07 noyabr 2016, 14:25

Cahangir Qaraşovdan, Salyan, Azərbaycan

Möhtərəm cənab Prezident,

Müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin və Sizin siyasətinizi ürəkdən bəyənib dəstəkləyən, Vətəni, dövləti, torpağı uğrunda on bir şəhid vermiş, yurdumuzun gözəl guşələrindən biri olan Salyan rayonunun Sarvan kəndinin ağsaqqalları və ağbirçəkləri, zəhmətkeş sakinləri, ziyalıları adından Sizə və ailənizə möhkəm cansağlığı arzulayırıq.

Cənab Prezident, uzun illər idi ki, Sarvan sakinləri kənddən keçən Akuşa çayının üzərində körpünün olmamasından çox əziyyət çəkirdi. Bu barədə müraciətimizə diqqətlə yanaşıldı və kənd sakinlərinin arzusu yerinə  yetirildi. Çayın üzərində çox gözəl və möhkəm körpü salındı. Hər gün bu körpünün üzərində keçən qocalar, ahıllar, məktəblilər və digərləri Sizə və ailənizə dualar edirlər.

Cənab Prezident, yol çəkmək, körpü salmaq xalq arasında ən dəyərli əməllərdən hesab edilir. Bu qiymətli və dəyərli işlərə görə bir daha Sizə möhkəm cansağlığı arzulayırıq. Siz Azərbaycanımızı yaşadırsınız, Ulu Tanrı da həmişə Sizi yaşatsın.

Hörmətlə,

Qaraşov Cahangir Bahadur oğlu, şəhid atası.

Azərbaycan Respublikası, Salyan rayonu, Sarvan kəndi.