22 fevral 2016, 14:30

Kamil Fətəliyevdən, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sizin diqqət və qayğınız sayəsində son beş ildə qədim Gəncə şəhərində çox yüksək səviyyədə aparılmış abadlıq və quruculuq işləri  göz oxşayır, haqlı olaraq şəhər sakinlərinin və buraya gələn qonaqların hədsiz razılığına, xüsusi heyranlığına səbəb olur. Sizin göstərişinizlə həyata keçirilən yeni layihələr çərçivəsində şəhərdə salınan parklar, tikilən muzeylər, mərkəzlər, komplekslər, ucaldılan abidələr, yeni-yeni yaraşıqlı binalar, yaradılan istirahət zonaları, yaşıllıqlar bundan sonra uzun illər gələcək nəsillərimizə xidmət edəcək, ulu öndər Heydər Əliyev başda olmaqla bu işləri görənlər həmişə yad olunacaqlar.

Hörmətli cənab Prezident, Sizin Gəncəyə hər gəlişiniz burada çox böyük sevincə, toy-bayrama səbəb olur. Əzəmətli “İmamzadə” kompleksinin, eləcə də şəhərimizdə son illərdə inşa edilmiş bir çox obyektin açılışında iştirak etdikdən sonra ehtiyat fondunuzdan Gəncə Dövlət Filarmoniyasının tikintisinin davam etdirilməsi üçün 5 milyon manat ayırmağınız şəhər ictimaiyyəti tərəfindən çox böyük razılıq və minnətdarlıq hissi ilə qarşılandı. Bütün bunlara görə gəncəlilər Sizə və ailənizə xalqımızın xoşbəxt gələcəyi naminə fəaliyyətinizdə uğurlar arzu edirlər. Çox sağ olun.

Dərin hörmətlə,

Fətəliyev Kamil Hətəm oğlu,

Aqromexanika Elmi-Tədqiqat İnstitutunun direktoru.

Azərbaycan Respublikası, Gəncə şəhəri.