Gerb

01 mart 2017, 09:00
W1siziisijiwmtcvmdmvmdcvmmuydtfoc3n5nv8wnc5kuecixsxbinailcj0ahvtyiisijy1nhgzmjcjil1d?sha=5b90dabec05edf61

Qarşılıqlı etimad və dəstəyə arxalanan münasibətlərimiz uğurla inkişaf edir. Qardaşlıq və həmrəyliyin göstəricisi kimi Pakistan ərazimizin 20 faizini işğal etməkdə davam edən Ermənistan dövləti ilə diplomatik münasibətlər qurmamışdır. Azərbaycan xalqı buna görə sizə çox minnətdardır.

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində fəaliyyətə böyük əhəmiyyət verir. 2012-ci ildə başlayan sədrliyimiz dövründə biz təşkilatın daha da gücləndirilməsi istiqamətində bütün üzv dövlətlərlə birgə çalışmışıq. Təhlükəsizliyin və sabitliyin təmin edilməsi regional əməkdaşlığın qurulmasının mühüm elementidir. Təəssüf ki, yeni münaqişələr yarandıqca regionumuzda təhlükəsizlik və sabitlik daha da kövrək olur. Biz insan faciəsinin şahidi oluruq. Çoxlu sayda insanlar həyatlarını itirir, milyonlarla insan doğma yurdlarını tərk edir.

Azərbaycan öz təcrübəsindən bu ağrı və acıları yaxşı anlayır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi – tarixi torpağımız olan Dağlıq Qarabağ və ətraf yeddi rayonumuz işğal altındadır. Bu ərazilərdə etnik təmizləmə aparılmış və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə bütün tarixi abidələrimiz, məscidlərimiz və qəbiristanlıqlarımız dağıdılmışdır. Ermənistan 1992-ci ildə Azərbaycana qarşı soyqırımı törətmişdir. Xocalı soyqırımı nəticəsində qətlə yetirilən 613 mülki şəxsdən 106-sı qadın, 63-ü uşaq, 70-i isə qoca olmuşdur. Min nəfərdən çox insan itkin düşmüşdür. Bu gün ondan artıq ölkə Xocalı soyqırımını tanımışdır. 2012-ci ildə Pakistan Senatının Xocalı soyqırımını rəsmən tanıdığına görə biz Pakistana təşəkkürümüzü bildiririk.

BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir. Həmin qətnamələrdə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılması tələb olunur. İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı və digər mötəbər beynəlxalq təşkilatlar bənzər qətnamə və qərarlar qəbul etmişlər. İslam Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və son olaraq, 2016-cı ilin aprel ayında Ermənistan tərəfindən Azərbaycana qarşı edilmiş təcavüzlə bağlı nazirlər səviyyəsində kontakt qrupu yaradılmışdır. Ermənistan bu qətnamələrə əməl etməli və ya sanksiyalara məruz qalmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.

Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyə xüsusi əhəmiyyət verir. Azərbaycan 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etmişdir. İki aydan sonra Bakı IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəkdir. Bu gün islamofobiya dünyada ən ciddi təhlükələrdən biridir. Biz bu tendensiyanı qəti şəkildə pisləyirik. İslamı terrorla əlaqələndirmək yanlış və qərəzli yanaşmadır. Terrordan ən çox əziyyət çəkən məhz müsəlman dövlətləridir. Biz sülh, mərhəmət, dözümlülük və ədalət dini olan İslamın dəyərlərinin təşviqini davam etdirməliyik.

Biz üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə xüsusi əhəmiyyət veririk. Qarşılıqlı ticarət və sərmayələrin artırılması, ixrac imkanlarının genişləndirilməsi və biznes dairələri arasında sıx əməkdaşlığın təşviqi bu məqsədə xidmət edəcəkdir. Beynəlxalq maliyyə institutlarının cəlb olunması da böyük önəm daşıyır. Bu baxımdan İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət və İnkişaf Bankının regional əhəmiyyətli layihələrin maliyyələşdirilməsində daha fəal rol oynaması üçün onun bütün ölkələrimiz tərəfindən dəstəklənməsinə ehtiyac var.

Nəqliyyat sahəsində əməkdaşlığın Azərbaycan üçün böyük əhəmiyyəti var. Azərbaycan ərazisi ilə Avropa və Asiya arasında strateji dəmir yolu əlaqəsinin yaradılması yüklərin daşınma vaxtını 30 gündən 15 günə endirəcəkdir. Şərq-Qərb nəqliyyat dəhlizi tarixi İpək Yolunun bərpası deməkdir. Daha bir mühüm nəqliyyat layihəsi Şimal-Cənub dəmir yolu dəhlizidir. Azərbaycan hər iki strateji layihənin fəal iştirakçısı və sərmayəçisidir. Biz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətləri bu yeni infrastrukturun imkanlarından istifadə etməyə dəvət edirik. Azərbaycanda inşa edilən, Xəzər dənizinin ən böyük beynəlxalq dəniz ticarət limanı da nəqliyyat infrastrukturuna olan növbəti töhfədir.

Enerji əməkdaşlığı regional əməkdaşlıqda əhəmiyyətli rol oynayır. Azərbaycan yeni enerji strategiyası və enerji əməkdaşlığının yeni baxışını təqdim etmişdir. Azərbaycan daha geniş regionun enerji təhlükəsizliyinin təmin edilməsində mühüm tərəfdaşa çevrilmişdir. Biz Xəzər, Qara və Aralıq dənizlərini birləşdirərək şaxələnmiş boru kəmərləri infrastrukturunu yaratmışıq. Bu gün Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri regional əməkdaşlığın rəmzləridir. Hazırda ölkəmiz tərəfdaşları ilə birlikdə dəyəri 40 milyard dollar olan “Cənub Qaz Dəhlizi” layihəsini həyata keçirir. Bu, enerji əməkdaşlığı və enerji təhlükəsizliyi layihəsidir. Qeyd etdiyim nəqliyyat və enerji layihələri regionda on minlərlə yeni iş yeri yaradır. Bu layihələr firavanlıq gətirir. Bu, ölkələr arasında əməkdaşlığı və dostluğu möhkəmləndirir.

Diqqətinizə görə təşəkkür edirəm.



Böyük ölçüdə