləri təkcə dövlət büdcəsi hesabına, yaxud da ki, sahibkarların öz vəsaiti hesabına görməyək. Bank sektoru da burada çox ciddi alət, daha fəal olmalıdır. Ona görə bank sektorunun sağlamlaşdırılmasına Azərbaycan dövləti kömək göstərir və bu istiqamətdə islahatlar daha da sürətlə getməlidir.

Qeyd etdiyim kimi, qeyri-neft sənayesi sürətlə artmışdır - 8,4 faiz. Azərbaycanda sənayeləşmə prosesi gedir. Texnoparklar yaradılır, sənaye klasterləri yaradılmalıdır. Mən artıq göstəriş vermişdim ki, hər bir rayonda sənaye zonaları yaradılsın. Ancaq bu proses ləng gedir. Burada oturan bütün şəhər, rayon icra başçıları da bu işlərdə daha fəal olmalıdırlar. Onlar, İqtisadiyyat Nazirliyi və sahibkarlar bu işi görməlidirlər. Bu gün fasilədən sonra bu məsələ mütləq müzakirə edilməlidir. Hər bir rayondan ayrılacaq sahələrlə bağlı konkret təkliflər verilməlidir. İcra başçıları özləri bu işlərə çox ciddi fikir verməlidirlər. Ümumiyyətlə, bölgələrimizə investisiya axınını daha çox Azərbaycan dövləti, sahibkarlar təşkil edirdi. Hesab edirəm ki, yerli icra hakimiyyəti orqanları bu işlərdə daha da fəal olmalıdırlar. Onların fəaliyyətinə veriləcək qiymət böyük dərəcədə bu amildən asılı olacaq: nə qədər investisiya cəlb etmisən, sahibkarlara nə qədər şərait yaratmısan, nə qədər müəssisə yaradılıb, nə qədər yeni iş yeri açılıb?! Ona görə, ilk növbədə, hər bir yerdə statistika düzgün aparılmalıdır ki, burada şişirtmə olmasın. Çünki bu, elə köhnə xəstəlikdir və işlər düzgün qurulmalıdır. Ona görə bu il hər bir rayonda sənaye zonalarının yaradılması başlamalıdır.

Ümumiyyətlə, mən bizim özümüzü qeyri-qida məhsulları ilə təminetmə imkanlarımız haqqında bir neçə rəqəmi gətirmək istəyirəm. Bu, həm görülən işləri əks etdirir, həm də sahibkarlara, icra başçılarına, dövlət qurumlarının nümayəndələrinə bir növ yol xəritəsi olacaqdır - harada boşluqlar var və hansı işlər görülməlidir.

Beləliklə, sement istehsalı. Biz Azərbaycanda özümüzü bu məhsulla 92 faiz səviyyəsində təmin edirik. Burada maya dəyərində idxaldan asılılıq 10 faizdir. Bu, əsas qatqılar və qablaşdırma materiallarıdır. Ona görə sement istehsalı nəinki 100 faiz, daha da çox olmalıdır. İstehsal gücümüz var, biz sementi ixrac etməliyik. Çalışmalıyıq ki, bu 10 faiz xarici komponenti də özümüz istehsal edək. Bentonit. Biz öz tələbatımızı dəfələrlə ödəyirik və böyük ixrac potensialı yaranmışdır. Karton. Özümüzü cəmi 60 faiz təmin edirik. Mütləq yeni karton fabrikləri tikilməlidir və istehsalda biz 50 faiz xarici materiallardan asılıyıq. Bunu da tədricən aradan götürməliyik. Polietilen borular. Özümüzü 60 faiz təmin edirik. Yerli istehsalın tərkibində 70 faiz xarici komponent var. Bu da xammaldır. Əhəng. Özümüzü tam təmin etmirik, cəmi 50 faiz səviyyəsində, xarici komponent 13 faizdir. Gips - 1,6 dəfə. Yəni, həm 100 faiz təmin edirik, həm də ki, ixrac potensialı var. Ancaq istehsalda 50 faiz xarici komponentdən – qatqılar və qablaşdırma materiallarından istifadə olunur. Bu qablaşdırma materialları bütün sahələr üzrə var. Bu, nəyi göstərir? Onu göstərir ki, bu sahəyə fikir verilməmişdir. Ona görə müxtəlif qablaşdırma məmulatlarının istehsalı bu il başlamalıdır. Kərpic – özümüzü 99 faiz təmin edirik və burada cəmi 2 faiz xarici amil var. Beton tikinti blokları - özümüzü 100 faiz təmin edirik, 30 faiz xarici komponentdir. Alçipan - özümüzü 95 faiz təmin edirik, maya dəyərinin 48 faizi xaricdən asılıdır. Burada da metal profillər əsas rol oynayır. Metal konstruksiyalar - özümüzü 40 faiz təmin edirik, elektrik kabelləri 48 faiz, elektrotexniki avadanlıqlar 62 faiz.

Yəni, bu, onu göstərir ki, son illər ərzində bu sahəyə çox böyük investisiyalar qoyulub, dövlət kömək edib, özəl sektor və böyük dərəcədə biz bu vəziyyəti yaxşılaşdıra bilmişik. Ancaq hələ görüləsi işlər çoxdur. Birinci vəzifə, 100 faiz özümüzü təmin etmək, ikinci vəzifə, maya dəyərində xarici asılılığı minimuma endirməkdir. Təbii ki, mən bilirəm, biz bunu 100 faiz edə bilməyəcəyik, ancaq çalışmalıyıq. Belə halda neftin qiyməti düşsə də, qalxsa da istehlak qiymətlərində heç bir dəyişiklik olmayacaq.

Keçən il Azərbaycanda “Kənd təsərrüfatı ili” idi. Kənd təsərrüfatı 6,6 faiz artmışdır. Bu, çox yaxşı göstəricidir. Məhsuldarlıq artmışdır, xüsusilə taxılçılıqda. İri fermer təsərrüfatlarının fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Orada məhsuldarlıq orta məhsuldarlıqdan təxminən iki dəfə çoxdur. Ona görə, bu, bir nümunədir. Biz iri fermer təsərrüfatlarının yaradılmasını bu il də davam etdirməliyik. Bu, bizə imkan verəcək ki, idxaldan asılılığı azaldaq. Ancaq biz kiçik və orta fermer təsərrüfatlarını da yaddan çıxarmamalıyıq. Onlara da daim diqqət göstərilməlidir, şərait yaradılmalıdır.

Ərzaq təhlükəsizliyinin təmin edilməsi bizim üçün prioritet məsələdir. Keçən il bir neçə fərman imzalanmışdır. Bu fərmanların praktik nəticələri artıq görünməkdədir. Əlavə vəsait ayrılmışdır. Bizim üçün kənd təsərrüfatı o sahədir ki, qeyri-neft ixracımızı, ərzaq təhlükəsizliyini, insanları işlə təmin edəcək. Ona görə, keçən il “Kənd təsərrüfatı ili” olmuşdur. Ancaq hesab edin ki, bu il də “Kənd təsərrüfatı ili”dir. Hər il “Kənd təsərrüfatı ili” olmalıdır.

İslahatlar daha da dərinləşməlidir. Torpaq fondunun dəqiq uçotu aparılmalıdır. Biz yenə də uçota gəlirik. Çünki burada da bəzi hallarda uyğunsuzluq var. Vaxtilə verilmiş torpaq sahələri, real, faktiki sahələr sənədlərdə olan sahələrlə üst–üstə düşmür. İndi də bizim peyk imkanlarımız var - “Azərsky”. Mən onlara da tapşırmışam ki, mütləq bizim bu torpaq fondumuzun dəqiq uçotu aparılsın. Yəni, kağızda verilir bir sahə, amma real fermer başqa sahədə işləyir. Burada biz bu uyğunsuzluğu aradan götürməliyik. Hesab edirəm ki, əlbəttə, sənədləşmə dəqiq aparılmalıdır. Çünki biz indi fermerlərə deyə bilmərik ki, bu sənin sahən deyil. Harada işləyir, o da onun mülkiyyətidir. Ancaq düzgün uçot və sənədləşmə aparılmalıdır. Bu iş vaxt tələb edir. Hesab edirəm ki, bu il bu istiqamətdə ciddi addımlar atılmalıdır. “Elektron kənd təsərrüfatı” proqramı icra edilir. Bu yaxınlarda mənə məruzə edilmişdir. Biz bunu daha da geniş yaymalıyıq.

Kənd təsərrüfatının inkişafı üçün biz böyük meliorasiya layihələrini icra etdik. Taxtakörpü və Şəmkirçay su anbarlarını inşa etdik. Samur-Abşeron kanalının yenidən qurulması layihəsi təmin edildi. Ceyranbatan gölünün təmizlənməsinə, müasir təmizləmə qurğularının yaradılmasına nail olduq. Yəni, biz həm içməli su, həm meliorasiya məqsədləri üçün Samur sularından istifadə edirik. Beləliklə, bizdə on minlərlə hektar yeni torpaq sahələri suvarılacaq və tezliklə suvarılmalıdır. O sahələrdə, qərb və şimal zonalarında, - bu, Siyəzən, Şabran, Xızı, Şəmkir rayonlarıdır və ətraf rayonlardır, - tezliklə yeni fermer təsərrüfatları yaradılmalıdır.

Heyvandarlığın inkişafı üçün Kənd Təsərrüfatı Nazirliyi yeni təkliflər irəli sürübdür. Biz əvvəllər daha çox cins mal-qaranın alınması ilə məşğul idik. Bu, davam edir. Ancaq Azərbaycanda cinsin yaxşılaşdırılması üçün imkanlar var. Burada süni mayalanma sistemi geniş tətbiq olunmalıdır. Mənə verilən məlumata görə, bir neçə il ərzində biz tamamilə mal-qara cinsini yaxşılaşdıracağıq və beləliklə, əlavə imkanlar yaranacaqdır.

Bitkiçilikdə böyük inkişaf var. Keçən il kənd təsərrüfatının inkişafı daha çox bitkiçiliklə bağlı idi. Hesab edirəm ki, biz pambıqçılıqla daha ciddi məşğul olmalıyıq. Çünki bu, həm insanları işə cəlb edir, - pambıq tarlalarında çox insan işləyəcək, maaş alacaqdır, - eyni zamanda, bu, valyuta gətirən məhsuldur. Biz həm xam pambığı satmalıyıq, həm də ki, onu ipliyə, daha sonra tekstilə çevirib ixrac etməliyik. Bu, mütləq olmalıdır. Hesab edirəm ki, pambıq yığanlara verilən pul artırılmalıdır. Mənə verilən məlumata görə, indi bir kiloqram pambıq üçün insanlara 42 qəpik ödənilir. Hesab edirəm ki, bu, çox azdır. Bu, əhəmiyyətli dərəcədə qaldırılmalıdır. Pambıqçılıq sürətlə inkişaf etməlidir, həmçinin tütünçülük və çayçılıq. Bu sahədə də bizim böyük ənənələrimiz var. Sovet dövründə nə qədər pambıq yığılırdı - 1 milyon ton. Çay, tütün. Biz bu sahələri canlandırmalıyıq.

Məndə ərzaq məhsulları ilə bağlı da buna oxşar arayış var. Mən indi onu da səsləndirəcəyəm. Ona görə səsləndirirəm ki, həm ictimaiyyət bilsin hansı nailiyyətlər var, həm də iş adamları, yerli icra orqanları bilsinlər hansı sahələrə daha çox diqqət verilməlidir.

Beləliklə, əsas ərzaq məhsulları üzrə özünü təmin etmə və maya dəyərində idxaldan asılılıq səviyyəsinə dair məlumat: Mal əti - özümüzü 92 faiz təmin edirik. Burada maya dəyərində idxaldan asılılıq 5 faizdir. Bu, əsasən yem və dərmandır. Qoyun əti - özümüzü 99 faiz təmin edirik, maya dəyərində cəmi 2 faiz xarici amil var. Yenə də yem və dərman. Quş əti - özümüzü 98,6 faiz təmin edirik. Son bir neçə il ərzində quş ətinin istehsalında böyük irəliləyiş var. Nəyə görə? Çünki quş fabrikləri yaradıldı. Dövlət dəstək, kredit verdi, sahibkarları bu istiqamətə yönəltdi ki, biz özümüzü quş əti ilə tam təmin edək. Biz buna artıq çatmışıq. Ancaq maya dəyərində idxaldan asılılıq 65 faizdir. Nədir bu asılılıq? Qarğıdalı, soya, günəbaxan və dərman. Sahibkarlar üçün bu, fəaliyyət meydanıdır. Qarğıdalı, soya, günəbaxan əkilməlidir. Dərman Azərbaycanda istehsal olunmalıdır. Niyə biz özümüz-özümüzü dərmanla təmin edə bilmirik? Etməliyik. Bu olsa, onda biz quş ətini 100 faiz daxili komponent hesabına əldə edəcəyik.

Yumurta. Özümüzü 99,6 faiz təmin edirik. Yenə də maya dəyərində 65 faiz xarici amil var.

Süd və süd məhsulları. Özümüzü təminetmə əmsalı 80 faizdir. Burada da çox böyük irəliləyiş var. Burada cəmi 10 faiz xarici amildən asılıyıq. Bu da yenə dərmandır və yemdir. Hesab edirəm ki, bu il də süd fabriklərinin tikintisinə böyük diqqət verilməlidir. Çünki biz özümüzü südlə 100 faiz təmin etməliyik və ixrac etməliyik. Bildiyimə görə, indi ixrac olunur, ancaq idxal da var. İdxal ancaq çeşidlərin sayına görə olmalıdır. Asılılıq isə tamamilə aradan götürülməlidir.

Azərbaycanda taxıl istehsalı artıbdır. 2014-cü ildə 2 milyon 300 min ton, 2015-ci ildə 2 milyon 900 min ton istehsal olunmuşdur. Çox gözəl inkişafdır. Ancaq özümüzü cəmi 64 faiz səviyyəsində təmin edirik. Ona görə, iri fermer təsərrüfatlarının yaradılması prosesi bundan sonra da getməlidir. İri fermer təsərrüfatlarında məhsuldarlıq 1 hektardan 50 sentnerdir, bəlkə də çox, orta məhsuldarlıq isə 30 sentnerdir. Onu da biz ancaq bu il əldə etmişik. Əvvəllər 23-24 sentner idi. Dövriyyəyə yeni torpaq sahələri verilməlidir. Dövlət infrastruktur layihələrini icra etməlidir. Biz özümüzü 100 faiz taxılla təmin etməliyik, 100 faiz. Qarşıya belə vəzifə qoyulur. Müzakirə edin, məlumat verin biz nə vaxt buna nail ola bilərik və buna nail olmaq üçün nə lazımdır? Burada – taxıl istehsalında maya dəyərində idxaldan asılılıq 20 faizdir - gübrə, dərman.

Kartof - özümüzü 90 faiz təmin edirik. Hesab edirəm ki, bu, qəbuledilməzdir. Özümüzü kartofla 100 faiz təmin etməliyik, ixrac da etməliyik. Ona görə, ciddi məşğul olun ki, biz bu boşluğu dolduraq. Kartof istehsalında 35 faiz xarici amil var - yenə də gübrə, dərman. Soğan – özümüzü 100 faizdən çox təmin edirik. Burada xarici amil yoxdur. Bostan məhsulları 100 faiz, yenə də xaricdən asılı deyilik. Meyvə, giləmeyvə təxminən 110 faiz, maya dəyərində xarici idxaldan 30 faiz asılılıq - yenə gübrə, dərman. Ona görə, gübrə zavodu tikilir, ancaq gərək sürətlə tikilsin. O vaxt biz bu layihəni başlamışıq ki, idxaldan asılılığı azaldaq, ancaq çox uzanıb. Bu, dözülməzdir. Bu il çox ciddi işlər aparılmalıdır. Tezliklə gübrə zavodu işə düşməlidir. Dərman haqqında isə mən dedim, müzakirə edin. Nə etmək lazımdır, harada müəssisələr yaradılmalıdır, bizə nə qədər lazımdır, illik tələbat nə qədərdir?

Duz – özümüzü 87 faiz təmin edirik, xarici amil 5 faizdir. Bu da qablaşmadır. Şəkər və şəkərdən hazırlanan məhsullar - özümüzü 191 faiz təmin edirik, İmişlidəki şəkər zavodunun hesabına. Ancaq burada xaricdən 80 faiz asılılıq var. Xam şəkər xaricdən gətirilir. Ona görə, çalışmalıyıq ki, bu xarici komponenti biz aşağı salaq. Bunun üçün nə lazımdır? Aydın məsələdir, daha çox şəkər çuğunduru əkilməlidir. Bu, həm iş yerləri yaradacaq, həm xarici amildən asılılıq aradan götürüləcək.

Bitki yağları və marqarin – özümüzü 67 faiz təmin edirik. Burada da idxaldan 80 faiz asılıyıq. Nədir? Xam yağ və qablaşdırma. Bizdə bitkiçiliyin inkişafı hesabına özümüz yerli məhsullardan daha çox yağ əldə edə bilərik. Kərə yağı – özümüzü cəmi 60 faiz təmin edirik, xarici amil 10 faizdir. Hesab edirəm ki, biz kərə yağını da Azərbaycanda 100 faiz istehsal etməliyik. Bunun üçün nə lazımdırsa, təklif verin. Makaron – özümüzü 52 faiz təmin edirik. Ancaq bu yerli istehsalın 95 faizi xaricdən gələn xammal hesabına təmin edilir. Ona görə, taxılçılığın, keyfiyyətli unun istehsalı makaron istehsalında da imkan verəcək ki, xarici amildən asılı olmayaq. Meyvə-tərəvəz şirələri – özümüzü 105 faiz təmin edirik. Meyvə-tərəvəz konservləri təxminən 90 faiz və 10 faiz xarici amildir.

Bu cədvəllər nəyi göstərir? İlk növbədə onu göstərir ki, biz son illər ərzində tarixi nailiyyətlərə imza atmışıq. Sovet dövründə biz yağı da, əti də, südü də, pendiri də - hamısını Rusiyadan, Ukraynadan gətirirdik. İndi biz özümüzü böyük dərəcədə təmin edə bilmişik. Ona görə ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi siyasəti uğurla aparılır. Ancaq, eyni zamanda, onu göstərir ki, hələ görüləsi işlər çoxdur. Səsləndirdiyim bu iki cədvəl iş adamları, dövlət qurumları, yerli icra orqanları üçün əsas sənəd - yol xəritəsi olmalıdır və bunu tezliklə icra etməliyik.

Turizmin inkişafı daha sürətlə getməlidir. Xüsusilə, Avropa Oyunlarından sonra Azərbaycana dünyada maraq daha da artdı. Biz bundan istifadə etməliyik. Nə qədər çox turist gəlsə, Azərbaycanı o qədər də çox adam tanıyacaq və turistlər ölkəmizə valyuta gətirəcəklər. Son 12 il ərzində Azərbaycanda 300-ə yaxın mehmanxana tikilmişdir. Bizim indi dünya səviyyəli kurortlarımız var – Şahdağ kurortu, Naftalan kurortu. Qəbələ beynəlxalq kurort mərkəzinə çevrilibdir və Qalaaltı müalicəvi kurort mərkəzidir. Naxçıvanda Duzdağ kurort mərkəzi yaradılıbdır. Sadəcə daha fəal olmalıyıq ki, turistləri cəlb edək. Burada vizaların sadələşdirilməsi işində əlavə tədbirlər görülüb ki, biz daha da çox turist axınını təmin edək. Azərbaycanın turistləri maraqlandıran ənənəvi sənət növləri də inkişaf etməlidir, o cümlədən xalçaçılıq. Bu, bizim böyük milli sərvətimizdir. Hesab edirəm ki, indi, xüsusilə kəndlərdə şərait yaradılmalıdır ki, qadınlar xalçaçılıqla məşğul olsunlar. Onlar materiallarla, dəzgahlarla, iplərlə təmin olunmalıdırlar, xalça toxusunlar, pul qazansınlar və biz bu malları da xarici bazarlara çıxara bilək.

Bu il də ekoloji tədbirlər görülməlidir. Xüsusilə ağacəkmə prosesi gedir. Ağacəkməyə insanları daha çox cəlb etmək olar, xüsusilə bölgələrdə. Burada müvəqqəti iş yerləri yaradılmalıdır. Yerli icra orqanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyi təkliflər hazırlasınlar ki, bu il biz nə qədər ağac əkəcəyik, nə qədər insan bu işlərə cəlb ediləcəkdir.

Bütövlükdə demək istəyirəm ki, indi - dünyada böhran yaşanan dövrdə bir çox ölkələrdə ictimai işlərə daha çox üstünlük verilir. Bizdə böhran yoxdur. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir və inkişafımız dayanıqlı olacaq.

Ancaq mən istəyirəm ki, Azərbaycanda, ümumiyyətlə, işsiz adam olmasın. Hər kəs iş tapa bilmir. Ona görə verdiyim tövsiyələr və tapşırıqlar mütləq icra edilməlidir. Bu il biz müvəqqəti ictimai işlərə daha çox insanı cəlb etməliyik. Onlara maaş veriləcək və onlar da xalq, dövlət üçün çalışsınlar.

İstehlak qiymətlərinə nəzarət daim olmalıdır. Süni bahalaşmaya qarşı mübarizə aparılır və aparılacaq, cəza tədbirləri görülür. Söhbət süni bahalaşmadan gedir.

Korrupsiyaya və rüşvətxorluğa qarsı mübarizə gedir, öz bəhrəsini verir. Korrupsiya böyük bəladır, bütün ölkələr üçün, o cümlədən Azərbaycan üçün. Biz həm cəza tədbirlərini tətbiq edirik, inzibati addımlar atılır, həm də institusional tədbirlər görülür. Korrupsiya, rüşvətxorluq üçün meydan daralır, yeni ictimai xidmətlər yaradılır. “ASAN xidmət” iki il ərzində artıq yeddi milyon insana xidmət göstərib. Bu yeddi milyon insan bu iki il ərzində “ASAN xidmət”də korrupsiyanın nə olduğunu görməyib. Ancaq əvvəlki dövrlərdə hansı qapıya gedirdilərsə, onlardan qanuni arayışa, icazəyə və s. görə nə isə tələb olunurdu. İnstitusional tədbirlər çox səmərəlidir. Bununla bərabər, korrupsiyaya qarşı cəza tədbirləri də tətbiq ediləcək, edilir. Burada heç kimin imtiyazı ola bilməz. Heç kim toxunulmaz deyil. Son hadisələr Azərbaycanda bir daha onu göstərdi. Əgər bəzi yüksək vəzifəli şəxslər qanunu pozurlarsa, öz vəzifə borclarını yerinə yetirə bilmirlərsə onlar mütləq cəzalandırılacaq və cəzalandırılır. Xalq da, ictimaiyyət də bunu görür. Hamı bilsin, Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur. Hamı qanun qarşısında bərabərdir.

Mən artıq qeyd etdim ki, bu il yerli icra orqanları daha çox iş yerlərinin yaradılması, investisiyanın cəlb edilməsi ilə məşğul olmalıdırlar. Əldə edilmiş nailiyyətlərlə bağlı Prezidentə, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə müntəzəm olaraq məlumat verməlidirlər. Dövlət məmurları xalqla bir yerdə olmalıdır. Mən həmişə demişəm, hər bir dövlət məmuru, o cümlədən də Prezident xalqın xidmətçisidir. Xalq bizə etibar edib və biz də bu etibarı, inamı hər gün doğrultmalıyıq.

Dövlət məmurları və onların ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Xalqla bir yerdə olmalıdırlar, yekəxanalıq göstərməməlidirlər. Hesab etməməlidirlər ki, onların hansısa xüsusi statusu var. Onların statusu var - insanlara xidmət etmək, insanların problemlərini həll etmək, onlara qayğı göstərmək. İnsanları incitməməlidirlər, əksinə, qayğı, diqqət göstərməlidirlər və kömək etməlidirlər. Dediyim bütün bu amillər onların fəaliyyətinə verilən qiymətdə əsas rol oynayacaq.

Dövlət qurumları. Burada bəzi çıxışlarda səsləndi - indi Azərbaycanda yerli istehsal nə qədər inkişaf edir, o cümlədən mebel istehsalı. Ancaq bizim dövlət idarələrində yerli mebeldən istifadə edirlərmi? Yox. Hər bir kiçik məmur istəyir ki, onun kabinetində xarici mebel olsun. Nə üçün? Bu, nə ədabazlıqdır. Bizdə gözəl mebel istehsal olunur. Təkcə bu, “Embawood” şirkəti deyil. Bizdə bəlkə də mebel istehsal edən onlarla şirkət var. Amma di gəl ki, bizim yüksək və kiçik vəzifəli dövlət məmurlarımız onu bəyənmirlər. Özü də onun keyfiyyəti heç bir başqa mebeldən fərqlənmir. Amma deyir ki, yox, bu, Azərbaycan malıdır, mən bunu özümə rəva bilmirəm. Mənim üçün gərək İtaliya, Rumıniya mebeli olsun. Buna son qoyulmalıdır! Bütün dövlət məmurlarının kabinetlərində bundan sonra yerli mebellər olmalıdır. Bütün təftiş edən orqanlar – Hesablama Palatası, Maliyyə Nazirliyi və digər orqanlar nəzarət etməlidirlər.

Təkcə mebeldən söhbət getmir. Digər mal, materiallar alınanda da nədənsə bizdə xarici mallara üstünlük verilir. Mənə bu yaxınlarda hətta hökumət müşavirəsində ayaqqabı gətirib göstərdilər ki, görün, Azərbaycanda nə gözəl ayaqqabı istehsal olunur. Ancaq bizim bəzi hərbi qurumlar bunu bəyənmir, əsgər üçün xaricdən ayaqqabı alır. Nə üçün? Ona görə, bax, bu sahə çox ciddi nəzarət altında olmalıdır. Beləliklə, biz israfçılığa yol verməyəcəyik, xərclər azalacaq, valyuta xaricə getməyəcək, yerli istehsal güclənəcək. Ona görə mənim göstərişim hamıya aiddir. Bundan sonra belə də olmalıdır. İndi o vəziyyət deyil ki, kimsə özü üçün xüsusi bir avtomobil alsın, özü də dövlət hesabına. Bizim Naxçıvanda avtomobil zavodumuz var, dövlət qurumları oradan alsınlar. Yaxşı da maşınlardır. Heç xarici maşından o qədər də fərqlənmir. Çox gözəl. Daha çox alsınlar. Yəni, hökumət bu sahəyə çox ciddi diqqət verməlidir. Harada ki, pozuntular var dərhal mənə məlumat verilməlidir və ölçülər götürüləcək.

Sahibkarlar ölkə iqtisadiyyatına daha çox vəsait qoysunlar. Mən bilirəm, indi Azərbaycan sahibkarları xaricə də investisiya qoyurlar. Mən özüm də həmişə bunun tərəfdarı olmuşam, istəyirdim ki, bizim firmalar dünya bazarlarına çıxsınlar, onları tanısınlar. İndi söhbət düşmüşkən deyim ki, mən həmişə, hətta xarici səfərlərdə Azərbaycan sahibkarlarını təbliğ edirəm, istəyirəm onlar xaricdə fəaliyyət göstərsinlər. Ancaq indiki şəraitdə sahibkarların əsas vəsaiti Azərbaycana qoyulmalıdır. Sahibkarlar, əlbəttə, məsuliyyətli olmalıdırlar, vergiləri tam ödəməlidirlər. Bunu etmək üçün vergi uçotu düzgün aparılmalıdır. Çünki bəzi hallarda sahibkarın yanına gəlib deyirlər ki, sən filan qədər verməlisən. Yəni, dövlətə verməlisən, mən bunu nəzərdə tuturam. Bəzən yəqin ki, başqa hallar da var. Amma bu da sahibkarları narahat edir. Çünki sahibkar əldə etdiyi gəlirə görə vergi verməlidir. Ona görə burada uçot ən vacib məsələdir. Sahibkarlar şəffaf fəaliyyət göstərməlidirlər və kənd təsərrüfatına, emal sənayesinə, sənaye materiallarının istehsalına vəsait qoymalıdırlar.

Mən dəfələrlə demişəm, elə işləməliyik ki, sanki bizdə neft-qaz resursları yoxdur. Əslində, indi neftin qiyməti belə vəziyyətə gətirib çıxarıb ki, elə bil doğrudan da belədir. Sözün düzü, biz hesablayırdıq ki, postneft dövrü Azərbaycanda 30-cu, 40-cı illərdən sonra başlayacaq. Çünki bizim bütün proqnozlarımız onu göstərir ki, hələ onilliklər bundan sonra Azərbaycanda neftin hasilatı təxminən sabit qalacaqdır. İki-üç ildən sonra reallaşacaq “Cənub” qaz dəhlizinin faydası da, əlbəttə ki, müəyyən dərəcədə 40-cı ildən sonra neftin tənəzzülünün qarşısını alacaq. Çünki biz bazara böyük qazla çıxacağıq.

Ancaq neftin qiyməti dörd dəfə aşağı düşdü və biz artıq bu gün postneft dövründə yaşayırıq. Biz qısa zaman çərçivəsində bu işləri görürük ki, insanlar bunu hiss etməsinlər. Ona görə bundan sonra islahat, şəffaflıq, məsuliyyət, qeyri-neft sektorunun inkişafı, ixracyönümlü məhsulların istehsalı, idxaldan asılılığın azaldılması - bütün bu amillər bizim dayanıqlı inkişafımızı təmin edəcək. Mən əminəm ki, Azərbaycan 2016-cı ildə və bundan sonrakı illərdə də uğurla inkişaf edəcəkdir. Biz müstəqillik yolu ilə, inkişaf yolu ilə gedirik. Bu yolda sizə və bütün Azərbaycan xalqına uğurlar arzulayıram. Sağ olun.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10