21 fevral 2017, 12:20

Əkrəm Mirzəyev və başqalarından, Zaqatala, Azərbaycan

Möhtərəm cənab Prezident,

Doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın bütün problemləri Azərbaycan dövlətinin gündəlik qayğısına çevrilib. Bütün bunların bariz nümunələri göz önündədir.

Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində yeni salınmış 135 ailəlik qəsəbəmiz müasir standartlara cavab verir. Sizin göstərişinizlə tikilmiş bu qəsəbədə Ağdam rayon 152 saylı köçkün tam orta məktəbi fəaliyyət göstərir. Məktəbimizdə 20 müəllim, 7 texniki işçi, 60-dan çox şagird var. Məktəbimizin kollektivi adından Sizə təşəkkür edirik. Sizi əmin edirik ki, bir əmrinizlə əlimizdəki qələmi silahla əvəzləyərək döyüş meydanına getməyə hazırıq. Bizə göstərdiyiniz bu diqqət və qayğıya cavab olaraq savadlı, vətənpərvər şagirdlər yetişdirəcək, Azərbaycan dövlətinə, dövlətçiliyinə hər an dəstək olacağıq.

Hörmətli cənab Prezident, ümummilli lider Heydər Əliyev qaçqın və məcburi köçkünlərin problemini daim öz nəzarətində saxlayırdı. Ulu Öndər həmişə deyərdi: “...İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində,

köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir”.

Qaçqın və məcburi köçkünlərlə mütəmadi görüşləriniz, ad gününüzü qaçqınlarla birlikdə qeyd etməyiniz, yeni qəsəbələrin salınması Heydər Əliyev siyasətinin davamıdır.

Azərbaycan tarixinə qızıl hərflərlə yazılan aprel döyüşləri Azərbaycan dövlətinin gücünü və qüdrətini bir daha göstərir.

Sizin uğurlu siyasətiniz nəticəsində işğaldan azad edilmiş torpaqlarımıza artıq böyük qayıdış başlayıb. İnanırıq ki, bu, təkcə Cocuq Mərcanlıya deyil, Şuşaya, Laçına, Ağdama və işğal altındakı digər torpaqlarımıza qayıdışın başlanğıcıdır. İnşallah, Sizin müdrik siyasətiniz nəticəsində biz tezliklə Qarabağa da qayıdacağıq.

Cənab Prezident, Sizi bir daha əmin etmək istəyirik ki, biz müəllimlər Sizin ətrafınızda daim sıx birləşərək bu yurda, bu torpağa cani-dildən xidmət edəcəyik. Müəllim adını hər zaman uca tutub şərəflə öz borcumuzu yerinə yetirəcəyik.

Siz dəfələrlə bəyan etmisiniz ki, Azərbaycan heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək, Dağlıq Qarabağ heç vaxt müstəqil olmayacaq.

İnanırıq ki, Sizin qətiyyətli səyləriniz nəticəsində Dağlıq Qarabağ işğaldan azad ediləcək, ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq, biz də öz ata-baba yurdumuza qayıdaraq yenidən doğma torpaqlarımızda yaşayacağıq.

Tanrı dövlətimizi, millətimizi və Prezidentimizi qorusun!

Zaqatala rayon Aşağı Tala kəndi ərazisində yeni salınmış köçkün qəsəbəsində yerləşən Ağdam rayon 152 nömrəli köçkün tam orta məktəbinin kollektivi adından dərin hörmət və ehtiramla,

Mirzəyev Əkrəm,

Ağalarov Məhəmməd,

Mirzəyev Maşallah,

Quliyev Bakir

Məmmədova Könül,

Məmmədova Xamisət

Allahverdiyeva Zöhrə,

Muxtarova İlhamə və başqaları (cəmi: 27 nəfər).

 

Azərbaycan Respublikası, Zaqatala rayonu, Aşağı Tala kəndi.