2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

07 sentyabr 2016, 18:30

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasında əhalinin növbəti siyahıyaalınması 2019-cu il 1-10 oktyabr tarixlərində keçirilsin.

2. Əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə həvalə edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planını iki ay müddətində təsdiq etsin;

3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 sentyabr 2016-cı il.