13 aprel 2016, 16:40

Qənimət Əliyevdən, Füzuli, Azərbaycan

Çox hörmətli möhtərəm cənab Prezident.

Azərbaycan xalqı və bütün dünya azərbaycanlıları hədsiz xoşbəxtdir ki, odlar yurdu, qəhrəmanlar diyarı Azərbaycan kimi Vətəni, ulu öndər, ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən, yüz illərə hesablanmış siyasi kursunu müasir dövrdə yorulmadan, layiqincə davam etdirən, xalqının xoşbəxt və firavan yaşamasını ali məqsəd olaraq qarşısına qoyan Sizin kimi Prezidenti var. Milli psixologiyamızın dərin bilicisi və Silahlı Qüvvələrimizin Ali Baş Komandanı kimi qəbul etdiyiniz qərarlar hamının ürəyindən xəbər verir. Ölkə həyatının bütün sahələrində qazanılmış və qazanılmaqda davam edən nailiyyətlərlə yanaşı, bu il aprel ayının əvvəllərində şanlı Ordumuzun erməni təxribatçılarına verdiyi layiqli cavab, bir sıra strateji əhəmiyyətli yüksəkliklərin və yaşayış məntəqələrimizin düşməndən azad edilməsi münasibətilə Sizi və bütün xalqımızı öz adımdan və ailə üzvlərim adından ürəkdən təbrik edir, Sizə yeni və daha böyük qələbələr arzulayıram. Atalar yaxşı deyib: "Haqq nazilər, amma üzülməz!". Müdrik ataların bir sözü də var: "Gec olar, amma güclü olar!"

Möhtərəm cənab Prezident, inanırıq ki, işğal altında qalan dədə-baba torpaqlarımız Sizin rəhbərliyiniz altında xain və xoflu düşməndən nəyin bahasına olursa-olsun azad ediləcəkdir və o gün uzaqda deyildir. Xalqımızın firavanlığı və xoşbəxtliyi, ərazi bütövlüyümüzün bərpa olunması yolunda Sizə və ailə üzvlərinizə uzun ömür, möhkəm cansağlığı arzulayıram.

Sizə sonsuz hörmətlə,

Əliyev Qənimət Eldar oğlu.

Azərbaycan Respublikası, Füzuli rayonu.