06 iyul 2016, 15:15

Rəfail Mirzəyev və Ramil Məmmədovdan, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident.

Biz laçınlılar 1992-ci ildən öz doğma Vətənimizdə məcburi köçkün kimi yaşamağa məcbur olmuşuq. Çətin günlərimiz çox olub. Amma ulu öndər Heydər Əliyevin başlatdığı və Sizin tərəfinizdən uğurla davam etdirilən siyasi kurs bizi həmin çətin günlərdən xilas edib. Hazırda Ağcabədi və Zərdab rayonlarında məskunlaşan laçınlılara Sizin göstərişinizlə hər cür kömək göstərilir. 

Əsas problemlərimizdən biri içməli su ilə bağlı idi. Həmin problem də aradan qaldırılır. Yaşadığımız ərazidə 8 ədəd su təmizləyici qurğu quraşdırılıb. Minlərlə insan -  şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, qadınlar, qocalar, uşaqlar həmin qurğu vasitəsilə təmizlənmiş sudan istifadə edir. Hazırda digər qurğuların tikintisi davam etdirilir. Bizə göstərdiyiniz diqqət və qayğınıza görə bütün laçınlılar, eləcə də şəhid ailələri, müharibə veteranları adından Sizə minnətdarlığımızı bildiririk. 

Cənab Ali Baş Komandan, həyat şəraitimizin gündən-günə yaxşılaşmasına baxmayaraq, biz laçınlılar Laçın həsrəti ilə yaşayırıq. Biz laçınlılar Sizin əmrinizlə silaha sarılıb işğal altında olan qədim və əzəli torpaqlarımızı, el-obamızı işğalçı ermənilərdən azad etməyə hazırıq. Bu inamı, bu qətiyyəti bizə müasir Azərbaycanın memarı və qurucusu ulu öndərimiz Heydər Əliyevin və Sizin rəhbərliyinizlə güclənən dövlətimizin iqtisadi və hərbi potensialı verib. Şanlı Ordumuzun 4 günlük aprel döyüşlərindəki qələbəsi bizi daha da ruhlandırdı. Biz inanırıq ki, Sizin əmrinizlə yaxın zamanlarda torpaqlarımızı işğaldan azad edəcəyik. Bu şərəfli yolda Sizə uğurlar arzulayırıq. 

Hörmətlə, 

Mirzəyev Rəfail

Məmmədoiv Ramil. 

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi.