08 sentyabr 2016, 15:15

Alla Bayramovadan, Bakı, Azərbaycan

Çox hörmətli cənab Prezident,

Bütün sahələrdə olduğu kimi Azərbaycan Respublikasında turizmin inkişafına dövlət qayğısı da göz qabağındadır. Bunun bariz nümunəsi Sizin 2016-cı il 1 sentyabr tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında”, “Azərbaycan Respublikasında turizm inkişafı ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi haqqında”, “Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında” sərəncamlarınızdır. Əminik ki, imzaladığınız bu sərəncamlar Azərbaycanda yüksək iqtisadi, sosial, ekoloji tələblərə cavab verən müasir turizm xidməti sahələrinin formalaşdırılmasına, turizm sahəsinin ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinə kömək edəcək. Həmçinin turizm qeyri-neft sektorunda gəlir gətirən sahə kimi inkişaf edəcək, bu sahədə yüksək keyfiyyətli xidmət səviyyəsi yaradılacaq və davamlı inkişaf təmin olunacaq. Eyni zamanda, turistlərin respublikamızın mədəniyyəti ilə tanış olmağa, Azərbaycan musiqi mədəniyyətini daha da yaxından tanımağa geniş imkanlar açacaq.

Respublikamızın dünyaya tanıdılmasında Sizin apardığınız uğurlu siyasət bizi sevindirir, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əməkdaşlarını daha da yaxşı işləməyə ruhlandırır. Bu sərəncamlara görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Muzeyin kollektivi adından

Bayramova Alla

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru

Azərbaycan Respublikası, Bakı şəhəri.