25 fevral 2017, 17:30

Üzeyir Məmmədovdan, Lerik, Azərbaycan

Möhtərəm cənab Prezident,

Bizim ən böyük uğurumuz Sizin bizim rəhbərimiz olmağınızdır. Biz fəxr edirik ki, Sizin kimi müdrik Prezidentimiz var. Bu gün biz azad, firavan, tam təhlükəsiz yaşadığımıza görə Sizə borcluyuq. 

Ötən ilin aprelində baş vermiş döyüşlərdə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin azad olunması və orada tikinti işlərinin aparılması, sakinlərin öz doğma evlərinə qayıtması Sizin uğurunuzdur. İndi bizim peşəkar, torpaqlarımızı istənilən zaman azad etməyə qadir olan ordumuz var.  

Hörmətli cənab Prezident, bizim yalnız bir arzumuz var. Bu da doğma torpaqlarımızın azad olunmasıdır. Biz öz sağlamlığımızı doğma Vətənimizin müdafiəsində itirsək də, bu gün onun ərazi bütövlüyü üçün yaşayırıq. Şəhid qanı tökülmüş torpaqlarımızın azadlığı biz Qarabağ müharibəsi əlillərinin, veteranlarının, şəhid ailələrinin azadlığıdır və bizi yaşadan bu arzudur.   

Cənab Prezident, torpaqlarımızın azad edilməsi üçün hərbçi qardaşlarımızla bərabər hər zaman ön cəbhədə döyüşməyə hazırıq.  
Lerik rayonunda yaşayan Qarabağ  müharibəsi əlilləri və şəhid ailələri adından dərin hörmətlə, 

Məmmədov Üzeyir Cavanşir oğlu.

Azərbaycan Respublikası, Lerik rayonu.