Azərbaycan Respublikasının “Əmək” ordeninin təsviri

25 yanvar 2017, 20:09

Azərbaycan Respublikasının 2016-cı il 

29 noyabr tarixli

Qanunu ilə təsdiq edilmişdir

Maddə 1. Ordenin ümumi təsviri

1.1. Azərbaycan Respublikasının “Əmək” ordeni (bundan sonra – orden) daxili diametrinin içərisində hər bir guşəsi alov simvolunu əks etdirən səkkizguşəli ulduz yerləşən bütöv ayparadan ibarətdir.

1.2. Ordenin 1-ci dərəcəsi qızıldan, 2-ci dərəcəsi gümüşdən, 3-cü dərəcəsi bürüncdəndir.

Maddə 2. Ordenin ön tərəfi

2.1. Ayparanın xarici diametri 38 mm, daxili diametri 30 mm-dir. Ayparanın aşağı hissəsinin mərkəzində dairə boyunca “ƏMƏK” sözü yazılmışdır. “ƏMƏK” sözü basma üsulu ilə ayparanın daxilində həkk olunmuşdur.

2.2. Hər bir guşəsi alov simvolunu əks etdirən səkkizguşəli ulduzun üzərində milli ornamentləri əks etdirən naxışlar həkk olunmuşdur. Səkkizguşəli ulduzun üzərində həkk olunmuş naxışlar relyeflidir. Səkkizguşəli ulduzun üz səthi qabarıqdır.

2.3. Ordenin qalınlığı 4 mm-dir.

Maddə 3. Ordenin arxa tərəfi

Ordenin arxa tərəfi hamar səthlidir, səkkizguşəli ulduzun mərkəzində ordenin seriyası və nömrəsi həkk olunmuşdur.

Maddə 4. Ordenin elementləri

4.1. Orden paltarın yaxasına bərkidilmək üçün elementi olan, üst və alt hissəsi 30 mm x 3,5 mm ölçüdə metal lövhədən, orta hissəsi 25 mm x 45 mm ölçüdə xara lentdən ibarət düzbucaqlı lövhəyə iki halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lent Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə uyğun mavi, qırmızı və yaşıl rəngli bərabər şaquli zolağa bölünmüşdür.

4.2. Ordenə paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 25 mm x 9 mm ölçüdə qəlib əlavə edilir. Qəlibin üzərinə hər bir guşəsi alov simvolunu əks etdirən səkkizguşəli ulduz şəklində kiçik metal lövhə bərkidilir.

gallery-photogallery-photogallery-photo