İlham Əliyev Qəbələ regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib

10 avqust 2016, 17:00
İlham Əliyev Qəbələ regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib

Prezident İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Qəbələ regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov dövlətimizin başçısına məlumat verdilər ki, Qəbələ regional “ASAN xidmət” mərkəzinin dördmərtəbəli binasının tikintisi yüksək standartlara uyğun həyata keçirilib. Mərkəz rayonun Elçin Kərimov küçəsi 79 ünvanında, şəhərin infrastruktur obyektlərinə yaxın ərazidə yerləşir.

Prezident İlham Əliyev mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Mərkəzdə müstəqil Azərbaycanın inkişafında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin büstü qoyulub.

Artıq “ASAN xidmət” təcrübəsinin özünəməxsus hüquqi strukturu bir çox beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilir və bu təcrübə Azərbaycan modeli kimi təqdim edilir. Odur ki, “ASAN xidmət”in təkcə Azərbaycanda deyil, digər ölkələrdə də tətbiqi genişlənir. Bu, müxtəlif beynəlxalq tərəfdaşlarla, o cümlədən Avropa İttifaqı ilə aparılan əməkdaşlığın əsas istiqamətlərindən birini təşkil edir. Bundan əlavə, Əfqanıstan ilə dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair imzalanan Anlaşma Memorandumuna əsasən, “ASAN xidmət”in fəaliyyətinin bu ölkədə geniş tətbiqinə dair razılıq əldə olunub. Artıq Əfqanıstanda eyni adlı qurum təsis edilib.

Prezident İlham Əliyev yeni xidmətin işə başlamasını bildirən düyməni basdı.

Dövlət başçısı binada yaradılan şəraitlə tanış olarkən bildirildi ki, “ASAN xidmət” mərkəzinin fəaliyyətindən Qəbələ də daxil olmaqla, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, İsmayıllı, Ağsu, Şamaxı və Qobustan rayonları ərazisində qeydiyyatda olan vətəndaşlar, ümumilikdə, 902 min 435 sakin yararlanacaq.

Fəaliyyətə başladığı tarixdən bu günədək “ASAN xidmət” mərkəzlərinə 11 milyonadək müraciət daxil olub. Gün ərzində “ASAN xidmət” mərkəzlərinə 20 min vətəndaş müraciət edir. 2013-cü ildən “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionların əhalisinə xidmətlərin çatdırılması məqsədilə xüsusi avtobuslarla səyyar xidmətlər göstərilir. Bu günədək 700 minə yaxın vətəndaş bu xidmətdən yararlanıb. Xüsusi qayğıya ehtiyacı olan əlil vətəndaşlara xidmətlər ödənişsiz həyata keçirilib. Prezident İlham Əliyevin tapşırığına əsasən regionlarda yaşayan əhaliyə səyyar xidmətlərin keyfiyyətli və davamlı şəkildə göstərilməsinin təşkili məqsədilə səyyar xidmət avtobuslarının sayı artırılaraq 10-a çatdırılıb.

“ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların razı salınması, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının tam aradan qaldırılması, müasir texnologiyaların, “bir qapı” prinsipinin tətbiq olunmasıdır. Əsas prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıq olan “ASAN xidmət” mərkəzləri öz fəaliyyətini yüksək standartlar çərçivəsində qurur və inkişaf etdirir.

Mərkəzdə Prezident İlham Əliyev yeni layihələrlə də tanış oldu.

Əvvəlcə dövlət başçısına “ASAN wifi” layihəsi barədə məlumat verildi. Bildirildi ki, müxtəlif yerlərdə quraşdırılan simsiz internet modemləri vasitəsilə insanların internetə əlçatanlığı təmin ediləcək. Bu layihə vasitəsilə dövlət əhəmiyyətli məlumatlar vətəndaşlara daha asan çatdırılacaq. Bundan əlavə, ASAN TV-nin tətbiqi də nəzərdə tutulub. Bu, Azərbaycana idxal ediləcək bütün smart televizorlarda istifadəyə hazır xüsusi bir tətbiq olacaq. Tətbiq vasitəsilə insanlar televizorda ASAN Radionu dinləyəcək, “ASAN xidmət”in fəaliyyəti, mərkəzlərə getmək üçün ictimai nəqliyyat vasitələri, həmçinin mərkəzlərdə növbəlilik statistikası və digər zəruri məlumatları əldə edəcəklər.

Dövlət başçısının diqqətinə çatdırıldı ki, Azərbaycan və ingilis dillərində dərc edilən “ASAN” jurnalı üçün nadir qeydiyyat nömrəsi olan beynəlxalq standart seriya nömrəsi əldə olunub və beynəlxalq reyestrə daxil edilib.

Yeniliklərdən biri də “ASAN VİSA” portalıdır. Bu portal vasitəsilə vizaların verilməsinin tam elektronlaşdırılması və sadələşdirilməsi həyata keçiriləcək. Əcnəbilər sadəcə üç addımda onlayn vizanı elektron formada üç iş günü ərzində alacaqlar.

Artıq “ASAN i-LAB” innovasiya laboratoriyası da hazırdır. “i-LAB” innovativ texnologiyalar və proqram təminatı yaradılması ilə bağlı layihələri cəlb edərək onların reallaşdırılması, hazır məhsul istehsalına dəstəyin göstərilməsi və məhsulun yerli və xarici bazarlara çıxarılmasına xidmət edən innovasiya laboratoriyasıdır.

“BAŞLA” layihəsi çərçivəsində isə istənilən sahəyə aid olan kiçik biznes ideyalarının cəlb edilməsi, maliyyələşdirilməsi və reallaşdırılmasına dəstək göstəriləcək.

Yeni layihələr arasında “Cücələrim inkibatoru” da var. Layihənin məqsədi köhnə soyuducuların yenidən istehsala cəlb olunması və onlardan ev quşları təsərrüfatlarının yaradılması üçün inkubatorlar istehsal edilməsidir.

Daha bir maraqlı layihə isə “i-LAB store”dur. Bu, “i-LAB” çərçivəsində istehsal edilmiş innovativ texnologiyalar və proqram təminatları haqqında məlumatların yerləşdiyi vahid portaldır. Portalda informasiya texnologiyaları məhsullarının onlayn satışı da həyata keçiriləcək.

Prezident İlham Əliyevə “Ready 1.0-hazır sənəd” cihazı haqqında da məlumat verildi. Vətəndaşlar bu cihazlar vasitəsilə sənədlərin hazır olması barədə SMS, elektron poçt vasitəsilə real vaxt rejimində məlumatlandırılacaq, hazır sənədin verilməsi proseduru daha da səmərəli təşkil olunacaq.

Yeni layihələrdən biri də xilasetmə qolbağıdır. Suda batma zamanı istifadə edilən bu qolbaqlar GPS ilə təmin olunub, avtomatik işə düşmə xüsusiyyətinə malikdir.

“Sağlam yaşam platforması-çanta və portal” layihəsi isə vətəndaşlara qısa vaxtda 42 parametr üzrə müayinə olunmağa imkan verən bir sıra avadanlıqdan ibarət səyyar tibbi müayinə çantasıdır.

Dövlət başçısına Sosial Layihələr Portalı barədə məlumat verilərkən bildirildi ki, bu portal dövlət və özəl təşkilatlar tərəfindən həyata keçirilən bütün sosial layihələrin vahid elektron mühitdə elan olunmasına xidmət edəcək. Bununla da daha çox insan bir ünvana daxil olmaqla bütün layihələr haqqında məlumat əldə edəcək. Yardıma ehtiyacı olan və yardım etmək istəyən şirkətlər, təşkilatlar və fərdlər vahid portalda qeydiyyatdan keçəcəklər.

Diqqətə çatdırıldı ki, respublikamızda sayca onuncu mərkəz olan Qəbələ “ASAN xidmət” mərkəzində işçilərin ümumi sayı 200 nəfərdir ki, onların da 45 nəfəri könüllüdür.

Rayon ictimaiyyətinin nümayəndələri və mərkəzin kollektivi ilə görüşən Prezident İlham ƏLİYEV dedi:

- Bu gün Qəbələ şəhərində Qəbələ “ASAN xidmət” mərkəzi öz işinə başlayır. Bu gözəl əlamətdar hadisə münasibətilə sizi təbrik edirəm. Çox gözəl, yaraşıqlı binadır. Memarlıq baxımından Qəbələ şəhərinə əlavə yaraşıq verəcək. Əlbəttə ki, bu binada ən yüksək standartlar tətbiq olunur.

Bu xidmət sayca 10-cu xidmətdir. Azərbaycanda bu günə qədər 9 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir - 5-i Bakıda, 4-ü digər şəhərlərdə - Gəncə, Sumqayıt, Bərdə və Sabirabadda. Onuncu mərkəz isə bu gün Qəbələ şəhərində açılır və artıq Qəbələdə də vətəndaşlar bu gözəl imkanlardan istifadə edəcəklər.

“ASAN xidmət” Azərbaycan məhsuludur. Üç il yarım ərzində 11 milyona yaxın müraciət olub. Bu, ictimai xidmətlər sektorunda çox ciddi bir irəliləyişdir. Əslində böyük bir inqilabdır. Çünki hamımız yaxşı xatırlayırıq ki, əvvəlki dövrlərdə bəzən hansısa sənədi, arayışı almaq üçün insanlar günlərlə, həftələrlə vaxt itirirdilər, müəyyən çətinliklərlə üzləşirdilər. İndi isə insanlar bütün bu imkanlardan rahat, çox asan formada istifadə edirlər.

“ASAN xidmət”i bəyənmə əmsalı da çox yüksəkdir. Təhlillər aparılır, rəy sorğuları keçirilir və əhalinin 98 faizi mərkəzlərdə göstərilən xidmətlərdən razıdırlar. Çünki burada şəffaflıq təmin edilir, bürokratiya, rüşvətxorluq yoxdur, mədəni xidmət göstərilir. Əslində belə də olmalıdır. “ASAN xidmət” nəinki ictimai xidmətlər sahəsində, ümumiyyətlə, cəmiyyət üçün çox vacib olan bir institusional mərkəzdir.

Müraciət edən vətəndaşlar bütün lazımi sənədləri artıq yeni şəraitdə alırlar. Qeyd etdiyim kimi, vətəndaşların mütləq əksəriyyəti bu xidmətlərdən razıdır. Bununla bərabər, 10 avtobus səyyar xidmət fəaliyyəti göstərir. Biz “ASAN xidmət”in funksiyalarını genişləndiririk. Hazırda 200-dən çox xidmət göstərilir. Yaxın gələcəkdə xüsusilə kommunal ödənişlərlə, vizaların verilməsi ilə bağlı yeni xidmətlər də göstəriləcək.

Bu gün biz Azərbaycanda çox böyük turist axınını müşahidə edirik. Ölkəmizin təbii imkanları, şəhərlərimizin gözəlliyi, Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik, əlbəttə ki, turistləri daha da çox cəlb edir. Eyni zamanda, Bakıda və ölkəmizin digər yerlərində keçirilən mötəbər beynəlxalq tədbirlər, əlbəttə, burada öz rolunu oynayır, Avropa Oyunları, Formula-1 yarışı, onun auditoriyası 500 milyon insandır. Qəbələ şəhərində artıq bu il səkkizinci dəfə beynəlxalq musiqi festivalı keçirilib. Bütün bu tədbirlər, əlbəttə ki, Azərbaycanı turistlər üçün daha da cəlbedici ölkəyə çevirir. “ASAN VİSA” xidmətinin fəaliyyətə başlamasından sonra, - bu da oktyabr ayında nəzərdə tutulur, - əminəm ki, gələnlərin sayı daha da artacaq.

Bu gün mənə verilən məlumata görə, yay aylarında Qəbələnin çoxsaylı otellərində boş yer yoxdur. Ölkə vətəndaşları, xarici vətəndaşlar gəlirlər, istirahət edirlər, Azərbaycan ilə tanış olurlar, Qəbələnin gözəlliyini seyr edirlər.

Turizm hər bir ölkə üçün çox mühüm əhəmiyyət daşıyan bir sahədir. Şadam ki, Azərbaycanda atılan addımlar, ölkəmizin dünyaya təqdimatı turizmin inkişafına da xidmət göstərir.

Bir sözlə, “ASAN xidmət” qısa müddət ərzində, 3 il yarım ərzində cəmiyyətdə çox böyük rəğbət qazanıb, ictimai xidmətlər sektorunda, bir daha demək istəyirəm ki, inqilab yaradıbdır.

Gələcəkdə biz “ASAN xidmət” mərkəzlərinin sayını artıracağıq. Bu mərkəz 10 rayona – Balakən, Zaqatala, Qax, Şəki, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Oğuz rayonlarına xidmət göstərəcək. Bu rayonlarda 900 mindən çox əhali yaşayır. Növbəti “ASAN xidmət” mərkəzi bu il Masallıda açılacaq və ondan sonra Şəki şəhərində “ASAN xidmət” mərkəzinin yaradılması nəzərdə tutulur. Beləliklə, insanlar üçün bu xidmətdən istifadə etmək daha da asan olacaq.

“ASAN xidmət” mərkəzlərində çalışanların əksəriyyəti gənclərdir, qızlardır. Bu da çox gözəl haldır. Çünki biz qadınları işlə təmin etmək üçün daha da ciddi iş görməliyik, çalışmalıyıq. Ümumiyyətlə, məşğulluğun artırılması Azərbaycanda dövlət proqramıdır. İşsizlik Azərbaycanda aşağı səviyyədədir, ancaq hələ ki var. Ona görə “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması yeni iş yerlərinin açılması deməkdir. Bu mərkəzdə 153 iş yeri açılır və işləyənlərin əksəriyyəti gənclərdir. Gənclər də bu gözəl şəraitdə işləyərkən özlərini gələcəyə hazırlayırlar ki, cəmiyyətdə yaxşı və layiqli yer tuta bilsinlər. Mənə verilən məlumata görə, bu mərkəzdə 45 könüllü fəaliyyət göstərəcək, insanlara yardım edəcək.

Əslində Azərbaycanda könüllülər hərəkatı “ASAN xidmət”dən başlanıb. Səkkiz min gənc könüllü olaraq müxtəlif “ASAN xidmət” mərkəzlərində işləyib və hazırda bütün mərkəzlərdə 700 könüllü fəaliyyət göstərir. Bax, bu könüllülər, eyni zamanda, Bakıda keçirilmiş beynəlxalq tədbirlərdə də uğurla iştirak ediblər, xüsusilə, keçən il Avropa Oyunlarında və Formula-1 yarışmasında könüllülər tədbirlərin keçirilməsində çox mühüm rol oynayıblar. Mən birinci Avropa Oyunlarında çox böyük iş görmüş könüllüləri xüsusilə fərqləndirdim, onlara Prezident diplomu verilibdir. Yəni, bu, çox ciddi ictimai təşəbbüsdür.

Könüllülər hərəkatının genişlənməsi cəmiyyət üçün lazımdır. Könüllü olmaq, ümumiyyətlə, insanların xoş niyyətini göstərir. İnsanlar təmənnasız olaraq kiməsə kömək etmək, ümumi işimizə töhfə vermək üçün öz asudə vaxtlarından istifadə edib bu işləri görürlər. Yəni, bu, doğrudan da çox ciddi, gözəl bir niyyətin təzahürüdür. Şadam ki, Azərbaycanda könüllülər sinfi formalaşıb və onların mütləq əksəriyyəti gənclərdir. Yəni, gənc nəsil bu ab-havada yetişir ki, ümumi işimizə töhfə versin, dövlətimizi möhkəmləndirsin və köməyə ehtiyacı olan insanlara yardım göstərsin. Bax, könüllülük funksiyası və niyyəti bundan ibarətdir.

Beləliklə, 3 il yarım bundan əvvəl qəbul edilmiş qərarın görün nə qədər ciddi, böyük və xoş, çoxşaxəli təsiri var, ilk növbədə, ictimai xidmətlər sahəsində. Digər tərəfdən, “ASAN xidmət” mərkəzlərində bürokratiya, xoşagəlməz hallar yoxdur. Birincisi bu, bir nümunədir, hər bir dövlət orqanı üçün nümunədir. İkincisi, bu, onu göstərir ki, biz cəmiyyətimizin yaralarını aradan qaldıra, sağalda bilərik. Çünki cəmiyyətimizi korrupsiya, rüşvətxorluq qədər sarsıdan ikinci bəla yoxdur. “ASAN xidmət” bu istiqamətdə liderdir. Mən bu barədə rəsmi çıxışlarımda dəfələrlə demişəm. Demişəm ki, hər bir dövlət orqanı belə şəffaf işləməlidir və cəmiyyət də bunu görür, insanlar da bunu görürlər. Ona görə də bu xidmətin fəaliyyətini bəyənirlər.

Bu gündən sonra Qəbələ sakinləri və ətraf rayonlarda yaşayanlar bu xidmətdən istifadə edəcəklər və biz gələcəkdə “ASAN xidmət”in funksiyalarını daha da genişləndirəcəyik. Harada ki vəziyyət hələ bizi qane etmir, harada ki xoşagəlməz hallar var, biz o funksiyaları “ASAN xidmət” vasitəsilə təşkil edəcəyik.

Mən şadam ki, növbəti, 10-cu mərkəz Qəbələ şəhərində açılır. Qəbələ Azərbaycanın gözəl yerlərindən biridir. Qəbələnin çox zəngin tarixi var, tarixi şəhərdir, tarixi diyardır. Eyni zamanda, gözəl təbiəti var. Son illər ərzində Qəbələdə gedən inkişaf bu gözəlliyə, bu tarixə və bu təbii gözəlliyə uyğundur. Bax, siz - burada yaşayan insanlar özünüz görürsünüz ki, Qəbələ son illər necə gözəlləşib. Yeni binalar, turizm obyektləri, ictimai binalar tikilir. Bir neçə il bundan əvvəl mənim göstərişimlə beynəlxalq aeroport tikilib. Bəziləri bu məsələyə şübhə ilə yanaşırdılar. Ancaq bu gün müxtəlif istiqamətlərə uçuşlar təşkil edilir. Gözəl memarlıq abidəsi olan Heydər Əliyev Mərkəzi, Mədəniyyət Mərkəzi, bir çox otellər, Beynəlxalq Atıcılıq Mərkəzi tikilib və bu işlər davam etdirilir. Bax, bu gün burada vəziyyətlə tanış olarkən pəncərədən yeni atıcılıq mərkəzinin tikintisini müşahidə etdim.

Qəbələnin inkişafı göz qabağındadır. Burada yaşayanlar bunu görürlər. Mən də buna çox sevinirəm. Çünki Qəbələ indi Bakıdan sonra Azərbaycanda ikinci turizm mərkəzidir və burada bütün işlər zövqlə, səliqə ilə aparılır. Buraya gələn qonaqlar təbii ki, bunu görürlər. Görürlər ki, Azərbaycan necə gözəl ölkədir. Azərbaycanda təkcə paytaxt şəhəri deyil, eyni zamanda, bölgələr də gözəldir, gözəl şərait yaradılıb.

Qəbələnin gələcək inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək, əlavə vəsait ayrılacaq. Burada gündəlikdə dayanan əsas məsələ içməli su layihəsidir. Bu, icra edilir, xarici banklar vasitəsilə təşkil edilir. Ona görə, müəyyən dərəcədə yubanma var. Əgər biz bunu daxili imkanlar hesabına etsəydik, çoxdan başa çatdırardıq. Ancaq yenə də ümid edirəm ki, yaxın gələcəkdə içməli su problemi kanalizasiya xətləri ilə bərabər öz həllini tapacaq.

Qəbələ rayonunda qazlaşdırma 70 faizə yaxındır. Rayonun relyefini nəzərə alsaq, hesab edirəm ki, bu da çox gözəl göstəricidir. Şəhərdaxili yolların tikintisinə ehtiyac var. Biz bu məsələ ilə məşğul olacağıq və Qəbələ rayonunun gələcək inkişafını təmin edəcəyik.

Sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm, Qəbələ sakinlərinə yeni uğurlar arzulayıram. Sağ olun.

                                                                                                      x x x

Qəbələ “ASAN xidmət” mərkəzinin əməkdaşı Nuranə Ağabəyli dedi:

- Hörmətli cənab Prezident, Qəbələyə xoş gəlmisiniz. Sizi Qəbələ ictimaiyyəti adından salamlayıram.

Azərbaycanın ən gözəl məkanlarından biri olan Qəbələdə “ASAN xidmət”in açılmasına çox sevindik. Biz qəbələlilər bunu çoxdan gözləyirdik. Çünki Sizin yaratdığınız bu xidmət qısa müddət ərzində xalqımızın böyük etimadını və rəğbətini qazanıb. “ASAN xidmət”in müasir standartlara uyğun binası şəhərimizin simasını daha da gözəlləşdirib. Sevindirici haldır ki, mərkəzimizdəki xidmətlərdən ətraf rayonların sakinləri də yararlana biləcəklər. Buna görə də sakinlər adından Sizə təşəkkür edirik.

Cənab Prezident, “ASAN xidmət” həm də gənclər mərkəzidir. Sizin də qeyd etdiyiniz kimi, burada çalışanların əksəriyyəti gənclərdir. Mən özüm iki ay “ASAN xidmət”in səyyar avtobusunda könüllü olmuşam, təcrübə qazanmışam və indi çox sevinirəm ki, “ASAN xidmət” əməkdaşlarından biriyəm.

Cənab Prezident, Sizin rəhbərliyinizlə Azərbaycan regionun lider dövlətlərindən birinə çevrilib. Bakıda keçirilən Azərbaycan, İran və Rusiya dövlət başçılarının görüşü də bunun bariz nümunəsidir. Bildirmək istəyirəm ki, biz gənclər, eləcə də qəbələlilər Sizi dəstəkləyirik və fədakar fəaliyyətinizdə daim Sizin yanınızdayıq.

Prezident İlham Əliyev: Sağ olun. Yəqin burada işləyənlər buralı - Qəbələ şəhərindəndir və təlim kursları keçiblər.

İnam Kərimov: Bəli, kurslar təşkil olunub.

Prezident İlham Əliyev: Bakıda, yoxsa burada?

İnam Kərimov: Burada da təşkil olunub.

Prezident İlham Əliyev: Çox yaxşı.

                                                                                                     X X X

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:48
F.Ə.Adıgözəlovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə...

16 aprel 2024, 13:48
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:46
A.M.İbadovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                               

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin...

16 aprel 2024, 13:46
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2024
14:35
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1099-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan...

15 aprel 2024, 14:35