İlham Əliyev Salyanda pambıq sahələrinə baxıb

03 sentyabr 2016, 18:15
İlham Əliyev Salyanda pambıq sahələrinə baxıb

Prezident İlham Əliyev  Salyana səfəri çərçivəsində Kürsəngi kəndindəki pambıq sahələrinə baxıb.

Dövlətimizin başçısı ölkəmizdə pambıqçılığın zəngin ənənələrinin bərpa edilməsi və bu sahənin əvvəlki şöhrətinin qaytarılması üçün müvafiq tapşırıqlar verib. 2017-ci ildə respublikamızda pambıq istehsalı 300 min tona, hər hektardan məhsuldarlıq isə 30 sentnerə çatdırılmalıdır. Salyan rayonunda da aqrar bölmənin ənənəvi sahələrindən biri olan pambıqçılığın inkişaf etdirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

Prezident İlham Əliyevə məlumat verildi ki, 2016-cı ildə rayonun 16 kəndində 2168 hektar sahədə pambıq əkini aparılıb. Gələn il Salyanda 7 min hektarda pambıq əkilməsi planlaşdırılır.

Pambıqçılarla söhbət edən Prezident İlham ƏLİYEV dedi:

-1970-ci illərdə Azərbaycanda ildə bir milyon ton pambıq yığılırdı və işçilər də razı idi, iş də gedirdi. Pambıqçılar yaxşı pul da qazanırdılar. Ondan sonra yavaş-yavaş azalma başladı. Keçən il cəmi 30 min ton pambıq yığılmışdır. İndi 24 rayonda yeni proqram icra edilir, o cümlədən Salyan rayonunda pambıq sahələri genişləndirilib. 2015-ci ildə Salyanda 400 hektar pambıq sahəsi var idisə, bu gün artıq 2200 hektarda pambıq əkilib. Gələn il, bu, 7 min hektara qalxacaq. Bütün bu sahələr yeni sahələrdir. Şoranlaşmış torpaq idi. Görülən operativ tədbirlər nəticəsində indi bu 120 hektarda pambıq əkilib. Yaxın günlərdə yığım başlanacaq.

İndi dövlət xətti ilə yeni texnikanın da alınması təmin edilir. Biz bu məqsədlər üçün yüz milyonlarla dollar vəsait xərcləyirik ki, bu iş daha geniş vüsət alsın, ölkəmizin inkişafı təmin edilsin və yeni iş yerləri yaradılsın. Çünki pambıq tarlalarında çoxsaylı iş yerləri yaradılır. Hər hektarda orta hesabla iki nəfər işləyir. Gələn il 7 min hektarda ən azı 14 min insan işləyəcək, pul qazanacaq və öz maddi vəziyyətini yaxşılaşdıracaq, dövlətimizə də, ümumi işimizə də töhfə verəcək.

Bu tarlalarda işləyənlərin şəraiti də yaxşı olmalıdır. Burada tarla düşərgəsi də var. Təbii ki, pambıqçılar üçün hər cür şərait yaradılmalıdır, su, yemək təşkil olunmalıdır. 1970-ci illərdə Ulu Öndərin rayonlara səfərlərində mən də onun yanında idim. Tarla düşərgələrində keçirdiyi çoxsaylı görüşlərini xatırlayıram.

Pambıqçı qadın: Mən də xatırlayıram. Bu görüşlərin canlı şahidiyəm.

Prezident İlham Əliyev: Siz o vaxt işləmisiniz?

Pambıqçı qadın: Bəli, 1972-ci illər idi, mən beşinci sinifdə oxuyurdum. Rəhmətlik Ulu Öndərimiz bizim kəndə təşrif buyuranda mən də kolxozçularla bərabər sahədə olmuşam. Onunla əl verib görüşmüşəm. Bunu Allah-Təala mənə nəsib edib. Onda Ulu Öndərimiz mənim başıma sığal çəkib dedi ki, qızım, de görüm böyüyəndə nəçi olacaqsan? Dedim, pambıqçı. “Balama afərin” deyib əlini çiynimə çəkdi. Allah Ulu Öndərimizi qəni-qəni rəhmət etsin. Möhtərəm Prezidentimiz, Siz onun layiqli davamçısısınız, Allah Sizə cansağlığı versin. Siz onun yolunu davam etdirərək pambıqçılığa geniş yer verirsiniz. Bizim Salyan əhalisi iş yeri ilə təmin olunub. Hamı işləyir, qazanır, evinə çörəkpulu aparır. Hamının rifahı yaxşılaşıb, hamı gözəl yaşayır. Sizə minnətdarıq, çox sağ olun. Allah Sizə cansağlığı, uzun ömür versin. Allah övladlarınızı qorusun.

Prezident İlham Əliyev: Çox sağ olun. Pambığın alış qiymətini də artırdıq ki, indi bu tarlalarda işləyənlər daha çox pul qazansınlar. Şərait də yaxşı olmalıdır. Forma da verilib. Gərək sizin bütün iş şəraitiniz yaxşı olsun. Burada bir briqada işləyir?

İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov: Bir neçə briqada işləyir. Hətta, cənab Prezident, bir neçəsinə deyilib ki, iş qurtarandan sonra sizi sanatoriyalara göndərəcəyik.

Prezident İlham Əliyev: Bəli, siz gərək yaxşı işləyənləri fərqləndirəsiniz. Əlavə olaraq yaxşı mükafat verilsin. Gəlin, sizinlə görüşüm. Atamla görüşmüşünüz, mən də sizinlə görüşüm.

Pambıqçılar: Allah Sizə cansağlığı, uzun ömür versin. Çünki biz bir ailəyik. Siz bütün Azərbaycanımızın başçısısınız. Sülh və əmin-amanlıq içərisində yaşayırıq.

Prezident İlham Əliyev: Sağ olun. Sizin hamınıza cansağlığı arzulayıram.

X X X

Sonra xatirə şəkli çəkdirildi.

Daha sonra Prezident İlham Əliyev pambıq tarlasına baxdı və pambıqçılarla bir daha söhbət etdi.

Prezident İlham Əliyev: Formanız da var. Hər şeylə təmin olunmusunuz. Amma o illərdə pambıq daha tez yetişirdi, sentyabrın əvvəlində yığım başlayırdı.

Təsərrüfat rəhbəri: Sizin tapşırığınızdan sonra biz bu torpaqları dövriyyəyə verdik. Bu torpaqlar tamam şoranlaşmışdı, pis vəziyyətdə idi.

Prezident İlham Əliyev tarladan pambıq dərərək dedi: Bu, tarlanın ilk məhsuludur.

Pambıqçı qadınlar: Əliniz yüngül, bərəkətli olsun, inşallah.

Prezident İlham Əliyev: Keyfiyyəti necədir?

Təsərrüfat rəhbəri: Çox yaxşıdır. Liflərin uzunluğu 32,5 millimetrdir. Qabaqlar bizdə digər sortlar var idi - “Ağdaş”, “30-38”, “S-47”. Emal üçün ən sərfəli “ağ qızıl”dır. Bunlar mahlıcdır. Möhtərəm Prezident, mahlıc çıxımı əvvəllər təxminən 26-27 faiz olurdu. Hazırda 40-41 faiz mahlıc çıxımı var. Özü də bunlar üçüncü tipdir, yəni, yumşaqdır.

Prezident İlham Əliyev: Yəni, ixrac üçündür?

Təsərrüfat rəhbəri: Bəli, ixrac üçündür. Bunlar əvvəlkilərdən fərqli olaraq çox keyfiyyətli pambıqdır.

Prezident İlham Əliyev: Bəs, hektardan nə qədər məhsuldarlıq gözlənilir?

Təsərrüfat rəhbəri: 25 sentnerdən yuxarı məhsuldarlıq gözlənilir. Əgər biz əkini vaxtında aparsaydıq hətta 30-35 sentner pambıq götürə bilərdik. Amma biz gecikmişdik. Sizin tapşırığınızdan sonra biz qısa müddətdə gecə-gündüz çalışaraq 18 kilometrdən çox məsafədən suyu buraya gətirmişik, 15 qurğu tikmişik. Duker, akveduk, şülüzlər, körpülər və baş hissədə üç nasos qurmuşuq. Beş kilometr məsafədən 10 kilovoltluq hava elektrik xətti çəkmişik. Yarımstansiya qurmuşuq və suyu onun vasitəsilə ötürürük. Gələn il burada pilot suvarma sistemləri quraşdıracağıq. Bu, məhsuldarlığı 40-45 sentnerə çatdıracaq.

Prezident İlham Əliyev: Bu sistemlər sifariş olunub, tezliklə gətiriləcək. Məhsuldarlıq daha çox artacaq.

Təsərrüfat rəhbəri: Sağ olun. Allah Sizdən razı olsun.

Prezident İlham Əliyev: Sovet vaxtı bu torpaqlar da əkilmişdi?

Təsərrüfat rəhbəri: Xeyr, burada heç vaxt əkin olmayıb. Bura şoran torpaq idi, bərbad vəziyyətə düşmüşdü. Biz qısa müddətdə xeyli iş gördük.

Prezident İlham Əliyev: Burada şoran torpaq çoxdur? Neçə hektardır?

Pambıqçı: Çoxdur, bizim 18 min hektar şoran torpaqlarımız var.

Prezident İlham Əliyev: Əgər o torpaqlarda da iş görülərsə, onları da dövriyyəyə vermək olar? Yolun qarşı tərəfində də eyni vəziyyətdir.

Təsərrüfat rəhbəri: İnşallah, o torpaqları da dövriyyəyə verəcəyik.

Prezident İlham Əliyev: Buna “ağ qızıl” deyirlər.

Pambıqçı: Bəli, möhtərəm Prezident, mən bir söz demək istəyirəm. Biz xalqın, cəmiyyətin içərisində olan adamlarıq. Sizin dönməzliyinizi, fədakarlığınızı, xalqımız, Vətənimiz üçün gördüyünüz işləri hamı qiymətləndirir və Sizə duaçıdır. Biz də dua edirik.

Prezident İlham Əliyev: Sağ olun. Mən çox şadam ki, qısa müddətdə - bir neçə ay ərzində biz bu işləri görə bildik. Yerli icra orqanları yaxşı işlədilər. Prezident Administrasiyası əsas yükü öz üzərinə götürdü və biz bu işləri görə bildik. Baxın, necə də gözəl görünür. Gələn il 7 min hektar olacaq, ondan sonra işlər daha da sürətlə gedəcək. Mən gərək bu pambığı birinci məhsul kimi saxlayım.

Təsərrüfat rəhbəri: Şəxsən Sizin tapşırığınızla becərilmiş torpağın məhsuludur.

Prezident İlham Əliyev: Şəxsən özüm dərmişəm.

Pambıqçılar: Allah Sizə cansağlığı versin. Sizə uzun ömür arzulayırıq. Siz Azərbaycanı əmin-amanlıq şəraitində yaşadırsınız.

Prezident İlham Əliyev: Çox sağ olun. Sizə uğurlar arzulayıram.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10