07 mart 2017, 15:30

Nurlan Səmədov və başqalarından, Göygöl, Azərbaycan

Möhtərəm cənab Prezident,

Respublikamızın bölgələrinə göstərdiyiniz qayğı və diqqət Göygöl rayonunda da hiss edilməkdədir. Son illərdə rayonumuz daha da gözəlləşib, abadlaşıb, öz simasını tamamilə dəyişərək respublikamızın ən abad, inkişaf etmiş bölgələrindən birinə çevrilib. Rayonumuzda sakinlərin səmərəli fəaliyyət göstərmələrinə, onlar üçün rahat həyat şəraitinin yaradılmasına xüsusi diqqət yetirilir.

Torpaq bərəkət, bolluq rəmzidir. Atalar yaxşı deyib: “Əgər torpağı əkib becərmədin qorumağa dəyməz, torpağı qoruya bilmədin əkib becərməyə dəyməz”. Min illərdir ki, bu torpaqlar qorunaraq bizə çatdırılıb. Müstəqilliyimizin bəhrələrindən biri də odur ki, hər kəs öz torpağının sahibidir. Bu gün torpaqdan gəlir götürmək, onu əkib-becərmək üçün dövlətimiz tərəfindən bütün şərait yaradıb. Sizin rəhbərliyiniz altında son illərdə torpaqdan istifadənin səmərəliliyinin artırılması, suvarma suyuna olan tələbatın ödənilməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilib və bu iş uğurla davam etdirilir.

Çaylı kəndinin əhalisinin məşğuliyyəti əsasən əkinçilik və maldarlıqdır. Bizə verilmiş pay torpaqları kəndimizdən keçən Kürək çayının səviyyəsindən yüksəkdə yerləşdiyindən çayın suyundan yararlana bilmirdik. Bu problemin həll olunması üçün biz sakinlər Sizə müraciət etdik və məsələ öz müsbət həllini tapmaq üzrədir. Artıq Kürək çayından əkin sahələrimizə 4 kilometr uzunluğunda su xətti çəkilib və yaxın vaxtlarda istifadəyə veriləcək.

Möhtərəm Prezident, kəndimizdə həyat şəraitinin yaxşılaşdırılmasına göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirik. Əminliklə bildiririk ki, dövlətimizin bu qayğısına cavab olaraq biz də ölkəmizdə ərzaq bolluğu yaradılması işinə əməyimizlə öz töhfəmizi verəcəyik.

Ulu Tanrıdan arzu edirik ki, Siz hər zaman xalqımızla birgə olasınız. Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik arzu edirik

Böyük və sonsuz minnətdarlıq hissi ilə,

Səmədov Nurlan Müşviq oğlu

İsmayılov Zenfira Yaqub qızı

Rzayev Ucar İsmayıl oğlu

Əliyeva Aynur Tofiq qızı və başqaları (cəmi: 51 nəfər).

Azərbaycan Respublikası, Göygöl rayonu, Çaylı kəndi.