İlham Əliyevin və Çexiya Prezidenti Vatslav Klausun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur

17 may 2011, 11:45
İlham Əliyevin və Çexiya Prezidenti Vatslav Klausun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Çexiya Prezidenti Vatslav Klausun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur.

Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüşün iştirakçılarına müraciətlə dedi:

- Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar!

Mən Sizi bir daha Azərbaycanda salamlamaq istəyirəm.

Bu Sizin ölkəmizə ilk səfərinizdir. Əminəm ki, səfər çox uğurlu olacaqdır. Biz gündəliyimizdə olan müxtəlif mövzular, ikitərəfli münasibətlərimizə, o cümlədən Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığa aid çox yaxşı müzakirələr apardıq.

Əminəm ki, səfər və onun nəticələri əlaqələrimizi daha da gücləndirəcəkdir. Biz ölkələrimiz arasında ikitərəfli münasibətlərə olduqca böyük əhəmiyyət veririk. Əlaqələrimiz çox uğurla inkişaf edir. Yüksək səviyyəli nümayəndə heyətlərinin bir çox səfərləri həyata keçirilmişdir. Əlbəttə ki, cənab Prezidentin rəsmi səfəri münasibətlərimizin ən vacib məqamıdır. Əminəm ki, səfər əməkdaşlığımızın siyasi, iqtisadi, mədəni və enerji sahələrində olduqca fəal şəkildə inkişafı ilə nəticələnəcəkdir. Bir sözlə, ikitərəfli gündəliyimiz kifayət qədər genişdir. Ümid edirik ki, səfər nəticəsində ölkələrimizin işgüzar dairələri bir yerə toplaşacaqlar və birgə biznesi aparmaq imkanlarını araşdıracaqlar.

Mən Sizi bir daha salamlayıram və çox şadam ki, proqramınız çərçivəsində Siz Azərbaycan rayonlarının birinə səfər edəcəksiniz. Vacibdir ki, nəinki, paytaxtla, o cümlədən regional inkişafla da tanış olasınız. Ümid edirəm ki, Sizin yaxşı təəssüratlarınız olacaqdır.

Bir daha xoş gəlmisiniz.

X X X

Çexiya Prezidenti Vatslav KLAUS səmimi qəbul üçün minnətdarlığını bildirərək dedi:

- Sağ olun cənab Prezident!

Mən artıq öncə Sizə dedim və yeri gəlmişkən onu deməliyəm ki, biz cənab Prezidentlə artıq bütün problemləri həll etmişik. Yenidən davam etməyə məncə ehtiyac yoxdur. Bizim dostluq mühitində keçmiş intensiv və səmərəli danışıqlarımız olub.

Mən sadəcə təkrar etmək istəyirəm ki, dəvətə görə Sizə dərin təşəkkürümü bildirirəm. Bu səfərə artıq uzun müddət idi ki, hazırlaşırdım. Hesab etdim ki, əgər dünyanın bu bölgəsinə, bu regiona və bu ölkəyə səfər etməsəm, onda gündəliyim dolğun olmazdı.

Biz o faktı dəyərləndiririk ki, ölkələrimiz arasında münasibətlər son bir neçə il ərzində daha da intensivləşir. Bir sıra siyasətçilərin və iş adamlarının həyata keçirilmiş səfərləri çox müsbət haldır. Ümid etmək istəyirəm ki, bu gün imzalanacaq sənədlər əməkdaşlığımıza əlavə təkan verəcəkdir.

gallery-photogallery-photogallery-photo