İlham Əliyevin və Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviçin Münxendə görüşü olub

17 fevral 2017, 15:25
İlham Əliyevin və Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviçin Münxendə görüşü olub

Prezident İlham Əliyevin və Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviçin görüşü olub.

Görüşdə Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç Azərbaycana rəsmi səfərini məmnunluq hissi ilə xatırlatdı, keçirilən görüşlərdə səmərəli fikir mübadiləsinin aparıldığını vurğuladı. Səfər çərçivəsində keçirilən Azərbaycan-Xorvatiya biznes forumunun ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi işinə xidmət etdiyini deyən Xorvatiya Prezidenti hökumətlərarası komissiyanın iqtisadi əməkdaşlığımızı daha da genişləndirəcəyini diqqətə çatdırdı. Xorvatiyanın enerji sahəsi ilə yanaşı, qeyri-neft sektoru, o cümlədən informasiya texnologiyaları, gəmiqayırma, kənd təsərrüfatı, nəqliyyat, infrastruktur və digər sahələrdə də Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu deyən Kolinda Qrabar-Kitaroviç ölkəsinin həyata keçirdiyi enerji layihələrində Azərbaycan ilə əməkdaşlığa maraq göstərdiyini vurğuladı.

Kolinda Qrabar-Kitaroviç Prezident İlham Əliyevin Avropa İttifaqına səfərinin uğurlu keçdiyini bildirdi, Azərbaycanın Avropa İttifaqı ilə yeni sənəd üzərində işlədiyini dedi, bu prosesin Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrin daha da inkişafına xidmət edəcəyini bildirdi. Xorvatiya Prezidenti dövlətimizin başçısını ölkəsinə səfərə dəvət etdi.

Prezident İlham Əliyev Azərbaycan-Xorvatiya əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Azərbaycan Prezidenti hökumətlərarası komissiyanın öz işini praktiki məsələlər üzərində cəmləşdirməsinin vacibliyini vurğuladı. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın mühüm roluna toxunan dövlətimizin başçısı ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğu layihələrdə Xorvatiyanın da iştirak edə biləcəyini diqqətə çatdırdı.

Avropa İttifaqı ilə əlaqələrdən danışan Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Avropa Komissiyası ilə fəal əməkdaşlıq edir. Azərbaycan Prezidenti ikitərəfli əlaqələrimizin həm də Avropa İttifaqı-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı Azərbaycanın Avropa İttifaqı ilə siyasi dialoq, təhlükəsizlik, texnologiyalar, enerji, multikulturalizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi niyyətində olduğunu dedi.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunuldu. Xorvatiya Prezidenti münaqişənin həllində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bir daha vurğuladı.

gallery-photogallery-photogallery-photo