Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında İlham Əliyevin yekun nitqi

10 yanvar 2017, 12:45
Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında İlham Əliyevin yekun nitqi

Əminəm ki, ölkəmiz 2017-ci ildə uğurla inkişaf edəcək. Bütün sosial proqramlar icra ediləcək və iqtisadi inkişafla bağlı çox önəmli addımlar atılacaq.

2016-cı ilin iqtisadi göstəricilərini təhlil edərkən biz görürük ki, ümumi daxili məhsulun azalmasının əsas səbəbi dünya bazarlarında neftin qiymətinin aşağı düşməsidir və bundan irəli gələn dövlət investisiyalarının azalmasıdır. Ən çox tənəzzül inşaat sektorunda müşahidə olunurdu. İl ərzində görülmüş tədbirlər nəticəsində inşaat sektorunun canlandırılması istiqamətində önəmli addımlar atılmışdır. 2017-ci ildə də inşaat sektorunun inkişafı ilə bağlı lazımi tədbirlər görüləcək. Beləliklə, əminəm ki, Azərbaycanda bu il inşaat sektoru inkişaf edəcək.

Bir çox layihələrin icrası nəzərdə tutulur. Onların arasında xüsusilə Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətini qeyd etmək istərdim. Keçən ay Yasamal rayonunda Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsinə start verildi. Əminəm ki, bu layihə uğurla icra ediləcək. Layihə çərçivəsində yeni bir şəhərcik yaradılacaq, hündürmərtəbəli 29 yaşayış binasının tikintisi nəzərdə tutulur. Məktəb, uşaq bağçası tikiləcək, infrastruktur yaradılacaq, yollar çəkiləcək. İki minə yaxın mənzil tikiləcək və güzəştli şərtlərlə vətəndaşlara, xüsusilə maddi imkanları məhdud olan ailələrə uzunmüddətli kreditlə veriləcək.

Bununla yanaşı, Bakı şəhərində köhnəlmiş mənzil fondunun aradan qaldırılması və yerində müasir binaların tikintisi prosesinə də start verildi. Əfsuslar olsun ki, şəhərimizin müxtəlif yerlərində vaxtı keçmiş, yöndəmsiz, bəzi hallarda qəzalı vəziyyətdə olan binaların sayı kifayət qədər çoxdur. Onların yerində yeni, müasir yaşayış binalarının tikintisi artıq başlanıb. Birinci layihə keçən ilin sonlarında Sabunçu rayonunda icra edildi və yeni gözəl bina istifadəyə verildi. Binanın açılışında şəxsən özüm iştirak etmişəm. Ona görə ki, buna çox böyük diqqət göstərirəm və hesab edirəm, bu birinci layihə rəmzi xarakter daşıyır. Bu, böyük yeniliyə start verən bir addımdır. Bu gün tikilməkdə olan, yaxuddakı sənədləri hazırlıq mərhələsində olan hündürmərtəbəli 60 yaşayış binasının mövcudluğu göstərir ki, bu proses şəhərimizdə geniş vüsət almışdır. Söhbət ondan gedir ki, yararsız, qəzalı vəziyyətdə olan evlərin, binaların yerində hündürmərtəbəli müasir binalar tikilsin. Köhnə mənzillərdə yaşayan vətəndaşlar müvəqqəti olaraq kirayədə qalacaqlar və onlara kirayə pulu veriləcək. Yeni binalar tikiləndən sonra həmin vətəndaşlar yeni binalarda, Sabunçu rayonundakı kimi daha da böyük mənzillərə sahib olacaqlar. Orada bəzi vətəndaşların mənzil sahəsi iki dəfə böyükdür. Həm də ki, onlar təmirli və gözəl mənzillərdə yaşayacaqlar.

Bu layihənin, bu təşəbbüsün çox böyük mənası var. Çünki ilk növbədə biz köhnəlmiş mənzil fondunu aradan götürürük. Digər tərəfdən, yeni binalar mövcud binaların yerində tikiləcək və beləliklə, yeni yerlərə ehtiyac olmayacaq. Mən bunu xüsusi qeyd etmək istəyirəm ki, bundan sonra Bakı şəhərində və digər böyük şəhərlərdə boş yerlərin ayrılmasına çox ciddi nəzarət ediləcək.

Əgər sahibkarlar yaşayış binası tikmək istəyirlərsə, getsinlər vətəndaşların razılığını alsınlar, onların bütün məsələlərini həll etsinlər, kompensasiya ödəsinlər, yaxuddakı kirayə vəsaiti versinlər və o yerlərdə şəhər planına uyğun şəkildə, bütün memarlıq normalarına riayət etməklə binalar tiksinlər. Bax, yanaşma belə olmalıdır və çox ciddi nəzarət olmalıdır. Müvafiq göstərişlər, qərarlar verilmişdir.

Biz keçən ay “Ağ şəhər” layihəsinin beş illiyini qeyd etmişik. Beş il ərzində şəhər içində şəhər yaratmışıq. Dağılmış, neftlə çirklənmiş “Qara şəhər” ərazisində indi ekoloji təmiz, müasir layihə artıq icra edilir. Onun bir hissəsi artıq icra edilib. Növbəti mərhələdə “Ağ şəhər” ərazisində əlavə 60 yaşayış binası da tikiləcək.

Beləliklə, mən üç layihəni qeyd etdim. Üç layihə çərçivəsində şəhərimizdə hündürmərtəbəli 150 yaşayış binası tikiləcək. Bundan əlavə, indi onlarla tikinti meydançasında işlər gedir. Beləliklə, biz inşaat sektorunu canlandıracağıq. Bu, bizə nə verəcək? İlk növbədə, mənzil fondu yeniləşir. Digər tərəfdən, şəhər daxmalardan, “naxolstroy” adlandırılan qanunsuz binalardan təmizlənəcək. Şəhərin görkəmi daha da yaxşılaşacaq. Tikinti materialları sektoru canlanacaq. Biz artıq böyük bir sənaye sahəsini yaratmışıq. İnşaat materiallarının bir çoxu Azərbaycanda istehsal olunur. Yəni, burada yerli materiallardan söhbət gedir. İdxaldan asılılıq böyük dərəcədə azalıb. Bu, tikinti materialları sektorunun da inkişafına xidmət göstərəcək. Təkcə sadaladığım layihələrin icrası nəticəsində minlərlə, on minlərlə yeni iş yeri yaradılacaq. Biz bilirik ki, keçən il bir neçə min iş yeri ixtisar olunub, xüsusilə inşaat sektorunda. Qeyd etdiyim kimi, inşaat sektorunda tənəzzül olmuşdur. Ona görə, biz bir neçə hədəfi güdmüş oluruq və şəhərimizin gözəlləşməsi, abadlaşması prosesi daha da sürətlə gedəcək. Bakı şəhəri indi dünyanın ən gözəl şəhərlərindən biridir. Bunu hamı etiraf edir. Mən istəyirəm ki, Bakının hər bir guşəsi, hər bir yeri, hər bir mikrorayonu şəhərin mərkəzində olan mənzərəyə uyğun olsun və biz buna nail olacağıq.

Digər inşaat layihələrinin icrası nəzərdə tutulur. Xüsusilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının arxasındakı ərazidə təmizlik, köçürmə işlərinin birinci mərhələsi başa çatıb. O yerlərdə yaşayış binaları tikilməyəcək. O yerlərdə ictimai yerlər yaradılacaq. Yeni yol infrastrukturu yaradılacaq. Bu il ərzində artıq təsdiqlənmiş layihə tam icra edilməlidir.

Biz yeni, böyük bir ictimai parkı şəhər sakinlərinə hədiyyə edəcəyik. Həmçinin ən müasir, geniş yol infrastrukturu da yaradılacaq. Eyni zamanda, bizim tarixi, dini abidəmiz olan Təzəpir məscidinin mənzərəsi tam fərqli olacaq. Təzəpir məscidinin qabağında böyük park yaradılacaq, ətrafı abadlaşdırılacaq. Beləliklə, həm məscidə giriş asanlaşacaq, eyni zamanda, kənardan da baxanda bizim tarixi, dini abidəmizin əzəməti daha da gözəl görünəcək.

İnşaat sektorunun inkişafı bütün bölgələrdə də nəzərdə tutulmalıdır. Bölgələrdə, şəhərlərdə hündürmərtəbəli binaların, sənaye zonalarının tikintisi prosesi getməlidir. Həm dövlət öz dəstəyini göstərəcək, həm də təbii ki, özəl sektor da burada fəal olmalıdır. Bununla bərabər, mən xüsusilə sahibkarlara müraciət edirəm, bax, dediyim layihələr çərçivəsində çox böyük işlər görüləcək. Ona görə, biz özümüzü hələ ki, hansı inşaat materialları ilə təmin edə bilmirik o sahələr yaradılmalıdır. İndi bizim İqtisadiyyat Nazirliyimizdə bütün məlumatlar var. Biz bir çox növlər üzrə inşaat materialları ilə özümüzü təmin edirik, bəzi malları idxal edirik. Bax, o malların istehsalı Azərbaycanda qurulmalıdır, həm idxaldan asılılıq azalacaq, həm də ki, özəl sektor, iş adamları buradan mənfəət götürəcəklər.

Bu il Azərbaycanda makroiqtisadi sabitlik təmin edilməlidir, inflyasiya birrəqəmli olmalıdır. Hesab edirəm ki, biz buna nail olacağıq. Makroiqtisadi sabitlik hər bir ölkənin iqtisadi dayanıqlılığı üçün əsas şərtlərdən biridir.

Mən giriş sözümdə qeyd etdim, baxmayaraq ki, neftin qiyməti kəskin şəkildə aşağı düşdü, biz valyuta ehtiyatlarımızı, xüsusilə Neft Fondunun ehtiyatlarını qoruya bilmişik. Bu il də valyuta ehtiyatlarımızı qorumalıyıq və əminəm ki, biz valyuta ehtiyatlarımızın artımına da nail olacağıq.

Keçən il bank sektorunun sağlamlaşdırılması istiqamətində önəmli addımlar atılmışdır, nəzarət gücləndirilmişdir, şəffaflıqla bağlı tədbirlər görülmüşdür, cəza tədbirləri, inzibati tədbirlər görülmüşdür. Bizim iqtisadiyyatımıza ən böyük zərbə vuran bank sektoru olmuşdur. Ona görə, bu sektorun təmizlənməsi, sağlamlaşdırılması, şəffaflaşması, beynəlxalq standartlara uyğunlaşması istiqamətində bu il də ciddi addımlar atılacaq. Qanunu pozan şəxslərə qarşı bundan sonra da ciddi mübarizə aparılacaq.

Mən qeyd etdim ki, baxmayaraq, 2016-cı il ağır il olmuşdur, qeyri-neft sənaye istehsalı artmışdır. Bu il sənaye potensialının inkişafı ilə bağlı ciddi addımlar atılmalıdır. Bizim artıq bir neçə sənaye parkımız var. Onların sırasında Sumqayıtdakı iki parkın fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm – Texnologiyalar Parkı və Kimya Sənaye Parkı. Sumqayıt Kimya Sənaye Parkında böyük müəssisələrin yaradılması prosesi davam edir. Oraya qoyulan investisiyaların həcmi bir milyard dolları ötüb. Keçən il Mingəçevir Sənaye Parkının təməli qoyuldu. Hesab edirəm ki, gələn aydan etibarən burada artıq bütün inşaat işləri də başlanmalıdır. Mingəçevir Sənaye Parkında – o, yüngül sənayeyönümlüdür, - birinci mərhələdə doqquz müasir fabrik tikiləcək və minlərlə iş yeri yaradılacaq.

Keçən il Pirallahıda dərman preparatlarının istehsalı ilə bağlı təməlqoyma mərasimi keçirilmişdir. Pirallahı adasında həm yeni sənaye zonası, həm də turizm infrastrukturu yaradılır. Əminəm ki, bu il bu istiqamətdə ciddi addımlar atılacaq. Neftçala sənaye zonasının inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdır. İranlı tərəfdaşlarımızla birlikdə avtomobil istehsalı zavodunun təməli qoyuldu. Digər bir neçə zavodun tikintisi nəzərdə tutulur. Balaxanı Sənaye Parkında yaxşı işlər gedir. Masallı şəhərində sənaye zonası üçün yer ayrılıb və indi infrastruktur işləri gedir. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm ki, hər bir şəhərdə xüsusi sənaye sahəsi, sənaye parkı, zonası yaradılmalıdır. Artıq bu proses başlayır və digər şəhərlərdə də yerli icra orqanları, sahibkarlar əlbəttə ki, dövlətin dəstəyi ilə bu işləri görməlidirlər.

Keçən il kənd təsərrüfatının inkişafında uğurlu il olmuşdur. Biz artıma nail ola bildik. Bu il bu artım hesab edirəm ki, daha da böyük rəqəmlərlə ölçülməlidir. Kənd təsərrüfatı ilə bağlı bir neçə əsas istiqaməti qeyd etmək istərdim. Mən çox şadam ki, biz ilk növbədə Azərbaycanda uzun illər ərzində tənəzzülə uğrayan pambıqçılığı bərpa edə bilmişik. Artıq bərpa prosesi başlayıb. Biz pambıqçılığın şöhrətini qaytarırıq. Keçən il bir qədər gecikməyimizə baxmayaraq, biz yaxşı nəticələr əldə etdik.

Əgər 2015-ci illə müqayisə etsək, - 2015-ci ildə cəmi 18 min hektarda pambıq əkilmişdir, - görərik ki, 2016-cı ildə artıq 51 min hektarda pambıq əkilmişdir. Əgər 2015-ci ildə 35 min ton pambıq tədarük olunubsa, keçən il təxminən 90 min tona yaxın pambıq tədarük edilib. Bu il üçün bizim böyük planlarımız var. Bu planlar bu yaxınlarda qəbul ediləcək Dövlət İnvestisiya Proqramında da öz əksini tapacaq. Biz bu il pambıq sahələrini yenə də artırmalıyıq. Əgər keçən il 51 min hektarda pambıq əkilibsə, bu il ən azı 120 min hektarda pambıq əkilməlidir. Yəni, bu, real rəqəmdir, bir qədər az, bir qədər çox ola bilər, amma biz işimizi təxminən bu rəqəmlər ətrafında qurmalıyıq. Bütün lazımi tədbirlər görülüb, keçən il texnikalar alınıb, bu il də alınacaq. Lazımi aqrotexniki tədbirlər görülür. Yeni torpaq sahələrinə suyun verilməsi təmin edilir. Burada həm Prezident Administrasiyası, yerli icra orqanları, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Meliorasiya və digər qurumlar fəal işləyiblər. Biz bu il daha da yaxşı nəticələr gözləyirik. Ancaq bu il icra ediləcək bu layihə çərçivəsində 200 minə yaxın insan işə cəlb ediləcək. Biz subsidiyaları da, pambıq tarlalarında işləyənlərin tariflərini də qaldırmışıq və məşğulluğu da təmin edəcəyik. Qeyd etməliyəm ki, hazırda 27 rayonda pambıqçılıq inkişaf edir və biz bu il təxminən 200 min ton, ondan da çox pambıq tədarükünü gözləyirik.

Keçən il baramaçılıqla bağlı çox ciddi addımlar atılmışdır. Mən burada da bir neçə rəqəmi qeyd etmək istərdim. Əfsuslar olsun ki, bu sahə də tamamilə yaddan çıxmışdır. Əfsuslar olsun ki, əvvəlki illərdə tut bağlarının böyük hissəsi kəsilmişdir, dağıdılmışdır. İndi biz bunu bərpa edirik. 2015-ci ildə 200 kiloqramdan bir qədər çox barama tədarük edilmişdir, təkcə bir rayonda, Şəki rayonunda. 2016-cı ildə görülmüş tədbirlər nəticəsində bu rəqəm 70 tona çatıb. Bu il barama tədarükü keçən ilə nisbətən ən azı iki dəfə artmalıdır. Keçən il 1 milyon 700 min tut tingi əkilmişdir. Bölgələrdə bu sahəyə çox böyük maraq var. 30-40 gün ərzində insanlar yaxşı pul qazanırlar. Hazırda 37 rayonda baramaçılıq inkişaf edir. Əgər 2015-ci ildə bir rayonda idisə, hazırda 37 rayondadır və əlbəttə ki, bu coğrafiya da genişlənməlidir. Bax, əkilən bu tinglərin nəticəsində biz 2019-cu ildə 1300 ton barama istehsalını gözləyirik. Biz Şəki ipək kombinatının tam gücü ilə işləməsini də təmin edəcəyik.

Bizə kənd təsərrüfatı məhsulları arasında ən çox valyuta gətirən fındıqçılıqdır və xurma bağlarından əldə edilən məhsulun ixracıdır. Ona görə, biz bu iki istiqamətə də çox ciddi fikir vermişik. Keçən il 13 min hektarda fındıq bağları salınmışdır. Müqayisə üçün deyə bilərəm ki, bizim ümumi fındıq bağlarının sahəsi təxminən 30 min hektara yaxındır. Yəni, onun üçdəbir hissəsindən çoxunu biz bir il ərzində salmışıq və bu proses davam edir. Qarşıya məqsəd qoyulub ki, 2016-cı ildən başlayaraq bir neçə il ərzində biz əlavə 40 min hektarda fındıq bağları salaq və bu proses gedir. Bu, fermerlərin də böyük marağına səbəb olub. Bu, yaxşı gəlir mənbəyi olacaqdır. Burada da dövlət öz üzərinə böyük vəzifə götürüb. Çünki bütün bu lazımi avadanlıq, texniki tədbirlər və tinglərin alınması dövlət hesabına həyata keçirilir. Dövlət bunu alır və fermerlərə pulsuz verir. Bax, dövlətin bir daha demək istəyirəm ki, siyasəti özünü bu istiqamətdə də göstərir. Biz fındıqçılığın coğrafiyasını da genişləndiririk və hazırda 13 rayonda bu sahədə işlər gedir.

Valyuta gətirən ixrac məhsullarından biri olan badam Azərbaycanda əfsuslar ki, çox az istehsal edilir. Biz hətta özümüzü bu məhsulla təmin edə bilmirik. Cəmi 1000 hektar badam bağlarımız var. Onların da böyük əksəriyyəti Naxçıvan Muxtar Respublikasındadır. Halbuki Abşeron yarımadasında, Bakıətrafı qəsəbələrdə və digər bölgələrdə badamçılıq üçün çox münbit təbii iqlim var. Ona görə, bu istiqamətdə də işlər görülməlidir, lazımi tədbirlər görülür, göstərişlər verilib, bax, bu sahə də inkişaf edəcək.

Zeytunçuluq. Əfsuslar olsun ki, biz özümüzü zeytunla təmin edə bilmirik. Yeni zeytun massivləri, plantasiyaları salınacaq və yığım tam təmin edilməlidir. Bəzi hallarda zeytun ya ağaclarda qalıb çürüyür, ya da yerə tökülüb zay olur. Burada da bütün işlər tənzimlənməlidir. Biz nəinki özümüzü tam təmin etməliyik, hətta böyük ixrac potensialımız da yaradılmalıdır.

Tütünçülüklə bağlı tədbirlər görülür. Artıq biz quru tütünü ixrac etmək üçün müvafiq danışıqlar aparmışıq və razılaşmalar əldə edilibdir. Keçən il 3500 ton quru tütün tədarük edilib. Bizim məqsədimiz birinci mərhələdə onu 3 dəfə artırmaqdır. Yəni, Azərbaycanda 10 min ton quru tütün istehsal olunmalıdır, oluna bilər. Sovet vaxtında 50-60 min ton quru tütün istehsal olunurdu. Bunun ərazisi də bəllidir və həmin torpaqdır. Sadəcə olaraq, fermerlərə kömək etmək lazımdır. Bu köməyi edirik və ondan sonra biz bunun ixracını da təmin etməliyik. Yeni ixrac bazarlarının axtarılması ilə bağlı çox ciddi addımlar atılır. Bu da valyuta gətirən sahədir.

Nar, xurma bağlarının genişləndirilməsi istiqamətində işlər gedir. Üzümçülüklə bağlı hesab edirəm ki, daha da ciddi işlər aparılmalıdır və mənim tərəfimdən müvafiq göstərişlər verilib. Burada da həm yeni üzüm bağlarının salınması, eyni zamanda, şərab zavodlarının səmərəli fəaliyyəti, keyfiyyətin artırılması vahid bir kompleks yaratmalıdır.

Mən statistika ilə maraqlandım. Azərbaycanda il ərzində 20 milyon butulka şərab istehsal olunur. İxrac isə çox azdır. Bizim sahibkarlar şərab ixracından cəmi 2-3 milyon dollar pul əldə edirlər. Ona görə, Azərbaycan şərabını dünya bazarlarına çıxarmaq üçün çox ciddi addımlar atılıb. Biz bir neçə beynəlxalq sərgidə iştirak etmişik, kontraktlar bağlanıbdır. Dost, tərəfdaş ölkələrlə biz birbaşa bu danışıqları aparırıq ki, onlar öz bazarlarında bizim şərabımız üçün kvota ayırsınlar, biz öz şərabımızı ixrac edə bilək. Sahibkarlar da burada daha da fəal olmalıdırlar, onların marağındadır. Amma bizdə şərabçılıqla bağlı olan bu vəziyyət ciddi təhlil edilməlidir, həm iqtisadi qurumlar, həm Vergilər Nazirliyi və hüquq-mühafizə orqanları tərəfindən. Çünki burada çox qəribə bir mənzərə üzə çıxır. Bizim mövcud şərab zavodlarımızın illik istehsal gücü 100 milyon butulkadır. Bu zavodların böyük əksəriyyəti son illər ərzində tikilib, oraya böyük vəsait də qoyulub və müasir avadanlıq quraşdırılıb. Necə ola bilər ki, 100 milyon butulka istehsal gücü olan zavodlarda cəmi 20 milyon butulka şərab istehsal olunur. Ya bu pulu qoyan sahibkar pulunun qədrini bilmir, ya da ki, orada istehsal daha da böyükdür, o qeydiyyata düşmür. Necə deyərlər, orada qanunsuz istehsal baş verir. Ona görə, bu məsələ ciddi araşdırılmalıdır və qeyd etdiyim kimi, bütün müvafiq qurumlar mənə arayış hazırlasınlar və bu sahədə də qayda-qanun yaradılmalıdır. Bu, böyük gəlir gətirə biləcək bir sahədir. Vaxtilə Ulu Öndərin dövründə, 1970-ci illərdə 2 milyon ton üzüm yığılırdı. Kəndlilər böyük vəsait əldə etmişdilər. Əfsuslar olsun ki, sonra həm sovet rəhbərliyi, həm də ki, sovet rəhbərliyinin xoşuna gəlmək istəyən yerli rəhbərlər üzüm bağlarının bir hissəsini qırmışlar. Ancaq biz indi bərpa edirik. Bərpa edərkən biz gərək bütün zənciri nəzərə alaq, yoxsa üzüm bağlarını salacağıq, sonra hara satacağıq, harada emal olunacaq, harada satılacaq? Bax, bu vahid kompleks tədbirlər görülməlidir və burada aydınlıq olmalıdır.

Biz çayçılığı da bərpa edirik. İndi yüzlərlə hektar çay bağları salınıb, çayçılıqla bağlı yeni texnologiyalar var və bu da cənub zonasının iqtisadi inkişafını təmin edəcək. Biz özümüzü keyfiyyətli çayla təmin etməliyik və xaricə də Azərbaycanda yetişdirilən çay ixrac etməliyik. Çünki hazırda biz daha çox xaricdən gətirilən çayı burada paketləyib ixrac edirik. O da yaxşıdır. Hər halda çayı idxal etməkdən daha yaxşıdır. Ancaq çalışmalıyıq ki, bizim emal müəssisələri yerli məhsul əsasında fəaliyyət göstərsin və bu, təkcə çayçılığa aid deyil. Biz çalışmalıyıq ki, Azərbaycanda məhsullar yerli xammal əsasında istehsal olunsun və ixrac edilsin. Bax, məqsəd bundan ibarətdir.

Keçən il heyvandarlıqla bağlı ciddi addımlar atılıb. İndi yeni layihələr icra edilir. Biz bundan sonra heyvandarlığı ancaq qapalı şəraitdə inkişaf etdirməliyik. Bu, daha səmərəlidir və eyni zamanda, bizə imkan verəcək ki, bu gün səmərəsiz istifadə olunan örüş torpaqlarından səmərəli şəkildə istifadə edək. Onların təyinatı dəyişdirilməlidir. İndi harada mümkündür işlər gedir və biz onları da əkinə cəlb etməliyik.

Bir sözlə, kənd təsərrüfatı ilə bağlı məsələlər xüsusi diqqət tələb edir. Ona görə, mən bu sahəyə bu gün də ümumiyyətlə çox böyük diqqət ayırıram. Çünki bu sahə həm məşğulluqdur, həm inkişafdır, həm ixracdır. Biz ixracı şaxələndirməliyik və ilk növbədə kənd təsərrüfatı məhsulları hesabına. Biz realist olmalıyıq. Biz indi texnologiya ixrac edə bilmirik və edə bilmərik, vaxt lazımdır. Biz istədiyimiz səviyyədə maşın, mexanizm ixrac edə bilmirik. Heç özümüzü də təmin edə bilmirik. Biz nəyi ixrac edə biliriksə, diqqətimizi o real sektora yönəltməliyik. Burada kənd təsərrüfatı, emal sahəsi əlbəttə ki, ən böyük potensiala malikdir. Torpaqlardan səmərəli istifadə etməliyik və ixracımızı şaxələndirməliyik. Hesab edirəm ki, biz görüləcək tədbirlər sayəsində kənd təsərrüfatı məhsulları ixracını iki dəfə artıra bilərik. Bu, ölkəmizə daha çox valyuta, kənddə yaşayanlara isə əlavə vəsait gətirəcək.

Əlbəttə ki, bütün bu işləri görmək üçün infrastruktur olmalıdır və son illərdə bu istiqamətdə çox böyük addımlar atılmışdır. Qeyd etməliyəm ki, elektrik enerjisi ilə bağlı addımlar atılır. Qazlaşdırma Azərbaycanda 92 faizə çatıb. Düzdür, hələ ki, mindən çox kənddə qaz yoxdur. Onu da biz bilməliyik. Bu proses - kəndlərin qazlaşdırılması prosesi gedir, bu il də, gələn illərdə də gedəcək. Ancaq, ümumiyyətlə, ölkəmizdə qazlaşdırılmanın səviyyəsi 92 faizə çatıb. Bu da hesab edirəm ki, çox gözəl göstəricidir.

Kənd yollarının tikintisi keçən il də uğurla aparılmışdır. Bu il 40 layihənin həyata keçirilməsi nəzərdə tutulur. Yəni, 40 layihə, ən azı 40 kənd yolu layihəsi, - əlbəttə ki, kəndlərin sayı daha da çox olacaq, çünki hər bir layihə bir neçə kəndi birləşdirir, - ən azı 40 layihə bu il icra ediləcək və lazımi səviyyədə vəsait də bu məqsədlər üçün ayrılacaq. Bu, həm insanların rahatlığı deməkdir, həm də kənd təsərrüfatının inkişafı üçün lazımdır.

İçməli su layihələrinin icrası bu il də davam edəcək. Artıq bir çox şəhərlərimizdə içməli su layihələri başa çatıb.

Hərbi potensialımızın gücləndirilməsi üçün əlavə tədbirlər görüləcək. Büdcədə kifayət qədər vəsait ayrılıb. Hərbi xərclər bizim büdcə xərcləri arasında birinci yerdədir. Bu, belə də olmalıdır. Biz müharibə şəraitində yaşayırıq. Bütün böhranlara, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, biz ordumuzu ən müasir silah-sursat, texnika ilə təmin edirik. Keçən il çox önəmli addımlar atılmışdır. Ən müasir silahlar ölkəmizə gətirilmişdir və bu il də bu proses davam edəcək. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, həm döyüş qabiliyyəti, həm təminat-təchizat baxımından. Bizim yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan ən müasir silahlarımız var. Onların bir hissəsi nümayiş etdirilib, bir hissəsi isə nümayiş etdirilməyib. Lazım olan vaxtda, lazım olan yerdə onlar nümayiş etdiriləcək.

Sosial infrastrukturun yaradılması bu il davam etməlidir. Mən qeyd etdim ki, keçən il 500-dən çox məktəb tikilib, təmir edilib. Bizim məqsədimiz ondan ibarətdir ki, 2017-2018-ci illərdə Azərbaycanda bir dənə də olsun qəzalı vəziyyətdə məktəb qalmasın. Bax, qarşıya belə məqsəd qoyulub. Bu layihələri biz iki ilə bölürük, bu il və gələn il. Vəsait nəzərdə tutulur. Təhsil Nazirliyi yeni layihələr təqdim edib. Xüsusilə ucqar kəndlərdə bütün müasir avadanlıqla təmin edilən və tezliklə istifadəyə verilə bilən modul tipli məktəblərin tikintisi getməlidir. Səhiyyə ocaqları da həmçinin. Biz demək olar ki, bütün şəhərlərdə ən müasir xəstəxanaları tikmişik, yaxud da ki, əsaslı təmir etmişik. Harada lazımdırsa, yenə də bu işlər davam etdiriləcək.

Ekoloji tədbirlər bu il də aparılmalıdır. Çirklənmiş ərazilər təmizlənməlidir. Modul tipli sutəmizləyici qurğular yaradılmalıdır. Yüzlərlə kənddə bu qurğular quraşdırılıb və bu proses davam etdirilməlidir.

Son bir neçə il ərzində ölkəmizdə ağacəkmə kampaniyası çox geniş vüsət almışdır. Bu il də bu işlər aparılmalıdır. Ancaq hesab edirəm ki, bundan sonra daha çox dekorativ ağaclar yox, yəni, barverən ağaclar əkilməlidir. Ona görə bütün rayonlarda da iqlimə uyğun şəkildə ağacəkmə prosesi davam edəcək. Ancaq bunun həm iqlimə, ekologiyaya, həm də ki, iqtisadiyyata müsbət təsiri olmalıdır. Ona görə müvafiq tədbirlər görülməlidir, tinglər tədarük edilməlidir. Yaxud da harada ki, çatışmır xaricdən gətirilməlidir, bu işlərə vəsait ayrılmalıdır.

Mən hesab edirəm ki, 2017-ci il turizmlə bağlı daha da uğurlu olacaq. Baxmayaraq ki, bu il turistlərın sayı 11 faiz artıb. Ancaq görülən tədbirlər nəticəsində əminəm ki, bu il daha da çox turist gələcək. Burada əlbəttə ki, bir neçə amil var. İlk növbədə ölkəmizə gəlmək üçün indi heç bir problem yoxdur. Bütün süni əngəllər aradan götürüldü və burada məruzə edildi. “ASAN Viza” və digər xidmətlər vasitəsilə turistlər Azərbaycana maneəsiz gələcək. Bu, ölkə iqtisadiyyatına çox böyük dəstək olacaq. Həm Bakıda, həm bölgələrdə böyük canlanma olacaqdır. Bizim turizm infrastrukturu da buna hazır olmalıdır. Yenə də sahibkarlar, bax, bu amili nəzərə alsınlar. İkiulduzlu, üçulduzlu otellərin tikintisinə daha çox fikir verilməldir. Çünki bu gün turistlər hara gedir? Harada ki, təhlükəsizlik, əmin-amanlıq, xaricilərə xoş münasibət, gözəl mənzərə, tarixi abidələr, yaxşı xidmət, yaxşı otellər var. Bunların hamısı bizdə var. Bəziləri bizə tarixdən qalıb, bəzilərini biz özümüz yaratmışıq. Ona görə Azərbaycanı dünyada daha çox tanıyırlar. Bizim keçirdiyimiz beynəlxalq tədbirlərin məqsədi budur. Biz ildə bir neçə mötəbər beynəlxalq tədbir keçiririk. Qlobal forumlar, humanitar forumlar, mədəniyyətlərarası dialoq forumları, iqtisadi forumlar, idman yarışlarını keçiririk, Avropa Oyunları, “Eurovision”, Formula-1 ki, 500 milyon auditoriyası var. İndi Formula-1 kimi bizim turizm potensialına dəstək verən ikinci beynəlxalq tədbir ola bilməz. Çünki ikinci belə beynəlxalq tədbir ancaq Yay Olimpiya Oyunları ola bilər. Amma Yay Olimpiya Oyunları bir dəfə keçirilir. Özü də o qədər böyük - milyardlarla vəsait tələb edir. Ancaq Formula-1 hər il keçirilir. Artıq bütün infrastruktur var. Əlbəttə ki, turizmin inkişafı bundan sonra da sürətlə getməlidir.

“ASAN xidmət”lə bağlı burada məruzədə planlar haqqında deyildi. Qeyd etməliyəm ki, biz coğrafiyanı bundan sonra da genişləndirəcəyik və “ASAN xidmət”in funksiyalarını da genişləndirəcəyik. Çünki o, öz səmərəliliyini artıq göstərib. Vətəndaşlar tərəfindən də çox yüksək qiymətləndirilir. Ona görə hər bir dövlət qurumunda və ictimai sahədə şəffaflıq “ASAN xidmət”dəki kimi olmalıdır.

Bu il biz “Cənub” qaz dəhlizinin yaradılması ilə bağlı çox böyük işlər görəcəyik. Bu il həlledici il olacaq. Bu nəhəng layihəni maliyyələşdirmək üçün bizim kifayət qədər öz vəsaitimiz var. Beynəlxalq maliyyə qurumları da bu layihəyə vəsait ayırırlar. Ona görə yox ki, bizə belə xüsusi xoş münasibət bəsləyirlər. Ona görə ki, bu, səmərəli layihədir. İndi beynəlxalq maliyyə qurumları elə layihələri axtarırlar ki, o layihələr pul gətirsin. Bax, “Cənub Qaz Dəhlizi” o layihələrdəndir. Bu layihə həm iqtisadi cəhətdən çox səmərəlidir, həm də ki, enerji təhlükəsizliyi baxımından bir çox ölkələrin maraqlarını təmin edəcək, ilk növbədə Azərbaycanın. Ona görə, əgər kimsə düşünürsə ki, bu layihənin icrası ilə bağlı bizdə problem olacaq, o, səhv edir. Mən nəyə görə bunu deyirəm? Çünki bilirəm ki, bəzi siyasi dairələr neftin qiymətinin düşməsi ilə bağlı yaranmış vəziyyətdən istifadə edərək deyirlər ki, Azərbaycanın indi pulu azalıb, Azərbaycan indi ağır, çətin vəziyyətə düşüb, “Cənub” qaz dəhlizini maliyyələşdirmək üçün pulu yoxdur, ona görə, gəlin Azərbaycana təzyiq edək, öz tələblərimizi qoyaq, öz maraqlarımızı təmin edək ki, o şərtlə biz Azərbaycana kredit verə bilərik. Bax, bu, keçən il ərzində müşahidə edilən mənzərə idi, çox ucuz, necə deyərlər, çox ləyaqətsiz hərəkətlər idi.

İlk növbədə, heç bir kənar qüvvə bizi istəmədiyimiz layihəyə cəlb edə bilməz, bu, birincisi. Bizim üçün əsas dövlətimizin, xalqımızın maraqlarıdır. İkincisi, heç kim bizə heç nəyi diktə edə bilməz. Bunu yaxın tarix artıq göstərib, bütün bu səylər əbəsdir. Bizi bu vəziyyətlə şantaj etmək istəyənlər, sadəcə olaraq, özlərinə hörmət etmirlər və onlara olan-qalan, azalan inamı da tamamilə aradan götürürlər. Biz “Cənub Qaz Dəhlizi”ni də, bütün başqa layihələri də icra edəcəyik. Yenə də deyirəm, bu layihənin icrası bizə də, Avropaya da lazımdır. Bu layihənin icrası nəticəsində onların enerji təhlükəsizliyi təmin ediləcək. Ona görə, belə ucuz şantaj hərəkətləri yersizdir. Ancaq onu da qeyd etməliyəm ki, biz təkcə Avropa maliyyə qurumları ilə işləmirik, biz Asiya maliyyə qurumları ilə də işləyirik və daha da səmərəli işləyirik, daha asan yolla vəsait əldə edirik. Misal üçün, Asiya İnkişaf Bankı bu layihəyə böyük vəsait ayırır, özü də qısa müddət ərzində. Asiya İnfrastruktur Bankı da - biz özümüz də bu bankın təsisçisiyik, qısa müddət ərzində böyük vəsait ayırıb. Bu qaz Asiyaya getməyəcək, Avropaya gedəcək, ancaq vəsaiti biz Asiyadan alırıq. Ona görə, əgər kimsə düşünürsə ki, biz indi çətin, çıxılmaz vəziyyətdəyik və bizim qarşımızda hansısa əsassız tələb qoyula bilər, tamamilə yanlış yanaşmadır. Heç kim bizim qarşımızda heç bir tələb qoya bilməz. İstəyirlər əməkdaşlıq etsinlər, istəmirlərsə bizə də lazım deyil. “Cənub” qaz dəhlizini biz icra edəcəyik və vaxtında.

Nəqliyyat sahəsində görüləcək əsas işlərlə bağlı bir neçə kəlmə demək istəyirəm. Bilirsiniz ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı Azərbaycanın üzərinə düşən vəzifə yerinə yetirildi. Biz bütün məsələləri həll etdik. Ümid edirik ki, bu il artıq bu layihə icra ediləcək. Bizdən nə asılı idisə hər şeyi etmişik, həm investisiyaları qoymuşuq, kreditlər vermişik, 700 milyondan çox. Yəni, nə lazımdırsa etmişik və gözləyirik ki, bu layihə tamamlansın. Bununla bərabər, Şimal-Cənub layihəsi ilə bağlı da bir il ərzində bizim üzərimizə düşən bütün vəzifələri icra etdik. Nəyi demişiksə, onu da etmişik. İran sərhədinə qədər dəmir yolunu uzatdıq, körpünü tikdik, əlavə tədbirlər görüldü. Bu il bu layihənin maliyyələşməsində də iştirak etməyə hazırıq və bunu bildirmişik. İndi danışıqlar gedir ki, hansı formada Azərbaycan öz maliyyə resurslarını bu layihənin tam icrası üçün səfərbər edə bilər. Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsinin tikintisi bu il başa çatmalıdır. Həm bütün infrastruktur, tikinti işləri, o cümlədən avadanlıq, bütün bu tədbirlər dövlət investisiya proqramında nəzərdə tutulur və icra ediləcək. Sadəcə olaraq, bu layihənin podratçıları da öz məsuliyyətini dərk etməlidirlər. İl ərzində bu məsələ ilə bağlı mənim böyük iradlarım olub, hökumət üzvləri bunu bilir. Bəzi icraçılar bu məsələyə çox laqeyd yanaşmışlar, baxmayaraq ki, dövlət vəsaiti ayrılmışdır, 2016-cı ildə o vəsaitdən tam istifadə edilməyib. Bu, dözülməzdir. Ona görə, əgər o məsuliyyəti dərk etmirlərsə, əgər dövlətin verdiyi sifarişi yerinə yetirməyə laqeydlik göstərirlərsə, bundan sonra dövlət sifarişlərindən məhrum ediləcəklər, qoy bunu bilsinlər. Ona görə, bu ilin payızına qədər Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsi bütün avadanlıqlarla, kranlarla təmin edilməlidir, əks halda özlərindən küssünlər.

Biz “Multikulturalizm ili”ni uğurla keçirdik. Azərbaycan bir daha dünyaya göstərdi ki, multikulturalizm, onun ideyaları yaşayır və yaşamalıdır. Azərbaycan kimi ölkələrin sayı getdikcə artmalıdır. Keçən il və ondan əvvəlki illərdə multikulturalizmlə bağlı bədbin fikirlər səslənib. Əfsuslar olsun ki, bəzi dünya səviyyəli siyasətçilər də özlərinə rəva bilib multikulturalizmlə bağlı çox təhlükəli ifadələr işlətmişlər. Ümid edirəm ki, bu sahədə də müsbətə doğru dönüş yaranacaq və beynəlxalq ictimaiyyət daha dərindən dərk edəcək ki, dünyanın multikulturalizmdən başqa yolu yoxdur. Azərbaycan öz tərəfindən bu istiqamətdə əlbəttə ki, səylərini davam etdirəcək.

Bu il Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu da çox önəmli beynəlxalq tədbirdir, bütün müsəlman aləminin həmrəylik oyunlarına biz ev sahibliyi edəcəyik. Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarını keçirmişdir. Yəni, bir ölkədə, bir şəhərdə iki il ərzində həm Avropa Oyunları keçirilib, həm də İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu, təkcə idman tədbiri deyil. Əgər kimsə hesab edir ki, İslam Həmrəyliyi Oyunları idman tədbiridir, səhv edir. Bu, böyük siyasi tədbirdir, bu, böyük mədəni tədbirdir, bu, böyük ictimai hadisədir. Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq. Çünki onlar İslam haqqında rəy formalaşdırırlar ki, İslam geridə qalmış sivilizasiyadır. Onlar öz imkanları hesabına həm mediada, həm ictimai fikirdə, həm müxtəlif qeyri-hökumət təşkilatları çərçivəsində rəy formalaşdırırlar ki, İslam dünya üçün təhlükədir, İslamı terrorizmlə eyniləşdirirlər, islamofobiyaya rəvac verirlər, xalqları dinə görə bölürlər, müsəlman qaçqınlarına qarşı hörmətsizlik edirlər. Avropa İttifaqına üzv olan bəzi ölkələrin rəhbərləri “Stop İslam” deyirlər. Bəziləri deyirlər ki, biz miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlmanları yox. Bu, faşizmdir və faşizm harada yaranıb biz yaxşı bilirik və unutmamışıq. Faşizm İslam aləmində yaranmayıb. Ona görə, İslam Həmrəyliyi Oyunlarının çox böyük mənası var. Biz bu Oyunları keçirməklə bir daha gücümüzü, imkanlarımızı göstərəcəyik, dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik, çalışacağıq ki, İslam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar.

Azərbaycan İslam aləmində çox böyük hörmətə malik bir ölkədir. Baxın, İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri bizim ölkəmizə necə yüksək qiymət verirlər. Bəzən bir-biri ilə yola getməyən müsəlman ölkələri də bizə böyük hörmətlə yanaşırlar. Nəyə görə? Çünki bizim siyasətimiz səmimidir, düzgündür, ədalətlidir, prinsipialdır və cəsarətlidir. Bax, budur bizim siyasətimiz.

Bütün bunları nəzərə alaraq, mən 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edirəm.

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10