İlham Əliyev Ukraynanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

19 aprel 2011, 16:00
İlham Əliyev Ukraynanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

Prezident İlham Əliyev Ukraynanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenkonun etimadnaməsini qəbul etmişdir.

Səfir Aleksandr Mişenko fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Aleksandr Mişenko etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Prezident İlham Əliyev Azərbaycan və Ukraynanın dövlət başçıları arasında möhkəm əlaqələrin olduğunu vurğulayaraq ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluğunu bildirdi. Prezident İlham Əliyev ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu dedi.

Kiyevə son səfərini xatırlayan Prezident İlham Əliyev dövlət başçıları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Ukraynaya və Ukrayna xalqına Azərbaycanda səmimi hisslərlə yanaşıldığını vurğulayan dövlət başçısı münasibətlərimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə etdi və səfirə fəaliyyətində uğurlar arzuladı.

Ukraynanın ölkəmizdə yeni təyin olunmuş səfiri Aleksandr Mişenko ilk gündən azərbaycanlı həmkarları ilə sıx əlaqələr yaratdığını dedi, ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirdi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo