01 fevral 2017, 18:30

Fatma Səttarovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

 İlk öndə, uğurlu idarəçiliyiniz sayəsində  Azərbaycanımızın bütün sahələrdə inkişafını və bugünkü nüfuzlu mövqeyə çatmasını təmin etdiyinizə, xalqımızın ümummilli lideri Heydər Əliyevin yolunu şərəf və ləyaqətlə davam etdirdiyinizə görə bir Azərbaycan vətəndaşı, müharibə veteranı, ağbirçək ana kimi Sizə minnətdarlığımı bildirirəm. Eyni zamanda, imzaladığınız Sərəncamla məni “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif etdiyinizə görə Sizə dərin ehtiramımı və təşəkkürümü çatdırıram.

Möhtərəm Prezident, cənab Ali Baş Komandan, məhz Sizin rəhbərliyiniz altında ötən ilin aprelində rəşadətli və şanlı ordumuz tərəfindən mənfur düşmənə sarsıdıcı zərbələr vurulması nəticəsində işğal altında olan torpaqlarımızın bir hissəsinin azad edilməsi ilə müşayiət olunan qələbə mənə gənclik illərində yaşadığım, faşizm üzərindəki qələbə sevincini bir daha xatırlatdı. Əminəm ki, Azərbaycanın bütün əzəli torpaqları Sizin rəhbərliyiniz ilə tezliklə düşmən tapdağından azad olunacaq və bununla da erməni faşizminin kökü birdəfəlik kəsiləcəkdir.

Müharibə veteranlarına göstərdiyiniz diqqət və qayğıya görə bütün veteranlar adından bir daha Sizə dərin təşəkkürümü bildirir, uzun ömür, möhkəm cansağlığı, Azərbaycanın müstəqilliyi və xalqımızın rifahı naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Səttarova Fatma Hüseyn qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri.