İlham Əliyev Sumqayıt Dənizkənarı Bulvarının və şəhər çimərliyinin açılışında iştirak edib

27 sentyabr 2016, 10:55
İlham Əliyev Sumqayıt Dənizkənarı Bulvarının və şəhər çimərliyinin açılışında iştirak edib

Prezident İlham Əliyev Sumqayıtda Dənizkənarı bulvarın və şəhər çimərliyinin açılışında iştirak edib.

Bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələrin tərkib hissələrindən biri də yeni istirahət guşələrinin, park və xiyabanların yaradılmasıdır. Son dövrlərdə Prezident İlham Əliyevin tapşırığına əsasən, Bakı ilə yanaşı, bütün şəhər və rayonlarda yeni parkların, xiyabanların, istirahət guşələrinin yaradılması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması istiqamətində olduqca mühüm layihələr icra edilir. Bu məsələyə Sumqayıtda da xüsusi diqqətlə yanaşılır. Burada həmin istiqamətdə reallaşdırılan ən mühüm layihələrdən biri də Sumqayıtda Dənizkənarı bulvarın və şəhər çimərliyinin yaradılmasıdır. Bu kompleksdəki şərait sübut edir ki, Azərbaycan dövləti vətəndaşların istirahətlərini mənalı təşkil etmək, asudə vaxtlarını səmərəli keçirmək üçün bütün zəruri addımları atır. Bu, həm də dünyada hökm sürən iqtisadi böhran dövründə ölkəmizdə sosial layihələrin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini nümayiş etdirir. Xəzərin sahilindəki bu kompleks Sumqayıt şəhərinin simasının daha da gözəlləşdirilməsi baxımından da olduqca əhəmiyyətlidir. Bu cür layihələrin icrası bir daha sübut edir ki, Sumqayıtın abadlaşdırılması istiqamətində görülən işlər davamlıdır, onlar yüksək keyfiyyətlə və vaxtında yerinə yetirilir. Bir sözlə, müasir üslubda, orijinal dizaynda yaradılan həmin istirahət məkanı Sumqayıtın görməli yerlərinə daha bir ünvanın da əlavə edilməsi deməkdir.

Dövlət başçısı Dənizkənarı bulvarın və şəhər çimərliyinin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, Xəzər dənizinin sahili boyunca 4 kilometr uzunluğu olan bulvar kompleksinin ümumi sahəsi 106 hektardır. Bu istirahət məkanının tikintisinə ötən ilin oktyabrında başlanılıb.

Dövlət başçısı elektromobillə bulvarın ərazisini gəzdi.

Sumqayıt bulvarı və dənizkənarı parkı həm ərazisinə, həm də landşaftına görə ölkəmizdə mövcud olan əksər parklardan seçilir. Bu parkın çimərliyə birbaşa çıxışının olması onu digər bulvarlardan fərqləndirir. Sahəsi 12 hektar olan çimərlik zonasında şəhər sakinlərinin və qonaqların istirahəti üçün zəruri şərait var.

Bulvarda Bayraq Meydanı inşa olunub. Azərbaycan Respublikasının dövlət bayrağı meydanda 42 metr hündürlüyündəki bayraq dirəyi üzərində dalğalanır.

Bildirildi ki, burada 100 min ağac, 500 mindən çox müxtəlif gül kolu əkilib, 60 min kvadratmetr sahədə çəmənlik salınıb, işıqlandırma sistemi qurulub. Park-bulvar kompleksində 10 min oturacaq qoyulub. Beş yerdə böyük fəvvarə kompleksi tikilib, su təchizatı və kanalizasiya şəbəkəsi yaradılıb. Kompleks boyunca 12 min poqonmetr uzunluğunda piyada yolu salınıb, mühafizə kameraları, monitorlar quraşdırılıb.

Qeyd olundu ki, bulvarda kiçik ölçülü gəzinti avtobusları və avtomobil yolu ilə yanaşı, velosiped idmanı ilə məşğul olmaq istəyənlər üçün də 3 metr enində xüsusi hərəkət zolağı salınıb. Bununla yanaşı, 3 kafe-çay evi, istirahət obyektləri, attraksionlar, kinoteatr, tennis kortu, futbol meydançaları, yay musiqi səhnəsi, ticarət və uşaqlar üçün əyləncə mərkəzləri yaradılıb. Ərazidə 2 yay uşaq-əyləncə mərkəzi tikilib, balacalar üçün 10 attraksion quraşdırılıb.

Diqqətə çatdırıldı ki, sahil hissədə estakada qurulub və şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkətinin təmin olunması üçün işlər aparılır. Burada 500-dən çox yeni iş yeri açılacaq.

Bulvarın ərazisində 4,2 kilometr uzunluğunda yeni yol çəkilib.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Bulvar boyunca salınan yeni asfalt yolun eni 16 metrdir. Bundan başqa, 4,2 kilometr uzunluğunda istinad divarı tikilib, mərmərlə üzlənib. Müasir səviyyədə salınan yolda işıqlandırma sistemi də quraşdırılıb.

Sonra dövlətimizin başçısına bulvar ərazisində inşa edilən “Kristal Abşeron” yaşayış kompleksi barədə də məlumat verildi.

Bildirildi ki, bu kompleksdə ehtiyacı olan sakinlər mənzilləri 20 illik ipoteka yolu ilə də ala bilərlər. Beləliklə, kompleks sürətlə dəyişən Sumqayıtda əhalinin mənzil probleminin həllində mühüm rol oynayacaq.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo